Unudulmuş kitablar və qırıq talelər məzarlığı

Seyfəddin Hüseynlinin tərcüməsində

MƏŞHUR İSPAN ƏDİBİ KARLOS RUİZ ZAFONLA SONSUZ BARSELONA GƏZİNTİSİ

Çağdaş insan üçün mütaliə əcdadımızın ona yükləmiş olduğu ülvi mahiyyətini çoxdan itirib. Kitablar artıq bilik mənbəyindən çox, hardasa mədəni şəkildə vaxtöldürmə vasitəsinə çevrilib.

Bir vaxtlar iki yüz, bəzən də otuz-qırx əprimiş səhifədən ötrü ölüb-öldürmək lazım gəlirdi, indi isə eləcə küçəni keçib bir qədər pul xərcləmək kifayətdir. Bəs mağazaların, kitabxanaların rəflərindəki yüzlərlə həmcinsinə qəti bənzəməyən, müəllifinin də, oxucusunun da taleyini ya müsbət yöndə dəyişən, ya da puç eləyən bir kitab ortaya çıxarsa, onda necə? Birinin əlinə düşəndə bütöv xalqları ağ günə çıxaracaq, başqa birinin əlinə keçəndə isə bəşəriyyəti ölümə məhkum edəcək kitabdan söhbət gedir. Kitab mağazaları belə nəşrlərin yeri deyil. Onlara kitabxana möhürü vurulmaz. Bu cür əsərlər qədim Barselonanın darısqal, xəlvət küçələrindən birindəki Unudulmuş Kitablar Məzarlığına gömülürlər. Qələmlə yazılmış və ya makinada çap olunmuş, məğzində gah sonsuz huzur, gah da əbədi lənət - bəzən də hər ikisini - daşıyan sətirlərin sahibinə, yaxud köləsinə çevriləcək (burası taleyin hökmünə bağlıdır!) o Yalqız Oxucu gəlib çıxana qədər də orada qalırlar. Yasaqlanıb unudulmuş Bilik Məbədinin qapısını açmaq üçün həyatınızı, ruhunuzu riskə atmağa hazırsınızmı? Elə isə, ardımca gəlin, ey fədakar oxucular, bu əski, tozlu cildlərə barmaqlarınızla toxunun, zövqünüzə uyğun “zəhrimar” seçib götürün.

Geniş kütlə bu sehirli məkandan Karlos Ruiz Zafonun 2001-ci ildə İspaniyada (iki il sonra da bütün dünyada) nəşr olunan “Küləyin kölgəsi” kitabı sayəsində xəbər tutdu. Bu romanın məhz hansı cəhətinə görə belə nəhayətsiz məşhurluq qazandığını dəqiq demək indi heç cür mümkün deyil. Axı yüngül mütaliə həvəskarları üçün daha bəsit, ədəbi oyunlara, postmodernizmə meyllilər üçün də qat-qat qəliz mətnlər var. Görünür, taleyin hökmü beləymiş. Bəlkə də, Zafon hər bir oxucunun qəlbinə düşən açarı tapmış tilsimkardır: detektiv azarkeşlərin intriqalarla, qatı romantikləri səmimi duyğularla ələ alıb, tarixilik düşkünlərini isə İspaniyanın heç də ürəkaçan olmayan dönəmi barədə - günbəgün böyüyən bir oğlan uşağının dilindən - söz açmaqla. Mistika və dəhşət həvəskarlarına da ləzzətli qorxu-həyəcan bəxş edib. “Küləyin kölgəsi”nə yenicə toxunan oxucu bunu dərhal anlayırmı - demək çətindir. Amma öz payıma deyə bilərəm ki, Madriddəki kitab mağazalarına xas ciddi uniforma geyinib qızılı sağanaqlı eynək taxmış çalsaç satıcının nazik, bozumtul-qəhvəyi cildli kağız qalağını ona uzadan yeniyetmə oğlana baxıb razılıqla başını tərpətdiyi dəqiq yadımdadır: “Yaxşı seçimdir, cavan oğlan, çox yaxşıdır...”

 

Unudulmuş Kitablar Məzarlığına elə-belə yol tapmaq olmaz. Bu Məzarlığın sirrini Kataloniya paytaxtının kitabsevərləri həssaslıqla qoruyub nəsildən-nəsilə ötürürlər. Buraya yalnız onların razılığı və dəvəti əsasında ayaq basmaq olar. Santa Anna küçəsindəki kitab tacirinin oğlu Daniel Sempere də buraya beləcə gəlib çıxmışdı. Xuliana Karaksın “Küləyin kölgəsi” romanının yeganə salamat nüsxəsinə də o məhz Barselona kitabçılarının qüdrətli xeyirxahı - boz kardinal Don Qustavonun xeyir-duası sayəsində sahib olmuşdu. Kitabın sehrinə düşən Daniel onun müəllifini tapmaq üçün illər uzunu axtarışa çıxır. Oğlan böyüyür, ilk məhəbbətilə rastlaşır, gerçək dostlar qazanır, neçə dəfə ölümlə burun-buruna gəlir, hətta İblislə - bütün dünyada Karaksın kitablarını axtaran, tapdıqlarını amansızcasına yandıran Məchul Şəxslə üz-göz olur.

Zafonun bu əsəri kinematoqrafik baxımdan cəlbedici olsa da, qətiyyən ekranlaşdırmaya gəlmir. Süjetin ayrı-ayrı xətləri elə iç-içə keçib ki, hansınısa seçib götürmək mümkün deyil. Üstəlik, hər parçasından ayrıca bir əsər də alına bilər.

Romanın təhkiyəsi oxucunu başabəla qadınların, məxfi agentlərin, rüşvətxor polislərin yer aldığı qaramat detektivdən faciəvi sevgi hekayətinə atır. Olsun, buna alışmaq mümkündür, amma Daniel özünün yeni dadandığı romantik marağı üzündən təkrar Karaksın sorağına çıxan kimi qarşımızda kabuslarla dolu, lənətlənmiş bir ev ucalır. Əhvalatın özü qondarma novella halında verilib, ancaq elə canlı, təsirli yazılıb ki, bəyaz pərdədə göstərilən, qəhrəmanların süni, gülünc hərəkətlər etdikləri, pilləkənin ayağında dayanmış qadının isə nəsə əcaib bir məxluqa çevrildiyi səssiz, ağ-qara film təsəvvürü yaradır. Birdən-birə dəyişik sifət alan maraqcıl, görməmiş qonşu qadın: “Onların ki heç uşağı olmayıb” - pıçıldayanda, qəhrəmanlar divarlarına çarmıx səhnələri çəkilmiş gizli otağı aşkarlayanda isə oxucu elə qorxur, sanki bayaqdan kürəyində gəzişən xırdaca cücülər artıq orkestr müşayiətilə, təbil gurultusu altında yürüşə keçirlər.

İstedadı nisbətən kasad yazıçının əlində belə bir material janr həftəbecərinə dönüb romanı batırardı (misal axtarıb özümüzü yormayaq!), ancaq ispan yazıçısı calaq yerləri sezilmədən təhkiyə qurmağa nə cürsə nail olur, hər ünsür orada öz yerinə qoyulur, mətn xalça kimi ilmə-ilmə toxunur, nəticədə möhtəşəm bir kitab alınır. Stiven Kinq “Küləyin kölgəsi”nin məziyyətlərindən bax beləcə söz açır, amma onun kontekstdən çıxarılmış fikrini indi Zafonun kitablarının rusca nəşrlərinə yamayırlar. Roman o dərəcədə mükəmməl alınıb ki, ardını yazmaq cəhdi az qala küfr olardı. İspan müəllif isə riskə gedir və heç uduzmur da...

7 il sonra çıxan “Mələyin oyunu” bizi yenidən Barselonaya, ancaq bu dəfə Daniel Semperenin dünyaya gəlişindən 20 il öncəyə aparır. Hələ Franko hakimiyyətə gəlməyib, ölkə vətəndaş müharibəsinin dəhşətlərini dadmayıb, mürgülü burjua yaşamından ləzzət alır. Burada qarşılıqsız sevgidən əzab çəkə-çəkə qurama imzayla ucuz “qorxulu əhvalatlar” düzüb-qoşmağa məhkum istedadlı gənc yazıçıya - David Martinə rast gəlirik. Bu halda gənc yazıçının ya məskunlaşdığı məşum evin, ya da beynində kök salıb onu addım-addım məzara sürükləyən şişin təsirindən yavaş-yavaş ağlını itirməsi təbii aqibətdir. Davidin həyatının məhz bu dönəmində Andreas Korelli - Parisdən gəlmiş müəmmalı naşir ortaya çıxır. O, yazıçıya bu məzmunda razılaşma təklif edir: Martin onun sifarişilə, yeni dinin əsasını təşkil edəcək bir kitab yazır, əvəzində Korelli də yazıçını arzularına çatdırır. Burası da təbiidir ki, razılaşmadan sonra, Davidin həyatını zəhərə döndərən adamlar bircə-bircə “o dünya”ya göndərilir; gənc yazıçı isə tədricən anlayır ki, vaxtilə oxşar razılaşmaya onun indi yaşadığı, Barselona ətrafındakı təpədə ucalan lənətli mülkün keçmiş sahibi də imza atıbmış.

“Küləyin kölgəsi”ndə hüzünlü və amansız səhnələr gen-boldursa da, məğzində əsasən yetkinləşmə çağına xas nikbinlik daşıyır. “Mələyin oyunu”nda isə bir o qədər gözlənilməzlik var: bu başgicəlləndirici, mistik triller ilk andaca “Mələyin qəlbi”ni də xatırladır (ad, ayrı-ayrı səhnələr, finaldakı epizodlar ona göndərmədir), “Master və Marqarita”nı da (bədbəxt, dəli kökünə düşmüş yazıçı, dini mövzuda, İblisin özünün də maraq göstərdiyi bir əsər yazır). Zafon burada təkcə oxucu istəyinə oynamır, 20-ci əsrin əvvəllərində yayılan ucuz “qorxulu əhvalatlar”a xas cəhətlərlə özünün bundan öncəki “Küləyin kölgəsi” romanının motivlərini (faciəvi sevgi, “həlim polis-zalım polis” xətti, yaşca böyük dostun baş qəhrəmana yol göstərməsi, mefistofelvari atmacalar...) calaşdırıb süjetin hər döngəsində bizi çaşdıra bilir. Bəzən qəhrəman da, oxucu da təsvir edilən əhvalatlardan hansının gerçək, hansının xəstə təxəyyül məhsulu olduğu barədə tərəddüdə qapılır...

Ancaq hətta belə bir hüzünlü əsərdə də işıqlı, sevindirici məqamlar tapılır. Biz “Sempere və oğulları” adlanan o yığcam dükana yenidən qayıdır, orada Danielin ata-anası, Unudulmuş Kitablar Məzarlığının keşikçisi, kitabçı Qustavo Barselo və başqaları ilə qarşılaşırıq. Məhz bu tanış və rahat məkan romanı mütləq çıxılmazlığa yuvarlanmaqdan qoruyur...

2011-ci ildə Zafon üçüncü romanını - “Səma məhbusu”nu yazır, bu əsərdə Daniellə Davidin başına gələnləri bir arada götürüb, “Küləyin kölgəsi”ndə qaldığı yerdən davam etdirir. Amma gərək buna getməyəydi. “Mələyin oyunu”ndakı bəzi düyünlü məqamları didib-çözələməyə çalışan Zafon beləliklə, əvvəlki hissənin sirli, oxucunu nigaran saxlayan ovqatını büsbütün öldürür; “Küləyin kölgəsi”ndə bir azca həzin, qüssəli, ancaq hər halda, xoşbəxt sonluqla bitən Daniel xəttini davam etdirməyə də qətiyyən ehtiyac yox idi. Oxucuya yeni bir müəmmalı obraz təqdim etsə də, Zafon bu dəfə süjetə şiddətli maraq oyada bilmir. Özünütəkrar halları artır, maraqlı, gərgin məqamlar isə əksinə, azalır. Təəssüf ki, mətnin sehri pozulur.

Bəs, görəsən, ispaniyalı yeniyetmələrdən, kitab düşkünlərindən, qorxulu sirlərdən bəhs edən bu əhvalatlar oxucunu ən çox hansı cəhətlərilə cəzb edir? Sadəcə, hər kəsin onlarda özünə aid nələrsə kəşf etməsilə! Kiməsə oradakı qəribə, cazibədar personajlar xoş gəlir, kimsə kəskin süjetə görə qarmağa keçir, bir başqası da bu silsiləni eləcə 1930-50-ci illər Barselonasını xatırladan, keçmişi canlandıran təsirli, cəlbedici ab-havanı duymaqdan ötrü oxuyur...

İstənilən halda, Zafonun bu romanları klassikaya çevrilib artıq. Bu əsərlərlə tanınan məkanlara indi gəzintilər təşkil edilir, oralara aid şəkilli soraq kitabçaları nəşr olunur. Zafon özü isə bu gün bütün dövrlərin ən tirajlı ispan ədibi kimi məşhurdur.

(Rusiya ədəbi mətbuatındakı yazılardan)

Sim-sim.az