Heyrətamiz bir aləm -
Hüseyn Cavid sənəti
Azərbaycan ədəbiyyatına "Ana",
"Afət", "Şeyx Sənan",
"Uçurum", "Topal Teymur", "İblis",
"Peyğəmbər", "Xəyyam", "Səyavuş"
kimi bir-birindən dəyərli sənət inciləri bəxş
etmiş dahi Hüseyn Cavid "nə sələflərinə,
nə də xələflərinə" bənzəyir.
Mütəfəkkir sənətkarın istər
poeziyası, istərsə də dramaturgiyası heyrətamiz
bir aləmdir. Bu ziddiyyətlərlə dolu, münaqişəli,
mübarizəli və heyrətamiz aləmin şah əsəri
gözəllik və sevgidir. Yaradıcılıq kredosunu
"Bənim tanrım gözəllikdir, sevgidir" - şəklində
ortaya qoyan sənətkar nə
yazıbsa, gözəllik və sevgiyə tapınaraq
yazıb. Onun gözəllik və sevgiyə
tapınmağı həqiqət axtarışlarından
başlayır. Bu səbəbdən Cavid əfəndi
düşünən və düşündürən sənətkardır
və onu anlamaq üçün yalnız "gözəlliyi
axtara-axtara və gözəlliyə salınan
işığın izi ilə axıra qədər başa
düşmək olar. Gözələ "məna
gözü ilə baxan" şairin
yaradıcılığında da sevgi və gözəllik
Tanrı səviyyəsindədir. Gözəlliyə aşiq,
sevən insanın yolu özünüdərkdən
keçir, kamilləşir, Allahlaşır. Əgər
dünyanı bir sərgi salonuna bənzətsək, o sərginin
şah əsəri gözəllikdir. Onu seyr etmək azdır,
onu görmək, onu sevmək lazımdır. Eşq gözəlliklə
vəhdətdə daha kamildir,
çünki gözəllik həqiqətdir və
küllün (Allahın) bir zərrəsi kifayətdir ki, onu
özündə daşıyan insan (cüz) sevilməyi haqq
etsin. Füzuli "Rindü Zahid" əsərində Rindin
dili ilə gözəlliyi belə xarakterizə edir:
"Gözəllik Allah simasının aynasıdır, Allah
axtaranların məqsədə çatmaları
üçün yol göstərəndir. Camal Allah nurunun məzhəridir, əbədi feyzin mənşəyidir. O, hər
yerdə həqiqi gözəllik mənşəyi olur. Zənn
etmə ki, gözəllik su və palçıqdan ibarətdir.
Bəlkə gözəllik bir həqiqətdir ki, gözəl
üzdə də aşikara çıxıbdır. Camal
sahibi bir oyuncaqdır ki, camal göstərir". Cavid əfəndidə
filosofluqla, sufilik, sufiliklə şairlik vəhdətdədir.
"Şair zirvəni poetik vüsətin qüdrəti ilə fəth edir və təbii ki, özünü məhz sənətlə, musiqi və ya şeirlə ifadə edir (şairin filosofluğu). Filosof kəşflə qalxdığı məqamı təfəkkürün, məntiqi idrakın dili ilə, terminlərlə ifadə etməyə çalışır - bilik əldə edir - anlayır, dərk edir. Sufi harada isə şairlə filosofun arasında qərar tutur. Sufi-şair ruh aləminin yolçusudur. Və bu yolda rast gəldiklərini ifadə etmək üçün gah şeirin, sənətin, gah da fəlsəfənin xidmətindən istifadə edir. İlham, vəcd sənətkara Haqqı bilavasitə görmək, eşitmək, duymaq imkanı verir. Bu, sözü qanadlandıran və söz dünyasının böyük imkanlarını üzə çıxaran bir imkandır. Sufi ilham, vəcd, kəşf qanadlarında mərtəbə-mərtəbə yüksəlir, Haqla özü arasındakı pərdələri bir-bir qaldıraraq Haqqa qovuşmağa çalışır". Mahiyyət müstəvisində Cavid əfəndi Cübranla, İbn Ərəbi ilə, Avropa şairlərindən Hölderlin və Kitslə çox yaxındır. Adları çəkilən şairlərin də səcdəgahı gözəllikdir: "Mənim Tanrım gözəllikdir, sevgidir" (Cavid), "Gözəlliyin hüdudlarından kənarda nə din var, nə elm" (Cübran), "Sevginin səbəbi gözəllikdir. ...Zira gözəllik təbiətcə sevilən şeydir" (İbn Ərəbi), "din - gözəlliyə sevgidir" (F.Hölderlin), "Gözəllik doğruluqdur, doğruluq isə gözəllik, hamısı bu" (Kits).
Cavid əfəndinin bütün
yaradıcılığı boyu inadla təbliğ etdiyi
Gözəllik və Sevgi ideyasının əsasında
Gözəlliyin yaratdığı sevgi dayanırdı.
Çünki sevgi insanı kamilləşdirir. Əslində,
insanları kamil görmək istəyən ədibin inadla təbliğ
etdiyi məhəbbət ideyası kamilliyin açarıdır.
O, insanları sevgi və gözəllik işığında
saflaşmağa, kamilləşməyə, özünüdərkə-həqiqətə
çağırırdı. Məsələn, "Şeyx Sənan"da
Şeyx Sənanın kamilləşməsi Xumara olan eşqindən
keçir, Şeyx Xumarın eşqiylə həqiqətə
çatır. Onların "mənəvi qələbə"si,
"mütləq həqiqətin dərki" və "təntənəsi"
idi. Bu yüksəliş həm Həqiqətə - Allaha
çatmaq, Allahda var olmaq, həm də Allahda yox olmaqdı. Bu
səbəbdən, "Mənim Tanrım gözəllikdir,
sevgidir", - deyə yaradıcılıq kredosunu bəyan edən şair sevərək
özünüdərkə - Haqqa-Həqiqətə yaxınlaşmağı,
"sevərək Allahlaşmağı" seçdi. Bununla
da "hüsni-xuda", "səma
şairi" "yer həqiqətlərindən
çox-çox yüksəkdə dayandı,
çünki göylər
şairində "hüsni-xuda"ya, "səma"ya
bağlılıq yerə bağlılıqdan daha
güclü idi". Cavid əfəndi, "xuda"nın ona
bəxş etdiklərindən xəbərdar idi. Xəbərdar
idi ki, hələ 27
yaşında ikən (1909) özünə "Cavid" təxəllüsünü
götürmüş, bununla da adının və sənətinin
əbədi qalacağına inamını ifadə etmişdi.
Özünün kimliyini, əbədiliyini hələ 27
yaşında ikən dərk etmiş şair, kiçik
yaşlarından "Gülçün" təxəllüsü
ilə şeirlər yazmış, 14 yaşlarında
"yol"a qədəm qoyaraq "Salik",
27-yaşında isə "Cavidləşmişdi". Yəni
Cavid əfəndi şəriətdən keçərək təriqətə,
təriqətdən keçərək mərifətə, mərifətdən
keçərək Həqiqətə yol almışdır.
Onun Şərqin böyük elmi, fəlsəfi,
dini yaddaşı hopmuş yaradıcılığı bu
aspektdən mükəmməldir. Cavid əfəndiyə
başqa bir aspektdən yanaşan Sovet tənqidçiləri, məsələn,
H.Zeynallı yazırdı: "Cavid bir "Şeyx Sənan"
yazar, bir "Peyğəmbər" yaratmağa qeyrət edər,
bəlkə də şimdi bir Çingiz, yarın bir İsgəndər,
ertəsi gün də bir Lenin diriltməyə can
atacaqdır". Tənqidçilər belə
düşünürdülər, lakin böyük bir fəhmlə
özünün ədəbiyyatda əbədiliyini idrak edən
Cavid əfəndi nədən yazdığını və
necə yazdığını bilirdi: "Nədən
yazmağın məsuliyyətini həmişə yadda saxlamaq
lazımdır ki, beşgünlük olmasın. Yazının
tərzi vaxtı ötəndən sonra köhnə
görünə bilər. Bu, qorxulu deyil. Qorxulusu odur ki,
mövzuların günün hay-küyü ilə
bağlı olsun və hay-küy yatan kimi də unudulsun. Məsələn,
baxın, indi Çan-Kay Şidən yazırlar, şer də
həsr eləyirlər ona. Ancaq görərsiniz, çox
keçməyək ki, o yazıların çap olduğu qəzet-jurnalın
vərəqləri yalnız əl silməyə
yarayacaqdır".
Üzərindən uzun bir müddət
keçsə də, ədibin böyük bir uzaqgörənliklə
söylədiyi sözlər bu gün öz təsdiqini
tapır. Cavid əfəndinin "müasirliyi qədimilik"
"qədimiliyi müasirlik" yaradan əsərləri
oxucuları sehrləyir. Çünki Cavid əfəndi
dönəm üçün yazmır, yaratdıqları ilə sənətə
- böyük ədəbiyyata xidmət edirdi. Təbii ki,
şair yazdıqları ilə sovetləri razı sala bilməzdi.
Cavid əfəndi üçün sovet ideologiyası, sovetlər
üçün Cavid əfəndi yad idi. Məddahlıq etməyi
bacarmayan Cavid əfəndinin yaradıcılığında nə
kommunist partiyasına, nə Leninə, nə Stalinə, tarlaya,
pambığa, İliç lampalarına həsr edilmiş bir
misraya rast gəlinir, yəni tənqidçilərinin dediyi
kimi, şairin yaradıcılığı
yaşadığı dövrü - "əks etdirmir",
çünki "yaşadığı dövrü əks
etdirmək" ideologiyanı qəbul
etməkdən, məddahlıqdan, təbliğdən
keçirdi. Yenidən qurulanlar, ideologiyaya qulluq göstərənlər
Cavid əfəndinin ayaq dirəməsini həzm edə bilməyənlər,
şairin "qələmdaşları" yerlərini daha da
möhkəmlətmək, özlərini qorumaq
üçün "hər əlinə bir daş
almışdı. Özümüzdən özümüzə
sərt, kəskin hücum başlamışdı.
Hücumçular da: M.Quliyev, M.Hüseyn, Ə.Nazim,
S.Şamilov, M.K.Ələkbərli,
H.Nəzərli, Ə.Sadıq və b., hücuma məruz
qalanlar da özümüzünkülər, sevdiklərimiz -
Ə.Cavadımız, M.Müşfiqimiz, Y.V.Çəmənzəminlimiz,
H.Cavidimiz və b. idi. Bu hücum mətbuat səhifələrində
yer alan tənqiddə, ədəbi məhkəmələrdə,
Azərbaycan Sovet Yazıçıları
İttifaqının Plenumunda (1937 martın 28) daha da kəskinləşmiş, Cavid əfəndi 1937-ci il 4 iyun gecəsi
həbs edilmiş, iki il Bayıl həbsxanasında
saxlandıqdan sonra Sibirə sürgün edilmişdi. "Vətən
xaini" çıxarılan
Cavidin adını 20 illlik zaman kəsimində çəkməyə
kimsə cəsarət etməmişdi.
Türkçü, turançı şairin
heç zaman vətən hesab etmədiyi
"Qırmızı imperiya"ya xain çıxması
özünə vətən saydığı Turana sədaqət
idi. Təəssüf ki, "Vətən,
vətən deyərək hər diyarə səs
salan", "dilindən məqali-vətən"i
düşürməyən şairi vətənində nə
yaşamağa, nə ölməyə qoydular. O, vətəndən uzaqlarda, Sibirdə gözlərini əbədiyyətə
yumdu.
"Ədalət istərəm, yalnız ədalət"
- deyən şairə nə dövran, nə rejm, nə də
qələmdaşları ədalətli olmuşdu. Ədəbiyyatımızın
"sal" daşına daş atanların əlinə
daş verənlər də, daş atanlar
özümüzünkülər idi. Daş atmaq, daşlamaq
xəstəliyi dinindən, irqindən asılı olmayaraq
insan oğlunun şakəridir. Peyğəmbərə (s.)
daş atan da insan deyilmi? Bəşəriyyəti hürr, səadət
və rifah, sülh içində görmək istəyən
Cavid əfəndi də rejm və insanlar tərəfindən
daşlanırdı. Şairin
daşlanması gözəlliyin,
sevginin, insanlığın, mənəviyyatın, tarixin, sənətin
daşlanması idi.
Şükürlər olsun ki, Cavid əfəndi
özünə "bənzərsiz"
yaradıcılığı ilə elə möhtəşəm
bir saray - qala ucaldıb ki, atılan daşlar bu qalanı
dağıda bilməyib. 1937-ci il repressiyasında
pantürkist-millətçi kimi Uzaq Sibirə sürgün
edilən Cavid əfəndiyə ikinci saray - Hüseyn Cavid məqbərəsi
isə, şairin cənazəsini vətənə gətirən
Ümummilli lider Heydər Əliyev tərəfindən
Naxçıvanda ucaldılıb. Hər zaman ədalətin
var olduğuna və qələbəsinə inanan şairin Vətənə
möhtəşəm qayıdışı ədalətin
var olması idi.
Aydındır ki, sənətkarların
ömür yolu yaratdığı əsərlərin
ömrü ilə ölçülür. Bu meyardan
yanaşdıqda görürük ki, Cavid əfəndi
yaratdıqları ilə əbədiyyən yaşamaq
haqqı qazanıb. Bu, sənətkar xoşbəxtliyidir.
Onun haqqında çox deyilib,
çox yazılıb. Şair tərifi də
sağlığında eşidib, xoş və boz tənqidi də.
Keçən əsrin əvvəllərində mətbuatda
onun yaradıcılığı haqqında ötkəm,
keçərli fikirlər də deyilib, qəlb bulandıran
sözlər də yer alıb. Türkçü,
turançı olduğu üçün Sibirə
sürgün edilən Cavid əfəndiyə sonralar "sovet
mundiri" geydirənlər olsa da, amma "sovet mundiri"
Cavid əfəndinin əyninə gəlməyib. Ədəbiyyatda
"bambaşqa bir cihan" yaradan mütəfəkkir
şair, Azərbaycanın "bənzərsiz" sənətkarı
olmaqla yanaşı, həm də örnək ola biləcək
ərdəmli, əqidəli şəxsiyyətlərindəndir.
Özünəməxsus sənət yolu olan ədibin
yaradıcılığı gələcək nəsillərə
nümunə, tərbiyə məktəbi oldu. Cavid əfəndinin
yaradıcılığı uzun illərdir, müqəddəs
kitabımızda bizlərə buyrulduğu kimi, "həm
yol, həm yolçu olan insana özünü
tanımaqda", "məziyyətlərini,
üstünlüklərini, alışqanlıqlarını,
məsuliyyətlərini, hüquqlarını..." öyrətməkdə,
bir sözlə, "yolu tanımaq istəyən
yolçuya"
özünüdərkdə bələdçilik etməkdədir.
Şairin böyük idealları və yüksək sənət
keyfiyyətləri ilə əbədilik qazanmış
yaradıcılığı dünən olduğu kimi, bu
gün də aktual və təravətlidir, sabah da aktual və
təravətli olacaq, çünki filosof şairin sənəti
məkana sığmadığı kimi, zamana da
sığmır.
Lütviyyə
ƏSGƏRZADƏ
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan
ədəbiyyatı şöbəsinin aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru,
dosent
525-ci qəzet 2018.-
24 oktyabr.- S.7.