Bakıda Çingiz Aytmatovun
90 illiyi qeyd olundu
Oktyabrın 19-da Səməd Vurğun adına
Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi
ilə dünya şöhrətli nasir,
Qırğızıstan SSR-in Xalq yazıçısı,
Qazaxıstanın Xalq yazıçısı,
Qırğız Respublikasının Qəhrəmanı,
Qırğızıstan SSR Elmlər Akademiyasının
akademiki, Sosialist Əməyi Qəhrəmanı, Lenin və
SSRİ-nin üç Dövlət Mükafatı Laureatı
Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında
qırğız dilində tamaşa göstərilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata
görə, tamaşadan əvvəl çıxış edən
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Günay Əfəndiyeva premyeranın XX əsrin
görkəmli söz ustası, türk dünyasının
böyük oğlu Çingiz Aytmatovun 90 illiyinə həsr
olunduğunu qeyd edib. O deyib ki, dahi yazıçının əsərləri
vətənpərvərliklə yoğrulub, onlarda
qırğız xalqının həyatı və istəklərindən
bəhs olunub, Qırğızıstanın zəngin mədəniyyəti
və adət-ənənələri öz əksini tapıb.
Yazıçının əsərləri bütün
dünyada maraqla oxunur. G.Əfəndiyeva yubiley tədbirinin
keçirilməsinə göstərdikləri dəstəyə
görə Azərbaycan Mədəniyyət Nazirliyinə,
Yazıçılar İttifaqına, Qırğız
Respublikasının ölkəmizdəki səfirliyinə və
Türkdilli Dövlətlərin Parlament Assambleyasına
(TürkPA) təşəkkürünü bildirib.
Mədəniyyət naziri Əbülfəs
Qarayev görkəmli yazıçının xatirə gecəsinin
təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fonduna təşəkkür edərək
vurğulayıb ki, bu cür tədbirlər qardaş türk
xalqlarını daha da yaxınlaşdırır. “Çingiz
Terekuloviç dahi nasir idi. Oxucuların pərəstiş
etdiyi bu şəxsiyyət özündən sonra böyük
irs qoyub, onun xatirəsi əbədi yaşayacaq. O, Azərbaycanı
çox sevirdi, xalqımıza böyük sevgi hissləri bəsləyirdi,
tez-tez ölkəmizə gəlirdi. Azərbaycan Mədəniyyət
Nazirliyi də böyük yazıçının 90 illiyi
münasibətilə dekabr ayında nəzərdə
tutulmuş genişmiqyaslı tədbirlərə
hazırlaşır. Qeyd etmək istəyirəm ki, mənim
Çingiz Aytmatovla şəxsi tanışlığım
olub, o, çox gözəl insan idi. Bu dahi yazıçı
türk dünyasının fəxridir. Onunla vida mərasimində
iştirakımı xatırlayıram. Bu, əvəzedilməz
itkidir”, - deyə nazir əlavə edib.
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovla
bağlı xatirələrini bölüşərək deyib
ki, dahi qələm ustası dünyaya çoxlu sayda məşhur
əsərlər bəxş edib. Onun istedadı Allah vergisi
idi. “Çingizin uşaqlıq və yeniyetməlik illəri
ağır keçib, onun atası Stalin repressiyalarının
qurbanı olub. Bu, yazıçının
yaradıcılığına da təsirsiz ötüşməyib,
onun mənəvi dəyərlərin ön planda olduğu
bütün əsərləri oxucuda dərin təəssürat
doğurur. Biz Çingiz Terekuloviçlə Bakıda,
Bişkekdə, Ankarada və digər şəhərlərdə
dəfələrlə görüşmüşük, onunla
öz düşüncələrimi
bölüşmüşəm və həmişə dəstək
görmüşəm”, - deyə Anar bildirib.
Çingiz Aytmatovun oğlu, qırğız
diplomatı və dövlət xadimi Əskər Aytmatov
atası haqqında xatirələrini bölüşüb,
dahi yazıçının xatirəsini əziz tutduqları
üçün tədbirin təşkilatçılarına
və iştirakçılara təşəkkür edib.
“Xatırlayıram, uşaqlıq illərimdə, 8
yaşım olanda atam məni özü ilə Bakıya
ezamiyyətə apardı. Bu, mənim xarici ölkəyə
ilk səfərim idi. Mən hələ o vaxt Bakını və
Azərbaycanı sevdim və bu sevgini həyatım boyu
yaşadıram. Bilirəm ki, sizin ölkənizdə
atamın yaradıcılığının pərəstişkarı
çoxdur. Bu, mənim üçün böyük şərəfdir.
Əminəm ki, bugünkü tamaşa da böyük uğur
qazanacaq, axı məhəbbət haqqında ballada olan “Cəmilə”
povesti Çingiz Aytmatovun ən populyar əsərlərindən
biridir. Bu gün bizimlə burada olan hər kəsə təşəkkürümü
bildirirəm”, - deyə Ə.Aytmatov əlavə edib.
Tamaşanın baş prodüseri “ASSOL”
Holdinqin direktoru Assol Moldokmatova “Çingiz üçün
ağı” şeirini söyləyib, vurğulayıb ki,
Çingiz Aytmatov incə qəlbli insan kimi həmişə
dostlarının köməyinə çatırdı, dinləməyi
bacarırdı. “Cəmilə” əsərinə heç kim
biganə qala bilməz. Bu, məhəbbət himni,
qırğız qadının himnidir. Çox şadam ki, bu
gün biz bakılı tamaşaçıları əsərlə
daha yaxından tanış edəcəyik”, - deyə qonaq
bildirib.
Sonra Assol Moldokmatova və Günay Əfəndiyeva
bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
G.Əfəndiyeva qonağa Çingiz Aytmatovun əsərlərinin
bütün dünyada təbliğinə görə Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun təsis
etdiyi fəxri diplomu təqdim edib. Fondun sədri Əskər
Aytmatova türk dünyasının inkişafına verdiyi
töhfəyə görə fəxri diplom təqdim edib və
atasının portretini hədiyyə edib.
Sonra tədbir iştirakçıları tamaşaya baxıblar. Tədbirdə diplomatlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
525-ci qəzet 2018.- 23 oktyabr. - S.7.