"Mənim yazdıqlarım işğalda qalıb..."

Xosrov NATİL

Nə qədər acı olsa da, deyim ki, didərgin-köçkün adamların xoşbəxt olduqlarına heç vaxt  inanmadım.  1993-cü ilin çiskinli, müdhiş 27-29 oktyabr günlərində üzü gecəyə soyuq-soyuq ürəkləri odlayan fəryad dilimlərinin istisinə qızınan fələk də yazıq günə qalmışdı.  İtkilərin əlində girinc qalan, bilmədiyi, görmədiyi kimsədən  imdad diləyən adamlara hansı günü ağlayacaqdı bu zalım fələk? Fələk də başını itirmişdi. 

Üdgün-Pirçivan, Mincivan-Pirçivan avtobusunun getdiyi çinarlı, söyüdlü yollar indi nə gündədi? - bəlkə Allahın yaddından çıxıb. 25 il uzaq tarix deyilsə də, yaxın tarix də deyil. İgid ömrü qədərdi, amma inanmaq istəmirəm ki, bir igidin ömrü qədər olan bu zamanı Allah unutsun, heç inanmaq istəmirəm. Amma Ermənistanda qeyri-qanuni doğulan uşaqların 25 il sonra bizim əsgərə güllə ata biləcəyi də ağlıma gəlməzdi.

... Torpaq sahəsi, əkin-əkincək, min bir əziyyətlə qurulan ev-eşik, çətinliklə əldə edilən gün-güzəran, məişət, bir sözlə, maddiyyat - belə çatışmazlıqlar düzələndi.  Bəs, oralarda qalan əlyazmalar, gündəlik, xatirə şəkillər, kitablar? Ağlıma gəlir, mənəvi  itkilər, xatirələr və əzəli ruh, ürək ağrıları... Əbülhaq Hamidi dedi ki: “...Beyrutidə bir məzar qaldı”.

Yaxşı-pis nə iş gördümsə, tənbəl-zirək, hünərli-hünərsiz nə etdimsə həmişə zəngilanlı kimi etdim, zəngilanlı kimi oxudum, zəngilanlı kimi yazdım. O işğal olunmuş torpaqda daha ciddi  ədəbi nümunələr yazacağıma inanırdım, amma min təəssüf ki, belə olmadı...

lll

Mənim yazdıqlarım işğalda qalıb -

Mənim yazdıqlarım demə ki, nədi.

Mənim şeirlərim didərgin düşüb,

Mənim  misralarım əsirlikdədi.

Onda ki çiçəklər, güllər ölürdü,

O gün ki yamaclar güllələnirdi...

Arılar ölürdü, quşlar ölürdü,

Yamyaşıl ağaclar güllələnirdi.

Ölən küçələrin, ölən səkinin

Üstündə ləpirlər güllələnirdi.

Şəhid məzarlığı dağıdılırdı,

Abidə qəbirlər güllələnirdi.

Girəvə düşmüşdü düşmən əlinə,

Min cürə hiyləsi, min cürə fəndi.

Eyvana düşürdü topun mərmisi,

Çöldə dağılırdı küləfirəngi.

Onda ki adamlar, onda ki hərə

Torpaq it irməyin hayında idi.

Sağ qalmaq birinci yerdə dururdu,

Adamlar başının hayında idi.

Qəbir qazmağa da vaxt tapılmırdı,

Həyətlər, bağçalar məzarlaşırdı.

Çoxdan unutmuşdu  adamlar şeiri,

Güllü qafiyələr  ağılaşırdı.

 

Şeir misra-misra dəfn olunurdu,

Şeir qan qusurdu, qan qoxuyurdu.

Yasin oxuyurdu hər gün adamlar,

Əruz şikəstiydi, heca koruydu.

Adam utanırdı şeir yazmağa,

Hər gün yas yeriydi, hər yer izdiham.

Qanla yazılırdı şerin tarixi,

Qanı bahasına gəlirdi ilham.

Ağlımda yaşayan fikir, düşüncə

Hər şəhid yanında basdırılırdı.

Hələ unutmamış itkilərimi

Bir misram təzədən yandırılırdı.

Hələ qızdırmırdı günün istisi,

Hər axşam işıqlar söndürülürdü.

Hər gün sətirlərim girov düşürdü,

Hər gün şeirlərim öldürülürdü.

...Mənim yazdıqlarım  işğalda qaldı -

Mənim yazdıqlarım demə ki, nədi.

Mənim şeirlərim didərgin düşüb,

Mənim  misralarım əsirlikdədi.

lll

Adamlar qaçırdı kövşən boyunca,

adamlar qaçırdı çay qırağınca,

Adamlar qaçırdı ümid dalınca,

adamlar qaçırdı adam olmağa,

adamlar qaçırdı xoşbəxt olmağa.

Salam, ay Arazın kür uşaqları,

bəxtyar günlərin yaraşıqlıları,

bu göycə göylərin göyqurşaqları,

ulduz işıqları, gün işıqları,

dünyanın sonuncu oğul-uşaqları!..

Adamlar qaçırdı Araz boyunca,

sahillər ayrılıq astanasıydı.

Keçirdi Arazın can köynəyindən

.....................................................

 

Salam,

ay evi dağılmış, yalan adamlar,

bu yalın əlinən, yalın ayaqnan,

belə ləyaqətnən, belə ləyaxnan

hara tələsirdiz xoşbəxt olmağa?

Günü göy əskiyə düyülmüş qarı,

dərd-sərdən qaməti əyilmiş qarı,

bu əyri qəddinən, boy-buxunnan

bax bu çayaşağı, bu çayyuxarı

hara tələsirdin xoşbəxt olmağa?

Budumu qaçmağın ləzzəti, tamı,

dünyanın sonuncu xoşbəxt adamı -

hara tələsirdin xoşbəxt olmağa?

Ay  ömür yiyəsi, ay gün yiyəsi,

ay iman yiyəsi, ay din yiyəsi,

ay “qaçqın”, ay “köçkün” adın yiyəsi -

hara tələsirdin  xoşbəxt olmağa?

lll

Qaraltısı itmişdi çaylaq daşının,

söyüdlər çay boyu utancağıydı.

Qol-budaq olmuşdu uca çinarlar,

səsə havalıydı qan rəngli narlar.

Yaman kefciliydi mərkəzi meydan,

cəbhə xəbəriydi  - muğam saatı.

Gülüş dəqiqələri matəm marşıydı,

tərsinə dönmüşdü fələyin üzü,

hər işi  doğruya, düzə qarşıydı.

İşıq dirəkləri əlil olmuşdu,

lampalar yanmağa dil çıxarırdı.

Yaralar dərinə isinişirdi,

mərmilər qəlpələr  sümükləşirdi.

İçirdi qəlpəni al şərab kimi,

yağ kimi, bal kimi içirdi torpaq -

Adamlar qaçırdı xoşbəxt olmağa,

evindən qaçırdı  xoşbəxt adamlar...

Elindən qaçırdı  xoşbəxt olmağa,

adamlar qaçırdı can qurtarmağa.

Qənimət  bilirdi  nə aparırdı,

Allah ümidinə aparırdılar -

pənah aparırdı adamlar çaya,

içini yeyirdi qosqoca dağlar.

lll

Ağ-qara şəklini gördüm kəndimin...

Qəlbi Xırmandan görünürdü

kəndin bir yanı,

Turabadı, Tatarı,

İçəri Müşlanı gördüm.

Qonşu bağlarını,

Oxçu çayını gördüm,

Körpüsünü, kanalını gördüm,

Laləli çəməndə

yanağında qara xal

bir ipək  şalını  gördüm.

lll

Bir zamanlar

kəndin ayağında

“Qocam ölən” çinarın

beşbarmaq yarpaqları

yaşıl ümid yeriydi,

Yabanı püstə

saqqız kimi bitmişdi

əyri yolun qaşında,

Qayalıqda gizlənən

dağdağan ağacının

əyilən budaqları dəyirdi gözə,

Məmməd cəvizinin

üst  yanında

ev tkmişdi

ot briqadiri Şəmsəddin kişi...

Tüstüsü başından çıxan

şəhid evləri vardı.

Xudulu Məhyəddinin dul qadını - Mələyin,

bir də, Səfquliyev Məhəmmədin,

bir də Xəccə bağında

göz yaşında boğulan

uzun boylu qovaqları görünürdü 

bu  kəndin.

...Ağ-qara şəkillər  azalıb indi.

lll

Hərdən yuxuma girir

Seyran təpədə səngər yerləri.

Ba yıroğluda Zeyqəmin evi,

Keçəl Məhərrəmin qaz-53-ü,

Muzdur Paşanın əl ağacları -

uşaqların yalın  ayaqları

yuxuma girir.

 

lll

Orda mənim nəyim qaldı...

Orda “Dədə Qorqud”, orda “Nağıllar”,

Orda  “Hopopnamə”, orda “Koroğlu”,

Orda neçə-neçə kitabım qalıb -

“Dumanlı Təbriz”im, “Ovod”um qalıb.

Orda “Martin İden”, orda “İdiot”

Orda Nazim Hikmət - “Ceviz ağacı”m,

Bax orda Nizami, orda Füzuli,

Dərisi soyulmuş  Nəsimi qalıb.

Orda şirindilli Molla Pənahın

“Kür qırağının ...  seyrangahı var”,

Orda “Poçt qutusu”  Mirzə Cəlilin,

Çexovun “Albalı çiçəkləri” var. 

Orda şeirləri Səməd Vurğunun,

Orda şeirləri Əli Kərimin,

Orda şeirləri Eldar Baxışın,

orda şeirləri Məmməd Arazın,

Orda çox sevdiyim sarı dəftərim,

Orda gündəliyim, məzun albomum,

Sevgi məktublarım, gənclik şəkilim,

Bir də solmazçiçək - ödotum qalıb.

Əlimlə əkdiyim qızılgüllərim

Yəqin ləçəkləri  solub həyətdə,

Çinar ağacları bitən yarğan da,

Qumsallı torpaq da küsüb bəlkə də.

 

Yadıma gəlir ki, vaxtsız çiçəklər

Payızda güllənir, dərmədim, qalıb.

Orda dəstə-dəstə xirizantemalar,

Orda qurudulmuş bənövşəm qalıb.

Ağdam bazarından aldığım sandıq,

Bir də qaragözlüm - Gülövşəm qalıb.

lll

İkidə, ya üçdə  oxuyurdum,

plan qoymuşdular  kənddə hamıya -

hər evə -

qəzilə, yuna, yumurtuya.

Qəzili, yunu, yumurtanı

Dükanlarda yığırdılar qutuya;

Səhəri  yumurtayla  açılırdı kəndlərin,

Çırpırdılar  yun kimi adamların səsini.

kənddə keçisi olan qəzilini  verirdi,

əvəzində un alırdı, qənd alırdı, çay alırdı...

lll

Dörddə, ya beşdə  oxuyurdum deyəsən,

60-cı illəriydi.

O  gün seçki günüydü,

Həmin gün

Lenin küçəsində üzünü cırırdı

Haqverdinin  qadını.

Barama planı dolmuşdu o il,

Qol-budaq olmuşdu tut ağacları,

Şişirtmə rəqəmlər yazdırıb zorla,

sonra 10 il kəsmişdilər Haqqı kişiyə,

Elə onunçün ağlar qaldı  külfəti.

Məşədi Tarışın at damını

Türmə kimi saxlamışdılar,

Həmin gün tanıtdılar  ağulunu

Müzəffərin oğluna.

Həmin gün seçki günüydü -

Roza Petrosyana səs vermək üçün

Zurna çaldırdılar  Əliyə, Seydəliyə,

Qələndərə, Məstana.

Adamları  oynatdılar 

Roza Petrosyanın qələbə havasına.

Sonra çağırış elanları,

Rozanın cırılmış şəkilləri,

şüarlar, afişalar -

zibillədi  hər yanı.

Axşamdan süpürdülər

şəhərin küçələrini,

yapışqanın yeri qaldı -

divarın üz qarası.

lll

Kəndə kino gəlmişdi -

Ağ mələfə asmışdılar ekran yerinə.

Yayda, ağac dibində kino göstərilərdi

bir həyətdə,

Şura höküməti klub tikə bilmədi

70 ildə bu kənddə.

Kəndə kino gəlmişdi -

Əhbərin domba maşınında

əlnən fırlanırdı çarxdakı qara lentlər.

Kəndə kino gəlmişdi -

Rac  Kapurun filmi -

“Avara”...

sonra  “Kəşmirdə məhəbbət”  və ...

hamısı da ağlamalı.

Əslində, kino kimiydi

kinoya baxan bu adamların ağlamalı həyatı.

525-ci qəzet 2018.- 27 oktyabr.- S.23.