82 yaşlı müəllim ömrü

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Məhz elə buna görə də bütün dövrlərdə və cəmiyyətlərdə müəllimlik ən şərəfli peşə sayılıb, müəllim adı daşıyanlar haqqında ən gözəl sözlər deyilib.

Ümummilli lider Heydər Əliyev “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyib. O da təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız “Xalq müəllimi” fəxri adını məmnuniyyətlə qəbul etmişdir. 

Görkəmli alim Nəsrəddin Tusi “Əxlaqi - Nasiri” əsərində müəllim peşəsinə yüksək qiymət verərək yazmışdır: “Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?” Zəmanəsinin dahi şəxsiyyəti Mustafa Kamal Atatürk müəllim amilinə son dərəcə böyük önəm verərək demişdir: “Milləti yalnız və yalnız müəllimləri xilas edə bilər. Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər”. Görkəmli fransız yazıçısı Viktor Hüqo “Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir” deməklə bu peşənin nə qədər vacib olduğunu vurğulayıb. Fransız filosofu Oqyüst Kont “Həyatda ən çox güvəndiyim şəxs müəllimdir, çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür” kəlamı ilə müəllimin xalqın, millətin taleyində oynadığı rolu xüsusi dəyərləndirib. Müəllim peşəsini digərlərindən fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən öyrənir. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də müəllim yetişdirib.

Müəllim adını şərəflə daşıyan, həyatını müəllimlik peşəsinə bağlayan, ömrünün 60 ilini pedaqoji işə həsr edən tanınmış ziyalı, Bakı Dövlət Universiteti (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Nəzəri fizika” şöbəsinin müdiri, professor Niftalı Qocayevdir. Azərbaycanda fizika elminin inkişafına əvəzsiz töhfələr verən N.Qocayevin Azərbaycanda fizika sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri var. Onun rəhbərliyi ilə yüzlərlə bakalavr və magistr diplom, dissertasiya müdafiə ediblər. 300-dən artıq elmi məqalənin, 20-yə yaxın dərslik, dərs vəsaiti və elmi məqalənin müəllifi olan N.Qocayev 1936-cı il oktyabr ayının 18-də Ermənistan adlanan Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olub. Orta təhsilini 1953-cü ildə qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət İnstitutunun (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olub. Təhsil müddətində əldə etdiyi xüsusi müvəfəqiyyətlərə görə “Kalinin” təqaüdünə layiq görülüb.  1958-ci ildə ali məktəbin fizika fakültəsini nəzəri fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra elmi fəaliyyətini davam etdirmək üçün təyinatla “Molekulyar fizika” kafedrasında saxlanılaraq baş laborant vəzifəsinə işə götürülüb. 1959-cu ildə keçmiş Sovetlər İttifaqı Elmlər Akademiyasının Sankt-Peterburqda yerləşən “Yüksək Molekullu Birləşmələr İnstitutu”nun aspiranturasına daxil olub. Akademik M. V. Volkenşteynin rəhbərliyilə Molekulyar Biofizika üzrə namizədlik dissertasiyasını müdafiə edərək ilk Türk biofizik alim olub. 1961-ci ildə aspiranturanı bitirərək yenidən doğma universitetə qayıdan gənc alim məzunu olduğu Molekulyar fizika kafedrasına müəllim vəzifəsinə işə götürülüb və məhsuldar əməyi nəticəsində həmin kafedranın professoru və kafedra müdiri vəzifəsinə qədər yüksəlib. N. Qocayevin təşkilatçılıq təşəbbüsü ilə ilk dəfə olaraq 1967-ci ildə Qafqaz regionunu və Rusiyanın bir çox vilayətlərini əhatə edən “Ali məktəb müəllimlərinin ixtisasartırma fakültəsi” yaradılıb və o, bu fakültənin ilk dekanı olub. 1969-84-cü illərdə “Optika və Molekulyar fizika” kafedrasına rəhbərlik edib.

N.Qocayev təşkilatçılıq qabiliyyəti və elmi uğurları sayəsində 1980-ci ildə keçmiş SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsi Kollegiyasının tövsiyəsilə “Molekulyar Biofizika Elmi-Tədqiqat Problem Labaratoriyası”na müdir təyin olunub. Onun rəhbərliyi ilə bu laboratoriyada 24 namizədlik və doktorluq dissertasiya işləri yerinə yetirilərək müvəffəqiyyətlə müdafiə olunub. O, ilk dəfə olaraq zülal molekullarının fəza quruluşlarının nəzəri konformasiya analizi üsulu ilə hesablanması mümkünlüyü ideyasını irəli sürüb və əyani 58 aminturşu qalığından ibarət zülal molekulunun fəza quruluşu və bu quruluşun dəyişmə imkanlarını müəyyənləşdirib. Kompüter modelləşdirməsi ilə ferment-ingibitor qarşılıqlı təsiri də onun tərəfindən tədqiq edilib. N.Qocayevin apardığı elmi-tədqiqat işlərinin bir önəmi də ondan ibarətdir ki, həmin işlər Azərbaycanın mötəbər elmi nəşrləri ilə yanaşı, Rusiya, Türkiyə, Fransa, Almaniya və digər xarici ölkələrin aparıcı jurnallarında dərc edilib.

N.Qocayev “Astranomiya və fizika” üzrə metodik şuranın sədr müavini vəzifəsində çalışarkən ensklopediya üçün 100-dən artıq məqalə yazıb. “Bilik” cəmiyyəti xətti ilə oxuduğu çoxlu sayda mühazirələrlə yanaşı, “Optik Kvant Generator”, ”Holoqrafiya”, “Qeyri-xətti optika və bunun bəzi məsələləri” kitabçalarını yazaraq geniş oxucu kütləsinə təqdim edib. “Bilik” cəmiyyətinin “Fizika-riyaziyyat və astronomiya” üzrə elmi-metodik şurasının və dissertasiya müdafiəsi üzrə elmi şuranın üzvü olub.

Azərbaycanda elmin inkişafı və elmi kadrların yetişdirilməsində professor N.Qocayevin xüsusi xidmətləri var. O, əsasən Amerika, Avropa və Rusiyanın elmi jurnallarında çap olunan 300-dən çox elmi məqalənin, Türkiyədə və dünyanın başqa ölkələrində çap olunmuş çoxsaylı monoqrafiyaların müəllifidir. Müxtəlif ölkələrdə çağırılmış Beynəlxalq Elmi konfranslarda 35 məruzə və 10 plenar məruzələrlə çıxışlar edib.

Professor N. Qocayev 17 elmlər namizədi yetişdirib. Onlardan 4 nəfəri İraq, Misir və Türkiyə vətəndaşlarıdır.

Ali məktəb tələbələri üçün dərslik və dərs vəsaitləri yazmaq işində professorun xüsusi xidmətləri var. O, ali məktəb tələbələri üçün nəzərdə tutulan 7 dərslik və dərs vəsaiti hazırlayıb. Onun 1977-ci ildə rus dilində yazdığı 432 səhifəlik “Optika”  dərs vəsaiti Moskvada “Vısşaya şkola” nəşriyyatı tərəfindən nəşr edilib və SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən fizika ixtisası üzrə dərs vəsaiti olaraq tövsiyə olunub. Həmçinin, bir çox dərsliklərdə, o cümlədən, optika elminin, xüsusilə də spektroskopiya və lazer fizikasının inkişafında müstəsna rolu olan dünya şöhrətli alim, akademik Boris İvanoviç Stepanovun “Vvedenie v sovremennuu optiku” (Minsk, 1989) dərsliyində tövsiyə olunan ədəbiyyatlar sırasına daxil edilməsi, şübhəsiz ki, onun səviyyəsindən və əhəmiyyətindən xəbər verir.

Sevindirici haldır ki, həmin dərs vəsaiti Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinin proqramında tələbələrə tövsiyə olunub.  Professor N. Qocayevin “Optika” dərs vəsaitinə təlabat nəzərə alınaraq həmin kitab 2016-cı ildə “Alyans” nəşriyyatı (Moskva m.) tərəfindən yenidən çap olunaraq oxuculara təqdim edilib. N.Qocayevin “Optik Kvant Generator” (1975), “Holoqrafiya” (1979) kitabları da oxucular tərəfindən maraqla qarşılanıb.

N.Qocayevin yazdığı və tələbələr tərəfindən böyük maraqla qarşılanan 3 cildli “Ümumi fizika kursu” adlı dərslik “Ümumi fizika kursu”nun “Mexanika”, I cild) “Molekulyar fizika” və (IVcild) “Optika” bəhslərini əhatə edir. Adları qeyd olunan uyğun bölmələr, Mexanikanın bütün bölmələri universitetlərin fizika fakültələri proqramına uyğun olaraq müasir səviyyədə şərh olunub. “Ümumi fizika kursu”ndan universitetlərin fizika fakültəsinin tələbələri əsas vəsait kimi, fizikanın tədris olunduğu digər fakültə tələbələri isə köməkçi vəsait kimi istifadə edilir. “Ümumi fizika kursu” mexanika, molekulyar fizika, elektrik, optika, atom və nüvə fizikası bəhslərini əhatə edir. Universitetlərdə “Ümumi fizika kursu”nun öyrənilməsi mexanika bəhsinin tədrisi ilə başlanır. Bu səbəbdən mexanikanın tədrisi məsələsi xüsusi əhəmiyyət kəsb edir.  Professorun Türkiyə universitetləri üçün yazaraq Ərzurumda nəşr etdirdiyi 2 dərslik və 2 monoqrafiya da türkiyəli tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

N.Qocayev 1992-1993-cü tədris ilində Ərzurumdakı Atatürk Universitetinin dəvətilə bu univerisitenin fizika bölümündə, 1993-97-ci illərdə isə İstanbul Universitetinin fizika bölümündə müəllim kimi fəaliyyət göstərib. Həmin dövrdə yerli alimlərlə yaxın əməkdaşlıq edərək maraqlı elmi-tədqiqat işləri aparıb, dissertasiya işlərinin müdafiə şurasının sədri və üzvü olub. Birgə elmi işlər Türkiyə Dövlət Planlama Təşkilatı tərəfindən mühüm elmi-tədqiqat işi olaraq qəbul olunduğundan həmin təşkilatın maliyyə dəstəyi ilə yerinə yetirilib. Alınan nəticələr isə “Journ” Molekular Structure” kimi mötəbər elmi jurnallarda çap edilib.

N.Qocayev həm də onun təşəbbüsü ilə yaradılan Azərbaycan Biofizika Cəmiyyətinin prezidentidir. O, cəmiyyət prezidenti olaraq elmə, onun inkişafına və Azərbaycan elminin dünya elminə inteqrasiyası işinə xidmət edir. N.Qocayev həmçinin, Nyu-York Elmlər Akademiyasının və American Assotation For the Advancment of Sciens cəmiyyətinin üzvüdür. Nyu-York Elmlər Akademiyası və American Assotation For the Advancment of Sciens cəmiyyətinin təşkil etdiyi tədbirlərdə, beynəlxalq konfranslarda iştirak edir.

Pedaqoji fəaliyyətini Optika və molekulyar fizika kafedrasında müvəffəqiyyətlə davam etdirən N.Qocayev Bakı Dövlət Universiteti nəzdindəki “Fizika problemləri” elmi tədqiqat institutunun “Nəzəri Fizika” şöbəsinin müdiri olmaqla yanaşı, onun rəhbərliyi altında biofizikanın müxtəlif sahələri üzrə maraqlı tədqiqat işləri aparılır.

S.QARAYEVA

525-ci qəzet  2018.- 27 oktyabr.- S.14.