Seyran Səxavət gənc
yazarlarla görüşdü
Oktyabr 19-da Azərbaycan Yazıçılar
Birliyinin "Natəvan" klubunda yazıçı Seyran Səxavətlə
son günlərin sosial trendi olan "Hər yer ədəbiyyat"
layihəsinin üzvlərinin görüşü
keçirilib.
Görüşdə layihənin üzvləri,
AYB-nin əməkdaşları, şair və
yazıçılar, ziyalılar və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan
layihənin ideya müəllifi, yazıçı Ayxan Ayvaz bu
hərəkatın ədəbiyyata
marağı azalan cəmiyyətə sosial bir mesajın
olduğunu bildirib.
Təşkilatın planlarından, görəcəyi
işlərə ziyalıların və adi vətəndaşların
münasibətindən, onlara verilən dəstəklərdən
söhbət açıb.
Komandanın üzvləri və onların bu
layihə çərçivəsində görmək istədikləri
işlər və ideyalarla tanış olan Seyran Səxavət
gənclərin bu ideyasını alqışlayıb, hər
zaman yanlarında olduğunu deyib.
Təşkilatın digər üzvü Nuranə
Nur bu hərəkata dəstək olan qurumların, kitab evlərinin,
birlik və təşkilatların, media nümayəndələrinin,
tanınmış ictimai insanlarından da dəstəyini
vurğulayaraq, keçirilməsi nəzərdə tutulan
aksiyaların bəziləri haqqında məlumat verib.
Fəal üzvlərdən olan Rəbiqə
Nazimqızı çıxışında yaşlı nəsil
yazıçılarının da bu hərəkata dəstəyini
çox yüksək addım kimi qiymətləndirib, onlarla
görüşlərin keçirilməsinin, birlikdə
müzakirələr aparılmasının vacib olduğunu
deyib.
Daha bir gənc fəal Eminquey Akif hərəkatın
virtual sosial şəbəkədən real həyat hadisəsinə
çevrilməsini tarixi hadisə kimi qiymətləndirib, cəmiyyətin
bu hərəkata olan marağının şahidi olduğunu
qeyd edib. Gənc şair Ələsgər Əhməd də
ilk günlərdən etibarən tanınmış
simaların, ziyalıların onlara bu dərəcədə dəstək
olacağına inanmadığını, amma bu çətin
missiyada ədəbiyyatın qalib gələcəyinə
inandığını deyib. Komanda üzvləri təşkilatın
nizamnaməsi və planları haqqında olan sualları
cavablandırıb, bu ideyada hədəfin ədəbiyyat
adamları deyil, yalnız ədəbiyyat olduğunu qeyd ediblər.
Seyran Səxavət gənclərə öz məsləhətlərini
verməklə yanaşı, onların yanında olduğunu
vurğulayıb.
Qonaq ədiblərdən Ağacəfər Həsənli,
Qulu Ağsəs, Qəşəm Nəcəfzadə, Əsəd
Cahangir, Sayman Aruz, Maarif Soltan, Kəmaləddin Qədim, Aləm
Kəngərli, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov və
başqaları gənclərə dəstək zəminində
çıxışlar edərək, sənət və
yaradıcılıq təcrübələrindən söhbət
açıb, onlara bu yolda uğurlar arzuladıqlarını
bildiriblər.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 23 oktyabr.- S.8.