Klassik irsimizdən: İbrahim
Tahir tərcümələrinin nəşri
Paşa
ƏLİOĞLU
AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini
XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış, zəngin ədəbi irsə malik, yaradıcılığında klassik ədəbiyyatın ənənələrini yaşadan şairlərimizdən biri də İbrahim Tahir Musayev (1869 - 1943) olub.
O, şeir - sənət
ocağı Şuşa şəhərində dünyaya gəlib,
Qarabağ ədəbi mühitinin yetirməsi olaraq
tanınıb. Gəncliyində ticarətlə məşğul
olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr
olunan əksər qəzet və jurnallarla əməkdaşlıq
əlaqəsi yaradıb, mətbuatda ardıcıl olaraq
şeirləri, publisistik məqalələri ilə
çıxış edib. O, lirik şeirlər yazır,
şeir və məqalələrində geriliyi tənqid edir,
həmvətənlərini tərəqqiyə, maarifə dəvət
edir, milli istiqlal arzularını tərənnüm edirdi. Onun
çoxsaylı yazıları "Şərqi-rus",
"Molla Nəsrəddin", "İrşad",
"Füyuzat", "Tərəqqi", "Sədayi-həqq",
"Dəbistan", "Yeni kənd" və başqa mətbuat
orqanlarında dərc edilmişdir. Maraqlıdır ki,
İ.Tahir bir sıra məsələlərə münasibətdə
bir-biri ilə əks mövqedə dayanan Cəlil Məmmədquluzadənin
"Molla Nəsrəddin" və Əli bəy Hüseynzadənin
"Füyuzat" jurnallarında yazıları ilə
çıxış edir, hər iki redaksiya əməkdaşları
ilə dostluq əlaqələri saxlayırdı. Onun C. Məmmədquluzadə
ilə dostluğuna dair maraqlı faktlar mövcuddur. Xalqı
milli birliyə, həmrəyliyə çağıran
şair millətin ziyalılarını bir-birinə
yaxınlaşdırmağı, mübahisə düşərkən
onları barışdırmağı özünə borc
bilirdi.
XX əsrin əvvəllərində əsl
milli ziyalı kimi yetişmiş İbrahim Tahir sovet
dövründə yaşadığı 23 il ərzində,
demək olar ki, unudulmuş, onun əsərləri mətbuatda
işıq üzü görməmişdir. Bunun əsas səbəbi
onda idi ki, şair bir çoxları kimi yeni quruluşu mədh
edən şeirlər yazmamış, ömrünün son
çağlarında əsasən lirikaya meyl etmişdir.
İ. Tahir böyüyüb boya-başa
çatdığı, təlim-təhsil aldığı
dövrün, mühitin təsiri altında klassik ədəbi
irsə bağlı adam olmuş, əsərlərini də
klassik üslubda yazmışdır. Ümumiyyətlə, XX əsrin
20-30-cu illəri mədəniyyət, ədəbiyyat tariximizdə
çox maraqlı dövrdür. Bir tərəfdən klassik
irsi, muğamı, tarı ortadan götürməyi tələb
edən daha gənc proletar şairlər meydan sulayır, digər
tərəfdə isə mütərəqqi yeniliyi qəbul edən,
lakin yeni poeziyanı, sərbəst şeiri deyil, yalnız
klassik ədəbiyyatın tərəfdarı olan, klassik
janrlarda əsərlər yazan nisbətən yaşlı nəslin
nümayəndələri öz
yaradıcılıqlarını davam etdirir, "zamanın tələbi
ilə ayaqlaşa bilmədikləri" üçün əksər
hallarda mədəniyyətdə, ədəbiyyatda cərəyan
edən hadisələrə seyrçi münasibətdə
qalmağa məcbur olurdular. Ibrahim Tahir, təbii ki, bu
sonunculardan olduğuna görə dövrün ədəbi
prosesindən kənarda qalmış, onu Yazıçılar
İttifaqına qəbul etməmişlər. Onunla müasiri
olan şairlərdən oxşar taleyi yaşayanlar az
olmamışdır. Bakı ədəbi mühitinin görkəmli
nümayəndəsi, "Məcməüş-şüəra"
ədəbi məclisinin üzvü Məşədi Azər
Buzovnalı ana dili ilə bərabər fars, cığatay
(orta əsrlər özbək ədəbi dili) dillərində,
klassik Şərq şeiri üslubunda əsərlər
yazmış, eyni zamanda, Nizaminin "Sirlər xəzinəsi"
poemasını, "Yeddi gözəl" poemasının bir
hissəsini, Sədinin "Gülüstan"ından bir
neçə hekayəti, "Bustan"dan birinci üç
babı, Firdovsinin "Şahnamə"sindən bir neçə
dastanı, Xaqani, Hafiz və Xəyyamın əsərlərindən
seçmələri dilimizə tərcümə etmişdir.
Ədib dünya ədəbiyyatı incilərindən "Kəlilə
və Dimnə"ni, "Yusif və Züleyxa" əsərini
nəzmə çəkmişdir. Sovet hakimiyyətinin ilk
onilliklərində "zamanın nəbzini tutan", sovet
quruluşunun səsinə səs verən əsərlər
yazmadığından onun yaradıcılığı uzun
müddət diqqətdən kənarda qalmış, əsərləri
son illərdə çap edilmişdir.
XX əsrin otuzuncu illərində istedadlı şair-tərcüməçi kimi tanınan İbrahim Tahir də Şərqin böyük klassikləri Ömər Xəyyam, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Hafiz Şirazi, Əlişir Nəvai və başqalarının əsərlərini uğurla tərcümə etmişdir. O, 1939-cu ildə Nizami adına Ədəıbiyyat və Dil İnstitutu ilə bağladığı müqavilə əsasında Nizaminin "Sirlər xəzinəsi" poemasını hərfi tərcümə etmişdir. İ. Tahir Firdovsi yaradıcılığı ilə ciddi məşğul olmuş, "Şahnamə" əsərinin bir sıra dastanlarını ("Rüstəm və Söhrab dastanı", "Səd Vəqqasın İrana hücumu", "Qubad ilə Məzdək dastanı" və s.) uğurla tərcümə etmişdir. 1934-cü ildə Ruhulla Axundovun elmi redaktorluğu ilə Azərnəşr tərəfindən 5000 tirajla nəşr edilmiş "Şahnamə"nin "Zöhhak və Gavə", "Səyavuş" dastanlarının bədii tərcüməsi də ona həvalə edilmişdir. Göründüyü kimi, Azər Buzovnalı, İbrahim Tahir Musayev kimi köhnə nəslin nümayəndələri klassik ədəbiyyatın nümayəndələri ilə bağlı tədbirlərdə, yubileylərdə sovet rejiminin yaradıcı orqanlarına çox lazım ola bilərdilər. Bununla bərabər, yeni quruluşun, yeni yaradıcı qüvvələrin çağrışlarına, tələblərinə baxmayaraq, Allahdan və əruz vəznindəın imtina etməyən İ. Tahir və onun kimilər hər şeydən kənarda qaldılar, şairi Yazıçılar İttifaqına üzv qəbul etmədilər. Bütün çətinliklərə, başlarına gələn fəlakətlərə baxmayaraq, ömürləri boyu Yaradana və klassik poeziyaya, əruza sədaqətlərinə zərrə qədər də xələl gətirməyən İ. Tahir, A. Buzovnalı və onlarla başqalarının əsərlərinin bədii xüsusiyyətləri ilə bərabər, şəxsiyyət kimi bütövlüklərinə görə dəyərləndirmək bu günün tədqiqatçılarının borcudur.
İ.T.Musayevin şeirlərini oxuduqca onun
klassik poeziya ilə necə sıx tellərlə bağlı
olduğunu, ədəbiyyat tarixini mükəmməl bildiyini
görürük:
Füzuli - saheyi-nəzmin ədibi-yektası,
Onunla başladı əşari-türkün
ehyası
- deyən şairin dahi Füzulidən daha
çox təsirləndiyini, onun şeirlərinə nəzirələr
yazdığını görürük. O, Əlişir Nəvainin
təsiri ilə cığatayca da şeirlər
yazmışdır. Ədibin yaradıcılığından
bəhrələndiyi sənətkarlardan biri də Osmanlı
saray şairi Əhməd Nədimdir (1681-1730). Bu barədə
o yazır:
Əsri-halın, Tahira, bir şairi-mümtazısan,
Şuxiyi-təbin Nədimə eyləmiş həmta
səni...
Bir Nədim İstanbulun var, Qafqazın bir Tahiri,
Şairi-şirinzəbandır saheyi-tənzirdə.
İbrahim Tahir əsərlərində özünü klassik poeziyanın digər görkəmli nümayəndələri ilə də müqayisə etmişdir. Məsələn, o, özünü zəmanəsinin Həssan Sabiti adlandıraraq deyir:
Həssani-zəman olduğumu xəlq bilirdi,
Tahir kimi məddahü qəzəlxanın
olursam.
Və yaxud, şair özünün böyük fars şairi Hafiz Şirazidən daha "səxavətli" olduğunu belə sübut edir:
Əgər bir xalə Hafiz bəxş edib şəhri-Səmərqəndi,
Mən olseydim o bir xalə verərdim kişvəri-Hindi.
Şair klassik poeziyaya rəsmi orqanlarda,
yaradıcı birliklərdə marağın
azaldığı bir dövrdə qəzəlxan olduğu ilə
fəxr edərək yazırdı:
Qələmi göstərür ecaz yazan dəmdə qəzəl,
Söylə kimdir qəzəl ustadı ola Tahir
tək?..
Bən qəzəlguluqda, Tahir, pəhləvan bir fitrətəm,
Bir qəzəlgu varsa, gəlsin, durmasın, meydanıma.
Əsərlərindən görünür ki,
sənəti lazımınca dəyərləndirilməsə
də, şair ümidsizləşməmiş, öz
yaradıcılığına inamını itirməmişdir:
Sızıldaram dəhəni-qəmdə ney kimi, Tahir,
Cahanı titrədəcək gücdə bir təranəm
var...
Bənəm ol şairi-şirinsüxən kim, həddi-zatimdə,
Şəkərlər saçmışam əhli-dilə təbi-rəvanımla.
Şairin yaradıcılığında qəzəl
dilinin sadələşməsi, müasir dilə
yaxınlaşması prosesinin davam etdiyini görürük. Qəzəlin
ruhu saxlanılmaqla, əruz vəzninin tələblərinə
riayət edilməklə mürəkkəb ərəb-fars mənşəli
tərkiblərin yerini ana dilimizdən, danışıq dilindən
gələn söz və ifadələr əvəz etməyə
başlamışdı. Bu baxımdan da şairi haqqında
danışdığımız Azər Buzovnalı,
Əliağa Vahid və başqaları ilə müqayisə
etmək olar. Eyni xüsusiyyətləri şairin tərcümələrinə
də aid etmək olar. Məlumdur ki, İran ədəbiyyatının
ən görkəmli simalarından biri olan Əbülqasım
Firdovsinin (935-1020) üzərində otuz il zəhmət
çəkdiyi, altmış min beytdən ibarət
"Şahnamə" əsərində İranın tarixindən,
şah və pəhləvanlarından, İran-Turan müharibəsindən
bəhs edilir. Bütün dünyada məşhur olan bu poema
bir çox dillərə tərcümə edilmişdir.
Müəllif burada dövrünün ictimai-siyasi problemlərinə
də toxunmuşdur. Əsər əruz vəznində, məsnəvi
formasında yazılıb, əvvəldən sona qədər
beytlər - qoşa misralar öz aralarında qafiyələnir.
Keçən əsrin 30-cu illərində, Firdovsinin min illik
yubileyinin keçirildiyi dövrdə nəşr edilən tərcüməsində
İbrahim Tahir mətni mümkün qədər sadə, oxucu
üçün oxunaqlı etməyə
çalışmışdır:
O gündən ki, Zöhhak olub şəhriyar,
Min il ömr sürdü o, çox bəxtiyar.
O hal ilə keçdi uzun bir zaman,
Qul oldu ona cümlə əhl-cahan.
Biliksizlər aldı cahandan mürad,
Bilik sahibindən fəqət qaldı ad.
Bəzi yerlərdə vəzn pozuntusuna rast gəlsək
də, şairin əsasən məqsədinə nail
olduğunu deyə bilərik.
Qeyd edək ki, 2013-cü ildə İbrahim Tahir
Musayevin iri həcmli şeirlər toplusu Ədəbiyyat və
İncəsənət Arxivindən, AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutundan
götürülərək çap edilmişdir. Mətni
transfonoliterasiya edib nəşrə hazırlayanlar filologiya
elmləri doktoru, professor Raqub Kərimov va filologiya üzrə
fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.
Şairin tərcümələri isə diqqətdən kənarda
qalmışdı. Sevindirici haldır ki, bu yaxınlarda onun
Firdovsi "Şahnamə"sindən etdiyi tərcümələr,
1934-cü ildə nəşr edildiyi variantda yenidən işlənərək
"Elm və təhsil" nəşriyyatında çap
edilmişdir. Kitabı nəşrə hazırlayan İbrahim
Tahirin nəvəsi Akif Quliyevdir. Ümidvarıq ki, İbrahim
Tahirin digər tərcümələri də nəşr
olunacaq, tədqiqatçıların diqqətini cəlb edəcək.
Klassik irsimizdən: İbrahim Tahir tərcümələrinin
nəşri
525-ci qəzet 2018.- 26 oktyabr.- S.6.