Mərkəzi Elmi Kitabxanadan
daha bir kitab aksiyası
AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) əməkdaşları
- Mübariz Göyüşlü, Aygün Səfərova,
Habil Əliyev, Günel Əhədova və yazar, filosof
Rövşən Abdullaoğlu 18 oktyabr Dövlət Müstəqilliyi
Günü ilə əlaqədar Ədliyyə Nazirliyinin
Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə
müəssisəsində kitab hədiyyə aksiyası
keçiriblər.
Ziyarət zamanı MEK fondlarında olan Azərbaycan,
dünya klassiklərinin seçilmiş əsərləri və
s. bu kimi kitablar cəzaçəkmə müəssəsinə
hədiyyə olunub.
AMEA Mərkəzi Elmi Kitabxananın Beynəlxalq
və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Mübariz Göyüşlü 18 oktyabr münasibətilə
hər kəsi təbrik edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasının və Qafqaz İslam Ordusunun Azərbaycanı
azad etməsinin 100 illik yubileyindən, 1991-ci ildə yenidən
müstəqilliyi əldə etməyin
üstünlüyündən bəhs edib.
Ötən hər il Azərbaycanın daha da
inkişaf etdiyini söyləyən M.Göyüşlü
müxtəlif sahələrdə, o cümlədən, cəzaçəkmə
müəssisələrində bunun bariz nümunəsini
gördüklərini deyib.
O, tədbir keçirilən 11 saylı cəzaçəkmə
müəssisəsindəki şəraitin Avropa
standartlarına uyğunlaşdırıldığını
qeyd edərək bunu yüksək dəyərləndirib.
M.Göyüşlü MEK-in fəaliyyətindən,
kitab hədiyyə aksiyalarından, tədbirlərdən, Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun qrantı əsasında həyata keçirilən
"Milli Rəqəmsal Yaddaş üçün ümummilli
əhəmiyyət kəsb edən məlumatların
toplanılması, ekspertizası və etibarlı
saxlanılması" adlı layihəsindən bəhs edib.
Yazar-filosof Rövşən Abdullaoğlu hər
bir insanın həyatında fitri məna və hədəf
axtarışının olmasından, bu mənanı tapmaqda
kitabların rolundan bəhs edib. Həyatlarındakı
informasiya boşluğunu mütaliə vasitəsilə doldura
biləcəklərini vurğulayıb, kitabların
simasında gözəl dost qazanaraq tənhalıqdan azad
olmağın mümkünlüyündən
danışıb. Xüsusilə çətin həyat şəraiti
ilə üzləşmiş insanların mənəvi səbat
tapması, keçmişə deyil, gələcəyə
baxması üçün mütaliənin əvəzsiz təsiri
olduğunu deyib.
Yazar cəzaçəkmə müəssisələrində
mütaliə təbliğatının artması istiqamətində
önəmli addımlar atılmasının çox sevindirici
hal olduğunu qeyd edib.
Daha sonra oradakı oxuculara imzalı kitablar hədiyyə
olunub.
İmza mərasimi zamanı oxucularının səmimi
təəssüratlarını dinləyən yazar onlara cəzaçəkmə
müəssisələrindən aldığı oxucu məktublarının
da nə qədər dəyərli olduğunu söyləyib.
Sonda məhkumlar arasında "Azərbaycan
Xalq Cümhuriyyəti - 100" mövzusunda müsabiqə keçirilib,
qaliblərə kitablar hədiyyə edilib.
Xatıladaq ki, Mərkəzi Elmi Kitabxana
mütaliənin təbliği və kitab almaq imkanı məhdud
olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə
kitabların əlçatan edilməsi məqsədilə
kitab hədiyyəsi və açıq kitabxana aksiyaları
keçirir. Aksiya çərçivəsində AMEA-nın
müəssisələrinə, ali məktəb
kitabxanalarına, Cocuq Mərcanlı kənd orta məktəbinə,
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzinə, Bakı şəhəri 11
saylı internat məktəbinə, "Təmiz Dünya"
Qadınlara Yardım İctimai Birliyinə, Şamaxı rayon
məktəb kitabxanalarına, Mədəniyyət Nazirliyinə,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fonduna, Beynəlxalq Biznes məktəbinə, Respublika Elmi
Pedaqoji Kitabxanasına, müxtəlif diaspor təşkilatlarına
və s. qurumlara kitablar hədiyyə olunub. 2017-ci ildə 88 təşkilata
və ayrı-ayrı şəxslərə 12 mindən
artıq kitab hədiyyə edilib.
525-ci qəzet 2018.- 23 oktyabr.- S.7.