VI Bakı Beynəlxalq
Humanitar Forumu ilə bağlı mətbuat konfransı
Oktyabrın 25-26-da Azərbaycanın
paytaxtında keçiriləcək VI Bakı Beynəlxalq
Humanitar Forumu ilə əlaqədar mətbuat konfransı təşkil
edilib.
AZƏRTAC xəbər verir ki, mətbuat
konfransında Mədəniyyət Nazirliyinin informasiya və
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
İntiqam Hümbətov Humanitar Forumla bağlı təşkilati
məsələlərin artıq
yekunlaşdığını deyib. Qeyd edib ki, bu Forumda sosial
və humanitar fəaliyyətin bütün sahələrində
çalışan mütəxəssislər bir araya gələrək
bəşəriyyəti narahat edən aktual məsələlərin
həlli yollarını araşdırırlar.
Mədəniyyət nazirliyinin aparat rəhbərinin
müavini, beynəlxalq əməkdaşlıq və innovativ
inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib
ki, Bakı Beynəlxalq Humanitar Forumu 2010-cu ildən etibarən
Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin
təşəbbüsü ilə keçirilir. Azərbaycanda
ənənəvi hal alan bu Forum dünyada ən nüfuzlu
forumlar və platformalar sırasındadır. İndiyədək
ölkəmizdə keçirilən Humanitar forumlarda kifayət
qədər nüfuzlu şəxslər, siyasətçilər,
alimlər, Nobel mükafatçıları, beynəlxalq təşkilatların
nümayəndələri, dövlət və hökumət rəsmiləri
iştirak ediblər. Budəfəki Forumda da həmin ənənə
davam etdirilir.
Vasif Eyvazzadə deyib ki, VI Bakı Beynəlxalq
Humanitar Forumu "Yeni dünya və yeni insan formalaşdıraq:
yaradıcılıq və insan inkişafı"
mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət
qədər maraqlı plenar sessiyalar və işçi
sessiyalar təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycan
dövlətinin insan kapitalının inkişaf etdirilməsi
siyasətinə dəstək kimi qəbul olunmalıdır.
Forumun mövzusu məhz ölkəmizin iqtisadi
inkişafının insan kapitalına çevirmə modelini və
strategiyasını həm milli, həm beynəlxalq səviyyədə
nümayiş etdirmək imkanı verəcək.
Diqqətə çatdırılıb ki, VI
Bakı Beynəlxalq Humanitar Forumunda 24 beynəlxalq təşkilat
və 97 ölkədən təqribən 580 nəfər
iştirak edəcək.
525-ci qəzet 2018.- 24 oktyabr.- S.7.