Azadlığın mistik sirri
Afaq Məsudun
“Azadlıq” romanı Rusiya mətbuatında
Tanınmış yazıçı, dramaturq,
Əməkdar incəsənət xadimi Afaq Məsudun ötən
il Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında
işıq üzü görmüş “Seçilmiş əsərləri”
kitabı Rusiya ədəbi ictimaiyyəti tərəfindən
böyük maraqla qarşılanıb. Kitaba daxil edilən əsərlər
– “Azadlıq” romanı və hekayələr haqqında Rusiya mətbuatında
təhlili yazılar və resenziyalar dərc olunub. Rusiyanın
aparıcı mətbu orqanı olan “Literaturnaya qazeta”nın
bugünkü nömrəsində yazıçı ilə,
onun düşüncə mənzərəsini daha dolğun əks
etdirən geniş müsahibə dərc edilib.
“Azadlığın mistik sirri” başlığı
altında dərc edilmiş müsahibədə “Azadlıq”
romanının təhlili ilə yanaşı, Azərbaycan ədəbiyyatının
ümumi mənzərəsi və digər məsələlər
barədə yazıçının baxışları yer
alır. AZƏRTAC müsahibəni təqdim edir.
– Afaq xanım,
müəllifi olduğunuz “Seçilmiş əsərlər”
(“Azadlıq” romanı və hekayələr) kitabında bu və
ya digər dərəcədə təhtəlşüurla
bağlı mövzulara toxunulur. Sizcə, təhtəlşüur
və azadlıq məsələləri bir-birilə nə dərəcədə
əlaqəlidir? Yəni, insan öz təhtəlşüurunda
belə, azad olmaya bilərmi? Ümumiyyətlə, azad olmaq
mümkündürmü?
– Düşünürəm, bu, insanın əzəli
yaradılışı ilə bağlı sonsuz
araşdırmalara ehtiyacı olan əbədi mövzulardan
biri – ən sirlisi və müəmmalısıdır. Quranda
Uca Tanrının insana belə bir ünvanlanması var: “Mən
səni azad yaratdım…”. Bu kəlam sözsüz ki, ilkin
yaradılmış insana – Adəm və Həvvaya
ünvanlanıb. Lakin insanlıq tarixi, hadisələr, sənədlər
və faktlar, eləcə də reallıq və həyat
göstərir ki, həmin bu azad yaradılmış insan əsrlərboyu
heç cür azad ola bilməyib və bilmir.
Düşünürəm ki, bunun ilkin səbəbi
bütün dini və səmavi kitablarda təsvir olunan həmin
o taleyüklü məqam – İnsanın öz
tamahının bəlasına düşməsi və cənnətdən
qovulmasıdır. Qalan digər bəlalar, eləcə də
uğrunda min illərlə mübarizə aparılsa da,
heç cür əldə olunmayan azadlıq problemi,
düşünürəm, buradan başlayır. Tamah, onun
usanmaz iştahıyla maddiyyatın ən alçaq
qatlarına sürüklənən insan, ona özü və
dünya haqqında təlqin olunan qurama təsəvvürlər,
yanlış arzular, bu bitib-tükənməz, çox vaxt
lüzumsuz arzu-istəklər burulğanıyla ömrün
sonuna doğru üst-üstə qalanan səhvlər və
günahlar, qalın-qalın hesabat dəftərçələri
və sair və ilaxır.
Nə qədər qəribə də olsa, qərinələr,
əsrlər ötsə də, sivil insan ruhi yaddaşı, təhtəlşüuru
etibarilə həmin cənnətdən qovulmuş insandır.
Onun real həyatda iştirakını, düşüncə və
hərəkətlərini şərtləndirən,
qarşılaşdığı ədalətsizliklər və
anlaşılmazlıqlar ilğımında
axtardığı və heç cür əldə edə
bilmədiyi “azadlıq haqqı”nın tarixçəsi, məncə
budur. Görünən də budur ki, tarixboyu Yer
üzünün bütün millətləri və
xalqları demokratik dəyərlər, azad cəmiyyət,
işıqlı azadlıq idealları uğrunda mübarizə
aparsalar da, bunu insan həyatının ən ali dəyəri,
insanlıq haqqı hesab etsələr də, son nəticədə
heç nə hasil olunmayıb. Nə toplum halında, nə fərdi
şəkildə. Yəni bu, min illərlə belə olub,
düşünürəm, belə də olacaq. Bu məsələyə
daha dərindən yanaşanda izaholunmaz, mistik bir həqiqətin
astanasına çatmış olursan. Belə ki, həmin bu
azadlığın nə demək olduğunun, kainatı, onun
sərhədlərini təsəvvürə gətirmək qədər
yasaq, mümkünsüz bir mətləb olduğunun acı həqiqətini
anlayırsan. Düşünürəm, bu, ilahi bir maneə,
ali hökmdür. Əgər insan, hər şey bir yana
qalsın, ölümlüdürsə, qocalığa, xəstəliyə
məhkumdursa, haqqında, demək olar, heç nə bilmədiyi
bədəninin halından, daxili orqanlarının, əzalarının
vəziyyətindən, havanın temperaturundan və sairdən
asılıdırsa, hansı azadlıqdan danışmaq olar?
Bunu da nəzərə alsaq ki, kainatın özü belə
azad deyil, bütün ulduzlar, Günəş sistemləri,
qalaktikalar və planetlər hansısa qəbul olunmuş,
düşünülmüş, vahid sistem üzrə hərəkətlənməyə
davam etməkdədirsə, bütün bu möhtəşəmliyin
miqyasında toz nisbətində belə olmayan insanın
axtardığı nədir?
– “Azadlıq” romanı Azərbaycan tarixində
baş vermiş hadisələrə Sizin
baxışınızı əks etdirir? Yoxsa sizi yuxugörmənin
müəmması maraqlandırır? Əsər insanın, həmin
bu sirli, izaholunmaz yuxu aləmi qarşısında acizliyi məsələsində
hər hansı sosial status, yaxud ictimai mövqedən
asılı olmayaraq, bərabər olduğunu parlaq şəkildə
nümayiş etdirir.
– “Azadlıq” tarixi-psixoloji roman kimi qəbul
olunur. Onu belə də səciyyələndirmək olar.
Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycanda
baş verən siyasi-ictimai hadisələr, öz müstəqilliyi
uğrunda ayağa qalxan xalq kütlələri, “Azadlıq”
meydanında baş verənlər, savadsızlığı və
təcrübəsizliyi ucbatından ölkəni uçuruma
sürükləyən oyuncaq hökumət, qurama dövlət
təmsilçilərinin xalqın gözü
qarşısında sərgilədiyi tragikomik macəralar və
sair və ilaxır.
Roman insan azadlığı, siyasi-ictimai, sosial
azadlıqlar problemi, meydan hərəkatı və sair
baxımından bu gün dünyanın bir çox ölkələrində
baş verən hadisələrlə səsləşməyə
davam edir və hər ölkədə maraqla
qarşılanır. Bu, əsərin birinci, yəni, üst
qatıdır. Lakin əsərin digər qatları da var. Bayaq
haqqında danışdığımız həmin
azadlıqsızlıq, insanın nəinki real həyatda, hətta
heç kimin müdaxilə edə bilmədiyi tənha
yatağında, bu yataqda yatıb gördüyü
yuxularında belə azad olmaması, insanın öz iradəsindən
asılı olmadan, sirli yuxu ərazilərində, təhtəlşüurunun
gizli labirintlərində baş verən hadisə və
situasiyaların iştirakçısına çevrilməsi
və sair, ictimai həyatda, gerçəklikdə axtarılan
bu problemin kökünün daha dərində olduğunu
bildirir.
Qəribədir ki, bu mövzu, yəni,
insanın azadsızlığı, eləcə də yuxu və
təhtəlşüur xətti mənim, demək olar,
bütün əsərlərimdən bu və ya digər mənada
keçir. Ən erkən hekayələrimdə belə.
“Azadlıq”da bu mövzu daha fundamental şəkildə –
bütöv tarixi mərhələnin fonunda
araşdırılır. Bu, düşünülmüş
şəkildə qurulmayıb, əsər özü belə
alınıb. Ötən əsrin 80-ci illərində
şahidi olduğum məlum siyasi hadisələr, məni hər
zaman narahat edən yuxu əraziləri bu əsərdə, necəsə
öz-özünə, mistik bir uyarlıqla uzlaşıb və
düşünürəm, romana uğur gətirən
başlıca səbəb məhz budur. Meydanlara “Azadlıq!”
şüarıyla axışsalar da, əslində, bunun nə
olduğunu bilməyən insan kütlələri, insan
mövcudluğu ilə bağlı elmi
araşdırmalarıyla, özü də bilmədən,
hansısa toxunulmaz, yasaq ərazilərə daxil olan və
oradaca qətlə yetirilən Akademik, öz təhtəlşüurunda
azmış General, bu adamları sirli yuxu burulğanlarından
xilas etməyə çalışan, lakin özü də
oralara sovrulan psixiatr Veyisov... Bu, həmin o ərazilərdir ki,
heç bir siyasi, yaxud sosial status, iyerarxik dərəcə,
nüfuz və sair tanımır. Orada hamı bərabərdir.
– Sovet
dövrü ilə müqayisədə müasir Azərbaycan ədəbiyyatının
vəziyyətini necə qiymətləndirirsiniz?
– Bu gün Azərbaycanda güclü ədəbiyyat
yaranır. Bu, özünü daha çox orta nəsil təmsilçilərinin,
eləcə də gənc yazıçıların
yaradıcılığında büruzə verir. Azərbaycan
ədəbiyyatı üzü qədimdən bəri dünya
fikir xəzinəsinə istər keyfiyyət, istərsə də
kəmiyyət baxımından misilsiz bədii söz dəfinəsi
bəxş edib. Əfzələddin Xaqani, Nizami Gəncəvi,
Məhəmməd Füzuli, İmadəddin Nəsimidən
başlayan nurlu yol bu gün də davam edir. Sözsüz ki,
sovet ideologiyası digər keçmiş MDB xalqları ədəbiyyatlarına
olduğu kimi, Azərbaycan ədəbiyyatına da təsirsiz
ötüşməyib. Bir çox istedadlı qələm
adamı tərəfindən xeyli sayda saxta ideoloji əsərlər
yaradılıb. Lakin həmin dövrlər heç bir rejimə
baş əyməyən ciddi ədəbiyyat da yaranıb. Məmməd
Səid Ordubadi, Cəfər Cabbarlı, Hüseyn Cavid,
Əliağa Vahid, Mikayıl Müşfiq, Mir Cəlal, Ənvər
Məmmədxanlı, Məmməd Araz, Musa Yaqub, İsa
Hüseynov, Sabir Əhmədov kimi şair və
yazıçılar bütün rejimlərin fövqündə
misilsiz əsərlər yazıb-yaradıblar. Bu proses bu
gün də davam etməkdədir və mənzərə onu
göstərir ki, bu torpağın söz toxumu bəhrəlidir
və o, dünyaya çoxlu sayda qidalı barlar verəcək.
– Siz Markes, Vulf,
Kortasar, Borxes kimi yazıçıların əsərlərini
tərcümə etmisiniz. Hansı əsəri tərcümə
edərkən daha böyük çətinliklərlə
üzləşmisiniz və niyə?
– Mənim üçün ən çətini
Markesin “Patriarxın payızı” olub. Bu əsər, yəqin
ki, oxumusunuz, dolama-dolaşıq, fantasmaqorik təsvirlərin,
hadisə və situasiyaların, duyğu və fikirlərin bəzən
bir, bəzən iki səhifəyə sığan cümləyə
yerləşdirildiyi, təhkiyə və dil baxımından hədsiz
ağır və qəliz bir əsərdir və təbii ki,
tərcümə də kifayət qədər çətinliklər
yaradır. İlk baxışda, heç bir məntiqə, ənənəvi
dünyagörümünə dayaqlanmayan spontan fikir və
duyğu axını, keçmişlə reallıq
arasında sərhədlərin itirilməsi və sair tərcüməni,
nəinki mətnin, yazıçının səhifədən-səhifəyə
gözlənilməz qəfilliklə dəyişilən
halının mümkün dəqiqliklə ifadəsi
baxımından da çətinləşdirir. Tərcümə
zamanı bəzən məndə belə bir təəssürat
yaranırdı ki, Markes bütün bu mürəkkəbliyi,
fikir və təsvir dolaşıqlığını
düşünülmüş halda özü qurub. Oxucunu
virtuoz ustalığıyla, söz və fikir
naxışlarıyla toxuduğu toruna salıb
başını gicəlləndirmək, dünyanın
gözlə görünən bu yeknəsəq sosium yox, insan
şüurunun dərk etmək, hər hansı məntiq donu
geyindirmək iqtidarında olmadığı, sirlər və
şifrələr dolu dərkedilməz, mistik aləm
olduğunu anlatmaq məqsədi ilə edib.
–
Baxışlarınızın formalaşmasında kimin təsiri
daha çox olub? Rus klassiklərindən hansı sizə daha
yaxın və maraqlıdır?
– Elə bilirəm, böyük rus ədəbiyyatının
nəinki mənə, bütün dünya
yazıçılarına böyük təsiri olub. Qoqolu,
Dostoyevskini, Çexovu oxumadan insan, onun xisləti haqqında
mükəmməl təsəvvür əldə etmək
çətin olardı. Onlar müəllimlərdir. İnsan qəlbinin
gizlinlərini, iç dünyasını mikroskopik şəkildə,
az qala, toxuma səviyyəsində araşdırmağa müvəffəq
olmuş bu dahilər dünya fikir xəzinəsinə misilsiz
töhfələr veriblər. Lakin bu, yolun sonu deyil. Yəni,
söhbət ədəbiyyatdan, böyük və şəfqətli
ədəbiyyat yolundan gedir. Bu yolun – yəni insan, dünya,
mövcudluq sirrinin araşdırılması yolunun sonu,
qurtaracağı yoxdur. Sufilər demişkən: “İnsan min
il də yaşasa və həmin o min il həqiqəti dərk
etməyə çalışsa, buna gücü yetməyəcək”.
Əlbəttə, dünya ədəbiyyatı tarixində “fəth
olunmuş ərazilər”dən sonra gələnlər də
var və hər kəs yol üzrə öz qabiliyyəti və
fəhmi müqabilində irəliləyir, insan nəfəsi dəyməyən,
fikir qarmağının toxunmadığı yeni əraziləri
aşkarlayır. Beləcə, yol sonsuzluğa qədər
uzanır. Bu, ciddi ədəbiyyat yoludur və onun sonu,
qurtaracağı yoxdur. Bu mənada, “ədəbiyyatda yeni
heç nə yoxdur, bu gün yazılanlar nə vaxtsa
yazılanların ayrı şəkildə təkrarıdır”,
– deyənlər səhv edirlər. İnsan əlinin cizgiləri,
qar dənəciklərinin naxışları bir-birini təkrarlamadığı
kimi, görüm, duyum və fikir yarılmaları da bir-birini
təkrarlamır.
Müsahibəni hazrladı:
Lüdmila Tarasova
525-ci qəzet.-2018.-27 oktyabr.-S.8.