Fransızlara
"Qaragöz"lə xəsislik dərsi
Şahanə
MÜŞFİQ
Uzun müddət idi mediada bir
"Qaragöz" küləyi əsirdi. Nəhayət,
oktyabrın 16-da "Qaragöz"ün qala gecəsi
keçirildi.
Oktyabrın 18-dən kinoteatrlarda nümayiş
olunmağa başlayan filmin baş prodüsseri və rejissoru
Orxan Mərdan, ikinci rejissoru Pərviz Həsənov, ssenari
müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədovdur.
Filmdə əsas rolları Elməddim Cəfərov, Oksana Rəsulova,
Kəbir Kərimov, Hüsniyyə Mürvətova, Rasim Cəfər,
Ceyhun Məmmədov və başqaları ifa edirlər.
Ekran işi xəsis bir aktyorun tragikomik həyatından
bəhs edir.
lll
Elməddin Cəfərovun
canlandırdığı obraz - Qara Hacılı məşhur
aktyordur. Sənətini sevən və işinin peşəkarı
olan bu adam ilk baxışdan tamaşaçıya çox
xoş təsir bağışlayır. Əməkdar
artistdir, yaradıcıdır. Ancaq bu insanın bir mənfi
xüsusiyyəti var ki, az qala bütün
yaxşılarının üzərindən böyük bir xətt
çəkir. Bu da Qaranın həddindən artıq xəsis
olmasıdır. Onun bu xüsusiyyətini qətiyyən pul qədri
bilən, yığımcıl epitetləri ilə
yüngülləşdirmək, ona haqq qazandırmaq olmur.
Çünki bu ifrat xəsislik həm özünün, həm
də ətrafındakılarının həyatını az
qala cəhənnəmə döndərib. Buna görə də
həyatda yalnızdır. İş yoldaşları,
qonşuları onun sənətinə böyük hörmət
etsələr də, xarakterindəki bu mənfi cəhətinə
görə onu çox da sevmir, uzaq gəzirlər (filmin
sonrakı gedişatı isə göstərir ki, əslində,
onun kimi insanı belə qəbul edən birisi ola bilər.
Əgər ortada eşq varsa...). Heç o da insanlarla
ünsiyyətə meylli deyil. Çünki onun gözündə
hər ünsiyyət qurduğu insan gələcəkdə
yeni bir xərcin səbəbi deməkdir. Hətta bu simicliyi 20
il öncə ailəsinin dağılmağına da gətirib
çıxarır. Özündən bəlkə də on qat
artıq xəsis olan atasını (Ağaxan Salmanlı)
qocalar evinə qoyan 45 yaşlı Qara o gündən yalnız
yaşayır.
Belə baxanda, Qara heç də həyatından
narazı görünmür. Ətrafındakıların onun
haqqında nə düşündüklərinə fikir vermədən
həyatını sakit və öz bildiyi şəkildə
davam etdirir. Amma elə bir gün gəlib çıxır ki,
əslində, onun da bu yalnızlıqdan təngə gəldiyini,
yanında bir nəfəs, bir hənir, qulaq yoldaşı, can
yoldaşı istədiyini görürük. Bu istək
öncə yeni iş yoldaşı - səhnədəki tərəf
müqabili Nigarın (Oksana Rəsulova) gəlişi ilə
baş qaldırır. Elə ilk görüşdən bu təcrübəsiz
qızdan xoşu gələn Qara bunu özünə belə
etiraf etməyə çəkinir. Çünki yeni
tanışlıq, yeni sevgi macərası yeni xərclər
yaradacaq, ona baha başa gələcəkdi.
Bu gəlişdən dərhal sonra isə onun həyatında
yeni biri - ona daha doğma insan peyda olur - oğlu Bədəl (Kəbir
Kərimov). Sən demə, arvadı Tükəz (Hüsniyyə
Mürvətova) ayrılarkən hamilə olsa da, bunu ərindən
gizlədib və 20 il oğlunu təkbaşına
böyüdüb. 20 ildən sonra oğlanın atasını
tapıb onun yanına gəlməyi heç də təsadüfi
deyil və bu əhvalatın arxasında dramatik bir səbəb
yatır. Bu səbəblə isə oxucularımız filmi izləyəndən
sonra tanış ola biləcəklər.
Qısacası, Qara bu məsrəfli dünyada
yaşam mübarizəsi verdiyi halda bir gün, pul və həyat
qarşısında seçimdə qalır.
lll
Filmdə hadisələr Qaranın evində,
işlədiyi teatrda, Bakının müxtəlif yerlərində
və Qəbələdə cərayan edir.
Ekran işi özlüyündə həyata, yaşamağa,
insan olmağa, cəmiyyətdə özünü şəxsiyyət
kimi təsdiq etməyə dair onlarla mesaj daşıyır.
Baş qəhrəman heç şübhəsiz ki, ölməz
dramaturq Mirzə Fətəli Axundovun "Hacı
Qara"sından təsirlənərək Qara Hacılı
adlandırılıb. Bu iki obrazı birləşdirən ən
başlıca xüsusiyyət əlbəttə, xəsislikdir.
Nə özləri yeyir, nə də başqalarının yeməyinə
imkan verirlər.
Pul düşkünü olan Qara minimum xərclə
"yaşamağın" simvolu da hesab oluna bilər. Təbii,
buna yaşamaq demək nə qədər mümkündürsə.
Çünki reallıq başqadır. Dünya az qala hər
addımda, hər nəfəsdə maddiyyatdan asılı hala
gəlib çıxıb. Belə bir dünyada xərclərdən
imtina etmək təbii ki, mümkün deyil. Heç Qara kimi xəsis
insan da bunu bacarmır və bir gün çox ciddi şəkildə
həyatla pulun arasında qalır.
Qara komik olmaqla bərabər, çox təlatümlü,
dəyişkən obrazdır. Onun filmdə dəfələrlə
haldan-hala, vəziyyətdən-vəziyyətə düşməyi
var. Gah güldürür, gah düşündürür, gah
da təəssüfləndirir. Film irəlilədikcə bu
insanın xarakterində də irəliləyiş, yüksəliş
görürük. Sonda isə ilk səhnələrdə
gördüyümüz Qaradan demək olar ki, əsər-əlamət
qalmır.
Həmişə komik rollarda görməyə
alışdığımız aktyor Elməddin Cəfərovun
yaradıcılığında "Qara
Hacılı"nı yeni bir səhifə adlandıra bilərik.
Çünki bu cür dəyişkən xarakterə malik, məsuliyyətli
obrazın öhdəsindən gəlmək heç də asan
məsələ deyildi. Hələ filmin çəkilişləri
zamanı mətbuata açıqlama verən aktyorun
özü də rolun ağırlığının fərqində
idi: "Qara olduqca xəsis insandır. İndiyədək ifa
etdiyim ən ağır rol olduğunu deyə bilərəm.
Çünki film ərzində bu rolun xarakteri 4-5 dəfə
dəyişir. Filmin sonunda Qara tamam başqa bir insana
çevirilir. Filmdə xəsislik, ata qayğısı, sevgi,
ağlamaq, faciə var. Filmin içində "Arşın
mal alan" tamaşası ifa olunacaq. Burada mən Əsgər
rolunu da ifa etməliyəm".
Bəli, 45 yaşlı Qara Hacılı teatrda
hazırlanan "Arşın mal alan" tamaşasında gənc
tacir Əsgər rolunu oynayır. Bu da filmin rejissor və
ssenaristlərinin milli teatrımızın mövcud vəziyyətinə
bir növ ironiyasıdır. Çünki hələ də bəzi
teatrlarda cavan obrazların yaşlı aktyorlar tərəfindən
oynanıldığı heç kimə sirr olmayan bir
reallıqdır.
Filmin aktyor seçimlərini də uğurlu
hesab etmək olar. Komediya filminin dramatik səhnələrini
öz üzərinə götürən Əməkdar artist
Hüsniyyə Mürvətovanın aktrisa kimi oyununu xüsusi
qeyd etmək lazımdır. O, illərlə atasız uşaq
böyüdən, həyatın bütün
ağrı-acısını təkbaşına üstlənən,
sonda isə ağır sınaqla üz-üzə qalan
ananın obrazını yüksək peşəkarlıq və
həssaslıqla canlandırıb. Bu obrazla filmin əvvəlindən
az qala sona qədər gülən tamaşaçının
gülüşü üzündəcə donub qalır.
Xalq artistləri Yasin Qarayev, Ağaxan
Salmanlı, Şamil Süleymanlı və başqa peşəkar
aktyorlar da filmdə özünəməxsus şəkildə
yaddaqalan obrazlar yaradıblar.
lll
Hər yaradıcı iş kimi,
"Qaragöz" filmi də nümayişə
çıxar-çıxmaz bu dəfə başqa bir istiqamətdə
haqqında söz etdirməyə başladı. Sosial mediada
bir çox insan filmin 2016-cı il Fransa istehsalı olan
"Radin!" filmindən plagiat olduğunu dedi. Əlbəttə,
bu xəbər çox da təəccüblü deyildi.
Çünki istər kinoda, istər musiqidə, istərsə
də ədəbiyyatda təsirlənmə, bəhrələnmə,
hətta bir az da irəli getsək, köçürmə
hadisələrinə çox rast gəlmişik. Özü də
təkcə Azərbaycanda deyil, bütün dünyada.
Sözügedən filmi izlədikdən sonra
danışılanların heç də həqiqətdən
kənar olmadığını gördük. Doğrudan da,
iki film arasında oxşarlıq kifayət qədərdir. Hətta
bəzi səhnələr və dialoqlar olduğu kimi də
saxlanılıb.
Fred Kavaenin rejissoru olduğu "Radin!"
filminin baş qəhrəmanı François Guiter (Dany Boon) də
xəsisdir. Amma film komediya janrında olsa da, Qaradan fərqli
olaraq, onun xəsisliyi komik təsir bağışlamır.
Filmin ilk səhnəsində onun
uşaqlığından epizodlar göstərilir. Aydın
olur ki, o, elə uşaq vaxtından çox simicdir.
Virtuoz skripkaçı olan bu adamın başqa
bir xəstəliyi də olduğu hər yerdə nəyisə
götürməkdir. Çipsi paketi, qələm, telefon, hətta
tualet kağızını belə qənimət bilib
oğurlayır. Ancaq Qarada bu xüsusiyyət yoxdur.
Onun həyatına sonradan daxil olan 16
yaşındakı qızı Lauradır. Əgər Qara Bədəlin
anası ilə evli olmuşdusa, Laura, Guiterin tək gecəlik
münasibətindən, vaxtı keçmiş qoruyucu istifadəsi
səbəbindən dünyaya gəlib. Yəni Laura da Guiterin
xəsisliyinin nəticəsidir.
Həm Qara, həm də François evində
qalması üçün övladlarından kirayə pul tələb
edirlər. Hər ikisinin geyimləri oxşardır. Hər
ikisi sonda ağır sınaqla üz-üzə qalırlar.
Əgər "Qaragöz"ün qəhrəmanı
bütün film boyunca qocalar evinə qoyduğu atasından məsləhətlər
alırsa, Guiter hər sözünü bank işçisi dostu
ilə bölüşür.
Hər iki qəhrəmanın maşını
var. Amma onların maşını əldə etməkləri
fərqlidir. Qara maşınını öz puluna alsa da,
heç zaman sürmür, blokun qapısı önündə
saxlayıb, tozunu almaqla kifayətlənir. Təbii ki,
qarnına çörək almayacaq qədər simic bir insanın
maşın almağı heç də inandırıcı
görünmür. Guiterin isə maşını əldə
etməyi daha inandırıcıdır. Çünki o,
öz puluna almır. Maşını ona yaşlı
qonşusu verir. Daha doğrusu, elə ilk təklifdə Guiter
"sağ ol" deyib açarı öz cibinə qoyur, nəzakət
xatirinə belə etiraz etmir.
Göründüyü kimi, irili-xırdalı bəzi nüansları çıxmaq şərtilə, hər iki filmin sujeti və mövzusu eynidir. Ancaq sevindirici haldır ki, Orxan Mərdan və ssenari müəllifləri bu sujeti uğurlu şəkildə milliləşdirməyi bacarıblar. Qara Hacılı tamamilə milli obrazdır və onun yaşadığı mühit də elə bizim gündəlik qarşılaşdığımız, hər birimizin ayrı-ayrılıqda fərdi olduğumuz bir mühitdir. Yəqin buna görədir ki, Qara Hacılı François Guiterdən daha səmimi, dinamik, komik və inandırıcı təsir bağışlayır. Guiter isə uzaqdır, qurudur, sıxıcıdır.
Qara, əvvəllər heç simic
olmağının fərqində belə deyil. Çünki
onun ailəsində ondan daha da simic insan - atası var. Amma
sonradan öz səhvlərini başa düşdükcə o,
gözümüzdə məsumlaşır.
Tamaşaçı ona qəzəblənə bilmir, sadəcə
acıyır.
Filmin müəllifləri bəzi yerlərdə
retro mahnılarımızdan istifadə etməklə,
keçmiş filmlərimizə göndərmələrlə
bu milliliyi daha da vurğulayırlar. Məsələn, teatrda
"Arşın mal alan" tamaşasının daxili
baxış səhnəsi unudulmaz filmlərimizdən olan
"Bəyin oğurlanması" filmindəki səhnəni
xatırladır və maraqlıdır ki, hər iki filmdəki
oxşar səhnələrdə Xalq artisti Şamil
Süleymanlı var. Bunun özü də uğurlu
seçimdir.
Bu eyniliklərə görə
"Qaragöz" filminin yaradıcı heyətini tənqid
atəşinə tutmaq, fikrimcə, çox tezdir.
Çünki ortada çox böyük bir komanda ilə uzun
müddətlik iş, əmək var. Dediyimiz kimi,
bütün dünyada adaptasiya filmləri çəkilir. Bu nə
ilkdir, nə də son. Bu sektorda bizdən dəfələrlə
çox inkişaf etmiş qardaş Türkiyədə belə
neçə-neçə film, serial və verilişlər var
ki, tamamilə ya Qərbdən, ya da Şərqdən
götürülüb.
Təbii ki, biz də adaptasiya ssenarilərini
ideal saymır, yerli rejissor və ssenaristlərimizin öz təxəyyüllərinin
məhsullarını görməyi daha çox
arzulayırıq. Və bu sahədə kifayət qədər
savadlı gənclərin olduğunu nəzərə alaraq,
arzuladığımız işləri yaxın gələcəkdə
görəcəyimizə inanırıq.
Ancaq hazırkı dövrdə kino və serial
sektorunun bizdə hələ kifayət qədər inkişaf
etmədiyini, çatışmazlıqların çox
olduğunu nəzərə alaraq, bu istiqamətdə
görülən və heç olmasa bir damcı belə
ümid işığı yandırmağı bacaran işlərin
işığını söndürməyə
çalışmaq, məncə, doğru addım deyil. Onsuz
da Qara Hacılı bütün işıqları
söndürür...
525-ci qəzet 2018.- 23 oktyabr.- S.8.