Onun ürəyinin iri
gözləri ya bizim kəndli Vaqif Əlixanlı
O kənddə
də o çağlar hər kəndin ortasında olan kimi
hündür dirəyə asılan iri bir radio vardı və
hərdən-hərdən o radiodan məlahətli səslər
dörd bir yana yayılardı:
Uca
dağlar, qarlı dağlar başında,
Bir yar
sevdim, tirmə şal var başında...
Hayıl-mayıllıqla qulaq asardılar və uca
dağlar başındakı o kənddə o mahnını
eşidənlərin əksəri elə xəyal eləyərdi
ki, bu nəğməni ən əvvəl elə onların kəndi
üçün oxuyurlar, bu hava bir zamanlar elə bu kənddə
baş vermiş bir eşq macərasının hekayətidir.
Nə qədər ki o kənddəkilərin çoxu
kimi, o uşaq da o nəğmənin öz kəndləri ilə
bağlılığına, başqa yerdəki deyil, məhz
öz kəndlərindəki bir sevginin tarixçəsi
olmasına inanırdı, daha xoşbəxt idi.
Yaşaya-yaşaya,
görə-görə o uşağın da gözləri
açıldı, mahnılardan daha fərqli həyata da alışdı,
gündəlik dolanışığın şeirə az oxşayan vərdişləri, adətləri
də onun ömründə özünə yer elədi.
Yoxsa ki o balaca dağ kəndinin saf havası kimi təmiz
insan münasibətləri də sonra üzləşdiyi
dünyanın qatmaqarışıq, bəzən ilk
rastlaşdığında onu çaşdıran münasibətlərindən
qat-qat səmimi, şəffaf idi.
Hər cür adamın olduğu, dağlara
qısılmış bu Yerfi kəndi iri, bütöv bir ailə
kimi idi.
Biri qəmlənəndə
hamıya o ağrıdan pay düşürdü, biri sevinəndə
hamının eyni açılırdı. Çünki
heç kəs özünə qapalı deyildi. Bütün kənd bir evli kimi idi.
Biri yalan
danışanda bütün kənd
qımışırdı, çünki elə
xıltsız, elə hiyləsiz idilər ki, o yalanı
danışan da bilirdi bunları elə məzələnməkçün
uydurur, eşidənlər də bilirdilər bu adam
bu təhər zərərsiz goplara adətkərdədir.
Bəlkə başacan o kənddə, o saflıq
adasında qalmaq məsləhətmiş?
Bəlkə
axıracan elə orada qalsaymış, büsbütün
ayrı adam olacaq, başqa ömür
yaşayacaqmış?!
Amma ha
qal, sən dünyaya doğru getməsən də, dünya
onsuz da özü sənə doğru gələcəkdi!
Neyləyəsən
ki, dünya fırlanırdı...
Həmin kənddən aşağıda da, yuxarıda da
həyat vardı.
O kənddən
yuxarıda müqəddəs Baba dağı vardı, o
dağda dan üzü oxuyan quşlar vardı, o dağlardan
yuxarı qalxdıqca təmizlik də, saflıq da
artırdı. Çünki sonra buludlar gəlirdi,
sonra göylər gəlirdi, sonra dualar ediləndə əllər
açılan, gözlər dikilən ucadan uca Allah gəlirdi.
O kənddən
aşağıda isə elə bil rənglər
artırdı, o rənglərin çalarları
çoxalırdı, həyatın əlvanlığı
qatılaşdıqca gün-güzəranın da sualları
çoxalırdı, müşkülləri artırdı.
Birinci dəfə
həmin saf kənddən aşağıdakı kəndlərə,
öz kəndlərinə nisbətən daha geniş həyatın
içərisinə enəndə, yolda bir-birinin yanından salam vermədən, bir-birini
tanımırmış kimi biganə keçib-gedən
adamları görəndə duruxub qalmışdı ki,
görəsən, bu adamlar niyə hamısı bir-biri ilə
küsülüdür?
Çünki
onun kəndinin qaydasınca adam adamı
görəndə elə ev adamı, doğması kimi hal-əhval
tutmursa, deməli, aralarında nəsə soyuqluq var.
Atası ilə yeməkxanaya girmişdilər.
Özləri istəməmiş qabaqlarına nə yemək
gətirmişdilər, nə çay qoymuşdular. Üstəlik,
yemək yeyəndən sonra atası çıxarıb pul da
vermişdi.
Buna lap məəttəl
qalmışdı ki, məgər sənin qabağına
çörək qoyulduğuna görə hətta pul da vermək
lazımmış?..
Beləcə, Vaqif həyata endikcə çox sirlərə
vaqif olmağa başlayırdı.
Ömrün gizlinclərinə vaqif olduqca da ahəstə-ahəstə
anlayırdı ki, əsl həyat elə bu imiş -
aşağıdakı imiş.
Yuxarıda
- o dağlar qoynundakı kənddə yaşadıqları isə
həyat deyilmiş, bir röya imiş...
Sonra illər ötəcək, yaşa dolacaq, həyatın
çox üzlərini görəcək, ancaq könlü
röya istəyəndə yenə onu o dağlar, ürəyi
titrədən qədər doğma, simsar Yerfi kəndi onu
çıxılmaz cazibəsi ilə qucağına çəkəcək.
Gələcək, uşaqlıq vaxtlarında,
qış səhərlərində sobanın közü
qaralıb evləri soyuyanda anasına qısılıb onun
istiliyinə qızınan kimi bu kəndin hərarətini
şəhərin soyuğundan üşümüş
canına çəkəcək.
Bu, Vaqifdir.
Vaqif Əlixanlı. Qubanın ucqar Yerfi kəndindən gələrək
bütün Azərbaycanı öz kəndi kimi daha gözəl,
daha saf, daha sevməli etməkçün ömrü boyu qələmiylə,
istedadıyla, işığıyla
çalışmış qiymətli Vətən
aydını!
...Fransada
bizdəkindən 2 saat gec başlanan növbəti səhərdə
elə oyanan kimi gecədən açıq qalan kompüterimdə
Yurdda nə var-nə yoxu izləməyə başlayanda ilk
gözümə sataşan bu oldu ki, dostlardan biri oktyabrın
13-də növbəti ad günü gələn Vaqif
Əlixanlını təbrik eləyərək ona fəxrlə
“kəndimizin tanınmış ziyalısı” deyir.
Əlbəttə ki, tamam qubalıların, oradakı
gözəl Yerfi kəndinin ellik camaatının Vaqif
Əlixanlı kimi parlaq bir qələm sahibi və
düşüncə adamının məhz onların həmkəndlisi,
həmyerlisi, ellisi olması ilə iftixar etməyə
haqqı var.
Amma Vaqif həm də mənim həmkəndlim, həmyerlim,
ellimdir.
Baxmayaraq ki, nə Qubadanam, nə də, təəssüf
ki, indiyəcən bircə dəfə belə Yerfiyə
ayağım dəyib.
Vaqif
Əlixanlı - qələminin işığı,
düşüncəsinin genişliyi, bütöv yurdun hər
qarışına məhəbbəti ilə bütün Azərbaycanınkı
olan ən seçkin aydınlarımızdandır və indi
yox, çox onillər bundan öncədən həm də mənim
kəndlimdir, ortaq dəyərləri bölüşən, bu
millətin və torpağın dünəninə ən dərin
sayğı bəsləyən, bu xalqın sabahkı daha məsud
günlərini qəlbən, səmimiyyətlə arzulayan
çox-çox fikirdaşımızın, duyğu, məslək,
əqidə ortağımızın həmkəndlisidir.
Doğulduğumuz, yalın ayaqlarımızla istisini
canımıza çəkdiyimiz dədə-baba yurdumuz,
böyüdüyümüz kənd bizimçün ilk balaca
yuvamızdır.
Ancaq
dünya özü nə boydadır ki!
Qanadlarımız
bərkiyincə qanadlanıb yeni üfüqlərə
doğru uçmağa başlayırıq və asta-asta əsl
yuvamızın elə Azərbaycan boyda olduğunu
anlayırıq
(Təbii ki, heç də hamımız yox! Elələri var ki,
axıracan nəinki Vətən, lap dünya da onlara elə
öz evi, ailəsi, məhəlləsi iriliyində qalır!)
Vaqif
gerçək Yuvasının Azərbaycan olduğunu lap cavan
yaşlarından dərk etmiş, bu Yuvanı Allahın ona
verdiyi qabiliyyətlər hesabına bir az
ahəngdar, mütənasib, göyçək etməyə
daim can atmış insandır.
Pərvərdigarın ona
bağışladığı sərvət, bacarıq,
imkansa qələm idi, dünyanı və insanları içəridən
görmək bəsirətliliyi idi,
görüb-duyduqlarını canayatan bir biçimdə
sözə, yazıya çevirə bilmək
ustalığı idi.
“Ustalığı” yazıram ona görə ki, fitrətdən
gələn bir peşəkarlıq Vaqifin ən köhnə
yazılarında da görünməkdədir və illər
sadəcə yazısını, ifadəsini bir qədər də
cilalı, pardaqlı, rəvan edib.
Ustalığısa
elə həmin başlanğıcdan gələndir!
Söz yox, illər səni vaxt ötdükcə daha
bişkin, daha dərin edir. Lakin ustacasına
yanaşa bilmək mayanda yoxsa, bunu sonralar nə oxuyub-öyrənmək,
nə təcrübə ilə qazanmaq mümkündür.
Ustacasına, müdrikcəsinə, qabilliklə
hansısa işin qulpundan yapışa bilmək, elə
istedadın özü kimi, Tanrıdan insana nəsib olan
paydır.
Vaqifi mən ilk dəfə məktəbliykən, 1969-cu
ildə oxumuşam.
“Qobustan” dərgisinin ilk sayı
buraxılmışdı və onu nə səbəbdənsə
qəzet köşklərində deyil, kitab dükanında
satırdılar.
Bir tərəfə baxanda elə düz də eləyirlərmiş. Çünki
bu məcmuə rəngarəngliyi, dolğun məzmunu ilə
adətkərdəsi olduğumuz jurnallardan daha çox elə
oxunaqlı kitaba bənzəyirdi.
Gənc rəssam Səhhət Veysov haqda Vaqif
Əlixanovun yazısı “İri gözlü uşaq”
adlanırdı.
Adından tutmuş gənc rəssamda nələri
görməyinəcən, müşahidələrini sözə
nə təhər döndərməsinəcən hər
şey təzə idi.
Ənənəvi
mətbuat dili və üslubumuza oxşamayan bir yenilikçi tərz!
Heç kim Vaqifə deməmişdi belə yaz, bu
cür təsvir elə, Səhhətin bu tərəflərini
aç.
Bu, Vaqifin
özündən, içərisindən gələn bir
yanaşma idi və asta-asta Anarın hər cəhətdən
yeni və yenilikçi toplusunun ətrafına Vaqif ruhunda
olanlar daha çox yığıldı, bu cür
düşünüb, bu cür görən və bu cür də
yazanlar “Qobustan”ı “Qobustan” etdilər, bu ünvan 1970-ci illərin
təzə nəfəsli qələm sahiblərinin,
ziyalılarının özəl bir ocağına, ürəkboşaltma
meydanına çevrildi.
(Vaqif danışır ki, Səhhət haqqındakı
bu jurnal yazısından əvvəl onun Azərbaycan radiosunda
da eyni mövzuda başıbəlalı bir verilişi
olubmuş.
Niyə başıbəlalı?
Elə
tanış olduğu ilk günlərdən həm sənətinə,
həm zəkasına valeh olduğu 14 yaşlı rəssamın
Moskvada sərgisinin açılacağı xəbərini
eşidəndə Vaqif Televiziya
və Radio Verilişləri Komitəsinin sədrinə və
müavininə, çalışdığı
redaksiyanın rəhbərinə müraciət edir. Nə illah edirsə ki bu, mədəniyyətimizdən
ötrü çox əlamətdar hadisədir, Səhhət
Veysov gələcəkdə şöhrətli sənətkar
olacağını bənzərsiz əsərləri ilə
indidən büruzə verən qeyri-adi rəssamdır,
müdiriyyətin ürəyi yumşalmır.
“Olmaz!” deyib dururlar.
Təkcə
bilavasitə müdiri olan və ifrat ehtiyatlı, suyu da
üfürə-üfürə içən, lakin hər
halda belə bir mövzuda verilişin hazırlanmasının
faydalı ola biləcəyini özündən
yuxarıdakılardan daha düzgün dərk edən Rauf
İsmayılov qayıdır ki, mirzə, getməyinə get,
amma mənim bu işdən xəbərim yoxdur!
Ezamiyyət verilmir və üç günlüyə
öz hesabına Vaqif Moskvaya uçur.
Sərgi paytaxtda çox qızğın maraq
doğurur.
Amma işin tərsliyindən Vaqifin Bakıya
qayıdacağı gün Moskvada hava qəfildən
korlanır, təyyarələr uçmur, o, naəlac qalaraq
Azərbaycanın həmin dövrdə SSRİ
paytaxtındakı daimi nümayəndəliyinin
başçısı işləyən, böyük bəstəkar
Müslüm Maqomayevin oğlu Cəmaləddin Maqomayevə
müraciət edir. O da dərhal dəstəyi qaldıraraq
Bakıya, Nazirlər Sovetinin birinci müavininə zəng
vurur, söyləyir ki, sağ olsun respublika radiosu, gənc Azərbaycan
rəssamının Moskvada açılan sərgisini
işıqlandırmağa ayrıca müxbir göndərib. Amma indi burada çovğundur, təyyarələr
havaya qalxa bilmir, bütün uçuşlar təxirə
salınıb, bu jurnalistin ezamiyyətinin bir neçə
gün artırılmasına kömək edin.
Nazirlər Soveti sədrinin müavini öz növbəsində
zəng vurur komitə sədri İmran Mirzəyevə, o da
müavini Cığatay Şıxzamanova, o da baş redaktor
Rauf İsmayılova.
Üzə çıxır ki, ezamiyyət nədir,
heç Vaqif Əlixanlının Moskvaya getməyə icazəsi
də olmayıb.
Aləm dəyir bir-birinə.
Uzun sözün qısası, işdən
çıxarmaqla hədələsələr də, guya rəhmə
gələrək şiddətli töhmətlə kifayətlənirlər.
“Olmaz!” deyiləndən sonra başını
aşağı salıb öz işləri ilə məşğul
olsaydı, dikbaşlıq edib kasıb cibi ilə Moskvaya getməyə
qərar verməsəydi, nə o töhmət olardı, nə
də digər qanqaraçılıqlar. Di gəl, onda da Vaqif Vaqif
olmazdı və bəlkə də az sonra
Səhhət Veysov haqqında da o cür əks-sədalı
yazı ortaya çıxmazdı).
Çərçivələri sındıran, basmaqəlib,
nimdaş dəsti-xətti bir qırağa ataraq yeni yol
tutanların, səmt küləyinə çevrilənlərin
önündə gedənlərdən idi Vaqif.
Mən Azərbaycan Radiosu və Televiziyası ilə əməkdaşlığa
elə tələbəlik illərimdən, 1970-ci illərin əvvəllərindən
başlamışam.
O zaman
Vaqif radionun ədəbi-dram verilişləri baş redaksiyasında
çalışırdı.
Həmin üslubu, həmin zövqü,
yol-yolağanı, həmin səliqəni ki onda
“Qobustan”dakı yazısından müşahidə etmişdim,
burada da davam etdirirdi.
O
dövrdə mən, əsasən, musiqi redaksiyası
üçün yazırdım. Lakin sonra
başladım həm də Vaqifin bilavasitə rəhbərlik
etdiyi şöbənin xətti ilə hazırlanan “Sənət
haqqında hekayələr” silsiləsindən verilişlər
yazmağa.
Bir müddət sonra isə həm də aydakı
dörd “Bulaq”dan birinin müəllifi mən oldum.
“Bulaq”da üzdən çoxlarına bəlkə
görünməsə də, Mövlud üslubu ilə Vaqif xətti
bəzi çalarlarıyla seçilirdi. Mövluddakı
kəndlə Vaqifdəki kəndin də, ondakı və
bundakı danışıq, deyim tərzinin də fərqi
vardı. Həm də bu yalnız ona
görə deyildi ki, əslən biri Qubadan, digəri
Borçalı mahalındandır.
Bu, daha çox dünyagörüşü, dünyaduyumu,
zövq məsələsi idi.
Və mənə Vaqifin yolu daha yaxın, daha məhrəm
gəlirdi.
Çünki bu xətdə həm kənd vardı, həm də
bir az şəhər dalğası. El sözü, folklor irsi ikinci təqdimatda mənə
daha cazibəli, daha hamıyaçatar, əskiliyi hifz etməklə
həm də daha müasir ovqatlı kimi
görünürdü.
Ona görə mən də o sayaq yazırdım.
Vaqif Azərbaycan Radiosunda da ənənə yaradanlardan
oldu.
Bəsitlikdən,
əyalətçilikdən uzaq, intellektin hər cümlədə
duyulduğu, amma hər adi dinləyicinin rahatca
qavrayacağı şirin, əlvan dil, yöndəmsiz
deyiliş hoqqabazlıqlarından təmizlənmiş
axıcı dil!
Və bir-birindən lazımlı mövzuların
seçimi, onların yüksək səriştə ilə təqdimi.
Həmin indi xeyli uzaqda qalmış,
yaradıcılıq eşqi ilə dolu, sabahlara ümidlərlə
çağlayan, qaynar, istedadlı insanların da sanki xeyli bol
olduğu illərdə Vaqif həm də həyatdakı ən
böyük xoşbəxtliklərindən birini tapdı.
Elə bizim kimi radionu sevən, o çağlar mehriban səsi
ilə “Sabahınız xeyir” proqramlarında hər dəfə
maraqla qarşılanan öz guşəsini aparan Şəfəq
xanım Vaqifin ömrünü şəfəqləndirdi.
Qovuşdular.
(Əslində, bu cazibənin də cizgisini göydə
mələklər onların Azərbaycan Radiosunda
qarşılaşmasından, isinişməsindən,
ulduzlarının barışmasından xeyli əvvəl
cızmışdı. Hərçənd, elə həmin
köhnə rastlaşmalarında da radio söhbəti
varmış.
Vaqif orta
məktəbi bitirib sənədlərini Universitetə gətirəndə
2 illik iş stajı tələb olunduğunu əsas tutaraq qəbul
etməmişdilər.
Bu arada - 1959-cu ildə Bakıda texniki işçilər
hazırlamaq məqsədli radio kursları
açılıbmış. Vaqif üçün
sərfəli idi. Həm oxuduğu müddət iş
stajına hesablanacaqdı, həm Bakıda qalacaqdı, üstəlik, əlindəki sənədlə
də buranı bitirəndən sonra uyğun iş
tapmaqçün əlverişli girəvə qazanacaqdı. Həmin
kurslarda oxuduğu əyyamlarda radionun səsyazma evinin
yaxınlığında, Azərittifaqın böyründəki
Statistika texnikumuna, orada təhsil alan, elə
texnikumun birinci mərtəbəsindəki yataqxanada da qalan həmkəndlisinin
yanına tez-tez gedib-gəlirmiş, bəzən gec qalanda
heç Keşləyə xalasıgilə yollanmaz, burada
dostunun otağında gecələrmiş. Texnikumun
direktorusa Vaqifin gələcək ömür-gün
yoldaşı Şəfəqin atası idi və onun - Soltan
müəllimin mənzili də bir neçə metr o yanda,
texnikuma bitişik binada yerləşirdi.
Vaqif orta məktəbi yenicə bitirmiş gənc, Şəfəqsə
balaca bir uşaq. Necəsə, bir dəfə elə həmin
qonşuluqda tuş düşürlər, Vaqif əlindəki
almanı bu suyuşirin uşağa bağışlayır,
uşaq da dinməz-söyləməz gülümsəyərək
almanı götürür.
Lap o dastanlarda sevgililərə buta verilən sayaq, lap o
nağıllarda dərvişin bir almanı iki istəkli
arasında böldüyü kimi.
Adətən qızlar elə bil ki, birdən
böyüyürlər, qızlar bulağından su içəndən
sonra sanki yaşları da qəfilcə artır.
Ay
ötür, il dolanır, Bəxt Ssenariçisi bu iki mahir
ssenari ustasını - Vaqiflə Şəfəqi onların
yatanda yuxularına belə girməyəcək gözlənilməzlik
və təbiiliklə eyni məkanda - artıq Azərbaycan
Radiosunda, incəsənət redaksiyasında
vaxtaşırı qarşılaşdırmağa
başlayır, günlərin birində həmin alma da
yaddaşın unudulmuş qatından sıyrılıb
çıxır ortalığa.
Ortada alma kimi şahid vardısa, daha bu sevdanın
nişana, üzüyə gəlib çıxmasına nə
söz ola bilərdi ki!).
...Vaqifin
rəssamlıq bilgilərinin genişliyini, dünya təsviri
sənətinə müfəssəl bələdliyini, məlum
rənglərdə və tanış
lövhələrdə çoxlarının görmədiklərini
sezmək səriştəliliyini aşkar əyan edən və
bir zamanlar Azərbaycan Televiziyasında apardığı
“Palitra” verilişi də unudulan deyil.
O
verilişdə Vaqif kamera qarşısında tək olurdu.
Dinclik, rahatlıq yağan səsi, incə müşahidələri,
əhatəli və təlqinedici, inandırıcı
yozumları ilə uzun dəqiqələr boyunca
tamaşaçını ekrandan aralanmamağa, ona diqqət kəsilməyə
sövq edə bilirdi.
Azərbaycan
Televiziyasında nitq mədəniyyətinin bəyənimli bir
örnəyini nümayiş etdirən Vaqif apardığı
digər sənət verilişlərinə dəvət etdiyi
qonaqları da o dönəmdə efirimizdə dəb olan
süniliklə dolu kağızdanoxuma məcburiyyətindən
qurtararaq mətndənaralanma, sərbəst
düşünüb-danışma vərdişlərinə
alışdırırdı, sadə, etibar oyadan, inandıran,
çəkici danışığı ilə
qonaqlarını da bu cür, adam balası kimi, söhbət
etməyə yönəldirdi.
Bu isə o vaxtlar o qədər də asan başa gəlmirdi.
Çünki efirə gedən hər cümləyə
nəzarət vardı, mətbuatda dövlət sirlərini
mühafizə edən, el arasında “Qlavlit” deyilən idarənin
ayıq-sayıq əməkdaşları qırmızı qələmləri
ilə hər verilişin mətnini qollamalıydılar.
...İllər
illərlə əvəzləndi, Vaqifin sənədli-publisistik
yazıları, sənət hekayələri ayrıca kitablara
da çevrildi və anlayanlar onları da həvəslə,
iştaha ilə, bir az da
darıxmış olduqları, qəribsədikləri bu
yazı tərzinin xiffəti ilə mütaliə etdilər.
Yəni o yazıların da hər biri Vaqifin zamanında
hazırlamış olduğu, bir çoxu radio-televiziyaların
səs və təsvir xəzinələrində saxlanan
verilişləri kimi köhnəlməz, hələ bundan
sonra da dönə-dönə qayıdılası incilərdir.
Ayrı-ayrı
vaxtlarda Vaqif Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında da çalışıb, Mədəniyyət
Nazirliyində də, radio-televiziyalarda da. Harada fəaliyyət
göstəribsə, hökmən ətrafında münbit bir
mühit də əmələ gəlib. Çünki
özünün heç vaxt bekar dayanmaması, müxtəlif
ssenarilər, pyeslər, etüdlər yazması, keyfiyyətli
bədii tərcümələr etməsi, maraqlı layihələr
irəli sürməsindən savayı, Vaqif həm də daim
qabiliyyətlilərə də xeyirxahlıqla yol
açıb.
Vaqifin tərcüməsində bir neçə çox
məşhur yazıçının səhnələrdə
də oynanmış pyeslərinin son dərəcə
sağlam, şirəli, axıcı,
ölçülü-biçili dili haqqında
düşünürkən bədii tərcüməçiliyimizdə,
xüsusən film dublyajı sahəsindəki qanqaraldan
hazırkı umulmaz durum da xəyalımdan keçir.
Saysız
yaradıcılıq problemlərinin mühasirəsi və əsarətində
olan, peşəkarlıq qıtlığından əziyyət
çəkən müasir radio-televiziya məkanımız
istər bu, istərsə də bir sıra digər
mühüm sənət məsələləri ilə əlaqədar
Vaqif Əlixanlı kimi bu sahədə can qoymuş, zəngin
bilik və təcrübələri olan insandan gərək
israrla yararlana.
...Vaxtım
az, macalım dar olmasaydı, lap çox
yazardım, çünki Vaqifin bir insan, dost, yaradıcı olaraq
məziyyətləri o qədər boldur ki, elə hərəsindən
2-3 səhifə yazsan, iri kitab alınar.
Niyə də yazılmasın ki, belə kitab?
Mənim
növ-növ qayğılarım çox, vaxtım azdır,
amma bu nəcib işi görməyə bacarığı da,
qələminin gücü də çatanlar az
deyil axı!
Haçansa elə bir kitab yazılarsa, orada Vaqifin
bütün başqa yaradıcı məziyyətləri,
fitri istedadı ilə yanaşı, mühümdən
mühüm bir keyfiyyəti haqqında cavanlara ibrət olaraq məxsusi
bəhs edilməsini arzulayardım.
Daim öz üzərində çalışmaq,
mütaliədən doymamaq, oxuduğunu həzm edib hafizəsinə,
ürəyinə həkk edə bilmək, usanmadan işləmək
ehtirası, zəhmətsevərlik.
Bunlar olmasa, Tanrının səxavətlə bəxş
etdiyi istedadı asanca zay eləmək də
mümkündür. Ya da ən yaxşı halda, həmin istedadın
qanadları bunlarsız, heç vəchlə açıla
biləcəyi genişlikdə pərvaz etməz!
Azərbaycan Dövlət Universitetində (indiki Bakı
Dövlət Universiteti) təhsil alırmış. O zamanlar Vaqifin oxuduğu
kitabxanaçılıq ixtisası da ənənəvi fars, ərəb, türk dili fakültələri
ilə yanaşı, şərqşünaslıq fakültəsinin
tərkibində imiş. Dördüncü
kursda oxuyanda onu əsgər aparırlar və o zaman da hərbi
xidmət üçillikmiş.
(Əsgərliyə
getməsinin də soyadı ilə bağlı qəfil və
dodaq qaçırdan bir qəziyyəsi var. Əslində,
1943-cü il təvəllüdlü bir
oğlanın əsgər aparılması məntiqli və
qanunauyğun idi. Çünki müharibə
dövründə kişilərin əksəriyyəti cəbhələrdə
olduğundan 1941-1945 arası doğum azalmışdı.
O səbəbdən də yaşı uyğun gələn tələbələri
də, aspirantları da heç bir güzəşt etmədən
hərbi xidmətə göndərirmişlər. Lakin nə sirdisə, Vaqifə dəyib-dolaşan
yoxmuş. Özü də heyrətlənirmiş
ki, görəsən, niyə digər fakültələrdə
olan tay-tuşlarının hamısı çoxdan əsgər
aparılsa da, ona toxunan yoxdur.
1961-1970-ci illərdə Azərbaycan Nazirlər Sovetinin sədri vəzifəsini Ənvər Əlixanov tuturmuş.
Bir dəfə bir şad məclisdə Bakının oçağkı Oktyabr (indiki Yasamal) rayonunun hərbi komissarı polkovnik Güləhmədov həmin Ənvər Əlixanovun qardaşı Lətiflə söhbətləşir, elə sözarası bunu da deyir ki, Ənvər Nəzəroviçin xətrini biz çox istəyirik, neçə ildir oğlunu da əsgər aparmırıq ki, ali təhsilini başa vursun.
Lətif müəllim təəccüblənir ki, nə əsgərlik? Ənvər mənim dost-doğma qardaşımdır, onun oğlu yoxdur.
Bu dəfə hərbi komissar təəccüblənir:
- Necə yəni oğlu yoxdur? Var, özü də bizim çağırışçıdır. Vaqif Ənvər oğlu Əlixanov!
- Siz bir yoxlayın, yəqin, təsadüfi uyğunluqdur.
...Bir neçə gün sonra çağırış vərəqini təqdim edirlər Vaqifə.
Hərbi xidməti başa vurub qayıdır, universitetə bərpa olunur və bir gün küçədə həmyerlisi, şair Ələkbər Salahzadə ilə rastlaşır. Hal-əhvaldan sonra deyir ki, qiyabiyə keçmək istəyirəm, iş axtarıram, neyləyim?
Ələkbər Salahzadə onun adından radioya, incəsənət şöbəsində işləyən Vidadi Paşayevin yanına getməyi tövsiyə edir.
Söhbəti açıb bura qədər gətirməkdə niyyətim Vaqifin işgüzarlığı, inadcıllığı, çətinlikdən qorxmaması, elə istedadı ilə tən gələn zəhmətkeşliyi haqqında bir para təfərrüatları diqqətə çatdırmaqdır.
Vidadi Paşayev radioda yanına gələn Vaqifə əvvəlcə braziliyalı memar Oskar Nimeyer haqda 10 dəqiqəlik bir süjet hazırlamağı tapşırır.
Hazırlayıb gətirir, bəyənilir.
Bu dəfə Vaqifə italyan rəssamı Renato Quttuzo haqqında 40 dəqiqəlik ayrıca veriliş sifariş edilir.
Hazırlayır, bu da çox bəyənilir, təriflənir.
Ancaq radionun qapısını açdığı günəcən Vaqif Oskar Nimeyeri tanımırdı, Quttuzonun da elə adını eşitmişdi.
Gedib oturmuşdu Axundov kitabxanasında, kitabı kitab, məqaləni məqalə ardınca oxumuşdu. O qədər məlumat toplamışdı, bu iki məşhur və o zaman SSRİ-də ən yüksək sayılan Lenin mükafatına layiq görülmüş sənətkar haqqında təsəvvürü və bilgisi elə genişlənmişdi ki, onlar haqqında veriliş o yana qalsın, dizini yerə vursa, kitab yazmağa hazır idi.
Və o vaxtlar idi ki, Vaqif hamının xoşuna gələn verilişlərini elektrik lampasının, hətta neft çırağının işığında, masa arxasında deyil, tez-tez işıqlar söndüyündən qaz plitəsinin yanında saatlarla ayaq üstə dayanaraq od diliminin qaranlığı yaran zəif işığında yazırdı...
Əziz Vaqif müəllim, dəyərli qardaşım!
Səni yalnız qubalıların, yerfililərin deyil, bütün azərbaycanlıların, həm də yalnız bu taylı və o taylı yox, dünya boyuncakı bütün soydaşlarımızın HƏMKƏNDLİSİNİ, ELLİSİNİ, ÜRƏKDAŞINI bu əziz gündə ürəkdən təbrik edirəm!
Bu günə “əziz” deyirəm ona görə ki, hər qiymətli azərbaycanlının dünyaya gəldiyi gün tarixi mənası olan, vacib bilinməyə, əziz sayılmağa layiqdir!
Tanıdığım 40 ildən artıq müddətdə mən Vaqif Əlixanlını elə yada saldığım qədimi yazısının sərlövhəsinə çıxardığı sayaq İRİ GÖZLÜ UŞAQ kimi gördüm.
Hər əməlində və yazısında uşaq kimi saf, səmimi ürəyinin İRİ və İTİ GÖZLƏRİ ilə həqiqətlərin dərinini görməyi bacaran!
...Bu gün, 2018-ci il oktyabrın 13-ü Vaqifin sadəcə növbəti ad günü deyil, həm də yubileyidir.
Hər halda 75 yaş elə yuvarlaq, ciddi hesabat mərhələsi sayılası ildönümüdür ki, gərək haradasa qeyd də edilə, bu qədər xidmətləri olan yazıçı, dramaturq, publisist, mədəniyyət təşkilatçısı, tanınmış ziyalı məxsusi dəyərləndirilə də.
...Təbrik etməkçün Strasburqdan zəng vurmuşdum və telefondan Vaqifin öz səsindən əvvəl hay-küy sədaları, şən qışqırıqlar, gülüşlər eşidildi.
Lap əsl yubiley təntənəsinə yaraşan səslər qarışığı.
Evdəydilər, nənə-baba - Şəfəqlə Vaqif nəvələrin böyründə, dünyadakı bayramların ən gözəlinin içindəydilər.
Kim bilir, bəlkə ən yaxşı, ən təmtəraqlı yubiley məclisi elə budur!
Əziz Vaqif! Şəfəqinlə, balalarınla, qələminlə birgə çox yaşa, sağlam, fərəhli, uğur içində yaşa, bizi yeni əsərlərinlə sevindirərək yaşa!
...Dağlar həmin dağlardır. Min il əvvəlki, yüzillər öncəki kimi, yenə qışda qarlı zirvələri, yazda yaşıllanan köksü ilə yüksəlir.
Dəyişən bizik, dəyişən həyatdır.
Daha nə kəndin ortasında hamını bir-birinə bir az da yaxın, qulaq yoldaşı edən dirəkdən asılı radioreproduktorlar var, nə də uşaq bakirəliyi ilə nəğmələrdəki söyləyişləri həqiqət kimi qəbul edən sadədillər.
Onillər qabaq o uca dağlardan saflıq dərsini alaraq böyük dünyadakı enişli-yoxuşlu yolunu başlamış seçkin Azərbaycan ziyalısı Vaqif Əlixanlı bir ömür boyu qələmiylə, sözüylə o dağlardan aldığı işığı, gücü, istiliyi millətiylə paylaşmağa can atdı.
Nəyə gücü çatdı, elədi. Nəyə gücü çatır, edir və hələ illərcə bu yolda sabitqədəm olmaq əzmindədir.
Və ömrü uzunu da bütün gərəkli işlərini görə-görə Vaqif Əlixanlının bir amalı oldu - çağdaşlaşaq, dünya ilə ayaqlaşaq, dünyanın üstünləri cərgəsində olaq. Amma heç zaman əslimizi, kökümüzü, ilk vətən dərsləri aldığımız yuvamızı unutmayaq.
Böyük Vətəni də həmişə o ilk, o məhrəm, o xudmani yuvamıza bəslədiyimiz hərarətli, soyumaz məhəbbətlə sevək!
P.S. Gərək bir dəfə Vaqiflə kəndimizə gedək - Qubaya, Yerfiyə!
13 oktyabr, Strasburq
Rafael
HÜSEYNOV
Milli
Məclisin Mədəniyyət komitəsinin sədri, akademik
525-ci qəzet.- 2018.- 20 oktybar.- S.18-19-20.