Adidə qeyri-adilik yaxud Adil Cəmilin şeirinin sirləri

 

İnsan bütün ömrü boyu nə qədər çalışsa da, nə dünyanın sirlərinə hakim ola bilir, nə də bütün arzularını həqiqətə çevirməyə vaxtı, zamanı çatır. Amma onun ən böyük təsəllisi günbəgün, ilbəil qurub yaratdıqlarıdır. Şair üçün isə bu təsəlli, yəni yaratmaq eşqi zərrə-zərrə doğulan şeirə, kitaba bərabərdir.

Söz insanı həmişə sözə möhtacdır. Bu mənada artıq oxucuların Adil Cəmil haqqında müəyyən bir təsəvvürü mövcuddur. Mən özüm kiməsə şair demək məsələsində çox qısqancam, hər adama şair demək fikrində deyiləm. Şairliyi hər adam da öz üzərinə götürə bilməz. Şairlik Allah vergisidir. Şair adını hər adama demək biz ədəbiyyatçıların böyük günahıdır. Amma mən Adilə şair deyirəm və Adilə şairlik yaraşır, özü də yaxşı yaraşır.

Adil Cəmil şeirdən ləzzət aldığı qədər heç nədən ləzzət almır; bütün ömrü boyu şeirə həsr etdiyi vaxtını heç nəyə sərf etməyib. Adama elə gəlir ki, şeirlə yatıb, şeirlə oyanır, hətta yuxularında da şeir görür. Adil Cəmildən bəhs etmək müasir Azərbaycan poeziyası haqqında yazmaq deməkdir.

Adil Cəmilin yaşında olan bir şair nəsil var. Həmin nəsildən olan bir çoxları ədəbi-ictimai mühitdə yaxşı tanınırlar. Onlar o dövrün şairləridirlər ki, həmin vaxtlar gənc qələm sahiblərinə uğurlu yol yazmaq çox dəbdə idi. Bu nəslin nümayəndələri də ədəbiyyata uğurlu yolla gəliblər və kifayət qədər uğur qazanıblar. Bir cəhət var ki, müasir ədəbiyyatşünaslıq və ədəbi tənqid onları kifayət qədər təhlil eləmir, fərqləndirmir, fərqləndirməyə isə böyük ehtiyac var.

Ötən əsrin 70-80-ci illərindən yaradıcılığa başlayan Adil Cəmili nə ilə fərqləndirmək olar? Biz poeziya haqqında danışanda, şeirdən bəhs edəndə deyirik ki, o şair həqiqətən şairdir ki, insanların görə bilmədiyini görə bilsin. Adil Cəmil adidə qeyri-adini görə bilir. Onun 3-4 bəndlik şeiri ilə tanış olursan və görürsən ki, sənin həmişə seyr etdiyin təbiətdə, yaşadığın cəmiyyətdə indiyə qədər heç kəsə görünməyən bir məqam var imiş. Əgər şeirdə bu cəhət yoxdursa, deməli, o, poeziya deyil, elə-belə söhbətdir. Ona görə də adidə qeyri-adini görmək Adil Cəmil yaradıcılığı üçün spesifik keyfiyyətdir.

Bizim poeziyamızın saysız-hesabsız obrazları var. Ağac, torpaq, dəniz, səma və s. Azadlıq haqqında biz çox yazmışıq, çox danışmışıq. XX əsrin əvvəllərində yaşamış romantiklərdən başlamış. Sovet dövründə Bəxtiyar Vahabzadənin başçılığı ilə bütün sənət adamlarına qədər hamı azadlıq məsələsindən bəhs ediblər. Onlar eyni zamanda, ağacdan da, torpaqdan da, azadlıqdan da ayrı-ayrılıqda yazıblar. Adil Cəmilin qeyri-adiliyi ondadır ki, o, bunların üçünü də birləşdirib və belə yazıb: “Ağaclar torpağın azadlığıdır”. Ağaclar ki yerdən qalxır, ucalır, deməli, azadlığın eşqinə ucalır. Yəni biz ağacın gövdəsini, budağını, yarpağını həmişə görmüşük, amma onun azadlıq olduğunu hiss etməmişik.

Adil Cəmil insanın gördüklərini başqa cür anlayır, insanın bilmədiklərini başqa cür izah edir: onun şeirlərində çəmən nur içir, cığır nərdivan olur. Həmişə eşitmişik ki, “yola nərdivan qoyaq” deyirlər. Amma burada cığır özü nərdivandır.

Adil Cəmilin şeirlərində dağ çayı bələdçi olur. Yəni biz çox şeyləri dağ çaylarının bələdçiliyi ilə tapmışıq. Çay boyu getmişik, çay boyu qayıtmışıq. Elə bil ki, o çay, o insan, o həyat Adil Cəmilin şeirlərində bir-birilə qovuşur.

Şimşəyin çaxmasından uşaqlar qorxurlar, insanlar diksinirlər. Biz ona bir qorxu kimi baxırıq. Adil Cəmilin şeirində isə şimşək rəqs eləyir. Şimşəyin çaxmağını rəqs kimi görmək əsl şair təbiətidir, əsl şairlikdir.

Adil Cəmilin şeirində göy qurşağından xatirələr boylanır. Göy qurşağını uşaq vaxtı Fatma nənənin hanası hesab eləyirdik və heç kəs də ona göy qurşağı demirdi. Uşaq vaxtı biz onu görüb sevinərdik, oynayardıq. O, bizim üçün bir xatirə idi, bir yaddaş idi. Adil Cəmilin şeirində məhz onun içindən bir xatirə boylanır. Bax bu, kiminsə görmədiyini görmək deməkdir.

Adil Cəmil indiyə qədər irili-xırdalı neçə-neçə şeir kitabının müəllifidir və tanınan, qəbul edilən şairdir. Onu başqa şairlərlə bir sırada təqdim etmək də qəbahət olar. Adil Cəmil poeziyanın sirlərini bilir, mövzu baxımından çətinlik çəkmir, dediyi sözün ünvanını düz müəyyənləşdirir.

İnsan sadə bir həyat yaşayır: yatır, durur, öz işinin ardınca gedir. Həyatın nizamı onu darıxdırmayana qədər o, elə insandır. Darıxmaq başlayanda insan şairə çevrilir. Bir az da şeirlərində ölüb-dirilmə başlayır. Ona görə də Adil Cəmildən adi və sadə insan həyatı gözləmə: yatsın, dursun, hər gün asta-asta işinə-gücünə gedib axşam da evinə qayıtsın. Yox! Adil Cəmil daxilən təlatümlüdür və gündə yüz yol ölüb-dirilir: “Hər gün asılıram dar ağacından”.

Adil Cəmil ölümdən qorxmur. Şair var ki, ölüm haqqında yazır, amma hiss eləyirsən, ölümdən qorxur. Adil Cəmil ölüm qarşısında dəyanət göstərir: “Ölümdən qorxma, canım, Əzrail də mələkdir”. Başqa bir şeirində Vətənə müraciət edir: “Qışda torpağına qarışdır məni, Baharda göyərim, çıxım, ey Vətən”. Yəni qorxmur, deyir ki, mən ölsəm də, baharda diriləcəyəm. Şair odur ki, ölümə də beləcə nikbinliklə baxsın.

Adil Cəmil üçün poetiklik, obrazlılıq şeirin əsl dəyərini müəyyənləşdirən meyardır. Amma şairə o da bəllidir ki, poetiklik və obrazlılıq süni ola bilməz. Yəni şair poetik incəliyi yalanla toxumamalıdır. Baxın, onun misralarından biri belədir: “Yol çəkir gözlərim, yol çəkən oğlan”.

Misranın birinci tərəfi - “Yol çəkir gözlərim” - məcazdır, ikinci tərəfi isə -”yol çəkən oğlan” - həqiqətdir, müstəqimdir. Poeziyamızda çox nadir hallarda təsadüf edilən bu qarşılaşmada əksilik yox, məcaziliklə müstəqimliyin harmoniyası var. Daha əhəmiyyətli və təkrarolunmaz cəhət də görünür: şair bu harmoniyanı qələmə aldığı mövzunun içindən çıxarır. Bu isə poetik mətni yamaqdan xilas edir. Yəni şeirdə hər misra təbii olmalıdır:

Kəpənəklər çiçəklərin

Qol-qanadlı gələcəyi.

Kəpənəklər havalanıb

Göydə uçan gül ləçəyi.

Adil Cəmilin şeirlərində bir qəribə müstəvi də var. Misralardan axıb gələn bir fikir yadımda qalıb: Dünyanı xəritəyə bölüblər, elə bil ki, dünyanın səadəti də bölünüb. Xəritə bizə ölkələri göstərir, məkanı göstərir. Amma Adil Cəmil bu məkanın bölünməsində səadətin də bölünməsini görür. Bu, maddidən qeyri-maddiyə keçməkdir. Yazır ki:

O bahar könlümdə tumurcuqlayan

Bu bahar ömrümdə yarpaqlayıbdır.

Bahar var, təbiət var, insan var, cəmiyyət var, tumurcuq var, yarpaq var, amma haradadır? Könüldə və ömürdə. Beləliklə, Adilin şeirləri maddidən qeyri-maddiyə doğru gedir və bizi hisslə, duyğu ilə, gələcəklə süsləndirir. Poeziyanın gücü bundadır.

Adil Cəmildə ierarxik bir müstəvi var. Sadəcə yer müstəvisi deyil. Yuxarı-aşağı müstəvisidir. Şeirlərini oxuduqca öz-özümə düşünürəm ki, görəsən, rənglərin simvolikası Adildə necə ola bilər? Hansı rənglərdən daha çox istifadə edilir? Təbii ki, heç kəs deyə bilməz ki, mən elə ancaq bir rəngdən zövq alıram. Adil Cəmilin poeziyasında rənglərin simvolikası ierarxik müstəviyə dayanır. Məsələn, bir tərəfdən ağ yağışı görürük, yəni göydən gələn yağışı, o biri tərəfdən ağ atı - yerdəkini: biri göydədi, digəri yerdə. Yəni rəngin özünün tərəfləri var. Bir tərəfdə qapqara üfüqlər görünür, o biri tərəfdə qara yapıncı: biri göydədi, digəri yerdə. Boz da belədi, o birisi rənglər də elədir. Yəni hamısına baxsanız, rənglərdə yuxarı-aşağı var. Adil Cəmil düşüncəsi göydən-yerə, yerdən-göyə doğrudur:

Göydən yerə yağışlar yağır,

Yerdən göyə qarğışlar yağır.

Baxın, bu, yuxarı-aşağı ierarxik məkanının ən yüksək zirvəsidir. Bütün bunlar hələ indiyə qədər çəkilməyən bir mənzərədir, Adil Cəmil poeziyasının gözəl bir mənzərəsi.

Yaxşı şeirdə mətn təqdim edilən obrazın öz daxili potensialından qaynaqlanır. Əks təqdirdə bir məsələdən bəhs edib başqa bir məsələnin obraz yükündən faydalanmaq oxucunu şeirdən uzaqlaşdıran amildir. Beləliklə, mətnlə obraz, mətnlə ideya, şairlə oxucu arasında səmimi bir ünsiyyət yaranır. Şeir də başa düşülür, oxucu da razı qalır. Adil Cə-milin belə misraları var:

Yolçu yoxdur-əylənməyə,

Ovçu yoxdur küyləməyə.

Son dərəcə dəqiq ünvan var. Hələ yolçunu bir tərəfə qoysaq, ovçunun küylənməsi el-oba ənənəsindən süzülüb gələn həqiqətin təcəssümüdür. Daha geniş bir məzmun oradan yaranır ki, şair qəribə bir təəssüf içindədir: bədöy at da tapılmır, o atları minən köhnə kişilər də; küylənməyə ovçu da yoxdur, əylənməyə yolçu da; hətta dərd söyləməyə dost da yoxdur. Elə əslində, Adil Cəmil sevgidən də, sevgilidən də gileylidir: əzizlədiyi adamın yadına belə düşmür.

Əgər hansısa bir şair barəsində danışırıqsa, onu dəyərləndiririksə, haqqında yüksək fikir söyləyiriksə, mənim nəzərimdə, gərək onun elə bir şeirini seçək ki, gələcəkdə həmin şeirdən ədəbiyyat tarixi kitablarında danışmaq mümkün olsun. Yaxud hər şairdən bir şeir seçmək tələb olunsa, Adil Cəmildən hansı şeiri seçmək olar? Məncə, “Beş oğul atası Məhəmməd kişi” şeirini. Həmin şeir Adil Cəmil yaradıcılığının ilk mərhələsinə aiddir. Təəssüf doğuracaq odur ki, Adil Cəmil o şeirdəki üslubu davam etdirməyib. Həmin şeir onun yaradıcılığında tək qalıb. Amma davam etdirməyə dəyər.

Adil Cəmilin xitab elədiyi ünvanlar dağ, daş, ağac, su deyil. Onun müraciətinin əsas ünvanları yurd yeri, ata sözü və Tanrıdır. Eyni zamanda, bunlar həsrətin, nisgilin, dərdin və kədərin ünvanıdır. Öz aramızdır, “Yaz gələndə pöhrələnir nisgilim” misrasını Adil Cəmil deyə bilərdi. Yəni nisgilin tükənməzliyini, hələ lap elə sonsuzluğunu bundan da qabarıq və canlı demək mümkün deyil.

Adil Cəmilin içində bir yurd var, bir yurd yeri var və şair “bu yurdun ağrısına dözməyib”. Onun yurda yalvarışı sıxıntıdan, insanın özünü aşağılamasından uzaq bir yalvarışdır.

Bu yurdun adı bəzi şeirlərində Kəlbəcərdir. Amma Adil Cəmilin bütün şeirlərini oxuyandan, bütün yaradıcılığı ilə tanış olandan sonra bu yurd yeri bir Kəlbəcər adına sığışmır, lap elə Şuşanı da ötüb böyüyür və sərhəddi görünməyən bir məmləkətə çevrilir.

Bizim poeziya tariximiz sevgi motivləri ilə kifayət qədər zəngindir. Hər bir şair, hər bir lirik qəhrəman Nəsimidən, Füzulidən üzü bəri sevgilisini öz hiss və duyğularının həqiqiliyinə inandırmağa çalışır. Hətta yeri gələndə ona qurban da getməyə hazırdır: “Gündə yüz yol qurbanın olum”. Amma Adil Cəmil özünü məhəbbətə, sevgiyə yox, məhz doğma yurda qurban deyir: “Məni qurban bilib başına çevir”.

Adil Cəmilin şeirlərində bir ata bir yurdun simvoluna çevrilir; yurd yeri də beləcə insaniləşir:

Deyirdin o yurda dönməliyik biz,

Deyirdin dizimdə hələ təpər var.

Sən idin bir parça Kəlbəcərimiz,

Daha nə sən varsan, nə Kəlbəcər var.

Şair atasıyla Kəlbəcər arasında bərabərlik işarəsi qoyur və ən sadə, ən səmimi sözlərlə atasını Kəlbəcərin bir hissəsi hesab edir. Elə bunun özüylə də şair təsəlli tapır, ümid axtarır, bütün gücü ilə çalışır ki, son ümidini itirməsin: “Gün gəlsin yur-duma çəkim köçümü”.

“İçimdə el dərdi, yurd həsrəti var” deyən Adil Cəmilin lirik qəhrəmanı dərd, kədər qəhrəmanıdır:

Tanrı mənə bir dərd verib neyləyim -

Ay uzunu, il uzunu çəkmişəm.

Yaxud:

Gözümü açandan, ağlını kəsəndən,

Mənim kürəyimdə qəm şələsi var.        

Ayrı-ayrı şeirlərdən seçilən bu misralar lirik qəhrəmanın hansı əhvali-ruhiyyədə olduğunu bütün aydınlığı ilə göstərir. Qəribədir, Adil Cəmil dərdli qəhrəmanını təqdim edə-edə özü də dərdli bir şairə çevrilir. Hətta dünyanın əşrəfi olan insan da Adilin qələmində təklənmiş vətəndaş kimi görünür. Adil Cəmilin dərdi, kədəri şəxsi hisslərdən doğmur, yəni ictimai səciyyə daşıyır. Söyləyir ki, “Qarabağ - bütün dərdlərimizin başı”dır. Adil üçün şeir yazmaq “dərdi sığallamaq” deməkdir.

Adil Cəmilin bir şeiri də var: “Yurd yerim - dərd yerim”. Həmin şeirdən bir bəndi xatırlayaq:

İlahi, yurd yerim dərd yerim oldu,

Torpaqla sınağa çəkilməyəydim.

Dağlara baxıram dağlanır sinəm,

Bu dağla sınağa çəkilməyəydim.

Nə qədər ağrılı, əzablı olsa da. Adil Cəmilin qismətində sinəsi dağlı yaşamaq var imiş. Adil Cəmil bu dağ ilə, bu dərd ilə şeirin də sınağından keçdi.

 

 

Kamran İMRANOĞLU (ƏLİYEV)

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi

 

 

525-ci qəzet.- 2018.- 20 oktybar.- S.22.