Milli yaddaşımıza əbədi
həkk olunmuş sərkərdə
GÖRKƏMLİ
HƏRB VƏ DÖVLƏT XADİMİ GENERAL-MAYOR III KALBALI
XAN NAXÇIVANSKİ-KƏNGƏRLİ HAQQINDA
PUBLİSİSTİK QEYDLƏR
(Əvvəli ötən
sayımızda)
O çətin günlərdə Azərbaycanın
digər rayonları Naxçıvana həmrəylik bildirirdilər.
1919-cu il iyunun 10-da Ağdam sakinləri ADR Nazirlər
Şurasına teleqram göndərdilər.
Teleqramda deyilirdi: "Azərbaycanın
ayrılmaz hissəsi olan Qarabağ və Naxçıvanı
müdafiə etməyə həmişə hazırıq; Vətənimiz
uğrunda ölümə hazırıq; Öz ermənilərini
məhv edən bir ovuc intriqan daşnak Qarabağ və
Naxçıvanı alacağına ümid etməsin".
Teleqramı Mirzə Davud, Bədəlbəyov, Behbudov,
Sadıqov, Naibov, Əhmədov, Mirbağırov
imzalamışdı.
Azərbaycanın hər bir guşəsindən
gələn səmimi məktublar Kalbalı xanı və onun
döyüşçülərini çox
ruhlandırırdı. III Kalbalı xan professional siyasətçi
deyildi və siyasətlə də məşğul olmurdu. O,
çox cəsur döyüşçü idi və hərbi
işləri əla bilirdi. Naxçıvana gəldiyi ilk
gündən naxçıvanlı gənclərə
döyüşdə vuruşmağı, silahdan atəş
açmağı və döyüş qaydalarını,
topdan atəş açmağı əla öyrədirdi. III
Kalbalı xan çox intizamlı və ciddi olduğundan əsgərlər
onun hər bir əmrini can-başla yerinə yetirirdilər.
Bir məsələni qeyd etmək yerinə
düşər. 1918-1920-ci illərdə
Naxçıvanın tarixinə dair maraqlı tədqiqat əsərləri
yazılıb. O kitabların bəziləri Sovet hakimiyyəti
illərində yazıldığından bolşevik siyasəti
öndə tutulub. Yəni hərbçi Naxçıvanskilərin
müdafiə işləri və apardığı
döyüşlər az qala danılıb. Bunu bacara bilməyən
bəzi tədqiqatçılar isə onlara qisasçılıqla
yanaşıblar.
Amma aparılan axtarışlar göstərir
ki, onların hərbçi Naxçıvanskilər
haqqında dedikləri həqiqətə uyğun deyil.
Çünki Naxçıvanda hansı hökumətin fəaliyyət
göstərməsindən asılı olmayaraq xan əsilli hərbçilərin
müqəddəs bir amalı olub: Naxçıvanı erməni
hücumlarından qorumaq və Azərbaycana birləşdirmək.
Sadəcə xan əsilli hərbçilərin
həyat və fəaliyyətləri, xüsusən 1918-1919-cu
illərdə Naxçıvanda apardıqları
döyüşlər dərindən tədqiq edilmədiyindən
yazılanlar bir-birini təkrarlayıb. Cəfərqulu xan
Naxçıvanskinin diplomatik fəaliyyəti və siyasəti
də araşdırılmayıb. Həmişə təkrar
deyiblər ki, o, Naxçıvanı İrana birləşdirmək
istəyirdi. Bu iddianı təsdiqləyən sənəd
varmı? Yaxud onun igid döyüşçü oğlu III
Kalbalı xanı elə bəsit məsələlərdə
günahlandırırlar ki, bu onun xarakterinə heç
uyğun gəlmir. Məsələn, onu da Naxçıvanı
guya İrana birləşdirmək arzusundan, Culfadakı sement
anbarından Makudakı qohumlarına sement satmağından və
s. söhbət açmaqla onu günahlandıranlar da
tapılır. Bunlar heç biri həqiqət deyil.
Çünki bəzən arxivlərdəki raportlarda,
donosçuluq məlumatlarında yalanlar da olur. Baxır o
donosu verənlər kimlərdir? Tədqiqatçı gərək
bu məsələdə çox obyektiv və ədalətli
olsun. Heç hara tərəf saxlamasın.
Cəfərqulu xan və oğlu Kalbalı xan
bu iki ildə daim xalqın içində olublar. Ata diplomatiya
dili ilə ingilis, amerikan generallarıyla danışıqlar
aparıb. Xalqdan heç nəyi gizlətməyib və
heç vaxt da İranda gizlənməyib. Çünki
1905-1907-ci illərdəki hadisələrdə ermənilər
ən çox Cəfərqulu xanı məhkəmələrə
çağırıblar, böhtan atıblar. İrəvan
şəhərində gedən məhkəmələrdə Cəfərqulu
xan həmişə yazıçı Eynəli bəy
Sultanovu vəkil tutub. Çox təəssüf ki, bu vacib məsələlər
tədqiqatçıların nəzərindən kənarda
qalıb. Bu məhkəmələr haqqında Tbilisi şəhərindəki
Gürcüstan Milli Kitabxanasının "Nadir kitablar"
fondunda saxlanılan "Zaqafqaziya" (rusca) qəzetində ətraflı
məlumatlar var.
1905-1907-ci illərdə də Cəfərqulu
xan və Rəhim xan qardaşları
naxçıvanlıları erməni daşnakların
qırğınlarından xilas etmişlər. Onlar həmişə
sadə xalqın içində olublar və onların sözlərini
deyiblər.
Bu isə heç vaxt ermənilərin və
onları himayə edənlərin xoşuna gəlməyib. Ona
görə də 1918-1920-ci illərdə ingilis və amerikan
generallara arxalanan ermənilər əsas maneə olaraq Cəfərqulu
xanı və oğlu Kalbalı xanı bilirdilər və
aradan götürmək üçün Naxçıvanda
onları gizlində himayə edənləri onlara qarşı
qaldırırdılar.
Cəfərqulu xanın və Kalbalı
xanın başı müharibədən, döyüş və
danışıqlardan açılırdı ki, var-dövlət
haqqında düşünsünlər? 1919-cu il
Naxçıvan üçün çox dəhşətli
il idi. Heç bir əkin sahəsi əkilməmişdi. Hər
yerdə Naxçıvan uğrunda döyüşlər
gedirdi. İngilis və amerikan generalları onlarla hərbi kələklər
qururdular ki, Naxçıvan ermənilərə versinlər.
Cəfərqulu xanın diplomatiyası və
oğlunun - igid sərkərdə III Kalbalı xanın iradəsi,
qətiyyəti və əla döyüş
bacarığı Naxçıvanı ermənilərə
vermək istəyənlərin planlarını alt-üst
edirdi desək azdır, daha doğrusu, tar-mar edirdi.
Çünki Cəfərqulu xanın və Kalbalı
xanın arxasında naxçıvanlılar dururdu. Xalq Cəfərqulu
xanı uzaqgörən bir ağsaqqal hərbçi, səbirli
insan və təəssübkeş rəhbər kimi ürəkdən
sevirdilər. III Kalbalı xanı apardığı çox
gərgin döyüşlərdən qalib
çıxdığına görə Naxçıvan
camaatı "Xalq Qəhrəmanı"
adlandırmışdı. Dünyada xalq sevgisindən yüksək
heç bir mükafat yoxdur və ola da bilməz! Hətta
İbrahim bəy Cahangirli də
öz xatirələrində yazır ki, Cəfərqulu
xanın oğlu Kalbalı xanı xalq çox sevirdi. Bir
çox müəlliflər Kalbalı xanın
Naxçıvanda, İrəvanda, Ordubadda yüksək
nüfuzundan ürəkdolusu yazırlar və hamısı da
etiraf edirlər ki, yüksək vətənpərvər olan Kalbalı
xan Naxçıvanın Azərbaycana birləşdirilməsinin
qatı tərəfdarı idi və bu ruhda
döyüşürdü. Dediklərimizi sənədlər
də təsdiqləyir. Onlardan birini olduğu kimi veririk. Bizcə,
bu, III Kalbalı xana böhtan atan bəzi tədqiqatçılara
yaxşı cavabdır: "Naxçıvanda hakimiyyətin
sonrakı taleyi ilə bağlı Cəfərqulu xanın
iqamətgahında keçirilən görüşdə Azərbaycan
Xalq Cümhuriyyətinin nümayəndə heyəti ilə
yanaşı, ingilis general-qubernatoru
da iştirak edirdi. AXC-nin nümayəndələri Cəfərqulu
xanın başçılıq etdiyi hökuməti
tanıdıqlarını bildirdilər. Həmin
görüşdə Naxçıvanın könüllü
olaraq AXC-yə birləşməsi haqqında akt tərtib
olundu. Aktın mətninin hazırlanması üçün
yaradılan komissiyanın üzvlərindən biri də
Mirbağırov idi. Siyasi, hərbi, iqtisadi mədəni və
maddi məsələlərə aid bəndlərdən ibarət
akt hökumət və Milli Şura üzvləri tərəfindən
imzalanaraq, hökumət möhürü ilə təsdiqlənmişdir".
Bu tarixi akt hələ 1919-cu il fevralın 22-də
Naxçıvan şəhərində Cəfərqulu
xanın iqamətgahında (indiki Cəmşid
Naxçıvanskinin ev-muzeyi yerləşən binada-müəllif)
imzalanıb.
Mənbələr yazır ki,
görüşün sonunda Mir Abbas Bağırov (İrəvan
quberniyası müsəlman həmyerlilər cəmiyyətinin
nümayəndəsi) Kalbalı xanın əlindən tutaraq
dedi: "Öz qeyrət və düzlüyünə görə
Kalbalı xan xalqın sevimlisidir. Bizim səmimi və sevimli
yoldaşımızdır. O, bizimlə işləyəcəkdir
və onu heç kim işdən uzaqlaşdıra bilməz".
Bunlardan başqa digər faktlar da gətirmək
olar. Bizcə, tədqiqatçı qarşısına
qoyduğu problemə ciddi və ədalətli
yanaşmalıdır. Fikirləşməlidir ki, axı niyə
Kalbalı xan və atası Naxçıvan Araz-Türk
Respublikasının başçısı Əmir bəy Nərimanbəyovun
Naxçıvanın müdafiəsi məsələsində
rəqibə çevrilirdilər? Qeyd edək ki, indiyədək
Əmir bəyin familiyasını Əkbərzadə, Kəngərli
və Vəzirov kimi yazmışlar. İbrahim bəy Cahangirli
öz xatirələrində onun familiyasını Vəzirov
yazıb. Amma o, Şuşa Nərimanbəyovlarındandır.
Bu, bir çox arxiv sənədlərində yazılıb.
Əmir bəyə
tapşırmışdılar ki, otur Qəmərlidə,
Naxçıvanı idarə elə. Döyüş isə
Naxçıvanın məhəllələrində gedirdi.
Naxçıvanlı döyüşçülər al-qana
boyansalar da, Naxçıvanı ermənilərə təslim
etmirdilər. Belə halda, hansı hərbçi Əmir bəyin
rəisliyini qəbul edərdi? Dəfələrlə
yazırıq ki, Cəfərqulu xan çar Rusiyasının
apardığı ən qanlı döyüşlərdə
yüksək mükafatlar almışdı. Rəhim xan da onun
kimi. Kərim xan, Fətəli xan və başqaları yetkin və
hünərli hərbçilər idi. Əsl həqiqəti
bu gün hökmən qeyd etməliyik: Cəfərqulu xan
başda olmaqla digər xan əsilli
döyüşçülər və onların 10 minə
çatan və Naxçıvana sədaqət andı
içən əsgərləri çox haqlı idilər! Qəmərlidə
oturub kimlərinsə sifarişini yerinə yetirib
Naxçıvan ermənilərə təslim etmək
olmazdı! Əgər hərbçi Naxçıvanskilər
sakitcə durub baxsaydılar ki, Əmir bəylə onun dəstəsi
(heç biri hərbçi deyildilər, İbrahim bəydən
başqa) Naxçıvanı müdafiə etsin, bizə nə
var. Onda Azərbaycan xalqı və tarix xan Naxçıvanskilərə
bunu bağışlamazdı. Qeyd edək ki, İbrahim bəy
Naxçıvan Araz-Türk Respublikasının ilk naziri olsa
da, başı Qars Milli Şurasının işlərinə
qarışmışdı. Onun özünün
yazdıqlarından məlum olur ki, Qəmərli daşnaklar tərəfindən
işğal ediləndə hökumətin 3 üzvü
qalmışdı. Əmir bəy, Bağır Rzayev və
İbrahim bəy. Amma Naxçıvanı 1918-ci ildən
başlayaraq Naxçıvanskilərin rəhbərliyi ilə
naxçıvanlılar özləri müdafiə edirdilər.
Bu, çox dəqiq tarixi həqiqətdir və yan keçmək
olmaz!
Osmanlı qoşunlarını da Cəfərqulu
xanın məsləhəti ilə
çağırmışdılar. Türk hərbçiləri
gələn kimi, igid Kalbalı xana Türkiyənin ən ali hərbi
ordenini - Məcidiyyəni təqdim etmişdilər. Bu haqda sənəd
Naxçıvan MR Dövlət Arxivində qorunur. Amma bu iki
ilin çox mürəkkəb illərində III Kalbalı
xan Naxçıvanı ancaq Azərbaycanın tərkibində
görmək istəyib. Heç bir təhdidlər,
mükafatlar və sair onun bu iradəsini sındıra bilməyib.
Bax, buna görə bir çoxları ona diş
qıcayırmışlar. Bu iki ildən çox müddətdə
o, 3 dəfə yaralansa da, axıra kimi ulu babası I
Kalbalı xan kimi müharibəyə gedən
döyüşçülərin önündə olub. Məsələn,
erməni işğalçılarını III Kalbalı xan
1919-cu il avqustun 30-da Naxçıvandan döyüşlə
çıxartdı. Onun 1920-ci il martın 21-də
daşnaklarla döyüşü Ordubadda, Tivi kəndinin
yaxınlığındakı Kolabadda olub. Amansız
döyüşlər Ordubadın şəhər qəbiristanlığında
gedəndə Kalbalı xanın cəsur
döyüşçüləri gəlib məharətlə
döyüşmüşlər və Ordubadı erməni
daşnaklarından xilas etmişlər. Naxçıvan
diyarının hər bir qarışı bu qəhrəman
eloğlunuz üçün müqəddəs idi. Əvvəllər
də, sonralar Araz-Türk Respublikasının dövründə
də, dəfələrlə onun döyüşçüləri
Şərurda, Vedibasarda və digər yerlərdə yüksək
bacarıq və sədaqət nümayiş etdirmişlər.
Qaldı Cəmillinskinin ondan xoşagəlməz məktublar
yazmağına, bizcə, burada Cəmillinskinin
qısqanclığı və bir də kimlərinsə
barmağı var. Çünki bəzi sənədlərdə
belə məlumat var ki, Cəmillinski Ordubadla qohumdur. Bəlkə
də, gələcəkdə tapılan sənədlər bu
məsələni də aydınlaşdıracaq.
Gördüyümüz kimi, 1918-1920-ci illərdə
Naxçıvan çox çətin, lakin şərəfli
bir tarix yaşayıb. O tarixin baş qəhrəmanı III
Kalbalı xandır.
Sonda III Kalbalı xanın Naxçıvanla
vidalaşmasını çox kədərli duyğularla
xatırladım. Bunu mənə tarix müəllimim
danışmışdı. Tarix müəllimimiz Fərzəliyev
(əslində Fərzəlibəyov) o hadisənin canlı
şahidi olmuşdu.
1920-ci il iyulun 28-i bolşevik qoşunları şəhərin baş meydanında, İsmayıl xan hamamının yanında toplaşıblar. Şəhər əhalisi buradadır. Kimsə həmin mənzərənin fotosunu çəkib. Arxivimizin foto fondunda saxlanılır.
Gələn rus hərbçilərdən
hansısa Kalbalı xanı Birinci Dünya müharibəsindən
tanıyırmış. Məsləhət görür ki,
onlarla işləməyə razılıq versin. Amma III
Kalbalı xan razılıq vermir. Və orada general
İsmayıl xanın bağına tərəf olan
artırmada dayanıb naxçıvanlılar
qarşısında çıxış edib. O,
naxçıvanlılara məsləhət görür ki,
bolşeviklərə qarşı vuruşmağın yeri
yoxdur. Onların silahı çoxdur. Biz ermənilərə
imkan vermədik ki, Naxçıvana yiyələnsin. Bu, bizim qələbəmizdir.
İndi Azərbaycanda sovet hökuməti qurulsa da,
Naxçıvan diyarı
artıq onun tərkibindədir. Mən bu quruluşu qəbul etmədiyimdən
İrana mühacirət edirəm. Mən bu gün ulu
babalarımın İmamzadəyə bitişik məqbərələrinə
gedib onları yad etdim, onların ruhları
qarşısında alnıaçıq hesabat verdim. Biz nəsillikcə
bu qədim torpağın süvari
döyüşçüləri olmuşuq.
Babalarımızın Mömünə Xatunun yanındakı
sarayın önündə asdıqları Naxçıvan
bayrağını əmimoğlu İskəndər xan
atasının tapşırığı ilə Təbrizə
aparıb. O, ulu əcdadlarımızın bizə son yadigarıdır.
O bayrağı babalarımız gözləri kimi
qorumuşlar!
Müəllimim nəql edirdi ki, mən onun lap
yaxınlığında idim. Kalbalı xan bayrağı deyəndə gözlərindən iki damla yaş
yanaqlarına axdı.
İngilislər Naxçıvanda qubernatorluq
quranda əmr edirlər ki, şəhərdə ancaq ingilis
bayrağı asılmalıdır. Onda Rəhim xan Kəngərli
süvarilərinə məxsus yaşıl bayrağı 25
metrlik minarədən çıxartdırır və evində
saxlayır.
İgid, cəsur gənc sərkərdə III
Kalbalı xan təəssübkeş naxçıvanlı
döyüşçülərlə vidalaşanda bəlkə
də, tarixləşən Naxçıvanı və
naxçıvanlıları görürdü.
III Kalbalı xanın hünərini, qeyrətini,
cəsurluğunu və aslan kimi bacarıqla döyüşməyini
axıb gedən bu gecənin kədərində bir daha
yaşadım. Oxuduğum kitablardan, arxiv sənədlərindən,
bir də 23 yaşında, Birinci Dünya Müharibəsi illərində
çəkdirdiyin fotoşəkildən səni gördüm,
tanıdım böyük sərkərdə. Və bir tədqiqatçı
kimi bunu etiraf etməyi özümə borc bildim: 1918-1920-ci illərdə
Naxçıvanı erməni quldurlarından xilas etməkdə
öndə sənin və atan Cəfərqulu xanın adı
həmişə ehtiramla, məhəbbətlə çəkilir
və ürəklərdə yaşayır. Naxçıvan
durduqca hər təzə gələn nəsillərin də qəlbində
yaşayacaqsınız!
Musa
RƏHİMOĞLU (QULİYEV)
AMEA
Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
525-ci.-2018.-24 oktyabr.-S.6.