85 yaşlı Ədəbiyyat
İnstitutu
PƏRVİN
Bu il Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun 85 yaşı tamam olur. İnstitutun tarixinə nəzər
salanda bu zaman kəsiyinin millətimiz üçün də,
dövlətimiz üçün də, elə bu elm
ocağının özü üçün də hər cəhətdən
əlamətdar, həm də qəliz olduğunu
görürük.
1933-cü ildə SSRİ Elmlər
Akademiyasının Zaqafqaziya filialının Azərbaycan
bölməsində Ədəbiyyat sektoru yaradılır və
bununla da böyük və ciddi bir yolun təməli qoyulur.
Müasir zamanda Sovet dövründə
yaradılmış müxtəlif qurumlara və təşkilatlara
müəyyən skeptik yanaşma olduğu üçün məhz
Ədəbiyyat İnstitutunun timsalında bu məqama aid
fikrimi bölüşmək istərdim. Məsələ
burasındadır ki, Sovet dövrünün "mərkəzləşdirmə
qanunu" ilə yaradılmış bir çox qurum və təşkilatlar
ölkəmiz müstəqil olduqdan sonra məhz azad Azərbaycan
Respublikasının dövlətçilik, elm, sənət
maraqlarına xidmət etməyi bacardılar. İdeyalar,
konsepsiyalar, yanaşmalar kökündən dəyişdi. Və
bu mənada çağdaş zamanda belə
İnstitutların, Birliklərin olması, fəaliyyəti
elmimizin, sənətimizin və bütöv şəkildə
millətin xeyrinədir.
İnstitutun tarixi boyu buranın rəhbəri
olmuş alimlərin adları artıq bir çox mətləbləri
ifadə edir. Heydər Hüseynov, Məmməd Arif Dadaşzadə,
Mirzə İbrahimov, Məmmədağa Şirəliyev, Kamal
Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir
Nəbiyev, İsa Həbibbəyli. Əslində, məqsədli
şəkildə bu adlarını sadaladığım alimlərin
elmi dərəcələrini, titullarını yazmıram,
çünki elə sadəcə imzalar lazımi məlumatı
ötürür, ümumi təsəvvür yaradır.
Heç şübhəsiz ki, bu dəyərli insanların hər
birinin Ədəbiyyat
ocağının inkişafında, çağdaş səviyyəyə
yetişməsində xidmətləri vardır. Və bu mənada
qazanan həm də bizlərik, biz gənclər.
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutuna ilk dəfə magistr təhsili alanda getmişəm.
O zaman bir aylıq təcrübəyə göndərilmişdik
və professor Məhərrəm Qasımlının
şöbəsində hər gün maraqlı ədəbiyyat
söhbətləri edirdik. Yadımdadı ki, o vaxt hələ
təzə-təzə elm yoluna qədəm qoymaq istəyən
bizlər üçün İnstitutdakı mühit,
burdakı alimlərlə söhbət son dərəcə
maraqlı, qeyri-adi idi. Əslində, bütün şöbələrdə, istədiyimiz alimdən nə isə
soruşmaq, məsləhətlər almaq imkanımız var
idi. Və mən də artıq xeyli müddətdi qəzetdə
çalışan adam kimi fürsətdən istifadə edib
akademik Bəkir Nəbiyevdən və akademik Teymur Kərimlidən
müsahibələr almışdım. O zaman Bəkir müəllimin
- "Mənim ən böyük mükafatım bütün
ömrümü ədəbiyyatımızın
araşdırılmasına sərf etməyimdir. Siz təsəvvür
edə bilirsinizmi ki, ədəbiyyata ömür sərf etməyin
necə böyük məna və əhəmiyyəti, estetik,
tərbiyəvi, məskurəvi ləzzətləri var?!"
- deməsini heç unutmuram. Doğrudur, bu sözlərin alt
qatını anlamaq üçün həqiqətən ədəbiyyat
içərisində ömür sürmək, həyatı
elmə həsr etmək lazımdır. Yəni ədəbiyyatın
necə böyük mükafat olduğunu və bizlərə
işləyərək dincəlmək, zövq alaraq
çalışmaq, yazaraq yaşamaq fürsətinin verilməsini
tam dərk etmək üçün zamana ehtiyac var. Amma
bütün hallarda müəllimlərimiz yeni gələn nəsillərə
bu dəyərləri öyrətməyə
çalışırlar.
Bütün bu illər ərzində Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun pasportu hesab edilə biləcək
nəşrləri xüsusi əhəmiyyət
daşıyır. Misal üçün, "Azərbaycan ədəbiyyatı
tarixi" 7 cildliyi, "Molla Nəsrəddin" jurnalı 8
cilddə, "Ziya" və "Füyuzat" qəzetlərinin
cildləri xüsusi qeyd olunmalıdır. Bu sırada
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
üçcildliyini ayrıca vurğulamaq istərdim. Məsələ
burasındadır ki, müstəqillik ölkəmizin həyatında
xüsusi əlamətdar hadisə oldu, amma eyni zamanda,
ardınca gələn müharibə, bəlalar, Qarabağ
olayları da sənətə təsirsiz ötüşmədi.
Və bu mənada son 25 ildə ədəbiyyatın hansı tərəfə
inkişaf etməsi, yazılan əsərlərin səviyyəsi,
yeni gələn gənc qələm sahiblərinin peşəkarlıq
məsələləri çox müzakirə olunurdu.
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
monoqrafik nəşri bütün bu suallara cavab verdi əslində
və müstəqil ölkənin azad, senzuradan uzaq ədəbiyyatı
haqqında real təsəvvür yaratmış oldu. Deyim ki,
bu üçcildliyi vərəqlədikcə müstəqillik
dövrünün - son 25 ilin ədəbiyyat tariximizdə
ayrıca bir mərhələ olduğuna şübhə
qalmır.
Elə hər ilin sonunda ədəbiyyat üzrə
yekunlara həsr olunmuş "Ədəbi proses"
yaradıcılıq müşavirələri və çap
olunan məcmuələr son dövr ədəbiyyatımız
haqqında ətraflı məlumat verir. Həmçinin, Azərbaycan
Yazıçılar Birliyi ilə birgə layihələrin həyata
keçirilməsi son dərəcə mühümdür.
Bunlardan "Azərbaycan uşaq ədəbiyyatı: problemlər
və vəzifələr" müşavirəsini ayrıca
qeyd etmək istərdim. Bu müşavirədə çağdaş dövr uşaq ədəbiyyatının
aktual məsələləri, problemləri müzakirə
edildi və ədəbiyyatın bu yöndə
inkişafı, yeni əsərlərin yazılması və
uşaqlara çatdırılması üçün müxtəlif
ideyalar irəli sürüldü.
Bütün bu sadaladığım faktlar
Ədəbiyyat İnstitutunun sənətin inkişafı,
elmin sənətlə vəhdətdə
çalışması, bir-birinə mövzu, material verməsi
üçün gördüyü işlərin bir hissəsidir.
Bu kontekstdə davam etsək, keçirilən Beynəlxalq konfranslar
ayrıca qeyd edilməlidir. "Yaşayan Yunis İmrə",
"Çağımızdan görünən orta əsrlər",
"Azərbaycan Türkiyə: 7 ulu ozan", "Sədi
Şirazi dünyası", "Böyük rus
yazıçısı Mixail Şoloxov və Azərbaycan",
"Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı"
və s. mövzularda konfranslarda
ciddi elmi nəticələr ortaya qoyulub. Burdakı
müzakirələr, məruzələr ədəbiyyatımızın
Beynəlxalq səviyyədə təbliği
üçün də əhəmiyyətlidir. Və mən bu məqamda son illərdə
iki dəfə keçirilmiş "Fizika və Lirika"
konfransını xüsusi qeyd etmək istərdim. Əslində,
"fizika və lirika" "qarşıdurması" bu
konfransda tamam ayrı məna, anlam kəsb edir. Bu konfranslarda
elmin və bədii yaradıcılığın sərhədləri
görünməz olub əslində. Yəni yaradıcı
adam elmlə məşğul ola bilərmi, yaxud alimin bədii
yaradıcılığı ciddi qəbul edilərmi
polemikalarının ən gözəl cavabını bu
konfransdan və dərc olunmuş materiallardan alırıq. Bədii
yaradıcılıqla məşğul olan, şeirlər,
hekayələr, dram əsərləri yazan alimlərin əsərləri
küll halında bu insanların dünyası,
düşüncə tərzi haqqında məlumat verir və
bəlkə əslində, bunları
araşdırmağın, təhlil etməyin özü də
elə Ədəbiyyat İnstitutunun əməkdaşlarının
üzərinə düşür. Bir sözlə, ədəbiyyat
sonsuz, hüdudsuz, sərhədsiz olduğu üçün
İnstitut əməkdaşlarının da missiyası bitmək,
tükənmək bilmir.
Müstəqilliyin gətirdiyi xoşbəxtliklərdən
biri də dünyaya çıxmaq fürsətidir. Ədəbiyyat
İnstitutu Beynəlxalq əlaqələri genişləndirməklə
həm ədəbiyyatımızın, həm də elmimizin
ölkə hüdudlarından kənarda təbliğ
olunması üçün çalışır.
Gürcüstanın Şota Rustaveli adına Ədəbiyyat
İnstitutu, Rusiyanın Maksim Qorki adına Dünya Ədəbiyyat
İnstitutu, Beynəlxalq Türk Akademiyası, İran
İslam Respublikasının Təbriz Universiteti, Polşa
Ədəbi Tədqiqatlar İnstitutu ilə
bağlanmış qarşılıqlı əməkdaşlıq
müqavilələri, həmçinin, birgə həyata
keçirilən layihələr deyilənləri təsdiqləyir.
Bütün bu sadaladığım faktlar, hadisələr
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
başda olmaqla, hər bir əməkdaşının zəhməti,
işinə, çalışdığı ocağa sevgisi
sayəsində həyata keçib. Amma mən statistik məlumatlardan
başqa, şəxsi təcrübəmi də
bölüşmək istərdim. İnstitutun nəzdində
fəaliyyət göstərən Dissertasiya Şurasında fəlsəfə
doktoru dissertasiyamı müdafiə edəndə, daha
doğrusu, müdafiəyə qədər də, sonra da
müxtəlif məqamları şəxsən görüb dəyərləndirdim.
Müdafiə öncəsi həyəcanımı görən
şuranın elmi katibi filologiya üzrə elmlər doktoru
İsmixan Osmanlı necə deyərlər, ürək-dirək
verib, burda hər kəsə xeyirxahlıqla
yanaşıldığını söyləmişdi.
Müdafiə vaxtı akademik İsa Həbibbəyli başda
olmaqla, hər kəsin həqiqətən xeyirxah, mehriban, amma
həm də tələbkar münasibətini gördüm.
Sonralar öyrəndim ki, məhz burda müdafiə olunan
dissertasiyaların yüksək səviyyəsini hər kəs
bilir. Və təsadüfi deyil ki, statistik məlumatlara görə,
son illərdə məhz ədəbiyyatşünaslıq sahəsində
müdafiə edənlərin, elmə yeni gələn gənclərin
sayı xeyli artıb. Əlbəttə, bu qədər
münbit şərait olunca belə göstəricilər də
təbii görünür.
Məkanlar, yerlər, idarələr, təşkilatlar
orda çalışan insanlara görə müqəddəsləşir.
Bu mənada Ədəbiyyat İnstitutunu elm və ədəbiyyat
fədailəri akademik İsa Həbibbəyli, Teymur Kərimli,
Tehran Əlişanoğlu, Teymur Bünyadov kimi, gənclərin
fədakar dostları olan professor Qəzənfər Paşayev,
Asif Rüstəmli, Əsgər Rəsulov, Nizaməddin Şəmsizadə
kimi insanların, adlarını çəkmədiyim neçə-neçə
dəyərli alimin sayəsində üstündür.
Şübhəsiz ki, kiçik bir yubiley
yazısında 85 illik yolun bütün şərəfli məqamlarını
qeyd etmək mümkünsüzdür. Niyyətim sadəcə
yetişməyimdə xüsusi yeri, yolu olan Ədəbiyyat,
elm ocağına minnətdarlığımı dilə gətirmək
və burda çalışan bütün dostlarımı,
müəllimlərimi yubiley münasibətiylə təbrik
etməkdir.
525-ci qəzet 2018.- 27 oktyabr.- S.15.