Baş tutmayan
görüş
Bir sorğuda “səndən soruşan olsa, deyərsən,
axıra beş-üç də vəfalı dostu qalıb
Əlabbasın” demişdim və o zaman, yəni altmış
yaş ərəfəsində həmin cavabı verəndə
nəzərdə tutduğum o vəfalılardan birinin indi haqq
dünyasının əbədi sakini Sabir Bəşirov
olduğu məni içdən tanıyanlara da gün kimi
aydın idi.
İş ondadı ki, Sabiri də tələbəlik
illərinin (1973-1978) amanatı
olan digər say-seçmə dostlarım - Həsən
(Batıyev), Nadir (Rzayev), Arif
(Əmrahoğlu), Səməndər (Faxralı), Vaqif (Əjdəroğlu),
Şəhla (Gündüz), İslam (Zahirov) kimi
sınamağa, dişə vurmağa nəinki ehtiyac, vaxt belə
qalmadı. Hərəsi dünyanın bir başından gələn
“uşaqları” həyatın özü bir-birinə
sirdaş elədi.
Demək, belə... 2014-cü ilin iyul
ayının sonlarıdı.
Arif Əmrahoğlu haqqa qovuşub. O vaxtlar hüzrə vaxtında
gəlib çatmayan Sabir gündə Yardımlıdan zəng
vurur ki, xəcalət oldum, bu nədi belə, burdan-bura gəlib
çıxa bilmirəm. İş onda idi ki, o ərəfədə
Sabir özü infarkt olmuşdu. Həkim uzaq səfərlərə,
illah da maşınla getməyi ona qadağan eləmişdi.
Amma heç bir loğman, təbib qarşısını kəsə
bilmədi. Bir də baxdım ki, yayın
cırhacırında özünü Bakıya yetirdi. İlk
işi də Arifin qəbrini ziyarət etmək oldu.
Danlaq-dansağımı görüb, atla da olsaydı, gəlməli
idim, dedi, məni qınama, gəldim bir az rahatlandım.
Axır sözündən sonra isə tam təslim oldum:
“Yaxşı, sən gəlmə, mən gəlməyim, bəs
kim gəlsin? Sonra dostların üzünə necə
baxım? Oğul-uşaq bizdən nə götürsün?”
Bunu niyə xatırladıram? O cür hərəkətlərin,
illah da yaşın bu çağında məndən
ötrü başqa bir anlamı var. Bəlkə də, bu
mozaik xatirə yazısını oxuyanlar Sabirin
monoqrafiyalarından, tədqiqat əsərlərindən,
ümumən, elmi yaradıcılığından gen-bol
söz açacağımı gözləyirdilər. Amma
Sabir Bəşirov
tanınmış, məşhur imzadı, haqqında dəfə-daraq
açmağa lüzum yox, ikincisi, bu barədə az-çox
yazılıb (Anar, Sabir Rüstəmxanlı, Firuz Mustafa, Nəriman
Əbdülrəhmanlı, Əlirza Xələfli, bu sətirlərin
müəllifi və digərləri), içimdə dərin
bir inam var ki, “səksən və doxsanıncılar”a
müraciət edənlər gec-tez mütləq Sabirin tədqiqatlarına
üz tutmalı olacaqlar. Sabir tək o dövr haqqında ilkin
fikir formalaşdıranlardan yox, həm də müstəqillik
dövrü ədəbi tənqidimizin
yaranması, inkişafı və tərəqqisində halal
payı olan alimlərimizdəndi. Ən azı o dövrün ədəbi-nəzəri
düşüncəsində özünə yer edən əsərləri
unudulmağa qoymayanlardan idi o. Bunun üçün əlindən
gələni əsirgəmədi, nə elədisə, ədəbiyyat
adına elədi, özü də heç bir təmənna
güdmədən. Hərdən düşünürəm
ki, bu işdə Sabirin “şəhərli” olmamağı da
öz işini görmüşdü. Bu isə o deməkdi ki,
gündə min adamla və deməli, ən azı min beş
yüz sifətlə üz-üzə gəlmirsən, kimdənsə
söz götürmürsən, hansısa minnət xatirinə
yazı yazmırsan. O da kənddə oturub öz işini
görür, yalnız bəyəndiyi əsərləri
saf-çürük eləyirdi: belə-belə müxtəlif
mövzulu on beş kitab bağlamışdı. Hələ
94-də işıq üzü görən “Anar” və
“60-ıncılar nəsrinin etik problemləri”ndən (2006)
söz açmıram.
Sözümün canı odu ki, tələbəlikdə
Sabirlə pudla duz yeyənlərin bir çoxu nəinki
yasında, heç “qırx”ında da gözə
görükmədi. Bəla da ondadı ki, bu qafillərin,
ömrün gün qüruba gedən çağında da,
deyəsən, ayılmaq fikirləri yoxdu. Sınamışam:
belələri taledən də yarıyır, nəsə qəribə
şeydi.
Az danışanda Sabirlə həftədə
üç dəfə danışardıq. Bərk
darıxdığını, fikir bölüşməyə
bir Allah bəndəsi tapmadığını deyər və
bəzən o zənglərlə vaxtımı
aldığını düşünüb üzr də istərdi.
Biləndə ki, o cür bəndələrdən indi burda,
Bakıda da yoxdu, varsa da çox azdı, əlimyandıda
özüm də onları axtarıram, həə, deyərdi, bax bu, faciədi,
adəm çox, adam az.
Bu il görüş ili idi. Artıq qırx
ilin dəbidi bu və bu proyektin ideya müəlliflərindən
biri də Sabir idi. Tələbə
dostlar hər beş ildən bir yığışar, dərdləşər,
olub-ötənləri yad elər, qəm-qüssə
içində təzə çəkilən şəkilləri
və videokasetləri
götürüb dağılışar və beş il
uşaq kimicə o dadlı təəssüratları
paylaşmaqla baş qatardılar.
O görüşləri adətən iyun
ayına salardıq ki, əksəriyyəti
müəllim olan sabiq tələbə
yoldaşlarımızın işinə maneçiliyi
olmasın. Amma bu dəfə iyunun qəfil istiləri
işimizə pəl vurdu. Görəndə ki, yaşı
altmışı keçən “uşaqları” o istidə bir
yerə yığmaq mümkün olmayacaq, son qərarımızı
verdik: görüş
sentyabrın son şənbəsi, ayın 29-u olacaq.
Ayın 20-də isə nahara yaxın Nəriman
zəng vurur. Bilirsən nə olub, soruşur. Nə də
ağlıma gəlsəydi, bir Sabirə nəsə olduğu
gəlməzdi: səhər-səhər
danışmışdıq onunla, məktəbə gedirəm,
dedi, dərsim var. Sağlıq olsun, təqaüdə
çıxıb yaxşı-yaxşı dincələcəm,
bərk yorulmuşam.
İndi gəl inan ki, bu dünyaya elə-belə
şeylərinə görə namərd deməyiblər! Yoxsa
belə də amansızlıq olar? Bircə dəqiqənin
içində, gözlərin önündə nələr
baş vermir?
Əslində, Sabir o gün, göndərdiyim kitab bağlamasının içərisində Ə.Topçubaşovun kitabı olmadığını demək üçün telefon açmışdı. Xasiyyəti idi: bir də baxırdın zəng vurub ki, mənə filan kitabı tap göndər, filan qəzetin filan nömrəsi lazımdı... İndi desəm, Sabir o on beş kitabı çap makinası və komputeri olmadan, əldə yazıb, bəlkə də, bir çoxunuza qəribə gələcək ki, biz hansı zəmanədə yaşayırıq, nə danışırsan sən? Səbəb tək bu olmasa da, məsələ beləydi ki, Sabir istər həyatda, istərsə də yaradıcılıq məsələlərində, sözün yaxşı mənasında, mühafizəkarlığa meylli insan idi. İçmir, çəkmir, namaz qılır, oruc tutur, ibadətindən qalmırdı. Oğul-uşaq məsələsində də müsəlman ənənəsinə sadiqliyi ilə seçilən bu ağırtaxtalı adam köhnə kənd kişilərinin getdiyi yolla gedib yeddi uşaq araya-ərsəyə gətirdi, böyüdüb, oxudub, tərbiyə elədi.
Bir dəfə ona xatırlatdım ki, Anar
müəllim atasının, böyük Rəsul Rzanın
yazı makinasını yüzlərlə dostunun içində
məhz sənə əmanət eləyib. Nə əcəb barı
indi yazılarını onda yazmır?
- Bilirsən, - dedi, - fikirləşəndə
ki, “Qızılgül olmayaydı”, “Rənglər”, “Vaxt var ikən”
o makinada dünyaya gəlib, xof məni basır. Təzədən
onu öyrənəsi, onda yazı yazası… Ömür
lazımdı buna. Mən onu yadigar saxlasam, yaxşıdı.
Sabir yazılarını mənə, Nərimana,
son vaxtlarsa Əlirzaya əlyazısında göndərərdi.
Bu sözü ona hələ tələbə ikən
demişdim ki, xətti “Kommunist” qəzetindən də gözəldi,
gərək xəttat olaydı o. 73-dən üzübəri mənə
yazdığı məktublara göz gəzdirirəm, sanki
onları palatino şrifti ilə qələmə alıb.
Özümlə bağlı bir çox məqamda
da o arxaik, amma böyük məna kəsb eləyən
münasibətin şahidi oldum. Mənə həsr etdiyi
qalın-qayım kitabının adı (“Əlabbas:
Sözün köhnə kişisi”) və mündəricəsi sonrakı yazılarının da
çox vacib bir elementinə çevrildi. “Köhnə kişi”
bir tənqidçi kimi Sabirin tapıntısı idi, əsərin
yazıldığından az qala iyirmi il keçəndən
sonra, axır ki, onu peşəkar təhlil müstəvisinə
çəkən bir Allah bəndəsi ortaya
çıxmışdı: “Köhnə kişi” ədəbiyyat
tariximizin qızıl fondunda yeri olan əsərlərdəndir.
Povest elə sənətkarlıqla işlənib ki, belə əsərləri
təkcə “Azərbaycan nəsrində yox, dünya ədəbiyyatının
bizə məlum olan örnəklərində də barmaqla
saymaq olar”.
Bəlkə də, Sabir lazım olan tərifi qədərindən
çox eləmişdi, bəlkə də, çox ifrata
varmışdı, amma əsərin onu heyran elədiyini
heç cür gizlədə bilmir və niyə axı,
soruşurdu, gerçəyi deməkdən qorxuruq?
Başqalarının tərifini göylərə
qaldırır, özümüzünkülərə
çatanda lal oyunu oynayırıq. Əslində, əsərin
müəlliflərindən biri də tənqidçidi. Ortada
Belinski nümunəsi var.
Sadə, rəvan, anlaşıqlı bir dillə,
aydın məntiqlə, heç bir əllaməçiliyə
yol vermədən, cümləpərdazlığa uymadan
yazdığı o kitabda Sabir ənənəvi, klassik tənqidin prinsiplərinə sədaqətlə
əməl etdi. Onun tək bu monoqrafiyası yox, bütün
yaradıcılığı plakat ritorikasından uzaq təhlilləri
ilə yadda qalır.
Təxminən on-on iki il əvvəl Nəriman, Vaqif, mən sözləşdik ki, gedib Sabirin ata yurduna baş çəkək. Anar müəllim Anar müəllimliyi ilə ondan az qala iyirmi yaş balaca olan dostunu yad etmək üçün durub burdan dünyanın lap o qurtaran yerinə, götürüb onun haqda özündən kitab yazan Sabiri görməyə getməyi şəxsinə rəva bilmişdisə, daha biz niyə bilməyəydik? Olub-ötənlərlə bahəm, o bir həftəlik unudulmaz səfərdən mənə bir hekayə də yadigar qaldı: “Arvanada dəfn”. Əsərin mövzusu biz Demandan qayıdanda, yolda ikən, öz-özünə yarandı. Sabir dərənin dibində təkcə damları və çardağı görünən, beş-on evdən ibarət Arvana adlı balaca bir köyü göstərib, orda elə adam var, doğulandan kənddən qırağa ayaq qoymayıb, dedi, təsəvvür eləyirsən? Yardımlı onunçün dünyanın ən möhtəşəm şəhəridi. Adam var ki, soyuducunun nə olduğunu hələ də bilmir.
Denən əsl yaylaq həyatıdı ki!
Əsəbi yerində, stresdən bixəbər, depressiyadan
uzaq. Amma dərhal ağlımdan qara günü də
keçdi o kəndin. Belə-belə mövzuya planetar məzmun
verən fon da yarandı: qışın qar-qiyamətində
kəndin sağ qalan vur-tut üç nəfər kişisindən
birini qadınlar (bəli, bəli, qadınlar!) yuyub, kəfənləyib
dəfn etməyə aparırlar. O yazının bütöv
nüvəsi və cövhəri də məhz bu məqama
köklənib.
Arvana adını da ona görə olduğu
kimi saxladım ki, o mənim çox sevdiyim əsərlərdən
birinin (S.Sanbayevin “Ağ arvana”sı) adıdı. Bunu bilmək
Azərbaycan oxucusu üçün həm də yeni bir
söz öyrənmək deməkdi. Arvana iki
hürküclü, dişi dəvə balasına deyirlər.
Hekayədəki Dəftər obrazını da
orda, Sabirgilin kəndində elə ilk baxışdan
“görüb bəyəndim”. Yolda təsadüfən
rastımıza çıxan əlidəryazlı yekəpər
kənd qadının uca boyuna və qan daman sifətinə
işarə ilə:
- Nə tipik qadın obrazıdı bu?! - dedim və
hekayədə eskizini necə var, elə də cızdım:
“Allaha pay aparan qadın qar üstə yolboyu uzanıb gələn
naxışlı ləpirlərin sonunda əcaib nida işarəsi
tək ucalırdı”.
Sonralar, Bakıdakı görüşlərimizin
birində Sabir gülə-gülə, Dəftəri dərhal
tanıdım, deyəndə bildim ki, ovaxtkı o təsadüfi
mənzərə və dadlı-duzlu söhbətimiz hələ
də yadından çıxmayıb.
- Ağca da anamın obrazıdı.
- Onu bilmirdim, - dedi.
Sabir onu bilmirdi, mən də onu ki, illər
sonra tənqidçi Elnarə Akimova götürüb yazacaq:
“Cəsarətlə demək olar ki, “Arvanada dəfn” yalnız
Əlabbasın öz yaradıcılığında deyil,
ümumən, hekayəçiliyimizdə hadisə sayıla
bilər”
Gələn il də iyun olacaq, o biri il də...
və o güllü yaz ayının bundan sonra daha kimlərin
görüş ayı olacağını bilmədiyim kimi, tələbə
dostları yığmaq üçün Tanrının bizlərə
bir daha möhlət verib-verməyəcəyini də bilmirəm.
Dəqiq olan bir odu ki, Həsən, Nadir, Arif və Sabirsiz o
görüşlərin də dadı-duzu daha biz istəyən
olmayacaq.
Elə bilirsiniz, bu etibarsız dünyaya namərd
damğasını elə-belə, heç nədən
vurublar?
Cəmi dostlar adından
ƏLABBAS
22.10.2014
525-ci qəzet 2018.- 27 oktyabr.- S.19.