Əbədiyyətdəki Məmməd Araz ünvanı
14 oktyabr kimlər
üçünsə adi,
kimlər üçünsə
tarixə yazılmış
bir gündür. Amma bu gün əslində, Məmməd Arazın adıyla bağlıdır,
onun doğum günü ilə əlamətdardır. Deməli,
Məmməd Araz Günüdür.
O Məmməd Araz
ki, sağ ikən qazandığı
sevgini bu gün də məzarının başında
görür. Sabah da
görəcək. O Məmməd Araz ki, onu fəxri
adlarla, titullarla təqdim etmək istəmirəm. Çünki Məmməd Araz bütün mükafatlardan,
adlardan, laueratlardan ən azı bir Araz boyu
yuxarıda durur.
Tarixin Məmməd
Araz günündə
yaxınları, onu sevənlər, oxucular, yazıçılar, şairlər,
bir sözlə, Məmməd Arazı bilənlər və sevənlər məzarı
başına yığışıb,
ləyaqət simvolu bu şairi yad
etdilər.
Mən hamıdan
əvvəl gəlib,
Fəxri xiyabanı gəzdim.
Nədənsə, bura hər gələndə
eyni həyəcanı,
eyni qürur hissini keçirirəm. Məzarların yanından keçdikcə
bir anlıq o ölməz dahilərin məni izlədiklərini
düşünürəm. Onların məzarı belə, insana xoş təsir bağışlayır.
İçəri girən kimi üzbəüz dayanan dahi şair, mübarizə simvolu, Xəlil Rza Ulutürkün büstü
gözlərimin önünə
mübarizə gətirir.
Ondan solda isə sözün canlı və heykəl formasında bəşəriyyətə qollarını
açmış əfsanəvi
Rəşid Behbudovun abidəsi dayanır. Həmin
an qulağımda da “Küçələrə
su səpmişəm”,
“Lalələr” musiqisi
canlanmağa başlayır.
İsmayıl Şıxlının, Süleyman Rüstəmin,
Üzeyir Hacıbəylinin,
Şövkət Ələkbərovanın
abidələrilə göz-gözə
gəlirəm. Bəşir
Səfəroğlu, Cəfər
Cabbarlı, Cabir Novruz, Ziya Bünyadov,
Fikrət Əmirov, Maqsud İbrahimbəyov... Məzarlarının yanından keçsəm
də, onların əslində, ölmədiklərini,
əbədi bir ömür yaşadıqlarını
düşünürəm ki, bu, həqiqətən
belədir.
Məmməd Arazın məzarına tərəf boylananda artıq adamların yavaş-yavaş gəldiyini
müşahidə edirəm. O da fiziki ömrünü yaza-yaza başa vurub, ədəbi yaşamaq üçün
aramızdan ayrıldı.
Dahilərin məzarlarını ziyarət
etmək istəyi məni bir neçə
dəqiqə də gəzməyə vadar edir. Yenidən geri qayıdıb,
Yusif Səmədoğlu
ilə qarşılaşıram.
Gözümdə nələr
canlanır, nələr...
Hər biri Azərbaycan tarixində, musiqisində, ədəbiyyatında,
incəsənətində, ümumiyyətlə, Azərbaycan
yolunda iz qoymuş bu dahilərin qəbirüstü
abidələri əsla
insana məzarlığı
xatırlatmır. Əsərlərini sevə-sevə oxuduğun,
musiqilərini dinlədiyin
bu şəxsiyyətlərin
məzarını ziyarət
qəribə bir enerjini adamın daxilinə ötürür.
Elə bu dəm bir türkiyəli
yaxınlaşıb Müslüm
Maqomayev və Cəlil Məmmədquluzadənin
məzarı ilə yanaşı şəklini
çəkməyimi istəyir. Daha sonra
isə insanların nə üçün toplaşdığını soruşur.
Məmməd Arazı
tanısa da, yaradıcılığı ilə
dərindən tanış olmadığını
bildirir və elə buna görə
də anım tədbirinə qatılmaq
istədiyini deyir. Məmməd
Arazın məzarına
qədər olan bu kiçik məsafədə digər
dahilər haqqında ona məlumat verə-verə yaxınlaşıram
insanların yanına.
Çox
keçmir ki, şairin həyat yoldaşı Gülxanım
Fətəli qızı,
İradə xanım Tuncay, Cəfər Quliyev, Aqil Abbas,
Rəşad Məcid,
Qardaşxan Əzizxanlı
və daha neçə söz-sənət
adamı şairin məzarı önündə
bir araya gəlir.
Anım tədbirinin aparıcısı
Q.Əzizxanlı Məmməd
Arazın həyatından,
yaradıcılığından danışır, xatirələrini
bölüşür.
Mən isə tez-tez dönüb yanımdakı türk vətəndaşına onun
başa düşmədiklərini
tərcümə edir,
əlavə məlumatlar
verirəm. O, heyrətini gizlədə bilmir.
Söz Aqil Abbasa verilsə də, o, öncə ağsaqqalın - Məmməd
Arazın dostu, həkim Cəfər Quliyevin danışmasını
istəyir.
C.Quliyev uzun illər dostluq etdiyi şairlə bağlı xatirələrini dilə gətirir, onunla keçən zamandan söz açır. O danışarkən,
nitqindəki həyəcan
diqqətimdən qaçmır.
Rəşad Məcid çıxışının
əvvəlində şairin
yaradıcılığına istinad edir, sonra
Məmməd Araz şəxsiyyəti və
irsindən söz açır, onu şəxsən tanıdığına
görə özünü
xoşbəxt saydığını
deyir.
Şairin məzarı başına
toplaşan digər insanlar da Məmməd
Araz haqqında düşüncələrini, xatirələrini
paylaşırlar.
Gözlərimi şairin məzarına
düzülmüş güllərə
zilləyib, dodağımın
altında onun öz şeirini pıçıldayıram:
Nə çiçək, nə
sancaq oldum yaxanda,
Bir ömür
yaşadım - əkinçi
ömrü.
Qalır sel ağzında, çay qırağında
İkinci həyatım, ikinci ömrüm...
Orxan
SAFFARİ
525-ci qəzet.- 2018.- 20 oktybar.- S.23.