Arif Hüseynovun
yubiley sərgisi: “75 və 75”
Oktyabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
(ADRA) muzey-sərgi kompleksində
Xalq rəssamı,
ADRA-nın professoru Arif Hüseynovun “75 və 75” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə
rəssamın 75 illik
yubileyi münasibətilə
rəmzi olaraq 75 əsəri yer alıb. Tədbirdə çıxış edənlər rəssamın
yaradıcılığından söz açıblar.
Bildirilib
ki, Azərbaycan təsviri sənətində
özünəməxsus dəstxəti,
görkəmli qrafika ustası Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı
sənətkarlarımızdandır.
Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə
müraciət edib.
Onun M.Ə.Sabirə müraciəti
rəssamın yaradıcılığının
ən yüksək pilləsi hesab olunur. A.Hüseynovun dəzgah və
kitab qrafikası sahələrində yaratdığı
müxtəlif mövzulu
əsərlər Bakı
və Moskvanın nüfuzlu muzeylərini, yerli və xarici
kolleksiyaların saxlanclarını
bəzəyir.
“Qarabağ şikəstəsi”,
“Mis qablar”, “Aşıq”, “Kəndirbazlar”
və digər əsərlərdə rəssamın
qədim miniatür sənəti ənənələrinə
bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı
və təəssübkeşliyi
də qabarıq hiss edilir.
Diqqətə çatdırılıb ki,
Azərbaycan nağıllarını,
dastanlarını illüstrasiya
formasında ərsəyə
gətirən A.Hüseynov
bununla bir ilkə imza atıb. Maraq dairəsi çox
geniş olan rəssam uğurla həm klassik, həm də çağdaş ədəbiyyat
nümunələrinə illüstrasiyalar
çəkir. Ədəbi qəhrəmanları
asanlıqla təxəyyülündə
canlandıra, ifadəli
cizgilərlə onlara
obrazlı görkəm
verə bilir. O, həmçinin, uşaqlarla
işləməkdən zövq
alır. Sənətkarın “Azərbaycan nağılı”
silsiləsinə daxil
olan əsərləri
göstərir ki, Arif Hüseynov özündə ənənə
ilə müasirliyin bədii vəhdətini yaşadan fərdi ifadə üslubunu yaratdığını sərgiləyə
bilib.
Oktyabrın 30-dək davam
edəcək sərgi Təhsil və Mədəniyyət
nazirlikləri, eləcə də ADRA və Azərbaycan Rəssamlar
İttifaqının birgə təşəbbüsü ilə
reallaşdırılıb.
525-ci qəzet.- 2018.- 20 oktybar.- S.16.