Həsrətin nağılı və ya “Can, nənə, bir nağıl de...”
“Biri vardı, biri yoxdu...” Nə qədər doğma, məhrəm bir başlıq... Hələ uşaqlığımızdan, ilk gözümüzü açandan
eşitdiyimiz bu dörd sözə əslində, bütün
həyatın, dünyanın,
var olmağın ideyası yüklənib.
Həqiqətən də hər
zaman biri var, biri isə
yoxdur. Və nə yazıq
ki, insan oğlu çox zaman var olanla
məşğulkən, fikri
yox olanın yanında qalır. Ya da nağılın sonunda göydən düşəcək o üç
almada. Amma bilməz ki, hər nağıl üç alma ilə bitmir...
Öyrəşmişik nağılları həmişə
analarımız, nənələrimiz
danışarlar. Atalarımız, babalarımız isə bu nağılların
qəhrəmanı, yaradıcısı
olarlar. Bəlkə də qadın
səsində, qadın
nəfəsində daha
incə, daha məhrəmdir nağıllar.
Yəqin ki, çoxumuz öz nənəmizə “Can, nənə,
bir nağıl de” deyə səslənmişik,
xahiş etmişik. Onun şirin, gözəl nağıllarının qanadlarında
yuxunun qoynuna atılmışıq. Elə
ölməz şair Əhməd Cəmilin dillər əzbəri şeirindəki balaca qəhrəman kimi...
Azərbaycan ədəbiyyatında özünəməxsus
iz qoymuş şair Əhməd Cəmilin anadan olmasının 105-ci ildönümüdür. O Əhməd
Cəmil ki, öz qələmi ilə sujetli şeirin ən gözəl nümunələrini
yaradıb, ən adi həyat hadisələrini şeirlərində
poeziya dili, bədii boyalarla oxucusuna təqdim etməklə onlara ölməzlik qazandırıb.
- Ay nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat
daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə
keçib, ev
soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə
məstan pişik, odur yatıb bayaqdan.
Ört üstünü, dərdin
mənə, bax, eşikdə yel əsir...
Bu adi, hər birimizin evimizdə eşidəcəyimiz, bəlkə
nə vaxtsa qəhrəmanına belə
çevrildiyimiz dialoq
şairin qələmi
və nəfəsində
necə də şirin və yaddaqalandır.
Amma misralar irəlilədikcə şeirin
ab-havası dəyişir,
sətirlərin arasından
insanı buz soyuqluq bürüyür. Bu soyuq kəsicidir, dondurucudur, ürküdücüdür.
Çünki 1940-cı ildə İkinci Dünya Müharibəsinin ilk illərində
yazılmış şeir
də məhz buna - müharibənin vahiməsinə həsr olunub. Baxmayaraq ki, bəlkə
də ədəbiyyatımızda
müharibəyə həsr
olunmuş ən həlim, ən mülayim əsər olsa da, şeirdəki
balaca uşağın
ata həsrəti, ananın övlad özləmi, ona qovuşacaqları günün
xəyalları oxucunu
kövrək notlara kökləyir.
Bir gizilti duyur uşaq
vücudunda bu ara,
Həsrət qonan gözlərini
zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə
gedir, qucaqlayıb yastığı:
- Bəs ay nənə, atam indi haradadır,
görəsən?!
- Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü
qar, külək?
Bəli,
Azərbaycan ədəbiyyatında
bu dərəcədə
səmimi şeirlərə
çox az
rast gəlirik. Burada pafos yoxdur, “Biz güclüyük, müharibədə
qalib gələcəyik,
düşməni əzəcəyik”
kimi gurultulu cümlələrə rast
gəlmirik. Amma qələbəyə
saf bir inam
var, ümid var. Və bu inam,
bu ümid oxucuya da sirayət
edir.
Mehdi Hüseyn
vaxtilə bu şeir haqqında yazırdı ki, şair son dərəcə
orijinal bir formada optimist bir əsər yaradıb.
“Bu əsərin gözəlliyini
duymaq üçün
onu başdan-ayağa diqqətlə oxumaq lazımdır. Bu şeirdə hər şey yenidir: məzmun da, ideya da,
forma da, sözlər də. “Can nənə,
bir nağıl de!” hər şeydən əvvəl həyatımızın
ən tipik bir hadisəsindən bəhs edir. Şair bu hadisəni bəzəmir, “romantikləşdirmir”,
amma əsər gözəl rayihəli bir romantika ilə
nəfəs alır.
Burada lirika da vardır,
xəfif bir kədər də, bahar ətri verən bir sevinc də”.
- Ömrum-günüm, körpə
quzum, qurban olum adına,
Niyə köks ötürürsən
o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir oğlum
darıxmısan, görüşərik
bu bahar.
Bağçalarda çiçək açar
gülöyşə nar,
yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən...
Heç
darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl
deyər əsgərlikdən,
davadan!
Di yat, indi gecə
keçir...
- Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
Beləcə, o şaxtalı qış
gecəsində nənənin
nəvəsi üçün
danışacağı nağıl
öz-özünə yaranır:
- Yaxşı, bala, qoy bağlarda çiçək açsın
nar, ərik,
Sağlıq olsun, ağ
toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi
bəzəyər,
Ey qadası
süfrə açar,
qohum-qonşumuz gələr.
Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib,
nağıl deyər sübhəcən...
Körpə güldü... həsrət
qonan gözlərindən
uçdu qəm,
Öpdü onun xəyalını
indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi,
açdı çiçək,
güldü yaz...
Qucaqladı atasını, sonra
kimsə çaldı
saz...
Körpə özü hiss etmədən,
onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı.
Bu nağıla təkcə
Əhməd Cəmilin
balaca qəhrəmanı
deyil, o dövrdə neçə ailələr,
neçə körpələr
inanıb, mışıl-mışıl
yatıb. Əgər qəhrəman oğul
və qızlarımız
səngərdə, düşmənlə
üz-üzə vuruşub,
vətənin keşiyində
dayanıblarsa, onların
ailələri, övladları
arxa cəhbədə
öz inamları, ümidləri, yaratdıqları
qələbə nağılları
ilə həm özlərində, həm
də onlarda böyük ruh yüksəkliyi yaratmağı
bacarıblar. Elə bu
cür şeirlərin
- nağılların səbəbinədir
ki, o cür böyük müharibədən
insanlarımız alnıaçıq,
üzüağ, qələbə
müjdəsi ilə döndülər.
İndi biz
də müharibə şəraitində yaşayan
bir ölkənin övladları olduğumuzdan bu cür şeirlər hələ də öz aktuallığını qoruyub saxlayır. Buna görədir ki, hələ orta məktəbin
ilk illərində bu şeir balaca şagirdlərə
sevə-sevə öyrədilir və ağ
kağız olan uşaq
beyninə həm özü, həm də
ab-havası ilə əbədi həkk olur.
Çünki bu cür şeirlər balacalar
müharibəni qorxu-hürküylə deyil,
həsrətlə anladır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 20 oktybar.- S.17.