Duyğu və
düşüncə adamı
ŞAİR DOSTUM
FƏXRƏDDİN ZİYANIN 65 YAŞINA
Fəxrəddin Ziya elə bir soyun-kökün
nümayəndəsidir ki, o nəsildən çıxan
çox sayılıb-seçilən adamlarla dostluq əlaqələrim,
xoş münasibətlərim olub.
Həmin şəxslər təkcə kəndində-kəsəyində,
rayonunda deyil, bütün respublikada tanınıblar.
Zülfüqar Qodmanlı, Ağəddin Mansurzadə kimi məşhur
qələm adamları ötən əsrin 70-80-ci illərində
həqiqətən məşhur idilər: Zülfüqar
gözəl şair-pedaqoq idi. Ağəddin
yazıçı-publisist kimi ad
çıxartmışdı, görkəmli ictimai xadim, jurnalist
idi, "Bakı-Baku" qəzetində şöbə
müdiri vəzifəsində çalışırdı.
Onlar Fəxrəddin Ziyanın dosdoğma
qardaşlarıdır. Ailənin daha iki üzvü də
yazardı: Nurəddin Əliyev ixtisasca mühəndis olsa da,
şairdi. Şəmsəddin isə polis orqanlarında
polkovnik rütbəsinədək qalxdı və o, ən nəhayət,
jurnalistikada özünə sığınacaq tapdı,
hazırda Mətbuat Şurasında katibdir. Ailə və nəsil
şəcərəsinə sədaqətiylə seçilən
Orxan Mansurzadə (mərhum Ağəddin müəllimin
oğludur) ehtiramla atasının və əmilərinin yolunu
davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidməti
rəisinin müavini vəzifəsində fəaliyyət
göstərir.
Bu soydan daha kimlər var yazı-pozu
adamlarının cərgəsində, təəssüf ki, ən
gənc nəslin nümayəndələri ilə
tanışlığım yoxdur. Əlbəttə,
istedadın genetik tərəfi var. Əgər bir ailənin
5-6 üzvü poeziya ilə, nəsrlə məşğuldursa,
hər kəs öz cığırını tapıb sərbəst
addımlayırsa, çap olunursa, ədəbi mühitdə
qəbul edilirsə, qibtəedici faktdır, nadir ailənin
çata biləcəyi xoşbəxtlikdir.
Əslində "Ziya" təxəllüsünü ustalıqla götürüb, Əliyev-Mansurzadə familiyasından "imtina edən" Fəxrəddin həkimdir. Füzuli "biz həkimi-vəqtiz"i məcazi mənada deyirdi, Fəxrəddin Ziya isə həqiqətən yaxşı həkimdir, uzun müddət səhiyyə qurumlarında yüksək vəzifə daşıyıb, müvafiq nazirlikdə idarə rəisinədək yüksəlib. Ancaq bütün bunlar şair qardaşımızın nə ürəyinin və gözünün "ziya"sını aparıb, nə də poetik sözünün işığına təsir göstərib. Fəxrəddin çətin mərhələlər aşa-aşa, nəzmin məsuliyyətini dərk edə-edə, təcrübəyə yiyələnə-yiyələnə püxtələşib, şair "mən"ini təsdiqləyib, özünəməxsus şeir dünyasını yaradıb.
Yadımda deyil, Fəxrəddin Ziyanın
neçə kitabı çap olunub, işıq üzü
görüb. Bəlkə heç say çoxluğunun əhəmiyyəti
də yoxdur. Klassik təcrübədən bəllidir ki,
bir-iki və ya dörd-beş
şeiriylə ədəbiyyat tarixinə düşən
şairlərimiz olub. Şair Fəxrəddin Ziya həqiqətən
oxucunu düşündürməyi və
duyğulandırmağı bacarır. Nəğmələri,
mahnıları dillər əzbəridir. Xeyli sayda şeirinə
musiqi bəstələnib, həmin şaqraq, oynaq, xalq ruhundan
qidasını alan kövrək mətnlər görkəmli
müğənnilərimiz tərəfindən ifa olunur,
teleradio dalğalarında səsləndirilir.
Müasir dövr elmi-texniki tərəqqinin ən
yüksək səviyyəyə çatdığı
inkişaf dövrüdür. Sözsüz, çağdaş
zamanın oxucusu kifayət qədər
hazırlıqlıdır. Bu oxucunu hər bəsit
cızmaqara və ya duyğudan, hissdən məhrum nəzm
parçası ilə aldatmaq mümkün deyil. Fəxrəddin
Ziyanın şeirləri intellektual baxımdan
çağdaş oxucunun tələblərinə cavab verməyə
layiq poeziya nümunələridir. Və dediyim kimi, bu nümunələr
insanın könül rübabını dilləndirən,
oxşayan lirik nəğmələrdir: həmişə
müasirdir, təzə-tərdir.
Şeir düşüncənin şəhd-şirəsidir,
Sözünü aləmlə bölməyə gələr.
Cücərər bir zərif hissin ucunda,
Ən incə məqamda köməyə gələr.
O, Quran dilidir inan şeirə,
Baxma adi gözlə heç vaxt şeirə.
Ötəri həvəsdən doğan şeirə,
Bişmiş toyuğun da gülməyi gələr.
Müəllifin "Şeir dünyası"
nümunəsində misal gətirdiyim parçalardır.
Doğru-düzgün qənaətdir: şeir nəinki
düşüncənin şəhd-şirəsidir, bədii,
obrazlı sözü hər mərhəm adamla bölməyə
dəyər. Yazda ağaclar necə tumurcuqlanırsa,
çiçək açırsa və ətriyyatı necə
bağı-bağçanı rayihələndirirsə,
söz də hisslərin, duyğuların zərif ucunda
pardaqlanır, çiçək açır, ağappaq
tonqal kimi düzü-dünyanı cəlb edir. Burda təkrarlanan
mövsümi təbiət hadisəsi fonunda insanın arzu-istəyi
söz şəklində onu təravətləndirir, ruhunu ənginliklərə
qaldırır. Bu cür paralel assosiasiyalar haqqında bəhs
etdiyimiz şairin şeirlərində sıxdır.
Fəxrəddin Ziyanın şeirlərinin
ictimai motivləri təsdiq edir ki, o, bu mövzularda bəzi
dırnaqarası millət qəhrəmanları tək elə
boş-boşuna, nələrinsə xatirinə külüng
çalmır. Mövzunu münbit torpağa düşən
dən kimi ürəyində cücərdir, onu fəhmin-ağlın
süzgəcindən keçirir, sonra qələmə
alıb ağ kağıza köçürür: "Millət
şərqisi", "Cəsurların nəğməsi",
"Xətai işığında", "Şah Xətainin
ruhu ilə giley-güzar", "Dördlüklər",
"Qəhrəmanlar laylası", "Soyuq təndirlərə
çörək yapılmaz", "Yaxşılar",
"Keçid dövrü", "Pulsuz kişilər",
"Mənim sarvanım", "Qocalar evi", "İki
tale", "Ruh dünyası", "Qəzavat",
"İslam dinimiz", "Min şükür", "Sənin
varlığını kim danar, Allah", "Haqqın dərgahına
gedən yol ilə" kimi poeziya nümunələri fikirlərimizin
təsdiqi üçün kifayətdir. Şairin məhz
söz xəritəsinin genişliyinin səbəbini bunda
axtarmaq lazımdır:
Hünər təcəssümü, məğrur Xətai,
Təpədən dırnağa qürur Xətai.
Kim səni oturtdu bu daş üstündə,
Sıyır qılıncını, bir dur, Xətai?!
Şairin "Talesiz qızlar" və
"Cavanlıqda" şeirlərində
qaldırdığı ciddi məsələlər, bəşəri
dəyərlər, əxlaq, tərbiyə məsələləridir.
Bu nəsihətamiz poeziya parçalarında konkret süjet xətti
yoxdur, əsərlər epik janrın tələblərindən
uzaqdır, daha çox lirik səciyyə
daşıyırlar. Əsl lirika isə didaktikanı, nəsihəti
sevmir.
Fəxrəddinin "Talesiz qızlar"
şeiri su kimi axıcıdır, rəvandır, eyni zamanda,
bu kiçik həcmli əsərdə şairin
filosofcasına toxunduğu incə məqam nəinki müəllifin,
bütöv millətin yaralı yeridir. Müəllif
vurğulayır ki, kəndində iş tapmayan və ya
elini-obasını bəyənməyən cavan oğlanlar ailə
qurmadan, subaylığın daşını atmadan
uzaq-yaxın ölkələrə üz tuturlar, irili-xırdalı
yaşayış məntəqələrimizdə isə
onların yaşıdları "talesiz qızlar" ata
ocağında qarıyıb qalırlar. Hər iki tərəf
itirir; həm milli kökündən gen düşən
oğlanlar, həm də körpə
qığıltısına ömürlük həsrət
qalan, şairin ürək ağrısı ilə vəsf elədiyi
"talesiz qızlar":
Hansı güc qarğayır onları belə,
Bağlanır baxtları baxtsız qızların?
Qəlbində ümidi qalsa da hələ,
Ağarır saçları vaxtsız
qızların.
Yaşı yaşdan keçər, baxtı açılmaz,
İstisi duyulmaz bu ulduzların.
Gəlinlik boxçası, taxtı açılmaz,
Gəlinlik üzünə həsrət
qızların.
Bəs kim qarğıyıb bizim cavanları?
Onlar niyə qınından çıxıb,
qınını bəyənmək istəmirlər?
Haçanacan ocaqlarımız kor qalacaq, evlərimizin
işığını yandıran olmayacaq? Bu tipli sosial,
vacib məsələlərlə bağlı suallar cəmiyyətimizdə
hər kəsi düşündürür. "Taleyi bir
azmış gəmi taleyi"nə dönən, "Güman
və duman içində yol gözləyən", ancaq
"Elçi sevdasında aldığı qiymət acı həqiqətə",
yalana dönən, "Zərrəcə qayğıya
möhtac qalan" bütün yer kürəsinə,
"Dünyaya sevilmək öyrədən qadın"
obrazını tamam yekunlaşdırmaq naminə şair yenə
cəmiyyəti günahlandırır, hədəf seçir:
Şöhrət gəziriksə hər şeydən öncə,
Bədbəxt tükəzbanlar azalmaz, bacım!
Xəstə düşüncəmiz dəyişməyincə,
Sizə sağlam tale yazılmaz, bacım!
Müəllif deməli, ümumiləşdirmə
ilə bu nəticə hasil edir ki, gənclik, cavanlıq
ömrün bahar çağıdır, hərdənbir isə
bu sevgi fəslində sopsoyuq yellər, xəzan küləklər
əsə bilər. Çünki fərd kimi yeniyetməlikdən
tədricən yetişməyə başlayan insan gah büdrəyir,
səhvə yol verir, müdrikləşənə qədər
bütöv bir inam-iman yolu keçir. Doğrudur, el
arasında "uşaqlığın, cavanlığın
bütün qüsurları bağışlanır" -
deyirlər. Bu şərtlə ki, sonra təkrarlanmaya,
ömrün maneəsinə çevrilməyə:
Gördüyün yüz tərbiyənin faydası yox,
Qazanmasan hüsn-rəğbət cavanlıqda.
Uşaqlıqdan xəcillikdən, tənədən qorx,
Qoy özünə qədir-qiymət
cavanlıqda.
Bir qədər öncə söhbətimin
başlanğıcında qeyd elədim ki, Fəxrəddin Ziya
populyar mahnılar, nəğmələr şairidir. Şeirlərinə
Mobil Babayev, Nəriman Məmmədov, Xumar Qədimova, Abbas
Soltanoğlu, Nadir Əzimov, Aydın Ağasıyev, Zamiq
Əliyev, Əli Baxış kimi tanınmış bəstəkarlar,
ifaçılar musiqi bəstələyiblər.
Həmin mətnlərin bircə bəndi səslənən
kimi dərhal yaddaşa hopur, ürəyə yol tapır.
"İstərəm", "Səni sevməmək olmaz",
"Ruhunla yaşayıram", "Qəşəngim",
"Gözlərinə qurban olum", "Keç
günahımdan", "Qayıt sevgi dünyam", "Nə
biləydim", "Bağışla", "Unut bu
sevdanı", "Kaş qayıdaq o illərə",
"Görməyəcəksən", "Mən səninləyəm",
"Xatirə", "Neyləyim" və s. lirik
parçalar bu qəbildəndir.
Yığıb gözlərimin şirinliyindən,
Suyuma, havama, qatmaq istərəm.
O şəhla gözlərin dərinliyində,
Ucalmaq istərəm, batmaq istərəm.
"İstərəm".
Hərdən çılğın aparmışam özümü,
Ürəyini sındırmışam, bağışla.
Hərdən soyuq, daşüşüdən baxışla,
Ümidimi dondurmuşam, bağışla.
"Bağışla".
Səsim sənsən, ünüm sən,
Gecəm sənsən, günüm sən.
Yazda zərif bənövşəm,
Qışda qızılgülümsən-
Səni sevməmək olmaz.
"Səni sevməmək olmaz".
Fəxrəddin Ziyada bəyəndiyim cəhətlərdən
biri də klassik Şərq poeziyasına
bağlılığı və Nəsimi, Füzuli, Xətai
yaradıcılığını mükəmməl bilməsidir.
Fars-ərəb dillərindən xəbərdarlığı
onu gözümdə xeyli ucaldıb.
Fəxrəddin əruzu öyrənib, əzbər
söylədiyi qəzəl və qəsidələri
janrın tələblərinə uyğun gəlir. Bu, klassik ədəbiyyata
hörmətdən və məhəbbətdən
qaynaqlanıb. Və hərdən özüdə qəzəllər
yazır, çap etdirir, kitablarında verir. Bütün bunlar
ziyalılığını göstərən, təsdiq edən
faktordur.
Bu yaxınlarda işıqlı insan, gözəl
təşkilatçı-həkim, şair Fəxrəddin
Ziyanın 65 yaşı tamam olur. Həmişə vətəndaş,
ziyalı, yaxşı ailə başçısı, dost
olmağı bacaran Fəxrəddin müəllimə həyatda
can sağlığı, yaradıcılıq
narahatlığı arzulayırıq.
Ağacəfər
HƏSƏNLİ
525-ci qəzet.-2018.-25 oktyabr.-S.8.