“Qadın uğrunda savaş əsl kişi
savaşıdır”
HÜSEYNBALA
MİRƏLƏMOV: “VƏTƏN İNSANIN ƏZASI
KİMİDİR, BİR YERİ AĞRIYANDA DİGƏR
YERLƏR DƏ SIZILDAYIR”
Onunla tanışlığmız internetdən kitab
yükləyib oxumağımla başladı. Məni özünə
kilidləyən cümlə ilə
qarşılaşmışdım:
“Kim deyirsə
dünya beş günlükdür, qələt
eləyir, dünya yüz illikdir, min illikdir, sonsuzluğa qədərdir,
amma gərək bu nəhayətsizliyi dərk etməyə
ağlın ola, Allah adama gözəlliyi görən göz
verə”. Bu ümidli cümlə mənə
tunelin sonunda görünən işıq kimi təsir
bağışlamışdı. Kitab elə
bu cümlə ilə gözlərimdən
yapışmışdı. Öz-özümə
“bu nə üslub, bu nə dil, bu nə axıcılıq və
səmimiyyətdir, əzizim” demişdim. Söhbət
yazıçı, dramaturq Hüseynbala Mirələmovdan
gedir. Beyndən keçənləri oxumaq fürsəti
hər an ələ düşmür. Buna görə də, növbəti kitabları,
hekayələri, povestləri ilə davam etdim. Sonra fikirləşdim ki, onu canlı-canlı
oxumağın məqamı yetişib. Nəinki oxumaq, hətta
yazmaq vaxtıdır! Beləcə, müsahibə
üçün vaxt təyin etdik. Şənbə
səhəri görüşdük. Söhbət
zamanı vaxtın surətli keçdiyinə təəccüblənmişdim.
Amma danışdıqlarımızı səsyazmadan
köçürəndə səbəbini anladım.
-
Yaratdığınız obrazlar o qədər real görsənir
ki, elə bil, naturadan üzü köçürülüb.
Yazıçını güclü edən təxəyyüldür,
yoxsa faktlar?
- Bu sualla
mənə çox yüksək qiymət verdiniz. Təşəkkür edirəm. Bədii
ədəbiyyat, sənət, əsər həyatın
inikası, dinamikasıdır. Fotoşəkil
deyil. Çalışmışam ki, həyatı
olduğu kimi bədii həqiqətə
uyğunlaşdırıb oxucuya çatdırım. Əsər amfiteatrdır, əgər
özünü onun içində hiss edə bilir, obrazlardan
biri kimi təsəvvür edə bilirsənsə, deməli,
yazıçı məqsədinə nail olub və uğura
imza atıb.
-
“Dorito”nu, “Gecə Bənövşələri”ni
bunlardan biri hesab etmək olarmı?
- XIX əsrin
ən mükəmməl nəsri hesab edilən “Səfillər”
romanında Qavroş obrazı var. Uşaqlıqdan ta bu günə
qədər həmin obraz məni düşündürüb.
Qavroş dilənçi, səfil, gecələr
gedib tiyan dibində yatan kimsəsiz olub. Harada
bir bucaq görsə, orada qıvrılıb. Hüqo Qavroşu yaratmaq üçün günlərlə
səfillərlə eyni həyatı yaşayıb, onlarla
yatıb, onlarla oyanıb, birlikdə yeyib-içiblər.
Əks halda milyonlarla insana bu qədər təsir
gücü olmazdı. Mən də Doritonu yaradanda onu
bütün varlığımla hiss etmişəm.
- Deməli,
o əsrarəngiz qadın mövcud imiş?
- Əlbəttə! “Dorito” avtobioqrafik hekayədir. Həyatın
özündəndir. Onu yaşamışam! Orada
dostlarımdan birinin evinin açarını
aldığım məqam var. Milli Məclisdə dostlarım bu
hekayəni oxuyanda açarı aldığım dostumun
kimliyi ilə maraqlanırlar. Dəfələrlə
soruşublar, zarafatca deyirəm Hadı Rəcəbli idi.
Açarı verdi, sonra peşman oldu geri
aldı. Çünki tələbəlik
dönəmindən onun məndə bir qisası vardı.
- Mənə
də maraqlı gəldi. Nəyin qisası idi?
- Biz
birinci kursda oxuyanda onun başına bir oyun açmışdım.
Bu haqda “Əclaf” povestində ətraflı
yazmışam. Həmin povesti Hadı Rəcəbliyə
itihaf etmişəm. Oxuyarsınız, sirrin
açıldığı yer o povestdir!
- “Xəcalət” povestini oxuyanda adamın özü xəcalət
çəkir” deyirdi Bəxtiyar Vahabzadə. Xəcalətindən,
qəhərdən povesti oxuyub başa çatdıra bilməmişdi.
- Bir
hüzür yerində qarşılaşdıq. Dedi,
qardaş, sən mənim başıma nə oyun
açmısan? Qorxdum, dedim nə etmişəm?! Dedi
öldürmüsən məni, zarın-zarın
ağlamışam. Hətta səhv etmirəmsə,
“525-ci qəzet”də mənə açıq məktub da yazmışdı.
Təsirli idi. Çingiz
Aytmatov 80 illiyini qeyd etmək üçün Bakıya gəlmişdi.
Birlikdə gedib tamaşaya baxdıq. Səhnəyə çıxdı. Azərbaycan Dövlət Televiziyasına müsahibə
verəndə bunu xüsusi vurğuladı. Dedi
Hüseynbala Mirələmovla ruhən o qədər
yaxınıq ki, sanki “Xəcalət” povestini özüm
yazmışam.
- Deməli, sizə Qarabağ hadisələrinin canlı şahidlərindən biri demək olar...
- “Xəcalət”i yazanda Dövlət Yanacaq Komitəsində işləyirdim. Təsəvvür edin, yanacaq dolu maşınların kabinasında oturub həmin kəndlərə dizel, neft daşıyırdım. İnsanlar sosial problemlər yaşayıb, səfalət çəkib, torpaqları tərk etməsinlər deyə dayanmırdım. İşğal edilmiş kəndləri, küçələri qarış-qarış gəzirdim. İnsanlarla bir-bir söhbət edirdim. Təbliğatlar aparırdım. Hər bir təhlükədən ötrü vətəndən üz döndərmək olmaz, döyüşüb, vuruşmaq lazımdır deyirdim. Eradan əvvəl V əsrdə baş vermiş Yunan-İran müharibələri haqqında çəkilmiş “300 spartalı” filmi var. Fars hökmdarı Kserks böyük ordu ilə Yunanıstana hücum edir. Atasının məğlubiyyətinin əvəzini çıxmaq istəyir. Yunanlara isə Femistokl və spartalı Leonid başçılıq edir. Leonidin cəmi 300 nəfər döyüşçüsü var. Farsların isə ordusu minlərlə olur. 300 spartalı və farslar Fermodildə üz-üzə gəlir. Kserks qasid göndərərək spartalılara bildirir ki, təslim olsunlar və Leonidi ona təhvil versinlər. Cəsur spartalılar təslim olmur və farslar onları oxa tutur. 300 spartalı qəhrəmancasına döyüşür, ölümdən qorxmurlar. Həmin insanlara “300 Spartalı”dan danışır, stimul verirdim! Hər dəfə bunu dinləmək onları daha da mübariz edirdi! Əgər bir insan ölümdən qorxmursa, deməli, o, mütləq qalib gələcək. Hər dəfə evdən çıxıb Qarabağa yola düşəndə vidalaşırdım. Yolda hər cür hadisə ilə qarşılaşırdım, ölümlə üzləşirdim. “Xəcalət” povesti belə ərsəyə gəlib. O dərdi özüm çəkmişəm, həmin acıları iliyimə qədər yaşamışam.
- Sovet dövründən əsası qoyulan “JZL” - “Jizn Znamenitıx Lyudey” adlı bir layihə var. Rusca nəşr olunur. Orada Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev kimi görkəmli şəxsiyyətlərə həsr olunan kitabları ərsəyə gətirdiniz. Daha sonra Azərbaycanca da çap etdirdiniz. Bununla kifayətlənməyib, kitabları digər xarici dillərə tərcümə elətdirərək dünyaya yaydınız. Bu kitabları yazmaq ideyası haradan gəldi?
- Uşaqlıqdan kitabın içində böyümüşəm. Buna görə də, hansı kitabın trend, hansı nəşriyyatın brend olduğunu yaxşı bilirdim. Ulu Öndər dünyasını yeni dəyişmişdi. Haqqında çox yazırdılar. Amma fərqli iş ortaya qoyan yox idi, boşluq hiss edilirdi. Bilirdim ki, bu gün də, SSSR dövründə də JZL aktualdır. Talonla satılırdı! Hər adam həmin kitabları ala bilmirdi. Düşündüm ki, JZL yazmaq lazımdır. Fikirləşdim ki, yaxşı, mən bu kitabı yazdım, bəs Moskva həyatı? Moskvada yaşayıb, Kremldə işləyib. Bir yaxın dostum vardı. “Tribuna” qəzetinin baş redaktoru idi. Viktor Adrianov, Allah rəhmət eləsin, indi dünyasını dəyişib. Getdim yanına. Dedim belə bir ideya gəlib beynimə, sən mənə kömək elə H.Əliyevin Moskva həyatını yazaq. Sən Rusiya, mən də Azərbaycan həyatını yazıb tərcümə etdirəcəm, ancaq həmin tərcüməni də JZL səviyyəsində redaktə elə. Razılaşdı. İşə başladıq. 2005-ci ildə o da yazdı, mən də tərcüməni aparıb ona verdim. Bir ay da tərcümənin üstündə işlədi. Kitabı on min tirajla çap elədik. Oxuduqdan sonra Cənab Prezident İlham Əliyev kitabı rəğbətlə, hörmətlə qarşıladı. Sonra xeyli zənglər gəldi, dedilər ki, bəs Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətinə az toxunmusan. Yenidən Viktor Adrianova zəng etdim. Bakıya çağırdım. DTX rəhbərinə məktub yazdım, icazə aldıq, arxivə getdik. On çap vərəqi əlavə elədik. Sonra azərbaycanca tərcümə elətdirdik və beləliklə, dünyaya səs saldı.
- Bəs növbəti kitabları yazmağa necə qərar verdiniz?
- Məni prezident İlham Əliyevlə bağlı yazmağa bir neçə səbəb vadar etdi. Gördüm ki, prezidentimiz elə Ulu Öndər səviyyəsində işləyir, onun həqiqi davamçısıdır. İkincisi isə hazırda yaşayan prezidentlər haqqında “JZL” yazılmamışdı. Bircə Putinlə bağlı əlimə bir kitab keçdi. Amma həmin kitab “Bioqrafiya davam edir” adı ilə çap edilmişdi. Zəngin deyildi! Biz təcili yazmağa başladıq. Adreanova zəng elədim ki, get İlham Əliyevin oxuduğu instituta, orada araşdır, Moskva həyatını sən yaz. Azərbaycan həyatını buradan mən yazdım. Yenə tərcüməyə verdim. İkimizin imzası ilə çap edildi. Adreanov rəhmətə getdikdən sonra isə akademik Zərifə Əliyeva ilə bağlı kitabı yazmağa başladım. Ən böyük arzum nə idi, bilirsiniz? İstəyirdim ki, “Heydərnamə” yazım. Bu kitab Heydər Əliyev, İlham Əliyev, Zərifə Əliyeva, Mehriban Əliyeva haqqındadır. Bu kitabı mənə yazdıran Heydər Əliyevin nəhəng, əzəmətli bir siyasətçi olması idi. Onun xarizması, iradəsi, vətən sevgisi nümunədir, obrazdır. İstəyirdim ki, bu itməsin, gələcək nəsillərə yadigar qalsın. Bütün bəşəriyyət, insanlar bilsin ki, Azərbaycanın belə bir memarı var. O memar ki, uçulub sökülməkdə olan bir ölkəni yenidən qurdu, başdan yaratdı. Dünyanın hər yerindən görünən bir dövlət sarayı ucaltdı. Məqsədim bu idi.
- Hazırda tərcümə və yayım davam edirmi?
- Səfirlərimiz sağ olsun, o kitabları tərcümə elətdirdilər. Hələ də davam edirlər. Dünyanın 47 dilində bu kitabları oxumaq mümkündür.
- Cild-cild
tarixi romanlarınız var. İndi nə yazırsınız?
Bu dəqiqə ciddi şəkildə trilogiya üzərində
işləyirəm. Adı “İki Şah İki Sultan”dır.
İki şah Uzun Həsən, Şah
İsmayıl Xətai, Sultanlar isə İkinci Mehmet və
Sultan Səlim Yavuzdur. Kitab XIII-XIV əsrlərdə
Osmanlı və Azərbaycan münasibətlərindən bəhs
edir. Orada, Azərbaycanla Osmanlının
niyə yola getmədiyini aydınlaşdırmaq istəyirəm.
Maraqlıdır, iki Sultan niyə iki Şahı
məğlubiyyətə düçar etdi? Bu nifrət haradan qaynaqlanırdı? Bu suallara cavab tapmağa
çalışmışam. Kitabın
birinci hissəsi tam hazırdı. İndi
ikinci hissə bitmək ərəfəsindədir. Ardınca üçüncüyə başlayacam.
- Bu mənbələri
necə üzə çıxardınız?
- Bu əsərlər
üzərində işləyərkən türk, ingilis dillərində
həddindən artıq araşdırmalar apardım. Mənbələr əsasən türkcə və
ingiliscədir. Hamısını əldə
etdim. AMEA-nın Tarix İnstitutunun məlumatlarının
da bu yöndə çox köməyi dəydi. İki-üç aya o romanı hazırlayıb
qurtaracam. İstərdim biləsiniz ki, biz
Roma papalarının fitvası ilə uduzmuşuq. Təsəvvür edin ki, onlar həm bizimkilərdən,
həm də türklərdən qorxublar. Yeganə
çıxış yolu kimi fikirləşiblər ki,
bunları necə bir-birinin üstünə salaq, zəiflədib
məhv edək, Avropa da rahat nəfəs alsın. Onu da deyim ki, Yıldırım Bəyazid
dövründə XIII-XIV əsrin əvvəllərində
xaç yürüşü olub. Həmin
yürüşə Macarıstan krallığı
başçılıq edib. Yıldırım
Bəyazidin oğlu on min qoşunla bütün “səlib”
yürüşünü darmadağın edib. Məğlubiyyət anında Macarıstan kralı
canını götürüb gəmi ilə aradan
çıxıb. Tarixdə çox
maraqlı məqamlar var.
- Bu tarixi
faciəni indiyəcən açan olmayıb?
- Bəli,
indiyədək bədii əsərlərdə bu tarixi faktlar
açılmayıb. Tarixi mənbələrdə
yazılır ki, Yıldırım Bəyazid Allaha
yalvarırdı ki, sən məni tez öldür. Doğrudan da on günün içində o,
dünyasını dəyişir. Bu zaman
Əmir Teymur möhkəm sarsılır. Sonra
tapşırır ki, gedin onu sultanlara layiq şəkildə dəfn
edin. Bütün bu hadisələr
romanımda yer alır, hamısını açmağa
çalışmışam.
-
Müharibəni də, faciəni də, eşqi də,
ağrını da yazanda eyni qayda da yazırsınız. Lirik və şirin dildə. Sizcə,
oxucuları cəlb edən budur?
-
Yazıçının dili oxuculara yol göstərən bir
kompasdır, işıqdır, fənərdir. Dil oxucunu cəlb
edir! Belə olmasa, kitaba yaxın getməz.
Nə qədər yaxşı əsər olursa
olsun, dili kələ-kötür olanda oxuya bilmirəm. Məni arxasınca sürüyə bilmir. İlk dəfə yeddinci sinifdə oxuyarkən “Bir
tikə çörək” adı ilə çap olunmuşam.
Onu oxusanız görərsiniz ki, dil eynidir.
İndi bir az zəifləyib, bir ara
istehsalat, indi ictimai işlər qoymur də öz həyatımı
tamamilə ədəbiyyata həsr edim. O vaxtlar, tələbəlik
illərində yazdığım dil üslubu daha
çılğın idi. Lirik dil insanın
hisslərini oxşayır. Yazıçının
dili axıcı olmalıdır. Məsələn;
Viktor Hüqonun, Çingiz Aytmatovun, Tolstoyun dili gözəldir.
Dil sujetdən də, obrazdan da, hadisələrin
gedişatından da önəmlidir. Muğamat,
musiqi qədər insanın hisslərini oxşayır.
Yazıçının dili oxucunu ovsunlamırsa, o
yazıçı şöhrət sahibi ola
bilməz.
-
“İnsanlar dağıdıcı silahlarla bir-birini qanına qəltan
eləyir... Sonra isə hər şeyi unudurlar”
demisiniz. İnsan niyə bu qədər
unutqandır?
- İkinci Dünya müharibəsini yadınıza
salın.
Beş il davam etdi. Milyonlarla
insan öldü. Almanlarla qatı
düşmən idik. Amma indi dostuq,
qardaşıq. Nəsillər dəyişdikcə
düşmənçilik azalır. Mənim babamın
yara alırsa, mən onu az hiss edirəm. Bunun bir fəlsəfəsi var. Nəsillər dəyişdikcə
o dağıdıcılıq, o hirs, hikkə dəyişir.
Almaniya az qala bütün dünyanı
işğal edirdi. Hitler dayanmırdı. Amma indi bütün bunlar unudulub. Almaniya hamı ilə dostluq, qardaşlıq edir.
Bu, təbiətin, Allahın qanunudur.
Unutmasan yaşaya bilməzsən!
- Bəs Qarabağ unudularsa? Nəsildən nəsilə
keçməzsə?
- Bir var
ikinci dərəcəli işlər, bir də var birinci. Prezidentimiz üçün Qarabağ birinci dərəcəlidir.
Gəlin etiraf edək ki, bütün
görüşlərdə, bütün tədbirlərdə
əvvəlcə tədbir haqqında danışılır,
sonra dərhal Qarabağ məsələsinə keçilir.
Qarabağın adı çəkilməyən bir
görüş yoxdur! Beləliklə, nə
bizlərin unutmağına imkan verir, nə də xarici ölkələrin,
dövlət təşkilatlarının. İkinci
dünya müharibəsi 5 il davam etdi,
sülh bağlandı, bitdi. Amma Qarabağ davam
edir.
- Vətən
insanın bədəni kimidir, bir yeri ağrıyanda digər
yerlər də sızıldayır. Bəs bu
sızıltı Bakıda niyə hiss edilmirdi? Xəcalət
pyesində yazdığınız bu cümləni həmişə
aktual hesab etmək olar?
- Bu, həmişə
aktualdır. Bakı beynidirsə, Qarabağ onun
ürəyidir. Qarabağ can verirsə, şikəstdirsə,
işğal olunursa, deməli, o, bir əza kimi insanın
başqa orqanına da mütləq təsir edir. O vaxtları
yadınıza salın, 1988-93-cü illərdə bu ölkədə
it yiyəsini tanımırdı. Bakıya
gündə 100 meyit gəlirdi həmin rayonlardan. Çoxu da arxadan vurulanlar olurdu. Çünki
onları kürəyindən vuran
özümüzünkülər idi. Heç
bir qayda, qanun yox idi. Ona görə o
cümləni işlətmişəm. Əgər
Qarabağ bir insan əzasıdırsa, niyə o ağrı
Bakıda hiss edilmirdi. Paytaxtda insanlar kefdə-damaqda
idi. Əyləncə, eyş-işrət
davam edirdi. Meyitlərin dəyişdirilməsi
ilə bağlı maxinasiyalar aparılırdı. Camaatın qızılların, pulların
yığırdılar, guya hərbi hissələrə dəstək
toplayırlar. Sonra məlum olur ki, həmin
pullar bəlli insanların ciblərinə gedirmiş. Azərbaycanın bir bölgəsi ağrı
içindədirsə, Bakı beyin olaraq mütləq bunu hiss
etməli idi.
- Qəmxar,
Didar, Salqar, Vətən, Haris, Fənayə... Əsərlərinizdə
qəribə adlar sərgisi var.
-
Çalışmışam ki, adları insanların xasiyyətinə,
xarakterinə, həyat tərzlərinə uyğun seçim.
Məsələn: “Xəcalət” povestimdə Vətən
obrazı var. Orada vətən deyəndə bir kişini nəzərdə
tutmamışam, bütöv Azərbaycanı nəzərdə
tutmuşam. Bir Azərbaycan obrazıdır.
Murad var, onun timsalında Azərbaycanın
hesabına pul qazanan, ona xəyanət edən insanları nəzərdə
tutmuşam. Hər ad öz obrazının
xarakterinə uyğun yaradılır.
- “Gəlinlik paltarı”nda içində sevgi
daşıyan hər kəsi niyə öldürdünüz?
- Tamamilə
doğrudur! Amma mənim özümün subyektiv fikrim,
baxışlarım var! Mən Fənayəni çox sevirəm!
Haris ona qarşı alçaqlıq elədi.
Fənayə təbiətcə güclü qız idi, ona
görə də güclü kişi
axtarırdı. Harisin timsalında guya bu sevgini
tapmışdı. Əslində, səhv
idi. Harisdən sonra kim inana bilərdi
ki, o, ucuz bir fahişəyə çevrilməyəcək?! Onun elə olmasını istəmədim. Sevdiyim, müqəddəs saydığım
qızı buna görə minarədən atdım.
- Nizami Cəfərov
“Gəlinlik Paltarın”dakı Fənayə obrazını
yazıçı Anarın Təhminəsinin varisi sayır.
Birinin sovet cəmiyyətinin əxlaqı normalara, Fənayəni
isə bütün normalara qarşı çıxmaqla
müqayisə edib! Belədirmi?
- Yox! Qətiyyən!
Onlar ayrı-ayrı obrazlardır. Təhminə boşanmış, ləyaqətini
qoruya bilməyən qadın idi. Yaraşıqlı
kişiləri sevirdi. Onu əsasən
şəhvət maraqlandırırdı. Amma
Fənayə fərqli idi. Sevgi dolu idi.
Nizami müəllim mənim dostumdur,
böyük tənqidçidir, böyük dilçi, ədəbiyyatşünasdır,
ancaq bu mövzuda fikrimiz fərqlidir. Fənayəni
Təhminənin varisi hesab etmirəm.
- “Son
arzu”, “Tənha durna”, “Yeni həyat” əsərləriniz əsasında
çəkilən filmlər də maraqla izlənilir...
Hazırda hansısa əsərinizin motivləri əsasında
iş gedir?
- Bir gənc
rejissor “Qırxıncı otaq” romanımın əsasında
serial çəkməyə başlayıb. Hətta
yanılmıramsa bir neçə bölümü
hazırdır. Bilmirəm axıra
çatdıra biləcəklər, ya yox. Amma hazırda davam edir.
- Ziddiyyətdən
mütəmadi və son dərəcə ustalıqla
faydalanırsınız. Uğursuzluğu, faciəni
də ustalıqla yazırsınız. Bu qədər
ziddiyyətdə necə uzlaşırsınız?
- Fənayəni
öldürəndə hönkür-hönkür
ağlamışam. Dostum Hadı Rəcəbli, həyat
yoldaşı, mən və həyat yoldaşım rayona,
hüzür yerinə gedirdik. Bütün gecəni
işləyib, əsəri səhər saat 5 radələrində
sona çatdırmışdım. Elə
həmin saatlarda da onu öldürmüşdüm. O qədər
təsirlənmişdim ki, sanki içimdən cənazə
çıxmışdı. Heç kimlə danışmaq
istəmirdim, elə bil yasda idim! Yoldaşım
soruşurdu ki, bəlkə nəsə baş verib, mənə
demirsən. Hadı Rəcəbli oradan
soruşdu. O qədər sual verdilər ki,
ağlamağa başladım. Dedim “öldürdüm!” Hamısı narahat oldu, elə bildilər ki, qəza
ilə kimisə öldürmüşəm. Dedim, Fənayəni öldürdüm. Sevdiyim bir qızı öldürdüm. Arzusunda olduğu gəlinlik paltarını günəşdən
tikdirib geyindirdim. Onu xoşbəxt edə
bilmədim. Bax belə, ziddiyyətin içində
ziddiyyətlə uyğunlaşmalı olursan!
-
Böyük ədəbiyyat böyük oxucu auditoriyası
hesabına yaranır. Böyük auditoriyanı
formalaşdırmaq üçün nə etmək
lazımdır?
- Həmişə
arzusunda olduğum bir hadisə baş verdi.
Möhtərəm prezidentimiz və vitse
prezidentimiz gözəl bir kitab evi açdılar. Bundan əvvəldə xeyli yerlərdə kitab evləri
var idi. Amma bu, gözəl saraydır.
Əminəm ki, həmin kitab mərkəzi oxucu
auditoriyasını özü toplayacaq!
- Bu
gün ədəbiyyatın ən böyük problemi nədir?
-
Çoxdur! Bunu mən özümə aid hesab
etmirəm. Ancaq bir nömrəli problem
budur ki, yazıçılar yazdıqları əsərlərə
görə nəinki qonorar almırlar, hətta borc-xərc
edib, ciblərinin pulu ilə kitab çap etdirirlər.
Bütün giley-güzarları kənara qoyuram, bu, ciddi problemdir! Kaş, Cənab Prezident bu məsələyə diqqət
yetirəydi. Heç olmazsa, o
yazıçı aldığı qonorarla kitabını
çap etdirə biləydi. Öz cibindən,
ya da gedib borc taparaq kitab çap etdirməzdi. Bu baş tutarsa, şedevrlər ərsəyə gələcək.
Çünki ele adamlar var gözəl əsər
yazıb, imkanı yoxdur çap etdirməyə.
- “Durnalar
qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu”, “Gəlinlik
paltarı”, “Qırxıncı otaq”, “Cəza”
hamısının adı tənhalıq qoxuyur. İçinizdə belə dərin boşluq var ki?
- Səbəbini
bilmirəm. Mən həmişə dəmiryol
vağzalında qəribə hisslər keçirirəm.
Avtovağzalda, Hava limanında yox, məhz Dəmiryol
vağzalında. Bir də, durna adı gələndə
həmin hüzün canıma çökür.
Özümü tənha hiss edirəm. Bu necə
yaranır, necə əmələ gəlir, bilmirəm. Dəmiryol vağzalında qəribə hissə
qapılıram. Nigarançılıq məni
üzür. Tərkidünya oluram. Səbəbini bilmirəm, amma uşaqlıqdan belədir.
- Eşq
aləmi, qadın uğrunda savaş ayrı savaşdır
deyirsiniz. Necə savaşdır ki?
- O,
müqəddəs və haqlı savaşdır! XVII-XVIII əsrdə Rusiyada öz məhəbbətləri,
sevgiləri uğrunda duelə çıxırdılar.
Puşkin, Lermontov kimi nəhənglər dueldə
ölüblər. Qadın uğrunda savaş əsl kişi savaşıdır. Mərdanə,
təkbətək savaşdır. Burada
güclülər qalib gəlir. Hesab edirəm ki, hər
kişi öz sevdiyi qadın uğrunda
savaşa çıxmalıdır. Ya orada ölməlidir, ya
da qalib gəlməlidir! Bu savaşda ölməyinin
özü də bir qalibiyyətdir. Çünki
cəsarət tapıb o savaşa girə bilirsə, bu da bir qələbədir.
-
Hazırda belə savaş görmək mümkündür?
-
Çox təəssüf edirəm ki, yox! Bəlkə də
var, amma barmaqla sayılacaq qədər azdır! Fərman Kərimzadənin romanında bir məqam
var. Bir nəfər öz qan düşmənini axtarır.
Dağlara, yaylağa qalxır. Gedir alaçığa, görür ki,
axtardığı düşmən arvadı ilə eyni
yataqdadır. Məğrurluğa bax, Azərbaycan
kişisinin qüdrətinə bax. Görür
ki, düşməni qadınının yanında yatıb,
ona toxunmur. Götürür iki patronu,
qoyur düşməninin sinəsi üstünə. Sakitcə çıxıb gedir. Bu əzəmətdir,
vüqardır, kişilikdir, mərdlikdir! Kaş
bizim xalqımız elə həmişə belə olardı.
Amma dəfələrlə rast gəlmişəm,
cavan oğlanlar həyat yoldaşlarının yanında
dalaşırlar, söyüş söyürlər. Bu da kişilikdir? Azərbaycanda
qadın öz yaylığını yerə atanda qan
dayanıb. İndi hanı o kişilər?
İndi nə gündəyik? Hanı indi o savaşı dayandıran
qadınlarımız? Çox istərdim bu millətin həmin
keyfiyyətləri özünə qayıtsın!
- “Kim
deyirsə dünya beş
günlükdür, qələt eləyir, dünya yüz
illikdir, min illikdir, sonsuzluğa qədərdir”. Həqiqətən,
dünya neçə günlükdür? Nəhayətsizliyi
necə dərk edək?
- Bu fikri
ona görə yazmışam ki, bunu oxuyan insanlar
dağıtmasınlar, məhv etməsinlər, sədaqətli
olsunlar, riyakar, dönük olmasınlar. İstəyirəm
ki, dünyanın əbədi olduğunu
düşünsünlər.
Onda dostluq da, sevgi də, qohumluq da,
tanışlıq da əbədi olar. İnsanlarda
qurub-yaratmaq, tikib-ucaltmaq istəyi olar. Dünya necə beş günlük ola bilər, məndən
sonra övladlarım var, nəvələrim var. Məndən
onlara yadigar olaraq nə qalacaq? Dünya beş
günlük deyil, sonsuzluğa qədərdir!
- Ədəbiyyat olmadığın insanı anlamaq,
anlatmaq gücüdür. Hüseynbala Mirələmovun
içində uzaqdan tanıdığı, hələ tanış olmadığı neçə
obrazı var?
-
Çoxdur! İki il qabaq Şamaxıdan
keçəndə bir restoranda çay içməyi qərara
aldım. Avtomobildən düşəndə
ağzı qızıllı, boynu-boğazı brilyantlı, əyin-başı
zərxaralı, aralarında uşaqların da olduğu, sərxoşların
yer aldığı bir mənzərə gördüm. Adamlar nəyəsə gülüb, heyrət edirdilər.
Bir az irəli getdim, gördüm ki, bu qədər
insan qəfəsdəki canavarın başına
toplanıblar. Onunla əylənir, qəhqəhə
atırmışlar. Canavarın gözündənki
iztirabı, insanlara necə nifrətlə baxmağını
gördüm, özümə gələ bilmədim! Adamlar
hər şeyin təyinatını dəyişdirməkdədirlər,
canavarı canavarlıqdan çıxarırlar zövq
alırlar, təbiəti təbiətlikdən
çıxarırlar zövq alırlar, adamı adamlıqdan
çıxarırlar zövq alırlar. Bax,
bu mənəvi kasadlıq məni yorur. Şahidi
olduğum bu hadisəni “Cəza” povestimdə qələmə
almışam. Təbiətin cəzası heç də
Allahın cəzasından geri qalmır! Təbiətin
intiqamı yaman olur! Bunu hamı bilməlidir.
-
Yazıçılıq sizi aşiq etdi, üsyankar etdi,
döyüşçü etdi, hətta qatil belə etdi. Bəs, əslində, sizin yazaraq olmaq istədiyiniz
kimdir? Ən çox nəyi
yazmağı, nəyə imza atmağı
arzulayırsınız?
- Böyük rus yazıçısı Aleksandr Çakovşkinin İkinci Dünya Müharibəsi ilə bağlı yazdığı “Qələbə” adlı bir romanı var. Həmin kitabı hələ orta məktəb dönəmində oxuyub təsirlənmişdim. Ən böyük arzum Qarabağı düşmən tapdağından azad etmək, bayrağımızı sancdıqdan sonra bir qələbə romanı yazmaqdır. Bu arzum gerçəkləşdikdən yazmağa nöqtə qoyacam.
- Təsirli sevgi hekayələriniz var. Oxuduqca təzadlı məqamlara tez-tez rast gəlmək mümkündür. Nədir sevginin yaşı, maneəsi, sərhəddi?
- Sevginin yaşı yoxdur, intəhasızdır, sərhədsizdir. Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi”ndəki o sevgiyə qibtə edirəm. Qvazimodo bütün fiziki eybəcərlikləri özündə birləşdirir. Gözünün biri kordur, belində və sinəsində donqarı var, axsaqdır, heç bir şey eşitmir, qulaqları çaldığı nəhəng zəngin güclü səsindən kar olub, nadir hallarda danışdığından çoxları onu lal hesab edir. Elə mənəvi eybəcərliyi də fiziki eybəcərliyindən geri qalmır. Lakin Esmeralda ilə tanış olduqdan sonra dəyişir. Qızın sevgisi ona özünü insan kimi hiss etməsinə impuls verir. Vicdanı oyanır, individual hissləri baş qaldırır, vəhşi ürəyində sirli duyğular yaranır. Gözəllər gözəli Esmeraldanın sevgisi onu belə dəyişir. Görürsünüz, demək ki, sevgi sərhəd tanımır, eybəcərliklər onun üçün maneə deyil. İnsanı dəyişmək iqtidarındadır. İnsan hər yaşda sevə bilər, hər şəraitdə vurulmağı mümkündür.
Türkan TURAN
525-ci qəzet.- 2018.- 20 oktybar.- S.12-13.