“Şirvanşahlar irsi
dünya muzeylərində” sərgisinin
açılışında
Oktyabrın 24-də “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən
Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi
dünya muzeylərində” sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva sərginin açılışında iştirak
edib.
Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan
tarixi Şirvanşahlar dövlətinə səyahət”
mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində
təşkil edilib.
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Əsgər
Ələkbərov sərginin açılış mərasimində
çıxış edərək Şirvan
şahlarının iqamətgahının, minillik Şirvan
tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər
ərazisində yerləşməsinin bu konfransın və sərginin
keçirilməsi ilə bağlı ideyanın
yaranmasında başlıca səbəblərdən biri
olduğunu qeyd edərək deyib: “Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə Şirvanşahlar tarixinə həsr
olunmuş konfransın keçirilməsi təşəbbüsü
ilə çıxış etdik. Prezident İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban Əliyevaya bu təşəbbüsü
dəstəklədikləri üçün minnətdarlığımı
bildirirəm. Bu, dövlətimizin
başçısının xalqımızın tarixi irsinə
verdiyi yüksək dəyəri göstərir, gənc nəsillərə
vətənpərvərlik hissi aşılayır”.
Qeyd edilib ki, sərgidə dünyanın ən
böyük muzeylərindən Azərbaycana gətirilən
nadir eksponatlar nümayiş olunur. “Sərginin əsas
eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən
təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil
edir. XVI əsrin əvvəllərində qanlı
döyüşlərdən sonra Şirvanşahlar
sarayından qənimət kimi aparılan sonuncu Şirvan
hökmdarı Fərrux Yasara aid 4 dəbilqə,
Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid
zirehli köynəklər 500 ildən sonra müvəqqəti
də olsa öz doğma məkanında sərgilənir. Həmçinin
Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn
xanəgahına məxsus kaşı nümunələri də
nümayiş olunur”, - deyə Əsgər Ələkbərov
qeyd edib.
Tədbirdə İstanbul Əskəri Muzeyinin əməkdaşı
Ömər Faruq Aslan çıxış edərək
minillik zəngin tarixə malik Şirvanşahlar dövlətinə
həsr olunan sərginin əhəmiyyətindən
danışıb, təşkilatçılara təşəkkürünü
bildirib.
Sonra tədbir iştirakçıları sərgi
ilə tanış olublar.
Tədbirdə Azərbaycan Milli
Konservatoriyasının Xalq artisti Fəxrəddin Dadaşovun rəhbərliyi
ilə "Əsrlərin sədası" qədim musiqi alətləri
ansamblı çıxış edib.
Sərgi 2019-cu il yanvarın 23-dək hər
gün saat 9:00-dan 20:00-dək ziyarətçilər
üçün açıq olacaq.
525-ci qəzet.-2018.-26 oktyabr.-S.7.