Əlif Şəfəqin “Qara süd” romanı:
yazıçılıq və analıq
Şahanə
MÜŞFİQ
Məhəmməd Peyğəmbərlə
bağlı belə bir hədis var. Bir gün
peyğəmbərdən bir nəfər soruşur:
- Ya
Peyğəmbər, niyə Allahın elçilərini, yəni
peyğəmbərləri ancaq kişilərdən seçib?
Niyə onlar arasında qadın yoxdur?
Məhəmməd
Peyğəmbər isə cavab verir:
-
Çünki onlara peyğəmbərlikdən də
ağır vəzifə verilib- uşaq dünyaya gətirmək,
ana olmaq!
Həqiqətən,
maraqlıdır, qadın ana olmağı vəzifəsi kimi
yerinə yetirir, yoxsa öz seçimi, istəyi ilə? Kimdir
qadın? Ancaq dünyadakı insan sayını artıran, nəsli
davam etdirən və bütün bunları edərkən istəyi,
arzusu, seçimləri, ruh halı nəzərə
alınmayan varlıq? Axı söhbət uşaqdan gedir, yəni
fərddən, insandan. Onu bətnində daşımaq, bu
müddət ərzində bəlkə də əvvəllər
özənlə, diqqətlə qoruduğun bədəninin hər
gün bir az daha deformasiyaya uğraması, hər yediyi yeməyin
kalorisini belə hesablayan qadının bir gün kök, yumru
bir varlığa çevrilməsi, qolunu tərpətməyə
heyin yoxkən bir də bu boyda bədəni gəzdirməyə
məcbur qalmaq, min bir ağrı-acıyla o uşağı
dünyaya gətirmək, onunla birlikdə dəyişən
rejim, yuxusuz gecələr, öhdəsindən gəlməli
olduğun depressiya, bütün bunların üstünə
yığışdırmalı olduğun ev, bişirməli
olduğun yemək, qayğı və sevgi verməli
olduğun ər və sair və ilaxır. Bununla bitirmi hər
şey? Əlbəttə, yox! Analıq ömür boyu
daşımağa məcbur olduğun yük kimidir. Bəzən
elə xəfif, elə yüngül gələr ki,
xoşlanarsan, heç bir ağrı-acı hiss etməzsən.
Amma birdən o qədər ağırlaşar ki, sanarsan elə
bu dəqiqə, çiynindəki bu ağırlıqla yerin
yeddi qat dibinə batacaqsan. Yükündən qorxarsan,
yorularsan, usanarsan, amma çiynindən kənara qoymaq
ağlına da gəlməz, əksinə, daha çox
sarılarsan, daha çox bağlanarsan. Xoş, əgər
atmaq istəsən də ata bilməzsən ki. Heç bircə
anlıq belə çiynindən kənara qoymaq şansın
yoxkən, hara atacaqsan necə atacaqsan?
Bu sətirləri
ana olan oxucularımız hansı hiss və düşüncələrlə
oxuyur, bilmirəm, amma mənim kimi hələ ana olmayan
qadınların elə mənim kimi də qorxaq və ürkək
nəzərlərlə oxuduğunu təxmin edə bilirəm.
Elə
mən də məşhur türk yazıçısı
Əlif Şəfəqin ilk avtobioqrafik romanı
adlandırdığı “Qara süd” (“Siyah süt”)
kitabını belə ürkəkliklə, qorxuyla
oxumuşdum. Əlifin bu həyatı yaşamağa başlarkən
keçirdiyi qorxu kimi...
“Hər
kitab yaddaşda qalmaq, yer üzündə iz buraxmaq arzusu ilə
yazılır. Bu kitabdan başqa.
Bu
kitab oxunar-oxunmaz unudulmaq üçün yazıldı. Suya
yazı yazılan kimi...”
Elə
bu cümlələrlə yapışır kitab
düşüncələrindən. Və müəllif
sonrakı səhifələrdə bir daha təkidlə
oxucusundan xahiş edir: “oxuduğun hər cümlə ilə əvvəlki
cümləni unut, kitabın sonuna çatanda yaddaşında
əvvəlindən heç nə qalmasın”. Çünki
müəllif bu kitabı tarixə düşmək
üçün yox, əksinə,
sıxıntılarından, ona yaşamağa imkan verməyən
ruh halından birdəfəlik qurtulmaq üçün qələmə
alıb.
“Qara
süd” romanı yazıçının qızının
dünyaya gəlişindən sonra düşdüyü
postnatal depressiya nəticəsində heç bir şey yaza
bilmədiyi on aylıq bir dövrdən bəhs edir.
“Çünki bu kitab qadınlığın,
qadınların həyatının bədbin və tutqun, amma
son təhlildə müvəqqəti bir dövrüylə əlaqədardır.
Burada araşdırılan- qəfildən gələn, gəldiyi
kimi də sürətlə, dalğa-dalğa çəkilib
gedən əhval-ruhiyyədir”.
Bu,
bir çox yeni ana olmuş qadınlarda baş verən vəziyyətdir.
Uşaq dünyaya gəldiyi ilk 10 gün içərisində
“Analıq hüznü” (bəzi mənbələr
zahılıq, lohusallıq) dediyimiz duyğuların
yaşanmasıdır. Həmin dövr bəzi analarda qısa
sürsə də, ağırlaşma hallarında bir ilə
qədər davam edə bilir. Narahatlıqlar iki həftədən
çox çəkərsə, artıq doğuş
sonrası (Postnatal) depressiyadan şübhələnməyə
əsas var. Ana müalicə almalıdır.
Hər
şeydən öncə maraqlıdır, nədir analıq?
Niyə insanlar onu bu qədər ciddi və vacib hesab edir? Niyə
öz həyatını yaşayan, sənətində
uğurlar qazanan, əgər ərə getməyibsə, ana
olmayıbsa, bu uğurlar, onun bacarığı, istedadı,
savadı, əzmi, əldə etdikləri heç kimin
gözünə görünmür, hər kəs kənardan
onu gizli təəssüf hissi ilə süzür, sanki
yazıqmış kimi davranır? Ərə getməmək,
uşaq doğmamaq yazıqlıqdırmı?
Elif
Şəfəq deyir ki, “analıq dünyanın ən
yaşanılası, ən möhtəşəm lütflərindən
biridir; həm də necə gözəldir. Aldığı
bütün təriflərə artıqlamasıyla layiqdir.
Çox bənzərsiz, çox qiymətlidir...
İnsanın ürəyini xəmir kimi götürüb dəyişdirən,
kainatın ritmiylə görüşdürən, tayı-bərabəri
olmayan təcrübədir.
Amma
analığın yalnız və yalnız pozitiv cəhətlərindən
bəhs edilməsində səhv və aldadıcı nəsə
var. Çünki analıq eyni zamanda xeyli ağırdır”.
“Qara
süd” romanını müəllif özü bir neçə
hissəyə bölsə də, əslində zaman
baxımından üç dövrü əhatə edir: ailə
qurmazdan, ana olmazdan öncə, hamiləlik dövrü və
ana olduqdan sonrakı böhran zamanı.
Otuz
yaşın ortalarına çatmış yazıçı
nə ailə qurmaq, nə də uşaq dünyaya gətirmək
haqqında düşünür. Onun üçün ər
oxuduğu kitabları, övlad isə yazdığı əsərləridir.
Hətta o, özünü ailəsinə, övladlarına həsr
edən qadınlara da qəribə baxır. Oxumaq, yazmaq, hər
keçən gün əmin addımlarla uğurlara doğru
getmək, insanların maraq və sevgisini qazanmaq varkən, niyə
bir qadın özünü dörd divarın içərisinə
həbs edib, ömrünü kimlərəsə həsr etsin
ki?
Müəllif
öncə bunu düşünür. Amma həyatın onun
üçün hazırladığı sürprizlər
qabaqdadır.
Hər
şey qəhrəmanımızın Heybəli Adadan
reportajdan qayıtdığı anda başlayır. O,
yanında iki uşağı olan hamilə bir qadın
görür və içində sanki bir şeylər
qırılır. Qadının səliqəsiz halı,
böyük qarnı, uşaqlar onun diqqətini cəlb edir. Və
yazıçı xanım həmin gündən etibarən
karyera, yoxsa qadınlıq, kitab yazmaq, yoxsa övlad dünyaya
gətirmək sualları arasında var-gəl edir.
Təsadüfdənmi,
yoxsa zərurətdənmi elə həmin günlərdə
yazıçı Ədalət Ağaoğlu ilə
aralarında buna bənzər bir söhbət gedir. Və
Ədalət Ağaoğlu ondan övlad dünyaya gətirmək
istəyib istəmədiyini xəbər alır. Qəhrəmanımız
isə qərarsızdır. Bilmir. Bu suala cavab vermək
üçün öz iç dünyasına səyahət
etməli, özü özünü dinləməlidir.
Ondan
öncə isə oxuduqlarını, özündən əvvəlki
qadın yazıçıların həyatlarını
yadına salır. “Füzulinin bacısı” bölməsində
Virciniya Vulfun “Özünə aid otaq” romanını
xatırlayır. Vulfun romanında Cudit adını verdiyi
Şekspirin bacısı obrazına nəzirə kimi
Füzulinin bacısı Firuzə xarakterini yaradır. Həm
Virciniya, həm də Əlif üçün hər iki
bacılar ən az qardaşları qədər istedadlı
olsalar, ən az onlar qədər yaxşı yazılar yazsalar
da, yenə də qadınlığın qurbanına
çevrilirlər. Çünki bir qadın kimi onların əsas
vəzifələri ərə getmək, ailə saxlamaq,
uşaq dünyaya gətirməkdir. Bu vəzifələrdən
isə yazıçılığa nə vaxt qalar, nə həvəs.
İç
dünyası isə onun beynindən, düşüncələrindən
də qarışıqdır...
Əsər
bir az da fantastik təsir bağışlayır.
Çünki əsərin əsas qəhrəmanlarından bəziləri
tamamilə müəllifin xəyal dünyasının məhsullarıdır.
Bunlar İç Səsinin Xoru adlandırdığı
müxtəlif səslərdir. Bu xorda hərəsi başqa
dünyalara aid barmaqqadınlar var. Əlif Şəfəq
tez-tez bu dünyaya səyahət edir, onlardan məsləhətlər
almağa çalışır. Heç məsləhət
almağa çalışmasa belə o iç səslər
onu kölgə kimi izləyirlər. Kimdir onlar?
Bu
barmaq-qadınlarla yaxından tanış olmaq fürsətini
kitabın İç səslər bölməsində
tapırıq. Praktik Ağıl Xanım ağılı, hər
işə praktik çarə tapmağı təmsil edir,
hadisələrə realist yanaşır. Can Dərviş
Xanım təsəvvüflə maraqlanır, ibadət edir,
Allaha təvəkkül edir, hər şeyə səbrlə
yanaşmağı məsləhət bilir, qədər-qismətə
inanır. Sinik Entəl Xanım intellektual, öz halında,
sakitliyi təmsil edir. Hirs Nəfs Xanım
çalışqandır, tamahkardır, işləməyi
sevir.
Uzun
illərdir yazıçı məhz bu iç səslərilə
bilavasitə təmasdadır. Onların məsləhətlərinə
əməl edir. Elə bu problem ortaya çıxanda da
onların üstünə qaçır. Amma sən demə,
o, içindəki başqa kimlikləri unudub və məhz bu
suala cavab axtara-axtara əslində onları tapacaq. Bunlar əsərə
sonradan daxil olan Anac Süddaş Xanım və Saten Şəhvət
Xanımdır. Birincisi, qadınlığı, uşaq
dünyaya gətirməyi, analığı, yaxşı həyat
yoldaşı, evcil qadınlığı təmsil edir.
İkincisi isə qadın fizikasının fərqində
olmağı, daha dəqiqi cinsəlliyi...
Əsər
bu iç səslərinin müharibəsi, daxili savaşı
təsiri bağışlayır.
Yazıçı
öz içərisində savaşdaykən tale artıq ona
yeni sürprizlərini hazırlayır. Özündən
qaçmaq üçün sığındığı
Amerikadan cəmi bir neçə günlük İstanbula
qayıtmaq onun həyatını dəyişir. Həyatının
sevgisi ilə qarşılaşır və
qadınlığı unutmaq üçün çabalayan
yazıçı qadın olduğunu xatırlayır. Bircə
anda evliliyə qərar verir.
Evlilikdən
il yarım sonra isə hamiləlik dövrü başlayır.
Bu dövr də özünün acılı, şirinli xatirələri
ilə keçib gedir. Anac Süddaş Xanımın hegemonluq
etdiyi bu dövrdə nə düşüncələr həmənkidir,
nə də həyatı. Ardıyca isə zahılıq
dövrü. Analığın bəlkə də ən
çətin, ən ağır zamanları. Bu dövrdə
yenə də xəyali obrazla qarşılaşırıq.
Yazıçı onun adını Lord Poton qoyub. Postnatal
depressiya dövründə Əlifin içərisindəki
bütün iç səslər susub. Nə kitab oxumağa, nə
qadınlıq etməyə, nə əsər yazmağa həvəsi
var. Bu heybətli Lord Poton bütün ruhunu,
varlığını ələ keçirib. İstəksizlik,
həvəssizlik və depressiya getdikcə artmaqdadır. Əslində,
böyük bir əsər
məhz bu dövr üçün yazılıb. Yazıçının
da dediyi kimi, olduqca qısa, bütün hallarda müvəqqəti,
amma qadının həyatında,
psixologiyasında silinməz izlər qoyan bu dövr öz
ürkütücülüyü ilə
qadınları həyatdan, insanlardan, hətta
dünyaya gətirdiyi övladdan
belə küsdürə, uzaqlaşdıra bilər. Bundan çıxış yolu
isə öz daxilində bütünlüyü
tapmaqdır.
Əsər bir qadının həyatını qurmaq yolundakı savaşından, mübarizəsindən bəhs edir. Sonda zahılıq dövrünü keçən yazıçı içərisindəki huzurla birgə xoşbəxtliyi tapır və anlayır ki, karyera, yazıçılıq, analıq, qadınlıq, hamısı öz içindəki demokratiya və bütünlüklə öhdəsindən gəlinə biləcək işlərdir. Qadın heç də biz bildiyimiz kimi zəif və aciz deyil. O, yaza da, yarada da, eyni zamanda, evinə xanımlıq, övladına analıq da edə bilər. Yetər ki, öncə öz içini, xarakterini və bədənini tanısın.
525-ci qəzet.-2018.-27 oktyabr.-S.12.