Fatma Qədrinin ömür və sənət yolu haqqında dəyərli monoqrafiya

Bugünlərdə görkəmli səhnə ustası, Xalq artisti, Azərbaycanda ilk peşəkar, alitəhsilli aktrisa kimi tanınmış Fatma Qədrinin həyat və yaradıcılığından bəhs edən, fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı "Fatma Qədri" adlı elmi monoqrafiya ilə tanış oldum.

Teatr sənətimizin inkişafında özünəməxsus xidmətləri olan Fatma Qədri kimi görkəmli səhnə xadiminin ömür yoluna güzgü tutan əsərdə onun ifa etdiyi müxtəlif xarakterli obrazlar geniş şəkildə təhlil edilir. 61 illik ömrünün 40 ilini teatr sənətinə həsr etmiş aktrisanın həyat və sənət yolu monoqrafiyada dörd fəsildə tanıdılır. Xalq artisti Fatma Qədri səhnəyə çıxdığı ilk günlərdən sənət müəllimlərinin yaradıcılıq yollarından öyrənməklə yanaşı, onların səhnə ənənələrini inkişaf etdirməyə nail olan mahir sənətkar idi. Onun klassik və müasir əsərlərdə yaradığı xarakterik obrazlar qalereyası aktrisanın daxili zənginliyinin bariz nümunəsi kimi bu gün üçün də səciyyəvidir.

Monoqrafiyanın birinci fəsli aktrisanın həyatı və səhnə fəaliyyətinin başlanğıc dövrünü, yəni 1907-1925-ci illəri əhatə edir. Bu illər ərzində Fatma Qədrinin geniş tərcümeyi-halı ilə tanış olmaqla, səhnə ustasının sənət incəliklərini öyrənməklə yanaşı, müəllimləri - akademik Vyaçeslav İvanov və Aleksandr Tuqanov, professor Vladimir Sladkopevtsev haqqında xatirələri barədə də məlumatlanırıq.

Müəllif İ.Axundov aktrisanın sənət müəllimi Aleksandr Tuqanovun diplom tamaşasında ona Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasında Sona obrazının tapşırılması haqqında xatirələrindən söz açır: "Tuqanov bu pyes üzərində çox həvəslə işlədi. O, bütün işləri bizim öhdəmizə buraxdı. Ancaq hiss olunmadan, məharətlə hər işə özü rəhbərlik edirdi. Kostyumları tikib, rekvizit, tərtibat və bir çox başqa işləri özümüz yerinə yetirirdik. O, həmişə deyirdi ki, aktyor hər işi bacarmalıdır. İlk tamaşa günü yaxınlaşırdı. Mən Sona rolunu oynayırdım. Böyük rol deyildi, ancaq həddindən artıq həyəcanlanırdım. Nəhayət, tamaşa günü gəlib çatdı. Tamaşanın başlanmasına iki saat qaldıqda teatra gəldim və qrimlənməyə başladım. Birinci zəng çalındı... Tuqanov stoldan stola keçib, bizim qrim və kostyumlarımızı yoxladı, bizə ürək-dirək verdi. Ancaq özü də bir az narahat idi. O, bizim Azərbaycan teatrı tarixinə bir sıra qızıl səhifələr yazmışdı... Səhnə arxasında və tamaşa zalında böyük şənlik vardı. Tamaşa qurtarandan sonra çoxlu gül-çiçəklər gətirdilər. Hamı bir-birini təbrik edir, qucaqlayıb öpürdü".

Monoqrafiyada aktrisanın ilk obrazının uğurlu alınması qeyd edilməklə yanaşı, onun ifa etdiyi Sona obrazının görkəmli teatr pedaqoqu və rejissoru olan A. Tuqanovun çox xoşuna gəldiyi, obrazın gözəl təbiəti, sadəliyi, cəsarəti və inandırıcılığı ilə diqqəti cəlb etdiyi xüsusi vurğulanır.

Adilə İsmayılova aktrisanın yaradıcılığının ilk illərinə nəzər salarkən deyir: "Fatma Qədrinin yaradıcılığı təbiiliyi, həyatiliyi, emosionallığı və koloritliyi ilə fərqlənirdi. Onu hətta dünya teatrının Adelaida Ristori, Eleonora Duze və Mariya Yermolova kimi sənətkarları ilə müqayisə etmək olar".

Fatma Qədri geniş diapazonlu bir aktrisa idi. Onun Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının, eləcə də müasir müəlliflərin əsərlərində yaratdığı bir çox obrazlar sənətsevərlər tərəfindən hər zaman maraqla qarşılanıb.

Monoqrafiyanın ikinci fəsli aktrisanın ömrünün 1926-1933-cü illərinə aiddir. Bu fəsildə aktrisanın Bakı Türk İşçi Teatrına necə gəlməsi və teatrın o zamanlar direktoru olan Məmmədsadıq Əfəndiyevin aktrisanın həyatındakı müstəsna rolu haqda söz açılır.

Müəllif aktrisanın xatirələrindən çıxış edərək yazır: "Əfəndiyev öz teatrına gənc aktyorları çox dəqiq və böyük həvəslə seçirdi. O, bizimlə təklikdə danışdı. Mənimlə daha çox ciddi söhbət etdi. Teatrın perspektiv planlarından danışdı və bildirdi ki, əvvəlcə, bizə çətin olacaq, çünki işlər çoxdur. Biz kütləvi səhnələrdə baş rollarda birgə çıxış etməli idik. O dedi ki, əgər sizi bu çətinliklər qorxutmursa, qalıb bizdə işləyin. Mən sizin kimi gənclərin inkişafı üçün hər cür imkan yaradacağam..."

Qeyd etmək lazımdır ki, Fatma Qədri Bakı Türk İşçi Teatrında təxminən 6-7 il fəaliyyət göstərib. O, burada irili-xırdalı, müxtəlif xarakterli rollar ifa edib. "1881-ci il" tarixi dramında Knyaginya Yurevskaya, "Tufan"da Şəhərli qadın, "Fahişə"də qulluqçu Roza, "Şöhrət silahları, yaxud zorakı igidlik"də Kayna, "Anamın kitabı"nda Gülbahar, "Müsyo Jordan və Dərviş Məstəlişah"da Şərəfnisə, "Paris Notrdam kilsəsi"ndə Esmeralda, "Qızıl trenlər"də Lüdmila Mixaylovna, "Hücum"da Kseniya, "Romanovların son günləri"ndə Dunya, "Çin tanrısı"nda Oa Şen, "Küləklər şəhəri"ndə Nina, "İşarə"də Qulka, "İncə"də Yasəmən, "Sevil"də Gülüş və Sevil, "Yanğın"da Ceyran, "Yollar"da Sona, "Gizli əl"də Gülərcan, "Kölgə"də Lalə və başqaları Fatma Qədrinin maraqla baxılan, səhnə traktovkası ilə bir-birindən seçilən obrazlar silsiləsinə daxildir.

Müəllif aktrisanın yaradıcılığından söhbət açarkən yazır: "1927-ci ilin ilk premyerası Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri ilə baş tutdu. Əsəri A. İvanov tamaşaya qoyaraq və Gülbahar obrazını Fatma Qədriyə həvalə etdi. Bu Fatma xanımın Bakı Türk İşçi Teatrının səhnəsində, Azərbaycan yazıçılarının əsərlərində ifa etdiyi ilk obrazı idi. Osmanlı ləhcəsinin və rus dilinin Azərbaycan türkcəsini sıxışdırdığı bir dövrdə "Anamın kitabı" kimi kəskin konfliktli dramın realist təfsirdə oyunu ciddi sənət uğuru kimi dəyərləndirildi. Teatr dramaturq Mirzə Cəlilin ruhunu düzgün tutaraq qroteskli tragediya oynamağa çalışırdı. Milli kökə, adət-ənənəyə xor baxmağın tənqidi tamaşanın mərkəzində dururdu".

Elmi monoqrafiyanın üçüncü fəsli aktrisanın 1933-1934-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrındakı fəaliyyətini özündə əks etdirir. Müəllif qeyd edir ki, bu illər xüsusi olaraq aktrisanın həyatında yeni yaradıcılıq dövrü kimi yaddaşlarda yaşayır. Bu teatr onun gələcək fəaliyyətnin düzgün istqamət alması və formalaşması, realizm üslubunu mənimsəməsində həlledici rol oynayır. Burada o, Rus Dram Teatrı səhnəsinin ən yaxşı ustaları ilə birlikdə işləyib, təcrübə mübadiləsi keçirir. Onun aktyorluq fəaliyyətinə klassik rus teatrının gözəl ənənələri və təcrübəli səhnə ustalarının məsləhətləri müsbət təsir göstərir. Müəllif yazır: "Onu bu teatrda çox mehribanlıqla qarşıladılar və soruşurdular ki, bu teatrda ilk çıxışın üçün hansı obrazı seçirsən? Aktrisa isə repertuarda olan Lev İsayeviç Slavinin "İntervensiya" əsərində Janna Barbeni obrazını ifa etmək istədiyini bildirir. Teatrın direktoru və bədii rəhbərin baxışlarındakı istehza ona bərk toxundu, fikirləşdi ki, bu obraza layiq olduğumu onlara göstərməliyəm. Onların istehzalı baxışları təbii idi. Onlar Fatma xanımı səhnədə görməmişdilər. Çox qısa zaman keçdikdən sonra onu bəzi sınaqlardan keçirirlər. Bundan sonra F. Qədriyə bir aktrisa kimi hörmətlə yanaşdılar".

Elmi monoqrafiyanın dördüncü fəsli isə 1935-1968-ci illəri əhatə edir. Bu illərdə Fatma Qədri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyət göstərirdi. Onun fəaliyyəti haqqında professor Əziz Şərif  yazırdı: "Səhnəmizin ən görkəmli qadın simalarından biri də Fatma Qədridir. Fatma xanım, yaratdığı surətlərin tipik cəhətlərini tapıb, onların əsasında romantik surətlər yaradır. Bu surətlər dərin və inandırıcı olur, tamaşaçını həyəcanlandırır". Xalq artisti Nəsibə Zeynalova isə onun barəsində deyirdi: "Fatma, sənin ömrün aktrisalıqdan daha çox nağıl qəhrəmanlarının ömrünə bənzəyir. Sənə yaradanımız fitri istedad verib. Sən hər bir tamaşaçını canından artıq sevirdin. Nə qədər xalqımız var, sən unudulmayacaqsan".

Xalq artisti Fatma Qədri Akademik Milli Dram Teatrının səhnəsində "Dubrovski"də Mariya Kirilovna (Maşa), "Həyat"da Atlas, "Məkr və məhəbbət"də Luiza, "Vaqif"də Xuraman, "Madrid"də Lina, "Cehizsiz qız"da Larisa, "Od gəlini"də Solmaz, "Aydın"da Gültəkin, "Fiqaronun toyu"nda Suzanna və başqa rollarda çıxış edib.

Fatma Qədri bu dövrdə ona tapşırılan bütün obrazları, böyük və ya kiçikliyindən asılı olmayaraq, zövqlə canlandırıb. Təsadüfi deyil ki, onun haqqında yazılıb: "Fatma Qədri Azərbaycan Dövlət Akademik Dram Teatrına gəlir və burada kamil bir sənətkar kimi məşhurlaşır. Bu vaxta qədər müəyyən yaradıcılıq təcrübəsi əldə edən aktrisa Azərbaycan səhnəsinin adlı-sanlı ustaları ilə birlikdə işləyərək, bir sıra rəngarəng, bədii cəhətdən dolğun obrazlar yarada bilir".

Xalq yazıçısı İlyas Əfəndiyev "Səhnəmizin fəxri" adlı məqaləsində Fatma Qədrinin Xuraman rolundakı çıxışını xatırlayaraq yazır: "Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtəlif psixoloji anlarda, tez-tez baş verən ruhi dönüş məqamlarında göstərdiyi ustalıq, məharət və incəlik mənə o qədər təsir etdi ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman gözümün qabağından çəkilmirdi. Mənə elə gəlirdi ki, peşmançılıq əzabları içində boğulan Xuramanın hıçqırıqlarını hələ də eşidirəm.  Fatma Qədri bütün bunları nə qədər təbii, nə qədər gözəl ifa edir..."

Aktrisanın ifasındakı təbiilik, canlılıq ifa etdiyi obrazı bütün varlığı ilə təcəssüm etdirirdi. Bu baxımdan Fatma Qədrinin böyük istedadla yaratdığı Larisa, Xuraman, Katerina, Raşel, Hafizə, Reqana, Polina, Luiza, Maşa və başqa səhnə qəhrəmanları öz bitkinliyi və kamilliyi ilə tamaşaçıların rəğbətini qazanırdı.

Sonda qeyd etməliyəm ki, Fatma Qədri kimi səhnə xadimlərimizə həsr olunan elmi monoqrafiyaların yazılması və onların işıq üzü görməsi bir tərəfdən 145 illik tarixi bir yol keçən teatrımızın tarixinin tədqiqi, digər tərəfdən də gənc aktyor və rejissorların yaradıcılığını inkişafı baxımından önəmlidir.

Anar BURCƏLİYEV

Teatrşünas

525-ci qəzet 2018.-24 oktyabr.- S. 8.