Milli yaddaşımıza əbədi
həkk olunmuş sərkərdə
GÖRKƏMLİ HƏRB VƏ DÖVLƏT XADİMİ GENERAL-MAYOR III KALBALI XAN NAXÇIVANSKİ-KƏNGƏRLİ HAQQINDA PUBLİSİSTİK QEYDLƏR
1918-ci ilin mart ayı olsa da Qafqaz sıra
dağları qarla örtülü idi. Bejta kəndində
general-mayor, şahzadə Feyzulla Mirzə Qacar və gənc
naxçıvanlı hərbçilər yaxınlıqda olan
Kodor aşırımından keçib Telava, oradan isə, nəyin
bahasına olursa olsun, Naxçıvana getməyə tələsirdilər.
Bu haqda bir az sonra.
Qeyd edək ki, Bejta kəndi Qərbi
Dağıstanda Xzanzor çayının sahilində yerləşir.
Hər tərəf dağlar və göz işlədikcə
yam-yaşıl meşələrdir. İynəyarpaqlı və
qarışıq meşələrdə olan ağacların həm
füsunkar gözəlliyi, həm də canlara dərman
havası var.
Bejta Dağıstanın azsaylı etnik
qruplarından olan bejtinlərin kəndidir. Onların dili avar
dilinin andi-didoy qrupuna mənsubdur. Bu kənd həm də
Şeyx Şamilin çox sevdiyi və qoruduğu kənd olub.
Çünki Bejta keçid qapısıdır. Şeyx
Şamil Kaxetiyada olan rus qoşunlarını Dağıstana
buraxmamaq üçün Bejtanı bir alınmaz qalaya
çevirmişdi. Amma tarixi sənədlər göstərir
ki, Bejta 1857-ci ildə rus qoşunları tərəfindən
amansızcasına dağıdılır və əhalisinin
bir hissəsi Kaxetiyaya aparılır. İndinin özündə
Kaxetiyada müsəlman bejtinlərin yaşadıqları kəndlər
var.
1979-cu ildə Şeyx Şamilin
döyüş yerlərini gəzərkən İsveçrə
kimi gözəl olan yerə - Bejtaya gəlib çıxmışdım.
Əslində, həm də naxçıvanlı
döyüşçülərin izi məni buraya gətirib
çıxarmışdı.
Bir də 2013-cü ildə Kvareliyə gəlmişdim
ki, Bejtanı qoruyan dağlara və bizim qəhrəman hərbçilərimizin
cəsurluqla keçdiyi qarlı Kodor aşırımına
baxa bilim. Amma bu dəfə tədqiqatçı kimi gəlmişdim.
Buradakı Kodor aşırımı Alazan vadisi ilə Andi
Koysu dərəsini birləşdirir.
Məşhur hərbçi Feyzulla Mirzə
Qacar artıq məcbur qalıb istefaya buraxdığı yerli
müsəlman süvari korpusun birinci diviziyasının rəisi
idi. Onunla birlikdə Kabardin süvari polkunun ştabs-rotmistri
İskəndər xan Naxçıvanski də
Naxçıvana getməyə hazır vəziyyətdə
idilər. Maraq üçün deyək ki, general Feyzulla Mirzə
Qacar naxçıvanlı Rəhim xanın kürəkəni,
Kərim xan İrəvanski isə naxçıvanlı Cəfərqulu
xanın qaynı və yaxın qohumu idi. Kərim xanın
anası Tərlan xanım naxçıvanlı general
İsmayıl xanın qızı idi. Bunların yanında
Naxçıvana gedənlər arasında Rəhim xanın
oğulluğu Məhəməd xan Təkinski də vardı.
Əslində, onu Rəhim xanın böyük qardaşı
II Ehsan xan Axal-Təkə döyüşlərində xilas
etmiş və oğulluğa götürmüşdü. II
Ehsan xanın vəfatından sonra qardaşı Rəhim xan Məhəmmədi
böyütmüş, zadəganlara məxsus ali məktəblərdə
oxutmuşdu. Bunlarla bağlı maraqlı arxiv sənədləri
var. Bir az irəliyə gedərək qeyd edək ki, Məhəmməd
xan Təkinski Azərbaycanın mahir diplomatlarından olub.
1918-ci ilin martında Naxçıvanskilərin xunzaxlı
qohumları onları Bejtaya gətirmişdilər ki,
Gürcüstana keçirmək üçün Bejtada
yaşayan avarlardan bələdçi tapsınlar.
Bütün bunlar haqqında yazılı məlumatları
mühacirətdə yaşayan hərbçi B.Kuznetsovun
yazdığı xatirələrdən öyrənirik. Hətta
o, xatirələrində yazır ki, bunların yanında digər
naxçıvanlı hərbçilər var idi, amma
adlarını unutmuşam. Kuznetsovun yazdıqlarından məlum
olur ki, Naxçıvana gedənlərə ikinci dəfə
Kodor aşırımını keçmək qismət olur.
Çünki həmin illərdə Qafqaz dağlarında
soyğunçuluqla məşğul olan silahlı dəstələr
olduğundan onlar birinci dəfə aşırımı
keçə bilməmişdilər. Bizim fikrimizcə,
Kuznetsovun dediyi naxçıvanlılar III Kalbalı xan,
qardaşı III Ehsan xan və yaxın qohumları Murad xan
Naxçıvanskilər olmuşlar. Moskvalı tədqiqatçı
F.Nağdəliyev isə yazır ki, əlahəzrətin saray
qvardiyasının Ulan polkunun zabitləri III Kalbalı xan və
III Ehsan xan, Nijeqorod draqun polkunun ştabs-rotmistri Murad xan (Bəhman
xanın oğlu, general İsmayıl xanın nəvəsi) hələ
1917-ci ilin sonlarında Naxçıvana qayıda bilmişdilər.
Rusiya ordusunda hərbi xidmətdə olan
naxçıvanlı hərbçilərin Naxçıvana
təcili toplaşmaları Naxçıvanın erməni
daşnaklarından müdafiəsi ilə bağlı idi.
Çünki 1918-1920-ci illərdə Azərbaycanın
ayrılmaz tərkib hissəsi Naxçıvanda mürəkkəb
və gərgin tarixi hadisələr yaşanırdı.
Naxçıvan Araz-Türk Respublikası yaranana kimi
naxçıvanlı hərbçilər erməni
daşnaklarına qarşı mərdliklə
döyüşüblər. Bu yazımızda həmin
döyüşlərdən də söhbət
açacağıq. Naxçıvanda ağır tarixi-siyasi
şərait naxçıvanlıları məcbur etdi ki, erməni
daşnak quldur dəstələrindən müdafiə olunmaq
üçün Araz-Türk Respublikasını yaratsınlar.
Qeyd edək ki, Araz-Türk Respublikasının (bəzi sənədlərdə
Cümhuriyyətinin) yaradılması və fəaliyyəti
ilə bağlı arxiv sənədləri də vardır.
Respublikanın yaradılmasının şahidi olmuş və
Naxçıvan müsəlman Milli Komitəsinin katibi işləmiş
(1921-ci ildə bir müddət Naxçıvan Daxili
İşlər Komissarı olmuş) Mirzə Bağır
Əliyev özünün "Qanlı günlərimiz"
gündəliyində qeyd edir: "1918-ci il oktyabr
ayının 23-də Naxçıvan şəhər Came məscidində
Naxçıvan Milli Komitəsinin sədri Mirzə Nəsrulla
Əmirovun sədrliyi ilə keçirilən iclasın
gündəliyində bir çox məsələlərlə
yanaşı, əsas məsələlərdən biri də
Naxçıvanda Araz-Türk Respublikasının
yaradılması və Milli Şuranın təşkil
olunması məsələsi müzakirə edilmişdir".
"525-ci qəzet"də çap edilən "Naxçıvan Araz-Türk Respublikası və Naxçıvanskilər" adlı yazımızda bu haqda ətraflı söhbət açmışıq.
III Kalbalı xanın tərcümeyi-halı və
təhsili haqqında əvvəlki yazılarımızda məlumat
vermişik. Tapılan yeni sənədlər əsasında
onun 1918-1920-ci illərdə apardığı irimiqyaslı
döyüşlər haqqında söhbət açmaq istəyirik.
Çünki bir sıra kitablarda bu qəhrəman sərkərdənin
hünərləri danılır və başqalarının
adına yazılır.
1918-ci ilin martında Naxçıvana gələn
III Kalbalı xan ilk gündən Naxçıvanın
müdafiəsi işinə rəhbərlik etmişdir. Əvvəlcədən
qeyd edək ki, Naxçıvanın 1918-1920-ci illərdə hərbi
işlərinə Rəhim xan Naxçıvanski, Cəfərqulu
xan Naxçıvanski, Kərim xan İrəvanski və III
Kalbalı xan başçılıq etmişlər. Həmin
illərin sənədlərində hərbi nazir baş
komandan kimi yazılıb. Hətta qəzalarda da belə
yüksək vəzifələr daşınıb. Sənədlərdə
qəza komandiri kimi yazılıb. Əlbəttə,
bütün bunlar mürəkkəb vəziyyətə
görə yaradılıb. Əsas məqsəd
Naxçıvanın erməni daşnaklarından müdafiəsi
məsələsi olub. III Kalbalı xan tutduğu vəzifələrdən
asılı olmayaraq 1920-ci il iyulun sonuna kimi ön cəbhədə
mərdliklə vuruşub.
Mənbələrin verdiyi məlumatlara görə,
Naxçıvan şəhərini mühasirədə saxlayan
qatı daşnak, qaniçən, amansız quldur Andranik
Ozanyan 1918-ci il iyulun 2-də şəhər əhalisinə
ultimatum göndərir. 24 saat möhlət verir.
Naxçıvanlılar isə qətiyyətlə bildirirlər
ki, biz ermənlərə təslim olmayacağıq, son nəfəsədək
vuruşacağıq. Naxçıvanlıların
döyüş bacarıqlarına yaxşı bələd
olan Andranik iyulun 30-dək gözləyir. Hücum əmrini
iyulun 30-da verən Andranikə qarşı qanlı
döyüş gecəyarısı başlayır. Androniklə
ilk döyüş "Cıdırlı bağ"dan
başlayır və Naxçıvan çayının
sağ tərəfində davam edir.
Naxçıvanın müdafiə əməliyyatına
III Kalbalı xan başçılıq edir. Gənc sərkərdənin
aslan kimi döyüşdüyünü görən
naxçıvanlılar hamısı qətiyyətlə
döyüşüblər.
Söz arası deyək ki, daşnak başkəsənlərin
Naxçıvan qəzasına hücum edəcəyini
uzaqgörənliklə duyan Cəfərqulu xan və
qardaşı Rəhim xan (həmin vaxtlar baş hərbi
komandan) Naxçıvanskilər Milli Şurada oturan
Naxçıvan şəhərinin ağsaqqalları ilə məsləhətləşirlər
və iyun ayında Türkiyəyə nümayəndə heyəti
göndərirlər. Nümayəndə heyəti onların
vacib bir tapşırığını Məhmət Vehbi
paşaya aparırdılar. Naxçıvanın başbilənləri
Türkiyədən hərbi qüvvə ilə köməklik
göstərməyi xahiş edirdilər. Çünki
daşnak qoşunları Antantanın, həmçinin, Rusiya
ordusunun silahları ilə möhkəm silahlanmışdılar.
Sənədlərdən məlum olur ki, 1918-ci
ildə Cəfərqulu xanın tapşırığı ilə
Naxçıvandan Türkiyəyə aşağıdakı
tərkibdə nümayəndə heyəti yola
düşüb: Hacı Mehdi Bağırov, İskəndər
Nağıyev, Hacı Xəlil İmanov, Kərbəlayı
Abbas Bayramov.
Naxçıvanlıların xahişini
Kazım Qara Bəkir Paşa reallaşdırır.
Özünün başçılığı ilə 11-ci
türk diviziyası və Xəlil paşanın
başçılıq etdiyi 9-cu diviziya Uluxanlıdan
Naxçıvana doğru hərəkətə
başlayırlar.
O illəri yaxşı xatırlayan
ağsaqqallar nəql edirdilər ki, türklərin topları
Duzdağın yanında atılanda Andranik
Naxçıvanı tutmaq arzusundan vaz keçib Sirab-Qahab yolu
ilə Zəngəzur mahalına çəkilir.
Türkiyə əsgərlərini yüksək
səmimiyyətlə qarşılayan
naxçıvanlıların döyüş hünərləri
onlar tərəfindən də yüksək qiymətləndirilir.
Artıq bu vaxtlar mahir naxçıvanlı hərbçilər
Naxçıvandaydılar və bütün keçidlərdə
öz dəstələri ilə Naxçıvanın
müdafiəsini təşkil etmişdilər. Məsələn,
Fətəli xan Naxçıvanski Sələsüz taboru ilə
Qızılboğazda Zəngəzur tərəfdən gələn
erməni daşnaklara necə deyərlər, yaxşıca toy
tutmuşdu.
1918-1920-ci illərdə ermənilərin təcavüzlərinə
qarşı başda Naxçıvan qəza hərbi
komandanı III Kalbalı xan Naxçıvanski, tabor komandiri Bəhram
xan Naxçıvanski (ermənilərin amansız hücumunu
eşidən Bəhram xan Naxçıvanski də
Naxçıvana qayıtmış və tabor komandiri təyin
edilmişdi -müəllif), Məhəmmədəli xan
Naxçıvanski, Cəfərqulu xan Naxçıvanski
başda olmaqla bütün şəhər əhalisi
daşnak ermənilərə son nəfəsə qədər
vuruşacaqlarını
bildirmiş və mərdliklə
döyüşmüşlər.
1918-ci ilin dekabr ayında polkovnik Doluxanovun komandanlığı altında Şərura hücum edirlər. Ermənilərin Şərura hücumu haqqında və Naxçıvanda yaranmış vəziyyət haqqında III Kalbalı xana xəbər verirlər. "Naxçıvan Araz-Türk" respublikasının Naxçıvan qəza komandanı III Kalbalı xanın və tabor komandiri Bəhram xan Naxçıvanskinin rəhbərliyi ilə yerli müdafiə dəstələrindən yaranmış 1-ci və 2-ci alay Şərurun müdafiəsinə göndərilir.
Naxçıvan qoşununun hünərli
döyüşlərinə davam gətirməyən erməni
daşnakları məğlub olaraq geri çəkilirlər.
Mirzə Bağır Əliyev "Qanlı
günlərimiz" kitabında yazır: "1918-ci il dekabr
ayının 16-da Şərur nahiyəsinə erməni
qoşununun qarşısına çıxıb müdafiədə
bulunmaq üçün lazım olan Naxçıvan qəza
komandanı Kalbalı xan cənabları I və II bölmələr
və zabitlər ilə axşam saat beşin yarısında
şəhərə varid oldu. Yerli əsgərlər milli nəğmələr
oxuya-oxuya gəlib mətanət və sevinclə şəhər
bazarlarından keçib tabor komandanı Bəhram xan cənabının
imarətinin qarşısında nizam ilə
düzüldü. Bəhram xan isə əsgərlərə
düşmənə çaldıqları zərbələrdən
və göstərdikləri bu müvəffəqiyyətlər
üçün təbrik yetirdi. Sonra Mirzə Nəsrulla
Əmirov (müsəlman milli komitəsinin sədri) həzrətləri
əsgərlərin göstərdiyi rəşadət və
müvəffəqiyyət barəsində gözəl bir nitq
söyləyib, "Yaşasın qəhrəman əsgərlərimiz"
sözləri ilə nitqinə xitam verdi".
1919-cu ilin yanvar ayında polkovnik Doluxanovun
komandanlıq etdiyi erməni qoşunları Şərur qəzasına
yenidən hücum edirlər. Ermənilərin Şərura
hücumu haqqında Araz-Türk Respublikası hökumətinə
bildirilir və hökumət tərəfindən ermənilərin
hücumunun qarşısını almaq üçün Şərura
"Qurd qapısı" adlanan yerə III Kalbalı xanın
başçılığı ilə xalq qoşunu göndərilir.
Qanlı döyüşlərdən sonra Baş Noraşendən
(indiki Cəlil kənddən) yuxarıda Zeyvə kəndində
erməni daşnakları məğlub olaraq geri çəkilirlər.
Arxiv sənədlərində III Kalbalı
xanın komandirlik etdiyi Naxçıvan qoşunlarının
cəsur döyüşlərindən ürəkdolusu
danışılır.
Qeyd edək ki, Əmir Nərimanbəyov
Araz-Türk hökumətinin rəhbərliyindən
uzaqlaşdırılandan sonra Naxçıvan Araz-Türk
hökumətinə Cəfərqulu xan Naxçıvanski
başçı təyin edilmiş və oğlu III
Kalbalı xan Naxçıvanski hərbi nazir təyin
edilmişdir. Bəhram xan Naxçıvanski isə Xarici
İşlər Naziri təyin edilmişdir. Qeyd edək ki, bəzi
arxiv sənədlərində yeni Müvəqqəti
Hökümətin qurulması haqqında məlumatlar var. Bizcə, tədqiqatçılar
bu məsələyə də aydınlıq gətirsələr,
yaxşı olar. Naxçıvanda Müvəqqəti
hökumət yanvarın sonunda yaradılıb, yaxud martın
sonunda? Tədqiqatçıların çoxu Naxçıvan
Araz-Türk respublikasının süqutunun martın sonunda
olduğunu yazır. Araşdırmalar göstərir ki,
reallıqdan yaradılan Müvəqqəti Hökumət elə
sovet hökuməti qurulanadək Naxçıvan
diyarını ingilislərin və amerikanların at
oynatmalarına baxmayaraq, bacarıqla müdafiə edib. Müvəqqəti
Hökumət reallıqdan yaradılmışdı. Bu,
ingilislərin süquta uğratdıqları Naxçıvan
Araz-Türk respublikasının bir növ davam etməsi demək
idi. Vəziyyət olduqca ağır və məsuliyyətli
idi. Ona görə də hərbi sahədə hər çətinlik
III Kalbalı xanın çiyinlərində idi.
Onun hərbi nazir təyin olunması 1919-cu ilin
yanvarına təsadüf edir.
Naxçıvan Araz-Türk
Respublikasının əhalisi Britaniya komandanlığı və
Ermənistan hökumətinin qərarlarına tabe
olmadılar. Onlar erməni işğalçılarına
qarşı silahlı mübarizəyə başladılar. Bu
silahlı mübarizə tədricən əsl müharibəyə
çevrildi. Sənədlərin dili ilə desək,
respublikada 6 min əsgərdən ibarət yarınizami
qoşun, süvari dəstələri, top və pulemyotlar var idi.
(Ardı var)
Musa
RƏHİMOĞLU (QULİYEV)
AMEA
Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
525-ci qəzet 2018.- 23 oktyabr. - S.6.