Nigeriyada Azərbaycan Gecəsi
Nigeriyada fəaliyyət göstərən Azərbaycanın
Dostları Təşkilatının təşəbbüsü
və dəstəyi ilə bu ölkənin
əsas mədəniyyət mərkəzi və böyük şəhəri Laqosda
Muson Musiqi
Festivalının 22 illik yubileyinə həsr
edilən “Şərq ilə Qərb görüşəndə”
adlı Azərbaycan gecəsi təşkil edilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın Dostları Təşkilatının
sədri Billurə Bayramovanın təşkilatçılığı
ilə gerçəkləşən bu tədbir ölkəmizin
mədəniyyətinin Nigeriyada təbliği baxımından
ikinci tarixi hadisədir. Tədbir həm də uzaq Nigeriyada
musiqimizin və mədəniyyətimizin geniş kütləyə
təqdimatı ilə yadda qalıb.
Laqosun
Muson Musiqi Mərkəzində keçirilən mərasimdə
bu ölkədə fəaliyyət göstərən 30-dan
çox konsulluq və səfirliyin rəsmiləri iştirak
ediblər. İtaliya, Polşa, Albaniya, Fransa, Mərakeş,
Qana və digər dövlətlərdən 350-dən
çox tamaşaçının iştirak etdiyi tədbirdə
Əməkdar artist, beynəlxalq müsabiqələr
laureatı, tarzən Sahib Paşazadənin, Fransada fəaliyyət
göstərən istedadli pianoçu Səidə
Zülfüqarovanın klassik və xalq
mahnılarımızı, eləcə də əcnəbi
musiqiçilərin əsərlərini məharətlə
ifa etmələri hamının zövqünü
oxşayıb. Konsertdə səslənən Oqtay
Zülfüqarov, Hacı Xanməmmədov, Vasif Adıgözəlovun
bəstələri, muğamlarımızdan parçalar,
Avropa bəstəkarlarının əsərlərindən
nümunələr alqışlarla qarşılanıb.
Billurə
Bayramova konsertlə bağlı təəssüratlarını
bölüşərkən “Şərq ilə Qərb
görüşəndə” adlı Azərbaycan gecəsinin
möhtəşəmliyini vurğulayaraq deyib: “Tədbirdən
sonra Azərbaycan mətbəxinin nümunələri,
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
Siyahısına daxil edilən nümunələr və
şirniyyatlarımız qonaqlara təqdim edilib. Bu tədbirin
təkcə Nigeriyada deyil, orada iştirak edən digər
dövlətlərin təmsilçilərinə də Azərbaycan
tarixinin təbliği baxımından faydalı olduğunu desəm,
yəqin yanılmaram. Tədbir çərçivəsində
mədəniyyət və incəsənət nümunələrimizin
nümayişi ölkəmizin qədim tarixə malik
olduğunu göstərməklə yanaşı, maddi-mədəni
irsimizin dünyada təbliği baxımından da
böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan
musiqisi isə öz əsrarəngizliyi ilə Nigeriya dinləyicilərini
heyran edib”.
Tədbir
çərçivəsində, həmçinin, Azərbaycana
həsr edilən foto və videomateriallardan ibarət sərgi də
nümayiş olunub.
525-ci qəzet.-2018.-27 oktyabr.-S.13.