Möcüzə yalnız nağıllarda baş verir

UNUDULMAZ SAMUR NOVRUZOV HAQQINDA BİR NEÇƏ SÖZ

Bu il Samur Novruzovun 80 yaşı tamam oldu, özü isə bizim bu dünyamızda yalnız 63 il yaşadı.

Aradan 17 il keçib və bu 17 ildə Samur mənim xatirəmdə həmişə (və həmişəki kimi) - “canlı olub” demək istəmirəm - canlı yaşayıb.

Bu gün çox uzaq bir keçmişdə qalmış 1960-cı ildə mən Azərbaycan Dövlət Universitetinə (indiki BDU-ya) daxil olanda, universitetin məşhur tələbələri vardı və onlardan biri də dördüncü kurs tələbəsi Samur idi.

O zaman universitetin güclü idman komandaları və bu komandaların da qızğın azarkeşləri vardı. Ən güclü komandalardan biri basketbol komandası idi və onun oyunçularından Samur Novruzov, Məmmədyarov qardaşları artıq Azərbaycanın yığma komandasının üzvləri, SSRİ-nin idman ustalarıydı.

Mən bizim fakültənin futbol komandasında oynayırdım, ancaq o biri komandaların da yarışlarına, məşqlərinə gedirdim və Samurla tanışlığımız, yavaş-yavaş gələcəyin möhkəm dostluğuna çevrilən, sona qədər də davam edən yaxınlığımız da elə o vaxtlardan başladı.

Onun atası Həsən müəllim Qazax mahalından çıxmış tanınmış ziyalılardan biri idi və Samurun həyatındakı çox ağrılı-acılı bir hadisə zamanı - atasının vəfatı ilə bağlı mərasim günlərində bizim, dediyim o möhkəm dostluğumuzun həmişəlik təməli qoyuldu.

Samur universitet tələbəsi, 22-23 yaşlı bir gənc idi, ancaq o yas günlərində özünü həqiqətən evin kişisi kimi aparırdı və bəlkə də, “aparırdı” ifadəsi burda yerinə düşmür, çünki bu bir neçə gün artıq onu anadan və iki bacıdan ibarət bir ailənin həqiqi mənada kişisi - başçısı etmişdi. Ümumiyyətlə, Samur çox təmkinli, xarakterinin, tərbiyəsinin sanbalı mənasında ağır adam idi və bu təmkin, ağır oturub-durmaq elə cavan yaşlarından ömrünün sonuna kimi onunla birlikdə idi.

Samur universiteti bitirdikdən sonra telejurnalist kimi fəaliyyətə başladı, mən filologiyanı bitirdim və 60-cı illərin ikinci yarısı biz tez-tez zəngləşib, görüşürdük. Samurgilin “Verxni Naqornu”dakı həyət evlərində, mənim Vaqif küçəsindəki birotaqlı mənzilimdə əsasən çay süfrəsi arxasında oturub (Samurun içki ilə arası yox idi), həyat barədə, gələcək barədə söhbətlərimizdəki səmimiyyət, gənclik romantikası bu qədər illər keçdikdən sonra da yada düşəndə, onları az qala cismani hiss edirəm - o səmimiyyətin, o hiss-həyəcanların dalğası heç vəchlə dəyişməyib, elə o dövrlərdəki kimi canlı və təravətlidir.

Samur həyata, münasibətlərə çox ciddi baxan, insanlara hörmətlə yanaşan, daxili mədəniyyəti heç zaman ondan əskik olmayan bir şəxsiyyət idi və bu sözləri yaza-yaza xatırlayıram ki, o, anası, olduqca koloritli bir qadın olan, unudulmaz Quba xalaya hansı bir sevgi və ehtiramla yanaşırdı, elə bil, Quba xala onun sevimli anası olmaqla bərabər, haçansa məktəbdə ona dərs demiş istəkli bir müəlliməsi idi.

Samur öz üzərində çox işləyirdi və o, həyatda nəyə nail olmuşdusa, bunu yalnız və yalnız öz gücünə əldə etmişdi. O zaman Moskvada savadlı rəhbər kadrlar hazırlayan çox nüfuzlu İctimai Akademiya fəaliyyət göstərirdi və Samur elə Moskvada da imtahan verərək, həmin Akademiyaya daxil oldu.

Kiçik bir xatirə yadıma düşür.

Samurun daxilindəki səmimiyyət həmişə ona hörmət gətirir, dost qazandırırdı.

1972-ci ildə mənim nisbətən irihəcmli hekayələr kitabım nəşr olunmuşdu və yaxşı qonorar almışdım, həm də təzə evlənmişdim. Nüşabə xanımla - mənim həyat yoldaşımla birlikdə gəzmək üçün vaqonla Moskvaya yola düşdük, oradan da hərəsində iki-üç gün qalmaqla Pribaltika respubliklarına gedəcəkdik.

O zaman mehmanxana məsələsi də, vaqona, təyyarəyə bilet almaq məsələsi də müşkül bir iş idi, ancaq Samur Moskvada bizi qarşıladı, iki-üç gün bir yerdə olduq və bu müddət ərzində o, Akademiyanı bitirmiş, Latviyada, Litvada və Estoniyada artıq hansısa vəzifələrdə işləyən dostlarına bir-bir zəng edərək, bizim bilet və mehmanxana problemlərimizi həll etdi.

Mənim belə bir fikrim də vardı ki, qonorarın əsas hissəsinə əl dəyməyək, bu pula Nüşabə xanım üçün nəhayət ki, üzük və sırğa komplekti alaq və biz Samurla birlikdə Moskvadakı bir-iki yuvelir dükanına baş çəkdik, ancaq bir şey çıxmadı - ya xoşa gəlmirdi, ya da qiymətlər həddən artıq baha olurdu. Samur dedi ki, belə şeylər yəqin Pribaltikada daha ucuz olar və uzun sözün qısası, Nüşabə xanımla mən Pribaltika mehmanxanalarında rahat yerləşdik, bilet məsələlərində də, dediyim kimi, problem olmadı, o üzük-sırğa komplekti qayğıları da birdəfəlik həll olundu - ancaq bir az başqa cür: biz Vilnüsdə rəsm salonuna girdikdə, yağlı boya ilə çəkilmiş kiçik həcmli bir natürmort elə xoşumuza gəldi ki, başıbəlalı “komplekt” üçün qorunan pulun hamısını verib, o natürmortu aldıq.

Moskvaya qayıdanda və Samur “komplekt”in başına gələn işdən agah olanda, şaqqanaq çəkib gülərik:

- Bundan əla nə ola bilər!.. - dedi.

İndi də onun o gülüşü mənim gözlərimin qabağındadır və o gözəl günlərdən 46 il keçib, ancaq mən hər dəfə o natürmorta baxanda Samurun o səmimi gülüşünü xatırlayıram.

Samur namizədlik dissertasiyasını müdafiə edib Akademiyanı bitirərək, Bakıya qayıtdı və Azərbaycan KP MK-da işə başladı. MK hakim sovet ideologiyasının mərkəzi idi, ancaq Samur ideologiyanın yox, işin fanatiki idi və həqiqət naminə deməliyəm ki, o zaman - 70-ci illərdə MK-da xalqın rifahı üçün çalışan bu cür fədakar işçilər az deyildi.

Samur Familə xanımla ailə qurdu və bu səmimi ailədə üç ağıllı və yüksək tərbiyəli övlad böyüdü: Nərgiz, Namiq, Lalə və yeri düşmüşkən deyim ki, Familə xanım Samurun ən çətin məqamlarında onun mənəvi dayağı oldu, Samur ağır xəstələnəndən sonra bu dünyadakı ən son nəfəsinəcən mərdi-mərdanə onun əziyyətini çəkdi.

1980-ci illərdə Samur Bədən Tərbiyəsi İnstitutuna (indiki Bədən Tərbiyəsi və İdman Akademiyasına) rektor təyin olundu və o vaxt bu İnstitut Respublikadakı başqa ali məktəblərin tamam kölgəsində qalmışdı. Samur qısa bir müddətdə institutu, necə deyərlər, silkələyib ətalət yuxusundan oyatdı və fəaliyyəti, prinsipiallığı, xeyirxahlığı ilə özünə də, özü ilə bərabər, instituta da hörmət və nüfuz qazandırdı.

Sonra daha mühüm vəzifəyə keçdi, millət vəkili seçildi və harda, hansı vəzifədə işləməyindən asılı olmayaraq, həmin səmimilik və sadəlik də, həmin işgüzarlıq və xeyirxahlıq da, həmin ciddilik və prinsipiallıq da dəyişməz qaldı.

Sonra da 80-ci illərin sonu, 90-nın başlanğıclarında Azərbaycanın taleyüklü ağrı-acıları başladı, fəlakətlərə düçar olduq, təcavüzə məruz qaldıq və bu ağır dövrdə Samur o vətəndaşlardan biri oldu ki, Respublikanın parçalanmaması, qardaş qanı axıdılmaması naminə əlindən gələni etdi.

Mənim uzun müddət Heydər Əliyevi müşahidə etmək imkanım olub - o, şəxsi hissiyatını nadir hallarda büruzə verərdi və bir söhbət əsnasında Ulu Öndərin hansı bir daxili mehribanlıqla “bizim Samur” deməsini isə mən yaxşı xatırlayıram. Bu, tam şəkildə qarşılıqlı bir münasibət idi - Heydər Əliyevə Samur son dərəcə böyük ehtirama söykənən münasibət bəsləyirdi və Heydər Əliyevin təqib, bəzən hətta təhqir olunduğu vaxtlardan etibarən onun silahdaşlarından biri idi.

... Tamamilə gözlənilmədən Samur ağır xəstələndi, elə bil, o xəstəlik pusquda dayanıb, sağlam, gülərüz, coşqun enerjili Samuru namərdcəsinə hədəf seçibmiş.

Mən bu xəbəri Heydər Əliyevə çatdıranda, onun daxilən necə həyəcanlandığının, necə bir pərişanlıq hissi keçirdiyinin də şahidi oldum.

Samur Milanda müalicə olunduğu xəstəxanadan mənə zəng çalmışdı - bu, bizim sonuncu telefon söhbətimiz idi və onun səsinin zəifliyi məni sarsıtmışdı, çünki bu zəif səsi Samura heç cürə yaraşdırmaq mümkün deyildi. Milandan mənə məktub da yazmışdı, ancaq bu dəfə məktubu öz əli ilə yaza bilməmişdi, bütün bu uzun və məşəqqətli günlərdə bir an belə onu tərk etməyən Familə xanıma diktə etmişdi.

Onlar Bakıya qayıtdılar və 2001-ci il sentyabrın sonlarına yaxın - onun vəfatından bir neçə gün əvvəl - Nüşabə xanımla birlikdə Bilgəhdəki bağında Samuru yoluxmağa getdik - bu, bizim Samurla sonuncu görüşümüz idi.

Samurun səsi də zəifləmişdi, özü də zəifləmişdi, nə olsun ki, çarpayıda uzanmışdı, ancaq bu həmin qürurlu, həmin dik gəzən və başını da dik tutan Samur idi.

O, öz əlinin zəhməti ilə neçə ilə Bilgəhdə bağ evi tikdirib bitirmişdi, quru və daşlıq, qayalıq bir sahəyə torpaq gətirib, özü orada ağaclar əkmişdi, bağça salmışdı və o ağaclar artıq böyüyüb yarpaqlamışdı, baxçadakı o güllər, çiçəklər açılmışdı və mən onunla üzbəüz söhbət edə-edə fikirləşirdim ki, bir möcüzə baş verəydi, Samur sağalıb o ağacları öz əliylə sulayaydı, kölgəsində dincələydi, o güllərin qoxusunu nəfəsiylə ciyərinə çəkəydi.

Ancaq möcüzə yalnız nağıllarda baş verir.

Aşıq Bəstinin başqa yazılarımda da dəfələrlə xatırladığım məşhur misraları yenə də fikrimə gəldi:

Qoca cadugərdi, aldadar səni

Cavanlıq donunda qalan bu dünya...

O qoca cadugər öz naz-neməti ilə Samuru aldada bilmədi və Samur mərd bir ömür yaşadı.

Namərd çıxan xəstəlik oldu.

17 avqust 2017 - 15 avqust 2018.

Bakı.                                      

ELÇİN

525-ci qəzet  2018.- 27 oktyabr.- S.9.