Aktrisa Nübar Novruzovanın 60 illik yubileyi qeyd olundu

Oktyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi ilə bağlı tədbir keçirildi, aktrisanın Səlma ana obrazını ifa etdiyi, Hüseyn Cavidin eyniadlı mənzum dramı əsasında səhnələşdirilmiş "Ana" tamaşası nümayiş olundu.

Ömrünün 44 ilini sənətə həsr etmiş Nübar xanım Novruzovaya olan tamaşaçı sevgisi özünü elə tədbirin keçiriləcəyi binanın qarşısındakı qələbəlikdən büruzə verirdi. Teatr binasının qarşısına toplaşan pərəstişkarlar arasında yuxarı nəslin nümayəndələri ilə yanaşı, gənclərin və tələbələrin də olması xüsusilə sevindirici hal idi.

Tamaşaçılarla dolu zalda bayram ab-havası var idi. Yubiley tədbirini açan aparıcı Saleh Bağırov yubilyara təbriklərini çatdırdıqdan sonra çıxış üçün səhnəyə Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, Xalq artisti Rafiq Əliyevi dəvət etdi. Yubilyarla tanışlığının 42-43 il bundan əvvələ təsadüf etdiyini xatırladan  Rafiq Əliyev onun hələ gənc yaşlarından öz sənətinə böyük sevgi və məsuliyyətlə yanaşdığını vurğuladı, ona yeni yaradıcılıq uğurları arzuladı.

Sonra Nübar Novruzovanın həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş olundu. Filmi izlədikcə biz oynadığı hər bir tamaşada tamamilə başqa bir Nübar Novruzovanı görür, aktrisanın bir-birindən fərqli obrazları necə özünəməxsus bir şəkildə canlandırdığının şahidi olurduq. Ayrı-ayrı tamaşalardan seçilmiş parçalardan da görünürdü ki, hələ gənc yaşlarından ən çətin rolların öhdəsindən məharətlə gələn N.Novruzova yorulmadan çalışaraq öz peşəkarlığını ildən-ilə daha da artırıb, unudulmayacaq bir çox obrazlar yaradıb.

Videofilmin nümayişindən sonra çıxış edən rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov aktrisanı yubiley münasibəti ilə təbrik edərək onun çox maraqlı bir sənət yolu keçdiyini, istedadı və əzmi sayəsində daima sənətə sədaqətlə xidmət göstərdiyini bildirdi.

Sonra çıxış edənlər - Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar artist Lətifə Əliyeva, rejissor Nicat Kazımov yubilyarla bağlı arzu və istəklərini bölüşdülər. Bir-birindən özəl bu xatirələrin hamısını paylaşıb qurtarmağa bir gecə bəs etməzdi. Amma deyilən bütün fikirlərdə əsas bir xətt keçirdi - hər kəsin çıxışında yubilyarın bir aktrisa kimi nə qədər çalışqan və öz sənətinə nə qədər vurğun olduğu vurğulanırdı.

Nübar Novruzova istedadlı sənətkar olmaqla bərabər, həm də yaxşı övlad, qayğıkeş ana və həyat yoldaşıdır. Qızını sevgi və qayğıyla böyütmək üçün çox sevdiyi səhnədən uzaqlaşan Nübar Novruzova örnək sayılacaq bir anadır. Bu fikirlər isə yubilyarın anası Çiçək xanımın və qızının dilindən səsləndi. Tədbirdə çıxış edən Çiçək xanımın söylədikləri zalda hər kəsi təsirləndirdi və ayaq ayaq üstə alqışlandı. Bir ana üçün övladının uğurlarını, ona olan sevgini görməkdən gözəl nə ola bilər ki? Qürurverici anlar yaşayan Çiçək ananın sevincdən gözləri dolmuşdu.

Tədbir yüekunlaşandan sonra nümayiş olunan "Ana" tamaşasında Səlma ana obrazı ilə tamaşaçıların qarşısına çıxan aktrisa Nübar Novruzova bu rolun da öhdəsindən peşakarlıqla gəldi. Artıq o, səhnədə bayaqdan haqqında xoş sözlər eşitdiyimiz Nübar Novruzova deyildi, oğlunun qatilini bağışlayan "ana" idi. Canlandırdığı obrazı o qədər ürəkdən oynayırdı ki, hamı onun Səlma ana olduğuna inanmışdı. Tamaşaçılar oğlunun ölümündən ürəyi parçalanan, lakin qatilə heç nə edə bilməyən, onu bağışlayan bir ananın fəryadını ürək ağrısı ilə izləyirdilər. Sondakı monoloqu isə sakitcə, kövrəlmədən izləmək mümkün deyildi. Gözüyaşlı ananın fəryadı hər kəsi qəhərə boğmuşdu. Tamaşanın sonunda vağzalının səslənməsi və ananın bu sədalar altında qəmgin-qəmgin hərəkəti isə bir başqa təsirli məqam idi. Bu gözəl ifa tamaşaçılar tərəfindən ayaq üstə alqışlandı. Sənətkar üçün ən gözəl an da yəqin ki, elə bu gurultulu alqışları eşitməkdir. Aktrisa gördüyü sevgidən, diqqətdən kövrəlib titrək səslə hər kəsə təşəkkürünü bildirdi. Yəqin o, bir daha əmin oldu: sevdiyi sənətə həsr etdiyi bu uzun illər hədər getməyib. Bu əminliyi yaradan tamaşaçıların gur alıqışları idi.

NİGAR

525-ci qəzet  2018.- 23 oktyabr.- S.8.