“Ana”
tamaşasındakı anlar...
Böyük
rus şairi Yevgeni Yevtuşenko məqalələrindən
birində XIX əsr rus-Qafqaz müharibələrini
özünəməxsus şəkildə şərh edirdi:
“Qafqaz
xalqlarına zülm-cəza tədbirlərini çar rejiminin
qarşılarına qoyduqları vəzifəyə uyğun
olaraq həyata keçirən
generallar, zabitlər, əsgərlər zəbt etdikləri
başqa xalqların azadlıq eşqini görəndə,
öz hürriyyətləri yolunda necə
savaşdıqlarına şahid olanda, hərbi mundirlərinin
altındakı ürəklərində eyni hisslər baş
qaldırırdı. Döyüşlərdə aldıqları
yaralardan daha çox başqa xalqa vurduqları
yaralardan ağrıyırdılar. Yad torpaqların gözəllikləri
yaralayırdı onların özlərini. Qəsbkarlar
qəsb olunmuşa çevrilirdi. İşğal
etdikləri torpaqlar sirləri və mədəniyyətiylə
onların özlərini işğal edirdi, onlara azadlıq
hissi aşılayardı. Azadlıq həsrətində
olanlar başqa xalqların azadlıq arzularını daha
yaxşı duya bilir... Puşkinin Qafqaz şeirləri,
Lermontovun povestləri, Tolstoyun “Hacı Muradı” belə
yarandı”.
Yevtuşenkonun bu fikirləri sənətin zahiri qanunlara,
siyasi qadağalara tabe olmadığını bir daha təsdiqləyir. Həm də
məsələ burasındadır ki, məhz XIX rus ədəbiyyatına
nəzər salanda Qafqaz mövzusuna müraciətin başqa səbəblərini
də görə bilərik. Dekabristlər
üsyanının yatırılmasından, böyük
ideyaların iflasından, romantik xəyalların puça
çıxmasından sonra mühitdə bədbinlik, cəmiyyətdə
inamsızlıq vardı. Daha doğrusu,
insani dəyərlərə biganəlik, mənəvi hisslərə
soyuq münasibət özünü göstərirdi. Və
görünür, bəlkə əslində, zahirən
heç sənət mövzusu olmayan məsələləri
yazmaqla, Lermontov kimi, Tolstoy kimi sənətkarlar insana xas ən
“ibtidai” duyğuları anlatmağa, təbliğ etməyə
çalışırdılar. Məsələn,
Lermontov özünün “Kallı” (“qanlı” sözündən)
əsərində qan davasını, “Qaçqın”
poemasında torpağa-vətənə xəyanətə
görə oğlundan imtina edən ananı təsvir edir.
Yaxud Tolstoy “Hacı Murad”ında kişi sözü, şərəf,
ləyaqət ideyalarını özünəxas priyomlarla,
yaratdığı qəhrəmanların timsalında qabardır. Bu
sırada A.Bestujev-Marlinskinin “Qafqaz povestləri” silsiləsini də
xüsusi qeyd etmək olar. Yəni əslində,
o dövrdə bütün yönlərdən yanaşanda geri
qalmış Qafqaz bu sənətkarlara mövzu verir,
yaradıcılıq materialına, obyektinə çevrilir.
Və heç şübhəsiz ki, Qafqaz sadəcə
“ekzotik” tərəfləri ilə deyil, sıradan
çıxmayan, sarsılmayan insanlıq qanunları ilə bu
sənətkarları cəlb edir.
Gənc
Tamaşaçılar Teatrında Hüseyn Cavidin “Ana” mənzum
dramı əsasında baş rejissor, əməkdar incəsənət
xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşaya
baxdıqca XIX rus sənətkarlarını
düşündürən, yazmağa vadar edən dəyərlərin
XXI yüzillikdə də sıradan çıxmamasına,
daha dəqiq söyləsək, sənətin bu gün də
insana xas olan üstün cəhətləri, humanizmi təbliğinə
sevinirdim. Yadımdadı, yaxın günlərdə premyerası olacaq “Don Kixot”
tamaşasının məşqlərindən birində Bəhram
müəllim aktyorlara sənətin təbliğ etməli
olduğu ideyaları sadalayırdı. Mərhəmət,
insanlıq, humanizm sözlərini ardıcıl təkrarlaması
diqqətimi çəkmişdi. Məşqdən
sonra söhbətimizdə Bəhram müəllimdən
soruşmuşdum bu məqamı. Fikirlərini qısaca
izah etmişdi: “Bəli, sənət məhz bunu deməlidir, mərhəmətli,
insanpərvər adamlar var olduğu üçün dünya
dağılmır və bizlər də bunu təbliğ etməliyik”.
İndi də əməkdar artist Nübar
Novruzovanın canlandırdığı Səlma anaya
tamaşa etdikcə bu sözlərin daha bir təsdiqini
tapmış oluram. Nübar xanımın
60 illik yubileyinə həsr olunan tamaşa aktrisanın
benefisidir əslində. Uzun illərdir
teatrımızda çalışan aktrisanın digər,
unudulmaz rollarını, yaratdığı xarakterləri
göz önündən keçirdikcə sənətin qəlizliyini
bir daha başa düşə bilərik. Səhnədə
bir neçə dəfə ana rolunu canlandıran Nübar
xanım bu tamaşada tamam yeni anadır... İstər-istəməz
bu günlərdə baxdığım “Romeo və Culyetta”
tamaşasında canlandırdığı dayə obrazı
ilə müqayisə edirəm. Culyettaya
anasından belə yaxın olan, hər sirrini
bölüşdüyü dayəni Nübar xanım son dərəcə
mehriban, sadəlövh, amma həm də sevimli bir qadın kimi
ifa edir. Və elə o tamaşada da
Culyettaya göstərdiyi ana qayğısını xüsusi
priyomlarla qabardır. Bəhram Osmanovun “Ana”
tamaşasında isə Səlma ana daha ağır, daha
sanballı bir qadındır. Bir yandan
ürəyi nigaran, digər tərəfdən də oğlu
Qanpoladın nişanlısı İsmətə təsəlli
verən müdrik bir qadındır. Və
baxdıqca başa düşürəm ki, əslində, XIX əsr
rus klassiklərinin irəli sürmək istədikləri
ideyanı Hüseyn Cavid daha qabarıq şəkildə verməyə
çalışıb. Hadisələrin
Dağıstanda baş verməsi və dramaturqun dağlı
xalqlarının koloritini müxtəlif üsullarla göstərməsi
təsadüfi deyil. Yəni bura elə bir
yerdir ki, namus-qeyrət məsələsi hər şeydən
üstündür, buna görə öldürərlər,
amma həm də ana oğlunun qatilinin günahından
keçə bilər. Nübar
xanımın canlandırdığı Səlma ananın
üstünlüyü, qeyri-adiliyi budur.
Ümumiyyətlə, Hüseyn Cavid
yaradıcılığına bütöv nəzər salsaq,
dramaturqun qadına necə böyük dəyər verməsinin
şahidi olarıq. “Qadın gülərsə bu issız
mühitimiz güləcək, sürüklənən bəşəriyyət
qadınla yüksələcək” - misraları sənətkarın
qadına olan böyük inamının nümunəsidir.
Az qala bütün pyeslərində, xüsusən “Maral”, “Afət”,
“Ana” əsərlərində dramaturq qadını
böyük güc, əqidə, iradə sahibi olaraq təsvir
edir. Ədəbiyyatımızda ilk mənzum
dram olan “Ana” pyesi də məhz bu cəhəti ilə təsirlidir.
Sanki müəllif
bütün başqa qəhrəmanları və
hadisələri - Orxanın İsmətə aşiq
olmasını, Muradın Qanpoladı öldürməsini məhz
Səlma ananın xarakterini qabartmaq, üstünlüyünü
göstərməkdən ötrü qələmə
alıb.
Bütün hallarda tamaşa rejissorun əsəridir. Və bu mənada
elə “Ana” tamaşasını da Bəhram Osmanov
yaradıcılığının uğurlu davamı, məntiqi
ardı hesab etmək olar. Daha öncə
yazdığım, Bəhram müəllimin sənət
haqqında şərhini əsas tutaraq söyləyə bilərəm
ki, məncə, o, bütün quruluş verdiyi əsərləri
məhz bu prinsiplə seçir. Tamaşaları
göz önündən keçirirəm və başa
düşürəm ki, ən bədbin sonluqlu əsərlər
vasitəsiylə də nə isə bir işıq, pozitiv
ovqat ötürmək istəyir tamaşaçıya. Məsələn, müharibənin insan həyatındakı
dəhşətli fəsadlarını göstərən “Mən
gəldim, qızlar” tamaşasında da sonda heç nəyə
baxmayaraq, bir-birindən yapışan, necəsə
yaşamağa çalışan ailə göstərilir.
Yaxud “Miras” tamaşasının keçmişdən
qopa bilməyən qəhrəmanı oğlunun xəyanətini
belə bağışlayır, onu bağrına basır.
Qarabağ müharibəsinin sağalmaz tərəflərini
göstərən “Ünvansız qatar”da dərdin insanları
necə birləşdirməsi önə çəkilir.
“Sarıköynəklə Valehin
nağılı”nda “dünya yaxşı insanlardan xali deyil”
ideyası dəfələrlə qəhrəmanların dilindən
səslənir. “Hasarın o üzü” əsərində
hər şeydən əli üzülmüş insana belə
son şans, ilahi qüvvəyə tapınmaq imkanı verilir.
Bir sözlə, çıxış yolu var,
mütləq var, sadəcə onu görmək, yaxud göstərmək
lazımdır. Elə “Ana”
tamaşasında da müəlliflərin, aktyorların
söylədiyi, anlatmağa çalışdığı
budur. Qatili də bağışlamaq
mümkündü... Əgər o, öz səhvini başa
düşürsə, günahını dərk edib peşman
olursa...
Quruluş verdiyi tamaşalarda şərtiliyə önəm
verən rejissor bu səhnə əsərində də
özünə sadiq qalıb. Məkan və hadisələr şərtiliklə
təsvir olunub; yarıqaranlıq mühit, taxta çəpər, bozumtul
pərdələr. Bu baxımdan tamaşanın
rəssamı Telman Şıxıyevin uğurlu səhnə
dekorasiyasını xüsusi qeyd etmək lazımdır.
Səhnə tərtibatındakı rəngsizlik,
sakitliklə yanaşı, bəstəkar Rüfət
Ramazanovun melodiyaları da əsərin dramatik, faciəvi tərəflərini
qabardır. Bu mənada istər rejissor həlli,
istər aktyor oyunu, istərsə də musiqi, dekorasiya əsərin
ideyasına, mərhəmətli bir ananın xarakterini göstərməyə
xidmət edir.
Tamaşa boyu Hüseyn Cavidin sözünü dinlədikcə, əməkdar artist Nübar Novruzovanın, aktyorlarımız İradə Rəşidovanın, Elşən Şıxəliyevin, Vahid Orucoğlunun, Manaf Dadaşovun, Rəşad Səfərovun təkrarsız oyununu izlədikcə klassikanın öz aktuallığını itirməməsinin şahidi oluruq. Axı ana həmişə, hər yerdə, bütün zaman və zəmanələrdə anadır və onun ağrısı da, nigaranlığı da, fəryadı da eynidir. Və bu mənada Nübar xanımın yubileyinə həsr olunmuş tamaşa heç kəsi biganə qoymur. Oğlunu itirən, amma qatili də buraxmaq, bağışlamaq məcburiyyətində olan ananın təzadlı duyğularını mükəmməl çatdıran Nübar xanım avansəhnədəki qumsalda elə bir monoloq söyləyir ki, tamaşaçı nəfəs çəkmədən baxır... Bəli, övlad dağını torpağa gömsən də, torpaq götürməz.
Və yazımın əvvəlindən söylədiyim ideya... SÖZ! Səlma ana söz verib, ona yalvarıb imdad diləyən qatil qonağı buraxacağını deyib... Belə də olur, qatili əfv edib öz vicdanına buraxır ana!
Və işıq! Oğlunun toyunu görməyən
ananın - Nübar Novruzovanın sonda, vağzalı sədaları
altında süzməsi... O dərdli rəqsə
baxdıqca tamaşadan öncəki
çıxışları, Nübar xanımın
haqqında deyilən gözəl sözləri,
oynadığı əsərlərdən parçaları
gözümün önündən keçirirəm, qulaq
batıran alqışlar fikirlərimi dağıdır...
Elə bu lazım deyilmi? Sənətkar üçün bundan
dəyərlisi ola bilməz; ömrünün
40 ildən çoxunu sənətinə həsr etmək,
yubileyini səhnədə, qəliz bir rolun öhdəsindən
gələrək qeyd etmək və tamaşaçı
alqışından özünü itirmək... Əziz və
sevimli Nübar xanımı təbrik edirəm, ona yeni
yaradıcılıq uğurları və əbədi
bir tamaşaçı sevgisi diləyirəm!
PƏRVİN
525-ci qəzet.- 2018.- 20 oktybar.- S.21.