Sönməz Səxavət Məmmədov ulduzu

Şahanə Müşfiq

Azad bir quşdum,

Yuvamdan uçdum.

Bir bağa düşdüm

Bu gənc yaşımda.

Bir ovçu gördü,

Köksümdən vurdu.

Torpağa düşdüm

Bu gənc yaşımda.

Nadir mahnılar vardır: insanın yaddaşına söz olaraq, musiqi olaraq deyil, səs olaraq hopan. Onları hər xatırlayanda həmin səs qulaqlarından ürəyinə, ürəyinin hər döyüntüsü ilə isə qanına yayılıb vücudunu bürüyər. Hələ o sözü uzaq keçmişdə qoyub gəlmisənsə bir kədər, qüssə, həsrət də qoşular bu duyğular karvanına... Səs isə oxuyar, oxuyar...

Elə yanıqlı oxuyar, elə fəğan qoparar ki, sanki hiss edər öz taleyinin də bu misraların hansınınsa arasında gizləndiyini...

"Azad bir quşdum" mahnısının ən gözəl ifaçılarından biri Səxavət Məmmədov da bu misralara möhrünü vurarkən elə bil hiss eləmişdi "gənc yaşında torpağa düşəcəyini". Ona görə belə fəğan qoparır, sanki səsini, sözünü insanların hafizəsinə əbədi həkk etmək üçün özüylə, dünyayla, qismətlə savaşırdı.

İndi aradan keçən 27 ili geriyə boylanarkən bu savaşdan onun qalib çıxdığının şahidi oluruq.

lll

Yaradıcı olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Qurmaq, yaratmaq, özündən sonra bu qoca dünyada bir iz qoyub getmək bu qədər "gəlib-gedən" insanlardan neçə faizinə qismət olub ki?

İnsan var doxsan il, yüz il ömür sürər, amma elə bu dünyadan köçünü sürdüyü an da unudular. Çünki ömründə heç nə yaratmayıb, elə yaşamaq xatirinə günlərini ötüşdürüb və ondan geriyə heç bir iz, heç bir nişanə yoxdur.

İnsan da var cəmi 30-40 il ömür sürür, amma gördüyü işlər özündən illər, əsrlər sonra da danışılır, onun adını əbədiyyən yaşadır. Bu xoşbəxtlik əsl sənətkarlara qismət olur. Sənətini ruhuyla, canıyla, qanıyla icra edən, onu varlığında yaşayan və yaşadan sənətkarlara.

Bu gün 65 illik yubileyi qeyd olunan mərhum xanəndə Səxavət Məmmədov əbədi yaşayan sənətkarlardandır. Onun insan ruhunu oxşayan, qəlbinə süzülən, bənzərsiz səsi əbədiyaşarlığının təminatçısıdır.

lll

Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan mədəniyyətinə, incəsənətinə dahilər bəxş etmiş Qarabağ torpağı 65 il öncə Səxavətə də beşik olmuşdu. Elə ordan, gözünü açdığı, suyunu içdiyi, havasını udduğu o torpaqlardan gəlirdi bulaq qədər qaynar, coşğun səsin mənbəyi. Deyirlər, Qarabağ torpağında körpələr də "Segah" üstündə ağlayır. Elə Səxavətin də səsi hələ uşaqlığından "Segah"a yatımlı idi. Ruhu "Segah"a əbədi bağlı idi. Elə mahnılarının da əksəriyyəti "Segah" ladında idi.

Bu səsdən eşidib sevdiyimiz "Ay bəri bax", "Uca dağlar", "Yar bizə qonaq gələcək", "Ay çiçək", "Sarı bülbül", "Külək" kimi mahnılar onun bənzərsiz səsi və "Segah"ın naləsi ilə birləşib qəlbimizin ən incə tellərini oxşayır.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansamblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı "Qarabağ" instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

"Qarabağ" instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

"Ömür sürməli dövrandır" deyib həyatı, dünyanı, insanları, musiqini bütün qəlbiylə sevən, hələ balaca övladlarının gələcək xoş günlərinin xəyallarını quran, Azərbaycan musiqisinin layiqli təbliğatı üçün planlar cızan sənətkara qarşı tale mərhəmətli davranmadı. Elə bil göylər də qısqandı bu səsin yerdə olmağını. Onlar da Səxavəti dinləmək istəyirdilər. Və soyuq bir payız günü tel öz torunu qurdu. Bu torun qurbanı isə təkcə Səxavət olmadı, böyük bir xalq oldu, qocaman musiqi oldu. Həmin soyuq payız günündə eşqlə, sevgiylə, yaşamaq, yaratmaq arzusuyla döyünən ürək əbədiyyən dayandı, o billur səs bir daha dillənməmək üzərə susdu...

Sevilən sənətkar 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatmadı. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

lll

Cəmi 37 illik ömrünə böyük bir əbədiyyət sığışdıran sənətkarın məzarı indi yad tapdaqlar altındadır. Qismətə bax ki, Qarabağı canı qədər sevən sənətkar sevdiklərindən ayrı düşsə də, Qarabağından ayrı düşmədi, onun qoynunda uyumaqda davam etdi.

Amma nə yol qəzası, nə yelqanadlı illər, nə dəyişən musiqi zövqü, nə də getdikcə inkişaf edən texnologiya Səxavəti bizdən uzaqlaşdırmadı, əksinə, daha da yaxınlaşdırdı, daha da sevdirdi, doğmalaşdırdı. Onun qızıl fondda saxlanan səsi Azərbaycanın mənəvi dəyərləri sırasındadır. Çünki bu səsdə hüzn var, sevgi var, cəsarət var, qorxmazlıq var, qəzəb var, eşq var, məhrəmlik var. Duyğuların qoynunda azıb qalanda o, öz səsiylə sənə mayak olur. Sevinclisənsə səninlə birgə sevinir, kədərinə ən sadiq yoldaş olur, qəzəbini paylaşır, səni cəsarətə səsləyir. Ona görə də onu uşaqlar da, böyüklər də, cinsindən, statusundan asılı olmayaraq, hər kəs sevir, hər kəs dinləyir.

Nəinki, Azərbaycanda, eləcə də bütün dünyada Səxavət Məmmədovun səsi Azərbaycan muğamını yaşatmağı bacarır.

Budur, sənətkar ömrü...

lll

Mərhum Xalq artisti İlham Əsgərov Səxavət Məmmədov haqqında danışarkən deyirdi: "Səxavət Məmmədov sağlığında Azərbaycan muğamı üçün əlindən gələni etdi. O, muğamımızı bir çox ölkələrdə uğurla təmsil etdi. Qarabağ Səxavəti yaratmışdı, Səxavət də "Qarabağ" ansamblını yaratdı. Azərbaycan xalqı da illərdir onun xatirəsini, adını əziz tutur. Onun şöhrəti getdikcə artır, yeni lent yazıları üzə çıxır".

Xalq artisti Siyavuş Kərimi də Səxavət Məmmədovun Azərbaycan xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biri kimi dəyərləndirir: "O, 38 illik həyatında çox sənət fədakarlığı edib. Ondan muğam ifaları, səs yazıları bizə miras qalıb. Səxavət Məmmədov bu gün də bizimlədir. Biz onun musiqisini dinləməkdən yorulmuruqsa, deməli, o yaşayır, sevilir. Belə sənətkarları yaşatmaq bizim borcumuzdur".

525-ci qəzet 2018.- 23 oktyabr.- S.7.