İstedadlı-yaradıcı
gənclərin III Respublika toplantısı
Dünən "Fairmont Baku" otelində
istedadlı və yaradıcı gənclərin III Respublika
toplantısı keçirilib.
Tədbirdə mədəniyyət naziri
Əbülfəs Qarayev, gənclər və idman nazirinin
müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin
Qurbanov və digər rəsmi şəxslər iştirak
ediblər.
Toplantıda ümumilikdə həm paytaxt
Bakıdan, həm də ölkənin bütün şəhər
və rayonlarından 500-dən artıq istedadlı gənc
iştirak edib.
Toplantıda ölkədəki istedadlı və
yaradıcı gənclərin fəaliyyəti, bu sahədə
həyata keçirilən işlərlə bağlı
videoçarx nümayiş etdirilib.
Mədəniyyət naziri Əbülfəs
Qarayev çıxışında Azərbaycan sosial, iqtisadi,
elmi və mədəni həyatında gənclərin rolundan
bəhs edib, son illərdə onların beynəlxalq
toplantı, müsabiqə və konfranslarda yüksək
çıxışlarını vurğulayıb. Dövlət
qayğısı və yüksək inkişaf nəticəsində
Azərbaycan gəncinin adını bütün dünyada
tanıtdığını deyən nazir, yaradıcı və
istedadlı gənclərə gələcək fəaliyyətlərində
də uğurlar arzulayıb.
Gənclər və idman nazirinin müavini
İntiqam Babayev bildirib ki, toplantı Prezident İlham
Əliyevin sərəncamı ilə təsdiq olunan "Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə" Dövlət
Proqramının müvafiq bəndinin icrasını təmin
etmək məqsədilə keçirilir.
Daha sonra çıxış edənlər
toplantının əhəmiyyətindən və dövlət
tərəfindən gənclərə hər zaman diqqət və
qayğının göstərilməsindən
danışıblar.
Tədbirin rəsmi açılış mərasimindən
sonra dövlət və yaradıcı qurumların nümayəndələrinin,
eyni zamanda, gənclərin və ekspertlərin iştirakı
ilə sessiya iclasları olub, müxtəlif
yaradıcılıq sahələrində vəziyyət təhlil
edilib, inkişaf perspektivləri nəzərdən
keçirilib.
Günün ikinci yarısında dörd fərqli
istiqamətdə (intellektual inkişaf, elm, təhsil, kino,
teatr, ədəbiyyat, musiqi və rəqs, təsviri və
dekorativ-tətbiqi sənət, foto) paralel görüşlər
olub. Görüşlərdə Azərbaycanın görkəmli
elm və mədəniyyət xadimləri iştirak ediblər.
Abbasağa Əlizadənin moderatorluğu ilə
baş tutan iclasda Təhsil nazirliyinin sektor müdiri Hilal
Salmanov, AMEA-nın Rəyasət Heyəti aparatının Elm
və təhsil baş idarəsinin rəisi Əminağa
Sadıxov, Prezident yanında Elmin İnkişafı fondu,
müşavir Ədilə Babayevanın ekspertliyi ilə
intellektual inkişaf, elm, təhsil mövzusu müzakirə
olunub.
Kino, teatr və ədəbiyyat mövzusu
üzrə iclası Oleq Əmirbəyov idarə edib.
İclasda gənclər Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki mərkəzinin direktoru Asif Usubəliyev
və Əməkdar İncəsənət xadimi, professor Məryəm
Əlizadə ilə diskussiya aparıblar.
Musiqi və rəqs bölməsində Mədəniyyət
Nazirliyinin Təhsil müəssisələri ilə iş
üzrə sektorunun müdiri Lalə Kərimova və Əməkdar
artist, bəstəkar Vüqar Camalzadə ekspert kimi
çıxış ediblər. Bölmə iclası Fariz
İlyasovun moderatorluğu ilə baş tutub.
Təsviri və dekorativ-tətbiqi sənət,
foto bölməsinin iclasını Leyla Qasımova idarə
edib. Bu bölmədə ekspertlər Mədəniyyət
Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun
müdiri Qalib Qasımov, Fotoqraflar birliyinin sədri Mirnaib Həsənoğlu,
Əməkdar rəssam Məmmədhüseyn Hüseynov olub.
İclaslardan sonra Xalq yazıçısı
Elçin Əfəndiyev, akademik Rasim Əliquliyev, Əməkdar
artist Tünzalə Ağayeva və Xalq artisti Nurəddin
Quliyevlə gənclərin görüşü keçirilib.
Tədbir yekun iclasla sonlandırılıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.-24 oktyabr.- S.7.