Nizami ruhunun töhfəsi və ya Müslüm Maqomayevin Gəncəli günləri
VƏFATININ
ONİLLİYİNƏ BÖYÜK SƏNƏTKARLA BAĞLI
GƏNCƏDƏN XATİRƏLƏR
Bir neçə il əvvəl, Müslüm
Maqomayevin xatirəsinə həsr edilmiş televiziya
verilişlərindən birində, kinorejissor
Eldar Quliyev çox qəribə bir əhvalat
danışmışdı.
Çəkilişinə
başlamalı olduğu "Nizami" filmində baş rola
namizədlərin uzanan seçimi prosesində, kiminsə məsləhətilə,
sanballı rejissor mistik bir addıma razılıq verir. O,
çəkiliş qrupunun bir neçə üzvü ilə
spiritistə, yəni ruhlarla danışa bilən bir adama
üz tutur. Böyük şair və mütəfəkkirin
"ruhunu" çağırdıqdan sonra onun rolunu kimin
daha yaxşı oynaya biləcəyini soruşurlar. Və!..
"Sehrli nəlbəki" üstünə əlifba həkk
olunan karton lövhə üstündə fır-fır
fırlanaraq, növbə ilə müxtəlif hərflərin
üzərində bir anlıq dayanaraq, dəqiq cavab yazır -
"Müslüm Maqomayev".
Heç
şübhə yoxdur ki, "şairin ruhunun qərarı"
hamını, rejissoru, yaradıcı kollektivi, gələcəkdə
filmə baxacaq tamaşaçıları razı salıb.
Amma fikrimizcə, bu, hamıdan çox iliyinəcən qonaqpərvər
olan Gəncə əhlini xöşbəxt edib. Bir fikirləşin,
bizə "insan səmimiyyəti və həssasiyyəti
revizoru" gəlir! Müslümün böyük sənət
istedadı ilə yanaşı, məhz belə xüsusiyyətlərə
malik olduğunu çoxları bilir. Bəli, böyük
ifaçı və musiqiçi bir sıra məşhur
adamlardan fərqli olaraq (nə gizlədək...), sadəlik,
ürəyigenişlik və mərdlik etalonu idi. Üstəlik,
o, Nizami yurdunda onun böyük övladının
obrazını yaradacaq! Gəncəlilər üçün
bundan böyük səadət ola bilərdimi?
1982-ci
ilin yaz və payızında, "Nizami" filminin burada
aylarla davam edən çəkilişləri dövründə
Müslüm xeyli müddət əsl gəncəliyə
çevrilib. Hətta ona burda gəncəlisayağı, sevgi
ilə "Müslüm lələ", yaxud bir az qısa
şəkildə, "yerli variantla" "Müslüm lə"
deyən dostları da olub. Hələ onu demirik ki,
böyük şəxsiyyətlərin - Nizami, Məhsəti,
Vazehin vətəninin, indiki gəncəlilərin, eləcə
də filimin yaradıcılarının, şəxsən
"Müslüm lələ"nin şərəfinə
neçə-neçə sağlıqlar deyilib, badələr
nuş edilib...
Müslüm
də gəncəliləri şad edərək, burada neçə-neçə
təmənnasız konsertlər verib, "Sevgili canan" və
"Sənsiz"i də yeni tərzdə ilk dəfə səhnədən
məhz onlar üçün oxuyub, şəhərdə xeyli
gəzib, sadə adamlarla ünsiyyət qurub (Ey böyük
Nizaminin ruhu!).
İstər
filmin çəkilişi dövründə, istərsə də
Müslümün ondan qabaq və sonralar da Gəncəyə
gəlişi zamanı yaxın dostluq münasibətində
olduğu adamlardan biri mərhum Hacı Həmzəyev olub. Gəncənin
köklü Mirhəmzəlilər nəslinin nümayəndəsi
olan "Doxdur Hajı" ixtisasca diş həkimi idi. O, həmçinin,
Gəncənin adət-ənənələrini, tarixini, bu
şəhərin sənət aləmini mükəmməl bilən
köhnə gəncəli kimi Müslümün ən
yaxın məsləkdaş və həmsöhbəti olub.
Böyük musiqiçi və onun xanımı Tamara
Sinyavskaya Hacı müəllimin ailəsininin ən istəkli
qonaqları idilər. Dostlar həm də səfalı Gəncə
diyarında qarış-qarış gəzmədikləri yer
qoymayıblar. Rəhmətlik Hacı müəllimin evindən
götürdüyümüz fotolar həmin səmimi
anları əbədiyyətə həkk ediblər.
"Hacı
dayımın evi Gəncənin Səfərabad adlanan qədim
məhəlləsində yerləşir. Yadımdadır,
Müslüm və onun xanımı burada Gəncənin yerli
məhəllələri və onların tanınmış
adamları haqda Hacı müəllimin söhbətlərini
necə maraqla dinləyirdilər. Dayım həm də
böyük qurman, yəni yeməklərdən yaxşı
başı çıxan bir kişi idi. O, tez-tez çox həvəs
və fəxr ilə öz qonaqlarına Gəncə mətbəxinin
"praktik dequstasiyaları"nı təşkil edirdi" -
deyə, Hacı müəllimin bacısı oğlu Natiq
Əlizadə xatirələrini bölüşür.
O vaxt
Gəncə bölgəsindəki bəzi görüşlərdə
"Nizami"nin çəkiliş qrupunu yerli hakimiyyət
strukturların nümayəndələri də müşayiət
ediblər. Onlardan biri də uzun müddət partiya və
icraiyyə orqanlarında çalışmış, burada
hamının xatirəsində sadə, istiqanlı, hər
cür rəsmiyyətçilikdən kənar insan kimi qalan mərhum
Vaqif Verdiyev olub. Bu sətirlərin müəllifi bir zamanlar
yerli icra strukturlarının birində Vaqif müəllimin rəhbərliyi
altında çalışarkən ondan Müslüm
Maqomayevin xarakterinin orijinallığını vurğulayan
söhbətləri də eşitmişdi. Bir dəfə Vaqif
müəllim görkəmli sənətkarla bağlı bir
epizod haqda danışarkən, məşhur "daş, qayaya
rast gəlib" məsəlini yada salmışdı:
"Nəinki
Azərbaycanda, hətta bütün SSRİ-də bilirdilər
ki, Müslüm çox səxavətli, hətta bədxərc
bir adam idi. Qətiyyən ola bilməzdi ki, Müslümün
Moskvada, Bakıda, yaxud digər yerdə iştirak etdiyi məclisdə
hesabı o yox, başqa birisi verə. Hətta elə olub ki,
Müslüm Moskvada yaşadığı "Rossiya"
mehmanxanasında Azərbaycan sənətçilərinin
banketinin pulunu verib. Özü də baxmayaraq ki, onların xərclərini
dövlət ödəyirmiş. Müslümün bu adətini,
bir qədər, Gəncədə ram edə bilmişdik. Biz
ona dedik ki, burda qonağın "qabağa düşməsi"
təhqir sayılır. Bax beləcə, "daş, qayaya
rast gəlmişdi".
"Çünki
oldun dəyirmançı..." Müslüm Maqomayev
artıq kinoaktyor, Nizami obrazının yaradıcısı
kimi, böyük mütəfəkkirin "yaxasını
düyünləmiş" Gəncənin qədimlərdən
gələn məhəlli-sənətakrlıq ənənələrini
də yeri düşdükcə, şəhərin
ayrı-ayrı yerlərində keçirdiyi görüşlərində
ağsaqqalları dinləməklə öyrənməyə
çalışırmış. Filmdəki "Zərrabi"
epizodunda da bu zərgər-tacirlər məhəlləsinin
ab-havası gözəl təsvir olunub.
Həmin
köhnə Zərrabi məhəlləsində yaşayan bir
rəssam da gənc yaşlarında Maqomayevlə
görüşünün onun taleyində oynadığı
roldan bəhs edir. Hazırda Gəncə Dövlət Dram
Teatrının baş rəssamı olan Vahab Cəfərov o
vaxt özü kimi gənc dostlarıyla Müslüm Maqomayevin
qədim Sərdar bağında yerləşən
Yaşıl Teatrdakı konsertindən əvvəl ona
yaxınlaşaraq salamladıqlarını və bu adi
salamlaşmanın sənət haqda bir saatı keçən
çox dəyərli söhbətlə nəticələndiyini
xatırlayır.
"Onun mülahizələri
elə bil, mənim üçün bir manifest oldu. Orijinallıq
və yüksək estetik meyarların hər növ sənətin başlıca
şərti olduğunu
vurğulayan Maqomayevin
yalnız nitqi deyil, sifətinin cizgilərinin hərəkəti,
gözlərinin işığının
deyərdim ki, səsinin ritmilə dəyişməsi özü
bir enerji mənbəyi idi" - deyən V. Cəfərov vurğulayır ki, məhz həmin söhbət onu hansısa rəsm işləyərkən orijinal
olmayan nə varsa, onu qəti
rədd etmək prinsipinə sadiq qalmağa sövq edib.
Müslümün
sənətinin gücü onda idi ki, burada hər şey - ənənələr
və orijinallıq, klassisizm və müasir energetika, hüzur
və dinamika, bəşərilik və millilik vəhdətdə
idi. Məhz buna görə o, 20-ci əsrin bir neçə
onilliyi ərzində Avrasiya materikinin böyük bir hissəsində
yasayan insanların zövqünü formalaşdıran şəxsiyyətlərdən
olub. Dünyanın dörd bir guşəsində əsl sənəti
duyanlar da bu böyük azərbaycanlını tanıyıb
və seviblər.
Zakir MURADOV
Gəncə
525-ci qəzet 2018.- 25 oktyabr.- S.6.