Son əsərini xəstəxana divarına yazan dahi: Asəf Zeynallı

Cavid QƏDİR

Hamımızın işləri sabaha, ya da elə son günə saxladığı olur. Məsələn, tələbəykən “son gün hazırlaşaram” klişesi ən məşhurlarındandı. Amma o sabah, o son gün gələcəkmi, yaxud o qədər ömrümüz varmı? Yarımçıq, müəllifin tamamlamağa ömrü yetmədiyi əsərlərə bəlkə də minlərlə misal çəkmək olar.

Herodotun “Tarix”i, Tanpınarın “Aydakı qadın”ı, Bayronun “Don Juan”ı, Kafkanın “Qəsr”i, Ənvər Məmmədxanlının “Babək”i, Motsartın “Rekviem”i (Motsartın vida bəstəsi kimi də qəbul etmək olar)...

Azərbaycanın görkəmli bəstəkarlarından olan Asəf Zeynallı cəmi 23 il yaşayıb. 16 yaşından müntəzəm yaradıcılığa başlayan bəstəkar geriyə qalan 7 illik ömrünə xarüqələr sığdırıb. Və nə yaxşı ki, işlərini sabaha saxlayanlardan olmayıb. Çünki əksi olsaydı başqalarının on illərlə vaxt sərf edəcəyi işləri cəmi yeddicə ilə sığdıra bilməzdi. Əslində, heç sığdıra da bilmədi... Hələ reallaşdırmadığı neçə-neçə planı, layihəsini əvvəlcə xəstəxana palatalarına, sonra da torpağın altına apardı. Palatalardan nələrisə, kimlərisə geri almaq olur, amma torpaq elədimi? Torpağın üzü elə soyuqdu ki. Aldığını geri vermək nədi? Unutdurur, üstəlik...

Bu gün Asəf Zeynallının anım günüdür. Dahi bəstəkarın ölümündən 86 il keçir. Yaşı, vəfatından ötən müddət hər neçə də olsa, bizim üçün, şəxsən məndən ötrü o, elə cavan yaşındadır, gənc Asəfdir.

Öz misilsiz və qısa yaradıcılıq ömründə musiqi sənəti tariximizə əbədi möhrünü vurmağı bacarmış sənətkar milli romans, piano və simfonik musiqinin banisidir. 23 illik qısa ömrü parlaq istedadı, musiqiyə sonsuz məhəbbəti, yaradıcılıq enerjisi sayəsində böyük məktəb halına gəlib.

A.Zeynallı 1909-cu ilin 5 aprelində Dərbənddə, ailənin üçüncü və sonbeşik övladı kimi dünyaya gəlib. Bağban olan atası Asəf cəmi bir yaşındakən vəfat edib. Ailənin bütün ağırlığı anasının üzərinə düşüb. Ailənin yükünü tək çəksə də, uşaqlarını sevgiylə böyüdür, onlara sənət məhəbbəti aşılayır. Hətta hər gün işdən qayıdandan sonra övladlarını başına yığıb qarmon çalır.

Balaca Asəf musiqi sədaları, ritm və notların əhatəsində böyüməkdəydi...

7 yaşında Dərbənd “Realnı məktəbi”nə daxil olan gələcək bəstəkar burada uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Yay axşamlarında şəhər parkında konsert verən Dərbənddəki nəfəsli orkestrin tərkibinə qatılır, orada klarnetçi kimi çıxış etməyə başlayır.

11 yaşı olanda Asəfgil Bakıya köçürlər. O, hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. “Truba üçün pyes”ini də elə burada, cəmi 14 yaşında ifa edir. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəfin “Rast” muğamı əsasında bəstələdiyi pyesi möcüzə kimi qiymətləndirirlər.

Asəf Zeynallı həm də ilk Türk Musiqi Məktəbində təhsil alan gənclərdəndi. O dövrdə oğlanlarla qızların bir yerdə təhsil aldığı musiqi məktəbinin olması, əlbəttə, böyük hadisəydi.

Məktəbin yaradılmasında təşəbbüs göstərən də mütərəqqi ziyalılarımızdan olan Üzeyir bəy Hacıbəyli olub. Məktəbin müdiri də, Asəfin nəzəriyyə müəllimi də Üzeyir bəydi. “Şagirdimin diqqətini türk xalq musiqisi ladlarının əmələ gəlməsinə və 2 musiqi sistemi (ərəb-fars və Avropa) arasındakı fərqlərə yönəldirdim”.  Bu fikirləri Hacıbəyli Asəfin ölümündən 1 il sonra yazdığı məqalədə qeyd edib.

İlk Türk Musiqi Məktəbində oxumağa maraq göstərən çox olur. Hətta birinci il 500 gənc məktəbdə təhsil almaq üçün müraciət edir. Marağın çoxluğunu nəzərə alıb məktəbi texnikuma çevirirlər.

Asəf texnikumu uğurla bitirdikdən sonra konservatoriyaya daxil olur.

Konservatoriya indi Asəf Zeynallının adını daşıyan məktəbin 2-ci mərtəbəsində yerləşirmiş. O, yuxarı mərtəbədə təhsil alır, aşağı mərtəbədə dərs deyirmiş.

Artıq bəstəkarlıqla professional şəkildə məşğul olan gənc konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır. Maraqlı məruzələrlə çıxış etməyə başlayır.

Asəf həm də görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Qara Qarayev, Cövdət Hacıyevə dərs deyib, onlara musiqi sənətinin incəliklərini həvəslə aşılayıb. Bundan başqa, gənc bəstəkar Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib.

Konservatoriyada oxuya-oxuya istedadlı musiqiçi Türk İşçi Teatrının musiqi rəhbəri təyin edilir. Burada müxtəlif tamaşalara musiqi yazır. Eyni zamanda, Azərbaycan Proletar Musiqiçiləri Cəmiyyətinə sədrlik də edir.

A.Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkarımızdır.

Konservatoriyada Üzeyir Hacıbəylinin məşğələlərinə böyük maraqla qatılır, dahi sənətkardan bu sənətin bütün incəliklərini öyrənməyə çalışırdı. Onun yaradıcılığında da Üzeyir bəyin danılmaz rolu olub. Müəllimindən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar ölkənin ucqar yerlərinə gedərək xalq mahnılarını toplamağa başlayır.

Azərbaycan musiqi tarixində ilk romans Asəf Zeynallının adıyla bağlıdır. Musiqimizin qızıl fonduna daxil edilmiş “Ölkəm” romansı onun bir bəstəkar kimi özünütəsdiqinə kifayət edəcək gücdədir. Adları həmişə qoşa çəkilir. “Ölkəm” romansı deyiləndə Asəf Zeynallı, Asəf Zeynallı deyiləndə “Ölkəm” romansı yada düşür.

Maraqlıdır ki, romansın həm bəstəkarı, həm də sözlərinin müəllifi nakamdır. “Ölkəm” şeirini qələmə alan Cəfər Cabbarlının ömrü də yarıda qırılıb. Cəmi 35 yaşında dünyadan köçüb. Bəlkə də elə buna görə romansda axıcılıq, ruh yüksəkliyi, canlılıqla yanaşı, qəribə bir hüzn izi var...

A.Zeynallı həm də uğurlu sintezçidir. Yaradıcılığında Qərb musiqisini xalq musiqimizin ifadə vasitələrilə əlaqələndirərək maraqlı sintezinə nail olub, Üzeyir Hacıbəyli, Müslüm Maqomayevlə birlikdə Azərbaycan milli bəstəkarlıq üslubunun təməlini qoyub.

Üzeyir bəy Asəf Zeynallı yaradıcılığını həmişə yüksək qiymətləndirib, bu istedadlı gəncin müəllimi olmasıyla fəxr edib. Tələbəsinin ölümündən sonra onun yaradıcılığı haqqında dahi bəstəkar bunları da deyib: “Asəfin əsərlərinə nəzər saldıqda aydın olur ki, olduqca böyük, orijinal, dərin düşüncəli bəstəkar ola bilərdi”.

İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxsaylı xalq mahnılarını nota köçürüb. “Lay-lay”, “Günlər” pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisində yeniliklərə yol açıb. “Fraqmentlər” suitası Azərbaycan  musiqisində ilk simfonik əsərdir.

Asəf Zeynallı nə qədər əzmlə, ardıcıl çalışsa da, öz ideyalarının hamısını həyata keçirə bilməyib. “Bakı” simfoniyasının vaxtsız ölümüylə yarımçıq qalması da buna sübutdur.

Qəribədir ki, “Qırmızı terror”un “qılıncının dalı da, qabağı da kəsdiyi” dövrdə Asəf Zeynallıya həmişə yaşıl işıq yanıb. Heç kəs onun ruhu dincəldən yaşıl musiqi dünyasına yerli-yersiz qırmızı rəng calamağa çalışmayıb.

SSRİ mətbuatında da bəstəkara olan rəğbət açıq-aydın sezilir:

“Gənc Asəf SSRİ miqyasını adlayıb dünyaya ayaq açmaqdadır”. “C.Cabbarlının “Sevil” dramının səhnə uğurunda Asəf Zeynallının musiqisi baş rol kimi səslənir”. “A.Zeynallının bugünkü “xırdaca” taktları sabahın böyük simfoniyalarının melopostamentləri kimi görünür” - kimi sitatlar, manşetlər buna sübutdur.

1932-ci ilin yayında xalq mahnılarını toplamaq üçün bölgələrə səfər təşkil edilir. Səfərə rəhbərliyi əsrarəngiz səsə malik, görkəmli müğənni, bəstəkarın uşaqlıq dostu Bülbül edir. O, dostunu da özüylə aparmaq istəyir: “Asəf, gedək Qarabağa, oradakı mahnıları toplayıb gətirək, nota alaq”. Asəf həvəslə razılaşır. Yeni işlər, ideyalar, bəstələr həvəsində yola hazırlaşır.

Beləcə, üz tuturlar Qarabağa. Kəndbəkənd dolaşıb mahnı toplamağa başlayırlar. Şuşada Xan Şuşinski ilə tanış olur, onun “Alma almaya bənzər” mahnısını da nota alırlar.

Günlərin birində Asəfin halı pisləşir. Diaqnozsa qorxulu olur - yatalaq! Gənc bəstəkar müalicə üçün (əslində, ölmək üçün) Bakıya dönür...

Divar yazıları məni həmişə maraqlandırıb. Çoxunun müəllifi bəlli olmayan qeydlər, cümlələr, üsyanlar... Ümumiyyətlə, mətn həmişə maraqlıdır. Ən istedadsızı belə özündə müəllifinin ruhunu, taleyini daşıyır. Bəstəkar Müslüm Maqomayev öz həyat yoldaşına məktubları ağac yarpağında yazarmış...

Bəs xəstəxana divarına simfoniya yazmaq necə? Bu barədə nə düşünürsüz? Bir az çılğınnlıq kimi gəlir, eləmi? Amma bu çılğınlığı edən var - Asəf Zeynallı.

1932-ci ilin oktyabrında xəstəxanada ölümlə çarpışan Asəf divara nəsə yazırdı...

Oktyabrın 27-də, yəni öldüyü gün bəstəkar cızma-qarlamanın sirrini qardaşına açır: “Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın elə divarda qalsın...”

Amma hansısa səbəbdən Asəfin vəsiyyəti yerinə yetirilmir. Beləcə, bəstəkarın son əsəri özü kimi nakam qalır...

Əslində, Asəf Zeynallının ölümü də müəmmadır. Çünki yatalaq xəstəliyi o vaxtlar artıq çox da ölümcül hesab olunmurdu. Üstəlik, paytaxt xəstəxanasında. Nə müharibə vardı, nə ucqar kənd yeriydi, nə də insan ayağı dəyməyən cəngəllik... Bütün bu qaranlıq məqamlara, suallara, müəmmalara rəğmən qarşımızda ağrılı fakt var. Azərbaycan musiqi tarixinin ən istedadlı nümayəndələrindən olan Asəf Zeynallının bu dünyadakı ömrü çox erkən - 23 yaşında qırıldı. “Vəfat etdi”, “dünyasını dəyişdi”, “dünyadan köçdü”, “gözlərini yumdu” kimi bərbəzəkli ifadələr, məncə, ona yaraşmır. Çünki heç bir əsərində bərbəzək, təmtəraq yoxdur. Qəribə bir səmimiyyət, içdənlik, həya duyulur bütün musiqilərində. Örpəkli, güləş gözlü Azərbaycan gözəli yada düşür...

525-ci qəzet  2018.- 27 oktyabr.- S.16.