Masal kimi Masallı...

İlk dəfə idi ki, Masallı rayonuna səfər edirdim. Düzdür, 2001-ci ildə də Masallıda olmuşdum, amma gecə vaxtı, cəmi 7-8 saatlıq.

Həmin vaxt Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı ilə bağlı Lənkəran şəhər təşkilatının konfransı keçirilirdi və Lənkəranda qalmağa yer olmadığı üçün konfransa gələn jurnalistləri gecə ilə Masallıdakı otelə gətirdilər. Bunu nəzərə almasam, ilk dəfəydi ki, adı kimi masal olan Masallıda olurdum. "Masal" demişkən, yaxşı xatirimdədir, 1993-cü ilin lap əvvəlləri idi, Qarabağ müharibəsinin ən qızğın vaxtlarıydı. O zaman Xalq yazıçısı Anar başda olmaqla ölkənin tanınmış ziyalıları, ədəbiyyat, incəsənət xadimləri - şəhid atası mərhum Xəli Rza Ulutürk, sonradan oğlu şəhid olan mərhum Xalq yazıçısı Sabir Əhmədli, Xalq şairləri Qabil, Fikrət Qoca və digərləri bölgələrə səfərlər edir, yerli sakinlərlə görüşür, milli-vətənpərvərlik ruhunun artırılması işinə öz töhfələrini verirdilər. Həmin səfərlərdən biri də Masallı rayonuna təşkil edilmişdi. Həmin səfər çərçivəsində Masallı sakinləri ilə keçirilən geniş toplantıda çıxış edən rəhmətlik Xəlil Rza Ulutürk rayonun adının təbii gözəlliklərinə görə "masal" sözündən götürüldüyünü, "masal"ın isə Türkiyə türklərinin ləhcəsi ilə "nağıl", "nağıllar aləmi" anlamı verdiyini bildirdi. Düzünü desəm, həmin vaxta kimi Masallının nə anlam daşıdığına fikir verməmişdim, amma düz 25 ildir ki, mərhum şairimizin sözləri qulaqlarımdan getmir...

Cənub və ya nicat yolu...

Onu da xatırladım ki, sonuncu dəfə ümumən Cənub bölgəsində (Lənkəranda) 8-9 il öncə olmuşdum və ora gedib çatacan bir Allah bilir ki, yolboyu nə əzablar, əziyyətlər çəkmişdim... Ona yol demək də günah olardı, Bakıdan düz Lənkəranacan (ümumilikdə Cənub-İran sərhədinəcən) yeganə magistral yol çox bərbad, baxımsız vəziyyətdə, yamaqlar, çala-çuxurlar içindəydi və sairə... Bu yerdə qeyd edim ki, ölkə üzrə son illər avtoqəzaların demək olar ki, tən yarısı məhz bu yolun "payına" düşürdü... Ən ağır, ən faciəvi, çoxsaylı insan ölümləri ilə nəticələnən yol qəzaları məhz bu yolda baş verirdi... Və bu məsələni də hər dəfə həm mediada, həm parlament kulualarında ən çox Masallıdan olan millət vəkili Elmira Axundova və Lənkəranı təmsil edən millət vəkili Hadi Rəcəbli dilə gətirir, həyəcan təbili çalırdı... Onlar bu yolun dözülməz vəziyyətdə olduğunu, gediş-gəlişin az qala cəhənnəm əzabına çevrildiyini, həmçinin, ölkədə turizmin inkişafı yolunda böyük əngələ çevrildiyini (çünki Cənub zonası təbiətinə görə turizm üçün ən əlverişli məkanlardan biri sayılır) bildirirdilər... Çox sevindirici və əlamətdar haldır ki, ölkə rəhbərliyi Cənub zonasından olan insanların, necə deyərlər, səsinə səs verərək, həmin yolun tam yenidənqurulması, daha doğrusu, ən müasir standartlara cavab verən alternativ yolun salınması üçün addımlar atdı. Ölkə başçısının imzaladığı Sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinə başlanıldı. Nəhayət, bu ilin sentyabr ayının 18-də ölkə prezidenti cənab İlham Əliyevin Cənub rayonlarına səfərləri zamanı həmin alternativ və ödənişli yolunu açılış mərasimi keçirildi. Və qeyd edim ki, Masallıya da cəmi bir saat 45 dəqiqəyə çatdım, gözümü açdım ki, artıq Masallıdayam... Son dərəcədə komfort bir yol...

Masallının "Bakı"sı...

Rayonda səfərdə olarkən Masallıda Bakı adlı prospektin salınması xəbərini eşitdim və bunu öz gözlərimlə gördüm. Belə ki, həmin Cənub yolunun istifadəyə verilməsi qarşılığında masallılılar da "borclu" qalmaq istəmirlər və ona görə köhnə Masallı-Lənkəran yolunu Bakı prospekti adlandırmağa qərar veriblər. Bu işin əsas təşəbbüsçüsü və dəstəkçisi isə ilk növbədə bu rayona 2011-ci ildən rəhbərlik edən icra başçısı Rafil Hüseynovdur. İcra Hakimiyyətinin işçiləri də, yerli sakinlər də yolun məhz Bakının ismi ilə adlandırılmasından qürur duyduqlarını, xüsusilə, bu məsələdə bir ilkə imza atmalarından fəxr etdiklərini bildiriblər və əlavə ediblər ki, Bakı bütövlükdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin şərəf tarixdir. Yeri gəlmişkən, sentyabrın 18-də ölkə başçısının Masallıya səfəri zamanı əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun da açılışı olub. Yolun yenidən qurulması isə ölkə prezidentinin bu il iyulun 23-də imzaladığı sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Ötən illər (2011-2018-ci illər) ərzində ümumilikdə Masallıda 117 km yol yenidən qurulub və əsaslı şəkildə təmir olunub. Bunların da 75 km-i dövlət büdcəsindən ayrılmış vəsait (xüsusilə, ölkə başçısının sərəncamı ilə ayrılmış vəsaitlər hesabına), 42 km-i isə yerli (daxili) imkanlar hesabına təmir olunub, yenidən qurulub.

Elmira Axundova: "Masallı-Lənkəran yolunun bir hissəsinin doğma paytaxtımızın adı ilə adlandırılması sevindiricidir"

 

Masallı rayonunu parlamentdə təmsil edən millət vəkili, Xalq yazıçısı Elmira Axundova da həm Bakı prospektinin salınmasının, həm Cənub zonasına gedən yolun istifadəyə verilməsinin, həm də Masallıda yolların təmir və bərpasının çox mühüm addımlar və bu məsələlərin həllində ölkə prezidentinin müstəsna xidmətləri olduğunu vurğulayıb. O qeyd edib ki, həm Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun, həm 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi və istifadəsi bu bölgənin insanlarının rahatlığının təmin edilməsi, gediş-gəlişin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin və ölkə prezidentinin növbəti töhfələrindəndir: "Biz bunlara görə Azərbaycan dövlətinə və cənab prezidentə öz dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda, təmsilçisi olduğum Masallıda Bakı adlı prospektin salınması, daha doğrusu, Lənkəran-Masallı yolunun bir hissəsinin doğma paytaxtımızın adı ilə adlandırılması çox sevindirici və qürurvericidir. Masallıda yolların müasir standartlara uyğun şəkildə qurulması, kənd, qəsəbə yollarının yenidən salınması insanlarımız, yerli sakinlər tərəfindən çox yüksək şəkildə qiymətləndirilir. Çünki bu, ilk növbədə onların özlərinin rahatlğının təmin edilməsi deməkdir və bu işdə Masallı rayon rəhbərliyinin, icra başçısının da əməyi, zəhməti təqdirəlayiqdir".

Dənizkənarı Bulvarın yeni adaşı - Viləş park-bulvar kompleksi...

... Sovetlər dövründən ta son illərə kimi bulvar deyiləndə gözümüz önünə yalnız Xəzərin sahilində, yəni, paytaxt Bakıdakı bulvar gəlirdi. Digər bölgələrdə bulvar-park komplekslərinin salınması təsəvvürə belə gətirilmirdi. Amma müstəqil dövlət olmanın üstünlüklərindən biri də budur ki, Azərbaycanda ağıla və təsəvvürə gətirilməyən bir çox məsələlər, layihələr məhz son illərdə gerçəkləşdirilməyə başlanılıb. Bu da təbii ki, Azərbaycan dövlətinin gücü, iradəsi və iqtisadi inkişafı ilə birbaşa bağlı olan məsələdir, məhz onun göstəricisidir. Qeyd edim ki, Bakıdakı Dənizkənarı Bulvarın davamı olaraq, artıq bəzi bölgələrimizdə - dənizə və çaylara yaxın olan yaşayış məntəqələrimizdə də bulvar-park komplekslərinin yaradılmasına start verilib. Bunlar arasında Masallıda salınan Viləş park-bulvar kompleksini göstərmək olar. Artıq xeyli müddətdir ki, bulvarın tikintisi üzərində işlər sürətli şəkildə davam edir. Hətta bulvara xeyir-dua verənlər arasında ölkə prezidenti də var. Belə ki, bu ilin sentyabr ayının 18-də Masallı rayonunda səfərdə olan və bir çox açılışlarda iştirak edən ölkə prezidenti Masallı bulvarındakı işlərin gedişatı ilə yaxından maraqlanıb, öz tapşırıq və göstərişlərini verib. Hətta ən maraqlısı odur ki, ölkə prezidenti Masallıda bulvar salınmasını xəbər alan kimi, hərəkət istiqamətini (qrafikini) dəyişib və birbaşa bulvar salınan əraziyə gedib... Bulvar-park kompleksinin yaxın aylarda tamamlanması və istifadəyə verilməsi gözlənilir.

Azərbaycanın "Çin"i...

Hər bir dövlətin, millətin var olma, yaşam səbəblərindən biri də əhali artımı, demoqrafik təhlükəsizlik məsələsidir. Son statistik göstəricilərə görə, artıq Azərbaycan əhalisinin sayı 10 milyonun üzərindədir. Son illər əhali, uşaq doğumu sayında nisbi artım müşahidə olunmaqdadır. Və ən maraqlı və diqqətçəkən məqamlardan biri də odur ki, son illər ən çox artım, ən çox uşaq doğumu məhz Masallının payına düşür. Masallı rayon İcra Hakimiyyətinin rəsmi veb-saytında rayonun əhalisi haqqında verilən məlumata əsasən, 1 yanvar 2014-cü il tarixinə rayonun əhalisi 211.9 min (1 km2-ə 294 nəfər əhali düşür) nəfərdir. Amma Masallıda olarkən, bu rəqəmin son 4 ildə bir qədər də artdığı, rayon əhalisinin sayının 226 mini keçdiyi məlum oldu. Masallılılar özləri də bu artımdan məmnundurlar və təsadüfi deyil ki, özlərini "Azərbaycanı Çin"i adlandırırlar...

Şikayət və müraciətlərin sayı azalmaqdadır...

Ümumiyyətlə, Azərbaycanın bölgələri arasında inkişaf, tikinti-abadlıq, quruculuq işlərinə, yeni-yeni iş yerlərinin, müəssisələrin açılmasına görə Masallı ön cərgədə addımlayan rayonlardandır. Bunu rayona ayaq basarkən ilk addımdan hiss etmək mümkündür. Rayonda ölkə prezidentinin də iştirakı ilə Masallı Sənaye Məhəlləsinin istifadəyə verilməsini, "ASAN XİDMƏT" Mərkəzinin regional ofisinin məhz Masallıda açılmasını, müasir standartlara cavab verən və göz oxşayan Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun filialının yenə də Masallının payına düşməsini, yolların təmirini, hətta kənd və qəsəbələrarası yolların bərpasının az qala 100 faizə çatdırılmasını, insanlara asudə vaxtlarını və istirahətlərini təmin etmək üçün göz oxşayan parkların, yaşıllıqların, istirahət məkanlarının salınmasını və sairəni misal kimi qeyd etmək olar. Həmçinin, rayonda qaz və elektrik təminatı sahəsində demək olar ki, problem yoxdur. Qazlaşdırma tam başa çatmaq üzrədir. Həmçinin, Cənub yolunun istifadəyə verilməsi ilə Masallıya turistlərin axını müşahidə olunmaqdadır. Son illər Masallıya gələn yerli və xarici turistlərin sayı 20 mini ötüb. Rayonda "İstisu" İstrahət və Sağlamlıq Mərkəzinin tam istifadəyə verilməsi ilə Masallıya dincləmək, istirahət etmək üçün gələnlərin sayının gələcəkdə daha da artacağı, bunun da nəticə etibarı ilə rayonun inkişafına, əhalinin sosial-iqtisadi güzaranının daha yaxşılacağına müsbət töhfə verəcəyi qeyd olunur. Eyni zamanda, 70 illik sovetlər dönəmində olmayan bir hadisə bu il Masallıda yaşanıb. Belə ki, keçmiş sovetlər, o cümlədən, müstəqillik illərində Masallıda əkilib, becərilən torpaq sahələri 17 min hektarı keçməyib, amma bu il bu rəqəm 18 minə çatıb ki, bu da Masallının tarixində mühüm hadisə hesab olunur. Maraqlı məqamlardan biri də odur ki, son zamanlar istər yerli İcra Hakimiyyətinə, istərsə də rayonu təmsil edən millət vəkillərinə ünvanlanan şikayətlərin, müraciətlərin sayında azalma tendensiyası hiss olunur. Xüsusilə də, gənclər arasında şikayət edənlərin sayının azaldığı hiss olunur ki, bu da Masallıda yeni iş yerlərinin açılması ilə əlaqələndirilir və bu istiqamətdə də işlərin sürətləndirilməsi, daha çox yeni iş yerlərinin açılması nəzərdə tutulur...

Bölgələr üçün nümunə sayılacaq Masallı səhiyyəsi...

Masallının son illərdəki ən böyük üstünlüklərindən biri və bəlkə də birincisi rayon səhiyyəsinin ölkənin digər səhiyyə ocaqları ilə müqayisədə daha çox inkişaf etməsidir desəm, yanılmaram. İkigünlük səfərim və müşahidələrim zamanı özüm bunun canlı şahidi oldum. Masallı səhiyyəsində böyük inkişaf, tərəqqi yaşanır. Ötən əsrin 90-cı illərində yaşanan məlum iqtisadi çətinliklərlə, həmçinin, səhiyyədə başlanılan islahatlarla əlaqədar bir çox bölgələrdə səhiyyə ocaqlarının sayının azalmasına, çoxlarının yerli-dibli ləğv olunmasına baxmayaraq, Masallıda olan səhiyyə ocaqları qorunub saxlanılıb, hətta inkişaf etdirilib, yeniləri əlavə olunub. Belə ki, bir çox bölgələrdə mərkəzi xəstəxanalar sağlamlıq mərkəzlərinə çevrilsələr də, Masallının Rayon Mərkəzi Xəstəxanasını qoruyub saxlamaq mümkün olub. Bununla yanaşı, rayonun əksər kənd və qəsəbələrində tibb məntəqələri, poliklinikalar, xəstəxanlar, o cümlədən, Boradigah qəsəbə, Kalinovka kənd sahə xəstəxanaları, Rayon Mərkəzi Xəstəxanası tam müasir standartlara cavab verən vəziyyətə gətirilib. Sanki yeni xəstəxanalar tikilib. Bununla yanaşı, ətrafda inkişaf səviyyəsinə görə, Masallıdan geri qalmayan Lənkəran şəhəri və Cəlilabad rayonlarının olmasına baxmayaraq, müalicə, müayinə olunmaq üçün ən çox üz tutulan bölgə Masallı rayonudur desəm, yenə də yanılmaram, başqalarının haqqını tapdalamaram... Nəinki rayon əhalisindən, o cümlədən, ətraf bölgələrdən, hətta Masallıdan məsafəcə qat-qat uzaq olan bölgələrdən bura müalicə-müayinə olunmağa gələnlər çoxluq təşkil edir. Bunu Rayon Mərkəzi Xəstəxanasında, o cümlədən, Ağciyər Xəstəlikləri Xəstəxanasında olarkən bir daha gördüm.

Mirrəhim Nəbiyev: "Öz sənətimdən, öz taleyimdən çox razıyam"

Ağciyər Xəstəlikləri Xəstəxanasından söhbət düşmüşkün, bu xəstəxanı artıq 55 ilə yaxındır ki, mövcuddur. 1964-cü ildən fəaliyyət göstərən xəstəxana 35 çarpayılıqdır və orada olduğum ərəfədə 34 xəstəyə qulluq göstərilirdi, 34 nəfər vərəm xəstəliyindən müalicə olunurdu. Xəstəxanada da xəstələrin müalicə-müayinəsi üçün hər cür şərait yaradılıb. Hətta ölkənin bir çox xəstəxanlarında olmayan müasir tibbi avadanlıqlar məhz bu xəstəxanada var. Bunu söhbətində xəstəxananın gənc olmasına baxmayaraq, artıq böyük hörmət-izzət sahibinə çevrilmiş baş həkimi Mirrəhim həkim özü də dilə gətirdi. Qeyd etdi ki, elə aparatlar, elə cihazlar, tibbi avadanlıqlar var ki, onlar ancaq burada və bir də Respublika Ağciyər Xəstəlikləri İnstitutundadır. Xüsusilə, də bəlğəmin tam müəyyən olunması ilə bağlı ən müsair tibbi avadanlıq buradadır ki, bu da xəstəliklərin müalicəsi və müayinəsində çox böyük effektiv təsirini göstərir. Xəstəxanada hazırda 6 həkim, 13 orta tibbi işçisi fəaliyyət göstərir. Qeyd edim ki, digər xəstəliklərlə müqayisədə vərəm xəstəliyi ilə məşğul olan həkimlər arasında gənclər nisbətən azlıq təşkil edir. Amma Mirrəhim həkim öz işindən, öz sənətindən çox razıdır. Hətta Sumqayıtda doğulub, böyüməsinə baxmayaraq, öz doğma elində, Masallıda işləməyə üstünlük verib və buna görə də peşman deyil. Qeyd edir ki, artıq bir neçə il öncə ona etimad göstərilərək, xəstəxanaya baş həkim təyin edilib və bu baxımdan da çalışır ki, göstərilən etimadı doğrultsun: "Öz işimdən, öz sənətimdən, öz taleyimdən çox razıyam. Heç zaman nəyəsə görə təəssüf, peşmançılıq hissi keçirməmişəm. Əgər xəstəxanamıza gələn xəstələr buradan şəfa tapıb, evlərinə, ocaqlarına dönürlərsə, bu, mənim, eləcə də kollektivin ən böyük uğuru və xoşbəxtliyidir. Tərifləmək kimi də çıxmasın, xəstəxanamıza nəinki Masallıdan və ya Cənub bölgəsi rayonlarından, həmçinin, Xaçmazdan və digər rayonlarımızdan gələnlər var. Bu onu göstərir ki, biz işimizin öhdəsindən gələ bilirik, insanlar buradan şəfa tapıb gedirlər. Bu, elə nəyə desən dəyər..."

Cəlil Nəzərov: "Hər əməliyyatdan sonra sanki yenidən dünyaya gəlirəm..."

Qeyd etdiyim kimi, Masallı səhiyyəsinin bu səviyyə yüksəldilməsində ölkə rəhbərliyinin, Səhiyyə Nazirliyinin, o cümlədən, keçmiş və indiki icra hakimiyyəti başçılarının, o cümlədən, 30 ildən çoxdur ki, ömrünü bu yolda, insanlara şəfa verməkdə şam kimi əridən Cəlil həkimin böyük xidmətləri var. Cəlil həkimdən də harada söz düşürdüsə, insanların üzündə bir səmimiyyət, bir razılıq, bir məmnunluq hiss olunurdu. Onlar Cəlil həkimdən, onun gördüyü işlərdən ağızdolusu danışırdılar. İxtisasca uroloq (böyrək həkimi-cərrah) olan Cəlil həkim 1987-ci ildən, Tibb Universitetini bitirəndən bu yana Masallı Rayon Mərkəzi Xəstəxanasında çalışmaqdadır. Hətta dəfələrlə başqa yerlərdən, daha nüfuzlu tibb ocaqlarından dəvətlər alsa da, öz elində-obasında qalıb, çalışmağı daha üstün tutub. Adi həkimlikdən şöbə müdirliyinə, 2003-ci ildən isə rayon səhiyyəsinin rəhbərliyinə ucalıb, öz əməyi, öz zəhməti, öz peşəkarlığı hesabına... Ötən illər ərzində müalicə, əməliyyat etdiyi xəstələrin sayını belə unudub. Deyir ki, bəlkə də ötən illər ərzindən mindən artıq cərrahi əməliyyat aparıb və onların arasında da nəinki masallılılar, həmçinin, ərtaf bölgələrindən, hətta Masallıdan qat-qat uzaq rayonlardan olan insanlar olub: "Hər əməliyyatdan sonra sanki yenidən dünya gəlmişəm. Keçirdiyim hiss-həyəcan, gərginlik bir andaca yox olub gedib... Çünki əməliyyatın uğurlu keçməsi məni yenidən dünyaya gətirib, məni yenidən yaşamağa, işləməyə ruhlandırıb. Heç zaman da deməmişəm, şikayətlənməmişəm ki, əşşi, bu nə sənətiydi gəldim... Əksinə, hər dəfəsində özümü xoşbəxt sanmışam və demişəm ki, nə yaxşı ki, bu sənəti, həkimliyi, uroloqluğu seçmişəm... Hər bir sənət sahibi, xüsusilə də, həkimliyi seçən hər bir şəxs daim oxumalı, mütaliə etməlidir. Dayanmamalıdır, ən müasir elmi-tibbi biliklərə yiyələnməlidir. Əgər bunu etmədisə, demək olar ki, o bitmişdir, tükənmişdir... Buna yol vermək olmaz. Daim oxumaq, mütaliə etmək, biliklərini, dünyagörüşünü artırmaq lazımdır. O zaman ürəklə və şəstlə deyə bilərsən ki, mən əsl həkiməm". Cəlil həkim uroloq kimi yetişməsində akademik Südeyif İmamverdiyevin, o cümlədən, mərhum akademik Mirməmməd Cavadzadənin böyük rolu olduğunu bildirib: "Mənim müəllim Südeyif müəllim olub. Ona ömrüm böyu minnətdaram. Eyni zamanda, təhsilimi başa vurub, yeni işlə başladıqdan az müddət sonra Urologiya İnstitutuna kursa göndərildim. O zaman həmin İnstituta Azərbaycanımızın fəxri olan Cavadzadə rəhbərlik edirdi. Onun da mənim üzərində əməyi, zəhməti olub. Allah o dünyasını versin, Südeyif müəllimə isə can sağlığı, uzun ömürlər, yeni-yeni uğurlar arzulayıram". Cəlil həkim baş həkim təyin edilən vaxt rayondakı xəstəxana və tibb məntəqələrinin, xüsusilə, Mərkəzi Xəstəxananın çox ağır vəziyyətdə olduğunu qeyd edərək, ötən illər ərzində səhiyyədəki problemlərin aradan qaldırılması istiqamətində dövlət və rayon rəhbərliyi səviyyəsində böyük inqilabi addımlar atıldığını bildirir: "Bu illər ərzində rayon səhiyyəsinin inkişafı üçün çox böyük işlər görülüb. Rayonda bütün xəstəxana və tibb məntəqələri ən müasir səviyyəyə çatdırılıb, ən müasir tibbi avadanlıqlarla təmin olunub, yeniləri tikilib. İndi əyləşdiyimiz bu xəstəxana 2013-cü ildə çox bərbad durumda idi. Hər yer uçulub, tökülürdü. Həmin vaxt digər xəstəxanalar kimi Mərkəzi Xəstəxana da təmirə dayandı və 4 ildən sonra ən müasir vəziyyətdə istifadəyə verildi. Demək olar ki, əvvəlkindən əsər-əlamət qalmayıb. Lap gününü də dəqiq deyərəm ki, 2017-ci il oktyabrın 19-da xəstəxanamız əsaslı təmirdən sonra istifadəyə verildi. Onu da bildirim ki, Masallı Rayon Mərkəzi Xəstəxanası birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub".

Yeri gəlmişkən qeyd edim ki, Masallıda səhiyyə ilə bağlı müsbət tendensiyalardan biri də odur ki, burada digər bölgələrlə müqayisədə bir cavanlaşma hiss olunur. Yəni əksər bölgələrdə həkimlərin daha çox 50-70 yaş arasında olmasına rəğmən, burada həkimlərin cavanlaşması, gənc həkimlərin sayının artım tempi müşahidə olunmaqdadır. Özü də böyük əksəriyyəti çox peşəkar, bacarıqlı, işini bilən həkimlərdir və onlara da böyük etimad var. Bunlar arasında Əziz Eldaroğlunu, Eşqin Əliyevi, İlqar Məmmədovu, Fikrət Cəfərovu, Rahid Kərəmlini qeyd etmək olar. Onlar ən müsair tibbi avadanlıqlarla işləməyi bacaran, xəstələrə yüksək səviyyəli qulluq göstərən və hörmət qazanan həkimlərdəndirlər. Eyni zamanda, Xalidə Sadıqova, başdan-ayağa həkimlərdən ibarət olan, həkimlər ailəsi kimi tanınan, şöhrətlənən Əliyevlər ailəsinin nümayəndəsi Asif həkimin adlarını çəkmək olar. Asif həkim də, Xalidə xanım eyni ildən - 1976-cı ildən Masallı Rayon Mərkəzi Xəstəxanasında çalışırlar. Bütövlükdə adlarını çəkdiyim və çəkmədiyim insanlar hər biri öz işinin, öz sənətinin əsl uzmanlarıdır. Bunu xəstələrlə, cərrahi əməliyyata, həmçinin, müayinə və müalicəyə gələn yerli və kənar şəxslərlə söhbətlərdən də eşitmək olar, necə ki, oldu da...

... Masallıdan müsbət təəssüratlarla ayrıldım və çox istərdim ki, bunlar davamlı olsun. Yəni Masallıda yaşanan bu inkişaf, səhiyyədəki uğurlar yerində saymasın, davamı da gəlsin. Həmçinin, digər bölgələr Masallının təcrübəsindən öyrəsinlər, yaralansınlar, ziyanlarına olmaz.

Kamil HƏMZƏOĞLU

Bakı-Masallı-Bakı

525-ci qəzet  2018.- 23 oktyabr. - S.4.