XII-XVI əsrlər Azərbaycan
şeirinin poetik qaynağında təsəvvüf
Tədqiqatçı Xuraman Hümmətovanın
"Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf
(XII-XVI əsrlər)" əsəri, fikrimizcə, Azərbaycan
mədəniyyəti, ədəbiyyatı, ümumən Şərq
filologiyası tarixi üçün maraqlı, orijinal bir elmi
tədqiqatdır.
Son illərdə klassik dövrə aid kitablara
nadir hallarda rast gəlmək olar. Baxmayaraq ki, bir neçə
yüzilliklər ədəbiyyatımız nəinki Şərqdə,
bütün dünyada böyük maraq doğurur. Təəssüf
ki, hal-hazırda gənc alimlər mediyevistikaya lazımi qədər
cəlb olunmurlar və orta əsrlər ədəbiyyatı
mütəxəssislərinin sayı ildən-ilə
azalır, vaxtilə elm səmasında parlayan ulduzların kəhkəşanı
sönüb, axıb keçir. Klassik dövrə həsr
olunmuş bu əsərin qiyməti ikiqat artıqdır ki, ədəbiyyatşünaslığımızda
bu vaxta qədər təsəvvüflə bağlı
sistemli şəkildə araşdırmalar aparılmayıb. Bəzi
ədəbiyyatşünasların əsərləri təsəvvüfə
həsr edilsə də, bu tədqiqat işində məqsəd
sırf təsəvvüfün klassik sənətkarların əsərlərində
tədqiqi və təhlilidir. Tədqiqatın ilk səhifələrində
müəllif oxucunu sanki maarifləndirməyə
çalışır, təsəvvüf haqqında qısa
məlumatlar verir, təsəvvüfün bütün orta əsrlər
boyunca İslam Şərqində nizamlı və mükəmməl
mənəvi-əxlaqi davranış normaları bitkin-yetkin və
bütöv dini-fəlsəfi etiqad sistemi olduğunu bildirir.
Sufizmin sənətin müxtəlif sahələrinin,
xüsusilə də söz sənətinin yüksəlişinə
rəvac verən ciddi stimul rolu oynadığını
vurğulayır və belə qərara gəlir ki, İslam
Şərqində orta əsrlər dövrünün nəhəng,
əzəmətli, zəngin bəşər poetik təfəkkürünün
şedevrlərini təşkil edən nümunələrin
bir hissəsi öz rişəsini təsəvvüf və
irfan düşüncəsindən almışdır. Bu
düşüncə və ideyalar orta yüzilliklər
İslam aləmində bir çox nəhəng ədəbi
simaların yaradıcılığına qida verən elə
mühüm mənbə rolunu oynamışdır ki, həmin
faktor olmadan müəllifin fikrincə bu sənətkarları
bir ədəbiyyat xadimi kimi düşünmək belə
mümkün deyil. Müəllif qeyd edir ki, sufizm orta əsrlərdə
dərin məzmun, ideya və mündəricəyə malik təriqət
ədəbiyyatının yaranmasına səbəb
olmuşdur. Tədqiqatçı tamamilə doğru fikir
yürüdür ki, təsəvvüf və irfan eyni bir
çərçivənin hüdudları daxilində yerləşən
bütöv və vahid bir təlim olsa da, eyni şey deyildir.
Bunlar arasında müəyyən fərqlər mövcuddur. Təsəvvüf
həmin təlimin praktik cəhəti, irfan isə nəzəri
tərəfidir. Hər bir elmin həm təcrübi, həm də
nəzəri tərəfləri olduğu kimi, sufilikdə də
təsəvvüf əməli fəaliyyətlə, irfan isə
təfəkkür və nəzəri müddəalarla
bağlıdır. Vəhdəti-vücud nəzəriyyəsinin
xüsusi rolu və tutumu əsərdə öz əksini
tapmışdır.
Müəllifin qənaətinə görə,
təsəvvüf və irfan özünün təkamül və
yüksəliş tarixində bu nəzəriyyə ilə
zirvəyə və kamala çatır, bütöv yetkin və
sistemli təlim halına gəlir.
Xuraman Hümmətova vəhdəti-vücud nəzəriyyəsinin
yaradıcısı XII-XIII əsrlərin hüdudlarında
İspaniyanın Mursiya şəhərində
yaşamış Şeyxül Əkbər Mühyəddin
İbn Ərəbini də əsərində qeyd edir.
Doğrudur, İbn Ərəbiyə qədər bu nəzəriyyə
ilə bağlı (düz 75 il ondan öncə) Eynəl Quzat
Miyanəçi müəyyən fikirlər irəli
sürmüşdü. Ancaq sistemli və mükəmməl
bir təlim halına gətirən və vəhdəti-vücudun
tövhidə zidd olmadığını, bunların
üst-üstə düşən, uzlaşan müddəalar
olduğunu əsaslandıran islam dünyasında dini-fəlsəfi
inanca daxil və qəbul etdirən, müəllifin haqlı
olaraq qeyd etdiyi kimi, İbn Ərəbi olmuşdur. Kitabın
müəllifini daha çox maraqlandıran vəhdəti-vücud
nəzəriyyəsinin bədii ədəbiyyatda əks-səda
doğurmasıdır. Əsərdə bu əks-sədanın
XIII əsrdən sonrakı Azərbaycan ədəbiyyatında
güclü şəkildə sezmək
mümkünlüyünü müəllif üzə
çıxardır. Çoxlu sayda M.Əvhədinin
"Cami-Cəm", M.Füzulinin "Leyli və Məcnun",
Xətayinin "Dəhnamə" əsərlərindən
olan göstərdiyi şeir nümunələrində fənanın,
insan cismən öldükdən sonra baş verdiyini, C.Rumi,
Ə.Yəsəvi kimi müstəsna şəxsiyyətlərin
hələ sağ ikən fənaya uğradıqlarından
misallar verilir. Məlumdur ki, sufizmin ideyaları VIII-IX əsrlərə
aiddir. Bu dini-fəlsəfi görüşün özü təkmilləşdikcə,
zənginləşdikcə və mükəmməl sistem
halına gəldikcə onun söz sənətinə təsir
imkanları təriqət ədəbiyyatının
F.Əttar, S.Qəznəvi, Ə.Yəsəvi, C.Rumi, Y.Əmrə
və s. kimi əzəmətli simaları yetişir. XII əsrdən
etibarən bu meylin güclənməsi müşahidə
olunur və tədqiqat işində müəllif bu prosesi diqqətlə
izləyir.
Müəllif Xaqani
yaradıcılığından söz açaraq onun
dünyagörüşündəki aşiqlik fəlsəfəsinin
mahiyyətində təsəvvüfün
dayandığını və bununla da Azərbaycan ədəbiyyatında
XII əsrdə yayılan təsəvvüf ideyasına
toxunur. Tədqiqat işinin ən mühüm əhəmiyyət
kəsb edən cəhətlərindən biri Nizami Gəncəvinin
əsərlərində təsəvvüf ideyalarının
araşdırılmasıdır. Müəllif Nizamini "Xəmsə"yə
bir şair kimi başlayıb, onu filosof kimi bitirməsindən
söz açır. O, həm də qeyd edir ki, "Sirlər
xəzinəsi"ni Allahın adı ilə başlayan Nizami
onu varlıq aləminin sirlərinin - hikmət xəzinəsinin
açarı hesab edir. Tədqiqatçı Nizaminin Allah kəlamını
şeir qəlibində işlətdiyini göstərir. Daha
sonra "Xosrov və Şirin", "Leyli və Məcnun"
poemalarında təsəvvüfün bir vasitə olmasına
nəzər yetirir. "Yeddi gözəl" poemasının
təsəvvüfün məqam və mərhələ
prinsiplərini keçməklə mənəvi kamilləşmənin
yollarını aydınlaşdıran müəllif yeddi
şahzadənin danışdığı
nağılların hər birinin təsəvvüfi mahiyyətin
daşıdığını və bunların təsəvvüfün
məqam və mərhələ sistemindəki yerini müəyyənləşdirməyə
çalışır. Müəllif Nizami əsərlərinin
türk xalqları ədəbiyyatına təsirindən
söz açmış və Yunus Əmrənin "Risalətü-n-nüshiyyə"
məsnəvisinin "Sirlər xəzinəsi"nin təsiri
ilə yazılmasını göstərir. X.Hümmətovanın
əsərində sufi ədəbiyyatında humanizm,
xeyirxahlıq, insana inam, şərə qarşı mübarizənin
zəruriliyi motivləri təqdim olunur. Klassik sənətkarların
yaradıcılığında bəşəri ideyalar,
dünyəvi məzmunlar, kamil insan problemi və s. tədqiqatçı
tərəfindən izlənir. X.Hümmətova sufi ədəbiyyatda
insanın mənəvi inkişafında, kamilləşməsində,
həqiqət mərtəbəsinə yüksəlməsində
söz sənətinin rolunu qiymətləndirir. Tədqiqatçı
anadilli şeirin ilk nümunələrini yaratmış İzəddin
Həsənoğlunun qəzəllərini də tədqiqata cəlb
edib. Şairin "Apardı könlümü bir xoş qəmər
üz, canfəza dilbər" qəzəlindən beytlər
verir və sufi terminlərini açıb dəyərləndirməyə
çalışır, şairin yetkin söz ustası
olduğunu göstərir. Qəzəlin hər misrasının
sonunda işlədilən sözün ikinci misranın əvvəlində
sual-cavab şəklində təkrarı orijinal bədii
üsul kimi işlənməsinə nəzər yetirir.
İslam Şərqində orta əsrlərə
aid bədii söz sərvətinin mühüm bir qolunu təriqət
ədəbiyyatı təşkil edir. Ümumiyyətlə, təriqət
ədəbiyyatı bu dövrün bədii-fəlsəfi
düşüncəsində, dini-ədəbi məfkurəsində
o qədər önəmli yer tutur ki, bütün orta əsrlər
müsəlman aləminin söz sənətini və bədii
sərvətini təriqət ədəbiyyatı olmadan təsəvvür
etmək mümkün deyil. Müəllif belə nəticəyə
gəlir ki, orta əsrlər Azərbaycan ədəbiyyatı
da ümumislam ədəbiyyatı müstəvisində qərarlaşdığından
və çoxcəhətli tellər və əlamətləri
ilə ona bağlandığından, nəhayət, bu sistemin
bir parçası olduğundan onu təriqət ədəbiyyatı
olmadan təsəvvür etmək mümkün deyil. XIII əsrdən
təriqətə meylin güclənməsi müşahidə
olunur, sənətkarlarımızın
yaradıcılığında geniş vüsət alır.
Əsərdə göstərilir ki, təriqət
ədəbiyyatını yaradanların özləri də mənsubiyyətinə
görə müxtəlifdir. Müəllif qeyd edir ki,
onların bir qismi bilavasitə təriqət
başçılarıdır, məsələn, Ə.Yəsəvi
(yəsəvilik), Rumi (mövləvilik), S.Ərdəbili (səfəviyyə)
kimilər. Bəziləri isə ayrıca təriqət
yaratmasalar da, müəyyən təriqətin üzvü, hətta
şeyx olmuşlar, məsələn, İ.Həsənoğlu,
M.Əvhədi və b.
Tədqiqatçı ədəbiyyatımızda
araşdırılmayan Şeyx Səfiəddin Ərdəbilinin
təsəvvüf məzmunlu şeirlərini təhlilə cəlb
etmiş, onların təsəvvüflə
bağlılığını təsdiq etmişdir.
XIII yüzilliyin sonu və XIV yüzilliyin əvvəllərində
yaşamış M.Şəbüstəri - görkəmli
alim, filosof, şair, vəhdəti-vücud təliminin tərəfdarı
olan bu şəxsiyyət farsdilli ədəbiyyatın
nümayəndəsi X.Hümmətovanın əsərindən
yayınmamışdır və müsbət haldır ki, sənətkarın
həyatı barədə az məlumat olduğu halda müəllif
bu şairi gözdən qaçırmayıb və M.Şəbüstərinin
"Səadətnamə" məsnəvisindən bəzi
qiymətli məlumatlar vermişdir.
Müəllifin son irihəcmli "Gülşəni-raz" (1317)
əsərindən də X.Hümmətova söhbət
açır, poemanın özünəməxsus strukturu və
kompozisiya quruluşundan bəhs edir və belə nəticəyə
gəlir ki, "Gülşəni-raz" dərin məzmunlu
fəlsəfi əsər olmaqla yanaşı, bədii cəhətdən
də mükəmməldir, buradakı dini-fəlsəfi fikirlər
yüksək ustalıqla zəngin obrazlar, müqayisələr,
təşbehlər, canlı və yaddaqalan ştrixlərlə
verilib. Müəllif təqdim edilən nümunələrin təhlillərini
sadə, anlaşıqlı, oxucuya çata biləcək tərzdə
verməyə çalışıb.
Tədqiqata cəlb edilən XIV yüzillikdə
yazıb-yaratmış şairlərdən biri də Azərbaycan
anadilli şeirinin ilk böyük nümayəndələrindən,
dilimizi şeir sənət dili kimi yeni bir zirvəyə
yüksəldən Qazi Bürhanəddindir. Tədqiqatçı
şairi gözəllik və sevgi nəğməkarı kimi
təqdim edir, incə, zərif bir zövqə malik olduğunu
göstərir. Klassik poeziyanın nadir və zəngin ifadə
vasitələrindən bacarıqla istifadə etdiyini şeir
nümunələri ilə sübuta yetirir, şairin bədii
fikrini yüksək bir şeiriyyətlə yadda qalan məcaz
və sürətlərlə təcəssüm etdiyini
nümayiş etdirir və qeyd edir ki, şairin ana dilində
olan "Divan"ı həmin dövrdə dilimizin yüksək
bədii səviyyəyə çatmasından xəbər
verir, şairin sırf türk poetik janrlarından olan
tuyuğlarını "Divan"a daxil etməsini də
mühüm poetik yenilik olduğunu xüsusi vurğulayır.
Sufizmin "vəhdəti-vücud" fəlsəfəsinə xidmət edən Azərbaycan şairi Əvhədi Marağai də əsərdə öz yerini tapıb. Təsadüfi deyil ki, müəllif şairin "Çist" ("Nədir") rədifli qəsidəsinə müraciət edir. Bildiyiniz kimi, bir qədər sonra XIV əsr Azərbaycanın digər görkəmli sənətkarı - İ.Nəsimi ruhuna uyar gəlmiş bu qəsidəni doğma dildə cavablandırmış idi. Adıçəkilən "Çist" qəsidəsində Əvhədi təsəvvüfün məhz bu təlimindən çıxış edir.
Azərbaycanın orta əsrlər ictimai dini fəlsəfi
və ədəbi-mədəni gerçəkliyində sufizmdən
sonra öz əksini tapan ikinci bir təriqət cərəyanı
da hürufilikdir. Müəllif hürufiliyin özünəməxsusluğunu,
dini-fəlsəfi təriqət kimi əsasən XIV-XV əsrlərdə
təzahür etdiyini qeyd edir və tamamilə haqlı olaraq
yazır ki, "bu cərəyan XIV-XV yüzilliklərdə
Azərbaycan ədəbi-mədəni mühiti və bədii
fikri ilə o qədər sıx və əsaslı şəkildə
qaynayıb qovuşub ki, onu nəzərə almadan həmin
dövr ədəbiyyatımızı bir bütöv olaraq dərk
etmək mümkün deyil". Bu təriqətin banisi mütəfəkkir
Nəimidən və "vəhdəti-vücud"
konsepsiyası nəzəriyyəsindən söz
açır, həmçinin, hürufilik,
ideologiyasının davamçılarından Azərbaycan ədəbiyyatının
ən böyük siması və bu dövr anadilli
şeirimizin mübahisəsiz olaraq birinci şəxsiyyəti
sayılan İ.Nəsimiyə də tədqiqatında kifayət
qədər yer ayırır. Tədqiqatçı belə nəticəyə
gəlir ki, hürufilərin baxışları, demək olar
ki, təsəvvüfçülərin görüşləri
ilə uzlaşırdı. Tədqiqatçı fərqi, əsasən,
hürufilərin mətləbləri, son nəticədə 28
və 32 hərfə bağlamasında özünü
göstərdiyini qeyd edir.
X.Hümmətovanın əsərində
XIV-XVI əsrlər ədəbiyyatımızda Nəsimidən
sonra M.C.Həqiqi, Həbibi, Süruri və başqa
hürufiliyə bağlı sənətkarlar izlənir,
hürufizm ideyalarının onların da
yaradıcılığında bu və ya digər dərəcədə
öz əksini tapması qeyd olunur. S.Y.Ənvar və
Ş.İ.Xətainin hürufiliyə rəğbəti
göstərilir. Hətta onların
yaradıcılığında bu ideya və görüşlərin
müəyyən bədii notlarını müəllif
gözdən qaçırmayıb.
XIII-XVI əsrlərdə Azərbaycan ictimai
fikrində və xüsusilə şeir sahəsində sufizm
geniş yayılmışdı.
Şeyx Mahmud Şəbüstəri, Fəzlullah
Nəimi, Seyid Zülfüqar Şirvani, İmadəddin Nəsimi
kimi şair və mütəfəkkirlərin əsərlərində sufizm meyllərinin
əks olunması da bu səbəbdəndir.
Tədqiqatçı tamamilə doğru fikir
yürüdür ki, Azərbaycan ədəbiyyatında XV
yüzillik istər xronoloji, istərsə də sənətkarlıq
cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli
zirvələri arasında keçid mərhələsidir.
Şah Qasım Ənvar, Həbibi kimi şairlərin
yaradıcılığı Xətai və Füzuli poeziyasının
formalaşmasında münbit zəmin rolunu
oynamışdır. Müəllif bu şairlərin məhəbbət
mövzusunda sufiyanə əsərlərində lirik qəhrəmanın
həqiqət mərtəbəsinə çatmaq, kamillik, vəhdət
məqamına yetişmək istəyindən söz
açır.
XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında
Renessans ideyalarının Nizamidən
sonrakı zirvəsi - Qərb şərqşünaslığında
"qəlb şairi" kimi məşhur olan M.Füzulidir. Tədqiqatçının
fikrincə, M.Füzuli sənəti boş yerdə
yaranmamış, onun formalaşmasında bütöv bir zaman
kəsimi ərzində görkəmli sənətkarların
xidməti olmuşdur. Bunların arasında M.Füzulinin
böyük müasiri - Azərbaycanın dövlət xadimi və
şairi Şah İsmayıl Xətainin rolunu müəllif dəfələrlə
əsərində qeyd edir.
Əsərdə tədqiqatçının
mövzu ilə bağlı bu və ya digər dərəcədə
fikir yürütmüş həmkarlarının tədqiqlərinə
önəmli yer verməsi müşahidə olunur.
Orta əsrlər ədib və şairlərin
bədii düşüncəsi yaşadıqları
dövrün ədəbi bədii dəyərlərindən,
dini-fəlsəfi axınların yaratdığı mühitdən
ayrı deyildi və bu baxımdan tədqiqata cəlb
olunmuş Nizami, Nəsimi, Xətai, Füzuli kimi korifeylər
çoxsaylı tədqiqatların mövzusu olmuşlar. Təbii
haldır ki, bu əsərlərdə təsəvvüf, yaxud
hürufiliklə bağlı fikirlər də söylənilib.
Fikrimizcə, tədqiqatçının beş yüzillik
dövrə müraciət etməsinə ehtiyac yox idi. Daha
qısa zaman kəsimində yazıb-yaratmış şairlərin
əsərlərinə müraciət etsəydi, daha müsbət
nəticələr əldə olunardı. Doğrudur, əsərdə
o qədər geniş vüsət qazanmamış adlarla
rastlaşırıq, ancaq onlar haqqında məlumatlar o qədər
çox yer tutmur.
Orta əsr Şərq mədəniyyətinin tədqiqi
hər dəfə araşdırıcı üçün
gözlənilməz yeni hüdudları açılan
keşməkeşli yola bənzəyir. Çoxmənalı
şablonlaşmış təsəvvürləri
aşılayan müxtəlif elementlərdən ibarət olan
bu sistemdə poeziya xüsusi yer tutur və ən əsası
tədqiqatçılar tərəfindən təsəvvüf
ədəbiyyatı adlandırılan bu ədəbiyyat bədii
forma baxımından tamamilə orta əsrlər sisteminin
janr-üslub göstəricilərinə daxildir. Bu o deməkdir
ki, sufi şair-ədiblər klassik dövrün ən mötəbər
korifeyləri ilə bir pillədə dururlar və bu
baxımdan orta əsrlər yaradıcısının sufi,
yaxud qeyri-sufi ədəbiyyatın nümayəndəsinə
bölümü şərti xarakter daşıyır. Eyni
müəllif, eyni zamanda, fəlsəfi traktatlar, didaktik əsərlər,
müəmmalar və parlaq sufi əsərlər yaratmağa
qadirdir. Lakin bir sıra müəlliflər tarixə yalnız
sufi müəllifləri kimi daxil olmuşlar, məsələn,
Ə.Yəsəvi, Y.Əmrə, İ.Nəsimi isə
hürufi şairi kimi tarixdə qalmışdır. Bir qism
şairlər konkret olaraq hər hansı bir təriqətə
mənsub olmamış, lakin yaradıcılıqlarında təsəvvüf
və irfan ideyalarını bu və ya digər dərəcədə
əks etdirmiş, onun obraz və rəmzlərindən bəhrələnmişlər.
Məsələn, Nizami və Füzuli kimi dahilərimiz.
Müəllif bu şairlərin poeziyasında yalnız sufi tərəflərini
axtarıb tədqiq edir, halbuki bu şəxsiyyətlər
mahiyyətcə daha böyük aləmin simalarıdır.
Nizaminin "Xəmsə"sinə beş əsər
daxildir. X.Hümmətova isə "İskəndərnamə"dən
söz açmır. Görünür, bu səbəbdən
ki, əsərdə Nizami sufi görüşlərindən kənar
çıxış edir. Bu güclü axının çərçivəsindən
kənara çıxmaq cəsarəti, bədii
düşüncəsində çoxyönlülüyü,
universallığı qoruyub saxlayan tək Nizami olmayıb.
Özünü birbaşa hansısa axına bağlamayan,
imkanlarını çərçivəyə salmayanlar
sırasında Qazi Bürhanəddin, Məhəmməd
Füzuli və bir çox başqalarının təsəvvüflə
məhdudlaşmayan yaradıcılığı mövcud idi
və sırf sufi şairlərlə müqayisədə fərqlidir.
Xuraman Hümmətovanın əsəri Azərbaycan
ədəbiyyatında əsrlərlə mövcud olan və
araşdırılmasına böyük ehtiyac duyulan aktual
mövzunun tədqiqi baxımdan dəyərli işdir.
Fəridə
ƏZİZOVA
AMEA-nın Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Orta
Əsrlər Azərbaycan Ədəbiyyatı" şöbəsinin
müdiri, filologiya elmləri doktoru
525-ci qəzet 2018.- 26 oktyabr.- S.7.