Xalq yazıçısı Elçin:
“Yazıçı ilə dialoq”da deyilənlər
Oktyabrın 16-da Bakı Kitab Mərkəzində
“Yazıçı ilə dialoq” layihəsi çərçivəsində
Xalq yazıçısı Elçinlə görüş təşkil
edilmişdi.
Görüşdən geniş reportaj yazmalıydım...
Fəaliyyətə başlamasından qısa zaman
keçməsinə baxmayaraq, artıq ölkə
çapında kifayət qədər tanınan, maraqlı tədbir
və layihələrə evsahibliyi edən Bakı Kitab Mərkəzinə
daxil oluram. İçəri keçən kimi şəhərin
mərkəzinin hay-küyü, urbanizasiyanın
boğuculuğu yoxa çıxır. Xoş
aura, avanqard dizayn, kitab qoxusu və qəhvə ətri məni
qarşılayır. Bir neçə dəqiqə
rəflərin arasında dolaşır, bu böyük kitab xəzinəsini
məftun-məftun seyr edirəm. Bir
neçə dəqiqə sonra Xalq yazıçısı,
görkəmli dramaturq və ədəbiyyatşünas
Elçinlə görüş başlayacaq.
Üzümü
hara çevirsəm, tanış
simalardır. Yazıçı, şair dostlar,
tanışlar... Qələbəlikdi. Hamı da Elçinin işığına
yığışıb. Birtəhər
yer tapıb otururam. Çox keçməmiş, Xalq
yazıçısı da zala daxil olur...
Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri
Günel Rzayeva açdı. Elçinin
yaradıcılığı haqqında danışan G.Rzayeva
görkəmli yazıçı ilə rəhbəri
olduğu qurumda görüş keçirilməsindən məmnunluğunu
ifadə etdi.
Ardınca tədbirin aparıcısı,
tanınmış teatrşünas, professor Məryəm
Əlizadə tədbir iştirakçılarını
salamladı.
Onun yazıçı və ictimai-siyasi xadim kimi xarakterik cəhətlərindən
danışdı: “Elçin görkəmli bir şəxsiyyət,
çoxşaxəli yaradıcılığa malik ədibdir.
Dərbənddən tutmuş Zəncana qədər
böyük bir ərazidə məskunlaşan azərbaycanlıların,
Azərbaycan xalqının yazıçısıdır.
Ümumiyyətlə, xalq ədəbiyyatdan nə
gözləyir? İstəyir ki, ədəbiyyatdan
yaşamağa ümid alsın, mətndən
işıqlı arzular əxz eləsin, yaşamağa,
yaratmağa dayaq olsun. Elçin xalqın nə
istədiyini duya, anlaya, damarını tuta, həmin istəkləri
mükəmməl şəkildə mətnə
köçürə bilir. Bu mənada, o,
ədəbiyyatımızın, ədəbi-bədii
düşüncənin, müasir Azərbaycan teatrı
qavrayışının fenomenidir”.
Teatrşünas,
Elçin yaradıcılığını alovla müqayisə
etdi: “Uşaqlıqdan alov bizimçün qadağa deməkdir.
Valideynlərimiz bizi həmişə alovdan uzaq
tutmağa çalışıblar. Çünki
çox yaxın getsək, bizə zərər verər,
yandırar. Amma bütün bu qadağalara
rəğmən, alovda sirli bir çəkicilik, həyəcan
var. Hər dəfə bizə fərqli şəkillərdə
görünür. Dəyişkəndir.
Elçinin yaradıcılığı da
çox yaxınlaşsan, itib-batacağın, dərinliyi,
çoxyönlülüyü ilə səni azdıracaq
labirint, dilləriylə min cür xarüqələr yaradan
tonqaldır”.
M.Əlizadə
qeyd etdi ki, Elçinin yaradıcılığı
dalğalı, dəyişkəndir: “Elçin
yaradıcılığı hər dəfə yeni formatda
qarşımıza çıxır. Bəzən
uşaqlaşır - uşaqlar üçün nağıl
yazır. Sabahısı gün filosofa
çevrilir - hansısa pyesində bizə yol göstərir.
Növbəti dəfə çox sadə qiyafədə
peyda olur - bizdən birinə çevrilib nasir kimi
özünü təqdim edir. Dəyişir,
inkişaf edir, müxtəlif formasiyalarda görünür,
metamorfoz keçirir”.
Daha sonra
söz alan Xalq yazıçısı dəvətə
görə təşəkkürünü bildirdi. Dedi ki,
görüşün belə gözəl məkanda baş
tutması ona tamam ayrı aura bəxş edir: “Bakıda
olmadığımdan mərkəzin
açılışında iştirak edə bilməsəm
də, sidq-ürəkdən sevindim. Bakı
Kitab Mərkəzini Heydər Əliyev Fondunun və qurumun rəhbəri
Mehriban xanım Əliyevanın son 15 ildəki yorulmaz fəaliyyətinin
daha bir bəhrəsi kimi qiymətləndirmək olar. Hesab edirəm ki, Mərkəzin işə
başlaması kitabın, kitabçılığın əvvəlki,
itirilmiş nüfuzunun bərpası üçün
atılmış ciddi addımdır. Məni
sevindirən digər məsələ mərkəzə sevimli
Günel Anarqızının rəhbərlik etməsidir”.
Elçin
oxucuların sayının azalması haqda da danışaraq,
kitabın kütləviləşməsinin önünü kəsən
amillərin qarşısını almaq üçün bu
cür mərkəzlərin açılmasının təqdirəlayiq
olduğunu dedi: “Əvvəllər Bakının az qala hər
küçəsində kitab mağazaları,
hamısının da qarşısında növbələr
olurdu. Amma Sovet hökuməti dağılandan
sonra siyasi və mədəni kataklizm yarandı. Ona görə kitab da öz nüfuzunu itirməyə
başladı. Amma hazırda ölkəmizdə
kitaba, ədəbiyyata dövlət səviyyəsində diqqət
var. Bu mənada, belə mərkəzlərin
açılması çox sevindiricidir”.
Xalq
yazıçısı nümayəndəsi olduğu
altmışıncılar ədəbi nəsli haqqında da
geniş danışdı: “Altmışıncılar deyəndə,
daha çox 3 nəfər yada düşür. Anar,
Əkrəm Əylisli, Elçin. Amma bunu
bir qədər ədalətsiz hesab edirəm, çünki o
dövrün ədəbiyyatı təkcə bizdən ibarət
deyil. Altmışıncılar mənim aləmimdə
bədii-estetik hadisədir. Onları
diferensial şəkildə qiymətləndirmək doğru
deyil. Bu o demək deyil ki, hər
yazıçını fərdi şəkildə qiymətləndirmək
olmaz, o dövrü mən həmişə küll halında
görürəm. İstər Yusif Səmədoğlu,
istər İsi Məlikzadə, istər Sabir Süleymanov, istər
Arif Abdullazadə, istər Çingiz Ələkbərzadə
olsun... Əlbəttə, istedad hamıda eyni
olmur. Adlarını çəkdiklərimdən
bəzilərinin əsərləri bu gün də
yaşayır, eləsi də var, yazdıqları
aktuallığını itirib. Bir qisminin ədəbi
taleyisə daha acınacaqlıdır. Öz
layiqli qiymətlərini almayıblar. Məsələn,
Sabir Süleymanov, yaxud İsi Məlikzadə...”
Elçin
altmışıncılar dalğasının ortaya
çıxma səbəblərindən də söz
açdı: “XX Partiya Qurultayından sonra Sovet İttifaqı
Kommunist Partiyasının baş katibi Nikita Xruşşovun
şəxsiyyətə pərəstişə qarşı
çıxması nəticəsində ölkədə
siyasi sferada bir qədər mülayimləşmə
duyulmağa başladı. Bu ab-havanın da təsiri
böyük oldu. Amma əsas səbəb başqadır:
ədəbiyyat canlı orqanizmdir. Bu orqanizm
müəyyən dövrlərdə aktiv, müəyyən
dövrlərdə passiv həyat tərzi keçirir. Məsələn,
rus ədəbiyyatına nəzər salsaq görərik ki,
Aleksandr Puşkinlə Lev Tolstoy arasında xeyli vaxt, ədəbi
boşluq var. Bu dövrdə yazıb-yaradan imzalardan maksimum
üç-dördünün adını çəkə
bilərik...
Düşünürəm, vaxt gələcək, elə
imzalar ortaya çıxacaq ki, altmışıncılardan da
istedadlı olacaqlar, tamamilə fərqli mətnlər təqdim
edəcəklər. 80-90-cı illərdə də kifayət
qədər istedadlı ədiblərimiz yetişib. Məsələn,
Afaq Məsudu, yaxud elə son on-on beş ilin yetirmələrindən
olan Günel Anarqızı, Mübariz Cəfərli, Şərif
Ağayar kimi imzaları göstərmək olar. Amma küll halında, ədəbi nəsil
adlandırılacaq ədiblərimiz, təəssüf ki,
yoxdur”.
Elçinin sözlərinə görə, gəncliyindəki
tutduğu yol, ədəbi ideallar, üslüb və janra
sadiqdir. Dəyişmək
istəyi, fikri də yoxdur: “25 yaşım olanda “Poçt
şöbəsində xəyal” pyesində dilə gətirdiyim
düşüncələr bu gün də mənə
doğmadır, mənimçün aktualdır. Ola bilər, professionallıq baxımından
hansısa dəyişikliklər var. Amma ümumilikdə
altmışıncı illərdəki Elçinlə indiki
Elçin arasında ciddi fərq görmürəm. Gəncliyimdəki həyata, ədəbiyyata,
gerçəkliyə baxışımla hazırkı
yanaşmam eynidir. “O inanırdı” adlı ilk hekayəm
16 yaşımda, “Azərbaycan gəncləri” qəzetində
çap olunub. Amma kitablarımın heç
birinə 1968-ci ilə qədər yazdıqlarımı daxil
etməmişəm. Ona görə yox ki, mənim
üçün yaddılar. Ona görə
ki, həvəskarlıqdan professionallığa qədər
yazılan mətnlər tirajlanmamalıdır. Bəzən mətnlərə rast gəlirəm,
imzadan sonra “Həvəskar şair”, yaxud “Həvəskar
yazıçı” qeydi olur. Fikrimcə, ədəbiyyatı
həvəskarın ümidinə buraxmaq olmaz. Təsəvvür edin ki, 250 nəfəri
daşıyan bir təyyarənin sükanı arxasında həvəskar
pilot oturub. Hər an faciə baş
verə bilər. Ədəbiyyata da eyni ciddiyyət,
eyni professionallıqla yanaşmaq mütləqdir”.
Elçin
söhbət əsnasında ədəbi “izm”lər
mövzusundan da yan keçmədi: “Ümumiyyətlə,
yazılan əsərin hansı janrda yazılmasını
oxucular, tənqidçilər, yəni başqaları deməlidirlər.
Amma bir yazıçı janrı məqsəd
kimi seçəndə yaradıcılığı
alınmayacaq. Bir məsələ də
var ki, sovet cəmiyyəti qapalıydı, “izm”lər yaxın
buraxılmır, ideologiyanın təhrikiylə pislənirdi”.
Xalq
yazıçısı öz dramaturgiyasından da
danışdı: “Bayaq qeyd etdiyim kimi, ilk pyesimi 1968-ci ildə
yazmışam. Pyesi bitirdikdən sonra Anara verdim
ki, oxuyub fikrini bildirsin. Çox bəyənmişdi.
Qərara gəldim ki, ovaxtkı Əzizbəyov,
indiki Milli Dram Teatrında tamaşaya qoyulsun. Mərhum rejissor Mehdi Məmmədov pyesi oxuyub bəyəndi.
Amma “Qlavlit” mane oldu. Daha sonra
Mərkəzi Komitənin ideoloji katibi Cəfər Cəfərova
müraciət etdim. Ancaq o da tamaşanın
qoyulmasına müvəffəq ola bilmədi.
İki il sonra rejissor Ağakişi
Kazımov pyesi tamaşaya qoymaq istəsə də, fikir
ayrılığına görə alınmadı. Bu gedişata görə məndə bir növ
inciklik yarandı, uzun müddət pyes yazmadım. 20 Yanvar hadisələri vaxtı hədsiz pərişan
haldaydım. Hər gün yazmağa öyrəşmiş
adam neçə aydı ki, əlinə qələm
almırdım. Yaradıcılığın
psixologiyası çox qəribədir. O pərişanlığa
rəğmən kitabxanamdan Molyerin komediyalarını
götürüb oxumağa başladım. Bu hərəkətdə
bir qədər absurdizm var. Çünki o qədər vəhşətin,
faciənin ortasında komediya oxuyurdum. Sonra
başladım kiçik pyeslər yazmağa. “Mənim ərim
dəlidir”, “Mənim sevimli dəlim”, “Mən sənin
dayınam” kimi əsərlər belə yarandı...
Dramaturgiya ilə paralel xeyli nəsr əsəri
yazır, çoxlu hekayələr qələmə
alırdım.
Daha sonra “Baş” romanı ərsəyə gəldi.
İndi daha bir absurd pyesim artıq hazırdır. Rus Dram
Teatrında məşqlər gedir. Bəzən
qeyd edirlər ki, Elçin absurdizmə çox aludə olub.
Düşünürəm ki, yaş irəlilədikcə, həyatın
iç üzünü gördükcə, yaşantılar
artdıqca, ümumiyyətlə, hər şey adama absurd gəlir.
İnsan anlayır ki, hər şey nisbidir, kədər də,
sevinc də...”
Xalq
yazıçısı Azərbaycan ədəbi tənqidi barədə
də fikirlərini bölüşdü: “Həmişə
istəyirəm ki, əsərlərim haqqında yazılan tənqid
səviyyəli olsun. Tənqid səviyyəlidirsə,
ona mütləq reaksiya vermək lazımdır. Yox, tənqid sadəcə söz
yığınıdırsa, arqumentsizdirsə, ona baş
qoşmağa dəyməz. Bu cəhətdən
özümü kifayət qədər şanslı hesab edirəm.
Çünki əsərlərim,
yazılarım haqqında yetərincə yaxşı tənqidi
yazılar yazılıb, yazılır. Amma
yenə də tənqid sahəsində çatışmayan cəhətlər
çoxdur. Xüsusən,
yaradıcılıq psixologiyasına yanaşmada axsamalar var.
Buna görə də müasir Azərbaycan tənqidi barədə
çox yazıram, problemlərə toxunuram.
Mənim ədəbi fəaliyyətimdən başqa,
ictimai-siyasi fəaliyyətim də olub. Sual edirlər
ki, bu, sizə yazıçı kimi nə verib? Cavab verirəm ki, çox şey. Çünki fəaliyyətim dövründə hədsiz
insan xarakterilə rastlaşmışam. Çoxlu
xoşbəxt insan görmüşəm, bədbəxt
adamlarla rastlaşmışam. Bütün
bu adamlar məni bir insan, bir yazıçı kimi zənginləşdirib,
püxtələşdirib, yanaşmama nələrsə
qatıblar.
Bir məsələ də var ki, vəzifədən əvvəl
hansı Elçin idimsə, vəzifədə olduğum
müddətdə də həmin Elçin olmuşam, elə
indi də həmin Elçinəm. Bir dəfə hələ
mərhum Heydər Əliyevin hakimiyyəti dövründə
“525-ci qəzet”ə müsahibəmdə demişdim ki, harda
işləməyimə baxmarayaq, mən ilk növbədə
yazıçıyam. Bu sitatı manşetə
çıxarmışdılar. Bir gün sonra Heydər
Əliyev mənə zəng edib dedi, “Elçin, müsahibəndə
belə demisən. Bir nəfər yanıma gəlib
şikayətləndi ki, bəs görürsüz, Elçin
baş nazirin müavinidir, amma deyir, ilk növbədə
yazıçıyam. Cavab verdim, deməliydi
ki, mən ilk növbədə yazıçı deyiləm?”
Yaxşı yadımdadır, mənə Heydər Əliyevin
sərəncamıyla “İstiqlal” ordeni veriləndə sənəddə
“ədəbiyyatda xidmətlərinə görə” qeydi yer
almışdı”.
Akademik
Nizami Cəfərov da öz növbəsində Bakı Kitab Mərkəzinin
fəaliyyətə başlamasından məmnunluğunu ifadə
etdi: “Belə mərkəzin, kitab sarayının
yaradılması ölkəmiz, ədəbiyyatımız adına qürurdur.
Elçin haqqında mən də çox
yazmışam, amma nə qədər yazılsa da, istədiyini
demək hədsiz çətindir. Zəngin ədəbi irs
elə bu cür olmalıdır. Böyük ədəbiyyat
elədir ki, bir, üç, beş nəsillə
bitmir. Bizdən sonra neçə-neçə nəsil
haqqında danışır, yazır, müzakirə
aparır”.
Şair Səlim
Babullaoğlu çıxışında qeyd etdi ki,
Elçin yaradıcılığı ədəbi “izm”lər
baxımından Azərbaycan ədəbiyyatına qiymətli
töhfələr verib: “Onun yaradıcılığında
magik realizm xüsusi çəkiyə malikdir. Bundan
başqa, təhkiyə nöqteyi-nəzərindən
Elçinin yaradıcılığı unikal hesab edilə
bilər”.
Fizika-riyaziyyat təmayüllü liseyin 7-ci sinif şagirdi Selcan Şərifzadənin “Əvvəl İlyas Əfəndiyev, indi Elçin Əfəndiyev... Bəs gələcəyin Əfəndiyevi kimdir?” sualına Xalq yazıçısı təbəssümlə “Sən” deyə cavab verdi: “Sən gərək elə oxuya, elə öyrənə, elə yazasan ki, mətnlərin Azərbaycan xalqı tərəfindən sevilsin. Əgər bu gün bura gəlmisənsə, deməli, daxilində ədəbiyyat sevgisi var. Bax, sən də gələcəyin gözəl bir yazıçısı ola bilərsən”.
Bundan başqa, Xalq yazıçısı Elmira Axundova, altmışıncılar nəslindən olan yazıçı Vaqif Nəsib, tənqidçi Nərgiz Cabbarlı və digərləri müzakirəyə qoşuldular, Xalq yazıçısının yaradıcılığı haqqında fikirlər söylədilər, onun ədəbiyyatımızda yeni nəsillərə təsirindən söz açdılar.
Sonda Xalq yazıçısı oxucuların çoxsaylı suallarını cavablandırdı, onlar üçün kitab imzaladı.
Cavid
QƏDİR
525-ci qəzet.- 2018.- 20 oktybar.- S.15.