Borçalıdan TÜRKSOY-a, TÜRKSOY-dan dünyaya...

Hər bir millətin, hər bir inanc sahibinin öz dəyərlər daşıyıcısına meyl etməsi, onunla eyni ortaq dəyərlərə sahib olduğu üçün doğmalaşmasına cəhdi təbiidir.

Tarixən Gürcüstanda məskunlaşmış aborigen türklər, konkret halda Borçalı türkləri (Azərbaycan türkləri) də bu məxsusi hiss və duyğulara sahib toplumdur. Gürcüstan dövlətçiliyinə bağlılıqları, vətəndaş olaraq üzərlərinə düşənlər hüquqi, dövlətçi  zehniyyətin  tələbinə görə ümumbəşəridir və onun bu haqqı hüquqla tənzimlənir. Borçalılılar təmiz türkdürlər və  onların özlərini Azərbaycan da daxil Türk dünyasının bir hissəsi hesab eləmələri anlaşılan olmalıdır. Bu isə mənəvi məsuliyyət yaradan haldır ki, toplum öz tarixi, genetik, coğrafi, dini kökünə meyllənir, onunla mənən bütövləşməyə  çalışır. Özünü tanıtmaq, Türk dünyasını tanımaq da millət olaraq onların təbii haqqıdır və bu duyğuları "oturduğu budağı baltalamaq" kimi dəyərləndirmək zehni qüsurudur. 

"Borçalı Cəmiyyəti" Borçalını tanıtmaqdadır

Borçalı türklərini Azərbaycana, Azərbaycan insanına tanıtmaq üçün də, cəsarətlə deyirəm ki, hələ xeyli çalışmalıyıq.  2009-cu ildən başlanan yeni dönəmdə Borçalı türklərinin  məhz ilk növbədə Azərbaycana və Türk dünyasının örnəyi sayılan Türkiyə Cumhuriyyətinə, onun ictimai, siyasi, elmi elitasına  tanıtmaq "Borçalı Cəmiyyəti"nin hədəflərindən  olub. "Borçalı Cəmiyyəti" soydaşlarımızın  yaşam tərzi, mədəniyyət özəllikləri, problemləri, onun həll yolları, toplumun strateji dayanıqlılığı və prinsipləri, tarixi missiyası haqqında məlumatların, mədəni-kütləvi tədbirlər, elmi-nəzəri konfranslar vasitəsilə əldə olunan nəticələrin ictimailəşdirməsi ilə diqqəti bu bölgəyə yönəltməyə çalışıb və bu mərhələdə, hesab edirəm ki, ilkin hədəflərinə çatıb.

Artıq Azərbaycan insanı  Borçalı haqqında, "Borçalı Cəmiyyəti" haqqında məlumatlıdır. Türkiyə ilə apardığımız işlərin müəyyən nəticələri olsa da, hələ çox çalışmaq zərurəti gerçəkdir. Bu boşluğun doldurulması üçün tarixi şansı, əsası 1993-cü ildə qoyulan, dil qohumluğu prinsipi ilə qurulan TÜRKSOY - Beynəlxalq Türk Mədəniyyət Təşkilatı  verib.  TÜRKSOY  "Borçalı Cəmiyyəti"nin Borçalını Türkiyə Cumhuriyyətinə tanıtma proqramına dəstək olub.  TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun birbaşa himayəsi ilə Türkiyənin 3 şəhərində - Ankara, Əskişəhər və Bursada Türk Dünyasının Öncülləri proqramı çərçivəsində 8-ci olan  "Prof. dr. Camal Mustafayev və Borçalı eli" mövzusunda konfransların təşkili proqrama daxil edilib.

TÜRKSOY haqda

Türk Dünyasının YUNESKO-su  sayılan TÜRKSOY 1993-cü ilin iyul ayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənstan və Türkiyə Cumhuriyyətinin Mədəniyyət nazirləri tərəfindən imzalanan razılaşma əsasında qurulub. Qüzey Kipr Türk Cumhuriyyəti, Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya cümhuriyyətləri, Moldovadakı Qaqauziya  TÜRKSOY-un məşvərətçi üzvləridir. TÜRKSOY yarandığı vaxtdan bu yana Türk xalqlarının könül birliyini və qardaşlığını gücləndirmək, ortaq Türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində fəaliyyət göstərir. TÜRKSOY-un fəaliyyəti Türk Dilində Danışan Dövlətlərin Mədəniyyət Nazirlərinin Daimi Şurasında müəyyənləşir və qəbul olunan qərarlar TÜRKSOY Baş Katibliyi tərəfindən icra olunur.

2008-ci ildən TÜRKSOY-un Baş katibi vəzifəsini  Qazaxıstanın sabiq Mədəniyyət naziri Dusen Kaseinov icra etməkdədir.  Baş katibin yardımçısı isə prof. dr. Fırat Purtaşdır.  Təşkilatda üzv ölkələrin Mədəniyyət nazirlərinin təmsilçiləri də fəaliyyət göstərirlər.

TÜRKSOY haqqında bu təqdimatda məqsəd həm də diqqəti  Borçalını tanıtma proqramının məhz Ortaq Türk məkanında Türk Dünyası ailəsinə üzvlük, tanınma kimi dəyərləndirilməsinə  yönəltməkdir.

Borçalı türklərini tanıtma proqramları

TÜRKSOY-un  tərtib etdiyi Borçalını tanıtma proqramının  diqqətçəkən bir məqamı da Borçalının mədəni-məişəti ilə yanaşı, Borçalı kökənli elm adamlarını Türk dünyasına tanıtmaq idi. Azərbaycan elminin, ictimai-siyasi həyatının zənginləşməsində Borçalı kökənli onlarla görkəmli şəxsiyyətin adını qürurla çəkmək olar. TÜRKSOY-un Borçalı proqramı elmi və insani keyfiyyətləri ilə əksəriyyətin rəğbətini qazanmış fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevin 90 illiyi münasibətilə onun xatərəsinə həsr olundu.

"Borçalı Cəmiyyəti"nin nümayəndə heyətinə mən, şair Osman Əhmədoğlu, aşıq Tərmeyxan Qurbanov, aşıq Nargilə Mehtiyeva,  rəqqasə Aygün Həsənova, rəqqas Orxan Məmmədov və Rüfət Muradlı daxil olunmuşdu. Borçalı kökənli ustad ozan Səlahəttin Dündarın da sıramıza qoşulması heyətimizi daha da zənginləşdirdi.  Ən yüksək səviyyəli qarşılanmanı, şəxsən Düsen Kaseinovun şərəfimizə qarşılama ziyafəti təşkil etməsini xüsusi vurğulamağı özümə borc bilirəm. Süfrə ətrafında tanışlıq zamanı həmsöhbətlərimizin həm bizim fəaliyyətimiz, həm də Borçalı eli haqqında kifayət qədər məlumatlı olduqları anlaşıldı.

"Borçalı Cəmiyyəti"nin fəaliyyətində Türk dünyasına yönəlik tədbirlərimizin bəzilərin mahiyyətini anlamaqda zorlansalar da, bu proqramın baş tutması bir daha sübut etdi ki, tutduğumuz strategiya doğrudur. Bu tendensiya  sentyabrın 25-də Ankarada, TÜRKSOY Baş Katibliyinin konfrans salonunda baş tutan möhtəşəm Borçalı konfransının açılışında cənab Düsen Kaseinovun salamlama çıxışında da aydın hiss olundu. O, Borçalıda olmasa da, öz fikirlərini sanki o diyardan gəlmiş biri kimi ifadə etdi. Konfransın sədarətində Düsen Kaseinov və mənlə yanaşı, Türkiyə Cumhuriyyəti baş danışmanı Yalçın Topçunun, TBMM üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın yer alması da konfransın ciddiliyi, Borçalı türklərinə, Azərbaycana qardaşyana diqqətin nişanəsi idi. İsimlərini qeyd etdiyim natiqlər də içdən gələn, sevgi dolu çıxışları ilə bizlərə,  professor Camal Mustafayevin ruhuna ehtiramlarını ifadə etdilər.

Konfransda tədqiqatçı alim Oğuzxan Aydının aşıq sənəti, urfan dünyasının gücü haqqında mükəmməl məruzəsini də xüsusi qeyd etməliyəm. Mən əsas məruzəçi olaraq "Borçalı Cəmiyyəti"ni, Borçalını, Gürcüstan, Türkiyə, Azərbaycan münasibətlərində Borçalı amili, professor Camal Mustafayev yaradıcılığı və şəxsiyyəti haqqında məruzə etdim. Daha sonra aşıqlarımız və rəqqaslar bir-birindən gözəl  ifalarla öz töhfələrini vermiş oldular.

Tədbir Türkiyə mediasının da diqqətindən kənarda qalmadı.

Eyni ssenarili konfranslar sentyabrın 26-da Əskişəhərdə, sentyabrın 28-də isə Bursada, Əskişəhər Anadolu Universitetinin, Azərbaycanlılar dərnəyinin, Bələdiyyə başçıları, mədəniyyət qurumları təmsilçilərinin birbaşa iştirakı ilə yüksək səviyyədə davam etdirildi.

Borçalı Heyəti Külliyada qəbul olundu

Tədbirin sonunda - sentyabrın 30-da Borçalı nümayəndə heyətininə ən böyük ehtiram Türkiyə Cumhurbaşkanlığında - Prezident sarayında  Cumhurbaşkanının baş danışmanı, hörmətli Yalçın Topçu  tərəfindən ən yüksək səviyyədə qəbul və qarşılanma mərasimi oldu. Böyük uğura imza atıldı və gələcəkdə böyük uğurlar vəd edən böyük yola qədəm qoyuldu.

Qeyd etməliyəm ki, bu möhtəşəm proqramın ərsəyə gəlməsində xüsusi fədakarlıq göstərən dəyərli Cavid Barışa ehtiram borcumuz var. Baş katibin yardımçısı, professor, dr. Firat Purtaşın əməyi, əməkdaş Vüqar Bayramovun, aşıq Selahettin Dündarın bu yola könül vermələri elimizə olan ehtiramın göstəricisi idi. Başda Baş katib Düsen Kaseinov olmaqla möhtəşəm Borçalı proqramına  könül verən hər kəsə öz adımdan, təşkilatımız və elimiz adında sonsuz təşəkkürlərimizi bildirirəm.

Yekun

Yekunda bir sıra zəruri qeydlərimi də nəzərə çatdırmaq istərdim.

Türk millətinin harada  məskunlaşmasından asılı olmayaraq, vəhdəti, qarşılıqlı əlaqələri və himayədarlığı  çox vacibdir və TÜRKSOY bu missiyanı uğurla həyata keçirir. Ortaq Türk tarixi, dili, əlifbası, mədəniyyətinin formalaşması zəruridir. Türk dövlətlərinin daha önə gedərək məhz sadalanan hədəflərə yönəlik fəaliyyəti daha da intensivləşməlidir.

 Bu konfrans göstərdi ki, Borçalı türkləri Türk dünyası ailəsinə daxil olur və bu mənəvi bağlar hər an möhkəmlənməlidir. Hər bir şəhərdə, elm ocaqlarında ardıcıl olaraq bu sayaq tədbirlər keçirilməlidir.

Türkiyə elm ocaqları və Bələdiyyələrin büdcələrində Borçalının öyrənilməsi və tanıdılması istiqamətində fəaliyyətə önəm verilməsi vacibdir. Unudulmamalıdır ki, Borçalı türklərinin məskunlaşdığı coğrafiya unikal mənəvi körpü missiyasına çox uyğundur. Bu körpünün inşasına diqqətin artırılması Cənubi Qafqazın və eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan arasında mədəni, iqdisadi, həm də siyasi əlaqələrin daha rasional qurulmasına fayda verə bilər.

Azərbaycan yetkililəri yaxın və uzaq ellərimiz, o cümlədən, Borçalı ilə bağlı zəngin proqramlar hazırlamalı, TÜRKSOY təcrübəsindən bəhrənilməlidir. Gürcüstandakı QHT-lər mədəni əlaqələrin inkişafına önəm verməli, Türk dünyası ilə qarşılıqlı inteqrasiyaya yönəlik layihələr həyata keçirməlidirlər. Türkiyənin Dövlət və Özəl universitetləri ilə yeni, mənən zəngin, müəyyən anlamda yüksək ixtisaslı yurd sevdalı  kadrların hazırlanmasına diqqət ayrılmalıdır.

"Borçalı Cəmiyyəti"nin bu tarixi missiyanı yerinə yetirmək üçün təcrübəsinin, imkanlarının olduğunu da qeyd etməyi vacib bilirəm. Yeni Amerika kəşf etməyə ehtiyac yoxdur. Yetər ki, sosial statusumuzdan asılı olmayaraq milli məsələyə daha həssas yanaşaq.  Onda  səfər bizim, zəfər haqqın olacaq.

Zəlimxan MƏMMƏDLİ

"Borçalı Cəmiyyəti"nin sədri

525-ci qəzet  2018.- 24 oktyabr.- S.4.