Müasir dövr miqrasiya
proseslərinin pərdəarxası
Qloballaşma dövrü və
üçüncü minillik bəşər cəmiyyəti
qarşısında yeni çağırışlar,
dilemmalar ortaya çıxardı. Heç şübhəsiz
ki, günümüzdə ən çox rast gəlinən,
eşitdiyimiz ifadə "böhran" sözüdür.
Dünya maliyyə böhranı, iqtisadi böhran, beynəlxalq
hüququn qarşılaşdığı ədalət
böhranı, hətta mənəvi dəyərlərin
aşınması böhranı və sonsuz sayda digər məsələlərlə
bağlı cəmiyyətin qarşılaşdığı
istənilən aktual problemi böhran olaraq qəbul etmək
olar. Sual oluna bilər ki, cəmi 20-25 əvvəl qeyd olunan məsələlərə
problem kimi yanaşırdılarsa hazırda niyə məhz
böhran adlandırılır? Suala birmənalı cavab vermək
çətin olsa da, fikrimizcə, hadisələr o qədər
dərininə inkişaf edib ki, cəmiyyət artıq ciddi
bir seçim qarşısında qalıb: "tamam, yoxsa
davam".
Bu mənada "böhran"
sözünün Çin dilində mənası
günümüzün reallığını əks etdirir.
"Böhran" sözü Çin dilində iki heroqlifdən
ibarətdir: biri "təhlükə”, digəri isə "əlverişli
imkan" deməkdir. Birinci hal baş verən böhrandan sonra
hər hansı bir tarixi, siyasi, iqtisadi prosesin tamamilə
süquta uğramaq təhlükəsi ilə
qarşılaşdığı vəziyyəti əks
etdirir. İkinci halda isə böhrandan sonra həyat
dövranının növbəti mərhələsi olaraq
yeni inkişaf prosesi üçün əlverişli imkan
yaranır. Bu mənada simvolik olsa da hazırda "tamam, yoxsa
davam" bu iki heroqlifin simmetriyasına bənzəyir.
Üçüncü minilliyin gündəmini
zəbt edən ən aktual məsələlərdən biri də
miqrasiya böhranıdır. Hazırda müxtəlif ölkələrdə
bu problemə dair çoxlu tədqiqatlar aparılır, elmi əsərlər
ortaya qoyulur. Qeyd edilməlidir ki, ciddi elmi dairələrdə
belə fərqli yanaşmaların şahidi oluruq. Miqrasiya
böhranının yaranma səbəbləri, miqrantların
axın etdiyi ölkə və regionlar, gəldikləri
ölkələrdə davranış normaları və
qarşılaşdıqları reaksiya, dini-irqi motivlər və
bir sıra digər amillərə görə yanaşmalar da fərqlənir.
Bu baxımdan sadə oxucunun böhranın həqiqi səbəbləri
və cəmiyyəti hara apara biləcəyi ilə
bağlı elmi yanaşmaların əks olunduğu əsərlərə
ehtiyacı vardır.
Fikrimizcə, bu yaxınlarda işıq
üzü görən "Qlobal miqrasiya böhranı: beynəlxalq
münasibətlər və Qərb siyasəti yeni tarixi
dönüş ərəfəsində" kitabı
geniş oxucu auditoriyasına xitab etməklə yanaşı,
bu sahədə ekspertlər arasında, eləcə də elmi
dairələrdə maraqla qarşılanacaqdır. Azərbaycan
Respublikasının Baş naziri Novruz Məmmədovun ideya
müəllifi və baş redaktoru olduğu bu yeni tədqiqat
müasir dövr miqrasiya proseslərinin həqiqi səbəbləri,
bəşər cəmiyyəti qarşısında
yaratdığı çağırışların
dünyanın gələcəyinə təsiri, sivilizasiyaların
dialoqu, yaxud toqquşması kimi dilemmalara işıq salır.
Bu bir reallıqdır ki, bütün tarixi
dövrlərdə miqrasiya prosesləri cəmiyyətin
qarşısında bir çağırış olmuşdur,
lakin bugünkü kimi böyük təzadlar heç vaxt
yaranmamışdır. Müasir dövr miqrasiya prosesləri
bir sıra səciyyəvi xüsusiyyətləri ilə fərqlənir.
İlk növbədə qeyd etməliyik ki, hazırda
planetimizin demək olar ki, hər bir yerində miqrasiya
axınları baş versə də, miqrasiya böhranı
adlandırılan proses daha çox "Qoca qitə"yə
yönəlmiş köçlə əlaqələndirilir.
Bu isə Avropaya yönələn miqrantların mənəvi
dəyərlərdən tutmuş məşğulluğa qədər
böyük təsir arealında kəskin dəyişikliklərə
səbəb olması ilə əlaqədardır. Bu mənada
miqrantların Avropa yolunda əsas marşrutlarından olan
Aralıq dənizinin "ölüm dənizi"
adlandırılması da təsadüfi hesab edilməməlidir.
Afrikanın, Yaxın və Orta Şərqin bir çox
ölkələrində məhz "böyük güclər"in
siyasi müdaxilələri nəticəsində evlərini tərk
etməli olan miqrantlar üçün Aralıq dənizi
ölüm-qalım uğrunda mübarizə meydanına
çevrilmişdir. Böhran isə təkcə "dənizdən
sağ çıxmaq"la bağlı deyil. Hazırda öz
vətənlərindən məcburi miqrasiyaya məruz qalan
insanlara üz tutduqları ölkələrdə münasibət
də birmənalı deyil. Onlar gəldikləri ölkələrdə
əksər hallarda ayrı-seçkiliklə üzləşirlər,
etnik, dini kimlik ön plana çıxarılır. Bu
baxımdan müasir dövr miqrasiya prosesləri fərqli
sivilizasiya daşıyıcılarının
toqquşması, multikultural böhranla müşayiət
olunur.
Yaşadığımız dövrdə
miqrasiya proseslərinin ən mühüm xüsusiyyətlərindən
biri də beynəlxalq münasibətlər sistemi, beynəlxalq
hüquq və ümumilikdə ədalət böhranı ilə
səbəb-nəticə asılılığı ilə əlaqədardır.
Hazırkı kitabda göstərildiyi kimi mövcud beynəlxalq
hüquq faktiki olaraq beynəlxalq münasibətlər sistemini
idarə etmək iqtidarında deyil. Ayrı-ayrı dövlətlərin
maraqlarına xidmət edən beynəlxalq hüquq
bütün dünyada böhranlı regionların və ərazi
münaqişələrinin sayının artmasına səbəb
olur.
Kitabda miqrant axınlarının həqiqi səbəblərini
anlamaq üçün bir sıra faktlar ortaya qoyulur, paralellər
aparılır. Müəlliflərin diqqətini cəlb edən
əsas məqamlardan biri hazırda miqrant və qaçqın
vəziyyətinə düşmüş insanların ilkin
olaraq yaşadıqları ölkələrin əksəriyyətinin
əvvəllər Qərb dövlətlərinin müstəmləkəsi
olmalarıdır. Miqrasiya prosesini müstəmləkəçilik
siyasəti çərçivəsində nəzərdən
keçirərkən, miqyas və xarakter baxımından
üç mərhələ fərqləndirilir. XVI əsrdən
XX əsrin əvvəllərinə kimi davam edən birinci mərhələdə
müstəmləkələrin təbii və insan
resursları Qərb ölkələrinin bütün sahələrdə
inkişafını stimullaşdıran faktor kimi xarakterizə
edilir. Bu mərhələdə miqrasiya insan
resurslarının qul kimi istismarı ilə yanaşı
dominant ölkənin dilinin, mədəniyyətinin və idarəçilik
sisteminin yayılması və zorla nüfuz etdirilməsinə
yönəlmişdi. Qeyd etmək lazımdır ki, məhz mədəniyyət
və dil bağlılığı üçüncü
minillikdə belə keçmiş müstəmləkə
ölkələrinin öz peyklərinin orbitində
qalmasına imkan yaradır.
Britaniyanın rəhbərlik etdiyi Millətlər
Birliyi, Fransanın lideri olduğu Frankofoniya Təşkilatı,
İspaniyanın başında dayandığı
İbero-Amerikan Dövlətləri Təşkilatı,
Portuqaliyanın liderliyində Portuqal Dilli Ölkələrin
Birliyi keçmiş asılılığın müasir
forması kimi həm bir zərurət, həm də məqsədyönlü
planın bir hissəsidir. Məhz bu mədəni faktor
müasir miqrasiya proseslərinin ikinci mərhələsi
üçün bünövrə rolunu oynamışdır.
Müəlliflərin ikinci mərhələ kimi təsnif
etdikləri bu dövr birinci dünya müharibəsinin başa
çatmasından sonra XX əsrin sonlarınadək olan periodu
əhatə edir. Həmin dövrdə Avropanın
işçi qüvvəsi kimi ehtiyaclarını ödəmək
məqsədilə dəvət edilən miqrantlar metropoliya və
müstəmləkə arasında mədəni
bağlılığın qorunub saxlanılmasına və
dolayısı ilə təsir imkanlarının qalmasına
xidmət edirdilər.
Maraqlıdır ki, məhz bu mərhələdə
Avropada "multikulturalizm" anlayışı dövriyyəyə
buraxıldı. Həmin dövrdə ucuz işçi
qüvvəsinin Qərbin universal dəyərlərinə
uyğunlaşdırılmasına hesablanmış Qərbsayağı
multikulturalizm miqrantların öz milli, dini, mədəni dəyərlərini
ümumiyyətlə nəzərə almırdı. Fikrimizcə,
məhz bu yanaşma indi miqrasiya böhranı
adlandırdığımız burulğanın yaranmasına
səbəb oldu. Fərqlilikləri nəzərə almadan
universal norma yaradılması təşəbbüsü əvvəlcədən
sonu olmayan dəhlizə oxşayır. Buna görə də
Avropada anti-miqrant əhval ruhiyyəsinin yüksəlməsinə,
sağçı siyasi qüvvələrin
populyarlaşmasına və son nəticədə cəmiyyətin
"doğma və özgə", "yerli və gəlmə"lərə
bölünməsinə səbəb olur. Bu isə onu göstərir
ki, Qərbin bəyan etdiyi demokratik dəyərlər, insan
hüquqları prinsipləri yalnız özləri
üçün nəzərdə tutulub.
Müəlliflər Qərbin "soyuq
müharibə"də qələbəsindən sonrakı
dövrü müasir miqrasiya proseslərində
üçüncü mərhələ və haqlı olaraq
"geosiyasi miqrasiya" hesab edirlər. Bu dövrdə Qərbin
dominantlığı üzərində qurulan yeni geosiyasi
konfiqurasiyada miqrasiya prosesləri bir tərəfdən
"beyin axınının" Qərbə istiqamətlənməsinin
təşviqi ilə, digər tərəfdən isə hegemon
dövlətlərin hərbi müdaxiləsindən sonra
öz evlərindən didərgin düşməyə məcbur
olmuş insanların "arzu edilməyən miqrantlara"
çevrilməsi, dözümsüzlüyün artması,
xüsusilə də islamafobiya meyllərinin kəskinləşməsi
ilə xarakterizə olunur. Bütün bunlar cəmiyyətdə
fərqli qütblərin yaranmasına, ziddiyyət və təzadların
kəskinləşməsinə gətirib çıxarır.
Beləliklə, göstərilən tarixi dövr ərzində
miqrasiya hər zaman Qərb dövlətləri tərəfindən
idarə olunan proses olmuşdur. Amma görünən odur ki,
yeni minillikdə miqrasiya proseslərini Qərb öz
maraqlarına uyğun tam idarə edə bilmir. Hətta son illərin
ən məşhur taktikası "idarəolunan xaos" da bu
proseslərdə özünü doğrultmur. Ola bilsin ki, bu mənada
proseslərin idarəolunmadan çıxmasını Qərbin
maraqlarına uyğun miqrasiya böhranı
adlandırırlar.
Hazırkı miqrasiya prosesləri dinlərarası
ziddiyyətlərlə müşayiət olunur. Tarixdə ilk
dəfə olaraq Avropa "müsəlman olmaq təhlükəsi"
ilə üz-üzədir. Avropa Qərb sivilizasiyanın
nüvəsini təşkil edən xristian dəyərlərini
itirmək qorxusu yaşayır. "Qoca qitə"də Qərb
dəyərlərinin özünümüdafiə instinkti isə
bütünlükdə bəşəriyyət
üçün təhlükəli olan 2 istiqamətin
genişlənməsinə şərait yaradır. Birincisi, zəif
demoqrafik göstəricilər, nikah münasibətlərinin
davamsızlığı, ənənəvi ailə birliyinin
dağılması Qərbin dəyərlər sistemində
yeni elementlərin ortaya çıxmasına şərait
yaratdı. Təəssüf ki, bu yeniliklər cinsi
azlıqların cəmiyyətdə mövqelərinin möhkəmlənməsinə,
ailə dəyərlərinin məhvinə, virtual məkandan
tiryaki asılılığı olan nəslin
formalaşmasına və bütünlükdə dəyər
kəsb etməyən dəyərlər simbiozunun təbliğ
edilməsinə rəvac verdi. İkincisi isə, yeni miqrant
axını dini dözümsüzlüyün ən pik səviyyəyə
çatmasına, islamafob davranışların gündəlik
həyat normasına çevrilməsinə və nəticədə
bunun "domino effekti" yaradaraq müxtəlif qüvvələr
tərəfindən idarə olunan dini radikal meylli terror
qruplaşmalarının yaranmasına səbəb oldu. Təsadüfi
deyil ki, son bir neçə onillikdə "ədalət
axtarışı" anlayışı altında beyinləri
yuyulan böyük bir kütlə terror qruplaşmalarına cəlb
olunur. Bütün bunlar isə islamafobiya meyllərinin güclənməsinə
təkan verir.
Kitabda əks olunan Azərbaycan
Respublikasının Baş naziri Novruz Məmmədovun
müasir dövr miqrasiya proseslərinin mərhələləri
ilə bağlı təsnifatı geosiyasi yanaşmanı əks
etdirir. Onun fikrincə, "Miqrasiya axını müstəmləkəçiliklə
birlikdə yaranıb və onun qalığıdır. Bu
gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin
siyasətinin nəticəsidir. Miqrasiya siyasəti I mərhələdə
müstəmləkəçiliyi möhkəmləndirmək,
II mərhələdə müstəmləkədən azad
olmuş ölkəni öz nəzarətində saxlamaq
üçün istifadə edilib. İndi bu siyasətin III mərhələsi
başlayır. Bu mərhələdə artıq miqrantlara
"qanundankənarlar" adı verilir".
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən
tərtib olunan "Qlobal miqrasiya böhranı: beynəlxalq
münasibətlər və Qərb siyasəti yeni tarixi
dönüş ərəfəsində" kitabı 5 fəsildən
ibarətdir. Birinci fəsildə "Miqrasiya böhranı nə
vaxt və hansı səbəbdən
başlamışdır?"sualına Qərb alimlərinin
baxışları maraq doğurur. Belə ki, əksər
hallarda böhranın səbəblərindən çox, onun
yaranmasına təkan verən hadisələr, yəni nəticələr
arasında fərq qoyulmur. Miqrasiyanın əsas səbəblərinin
terror hadisələri, avroskeptizm, iqtisadi vəziyyətlə əlaqəli
olması fikrinəüstünlük verilir. Lakin müəlliflərin
haqlı olaraq qeyd etdiyi kimi, bunlar miqrasiya böhranının
səbəbləri deyil, daha çox nəticələrdir.
Yaxın və Orta Şərqdən, eləcə də
Afrikadan Avropaya axın edən insanların köç səbəbləri
qlobal güclərin həmin region ölkələrinə hərbi
müdaxiləsidir. Sadəcə Qərb siyasi və elmi dairələrində
miqrasiyanın həqiqi səbəbləri deyil, nəticələri
gündəmə gətirilir. Baş verənlərdə
heç kimin səbəbkar və günahkar olmaması belə
təəssürat yaradır ki, dünyada qaçqın və
miqrantlarla bağlı hər hansı beynəlxalq hüquqi
norma və öhdəliklər mövcud deyil.
Müəlliflərin qənaətinə
görə isə hazırkı miqrasiya böhranının səbəbləri
tarixi kökləri Qərbdə müstəmləkəçilik
sisteminin yaranması, insan və təbiət
resurslarının istismarına yönəlmiş, əsrlərlə
davam edən siyasətin dalana dirənməsidir. Aparılan təhlillər
göstərir ki, miqrasiya böhranı demokratiyanın
genişləndirilməsi adı altında məqsədyönlü
şəkildə Qərb sisteminin yayılmasının,
suveren dövlətlərin daxili işlərinə müdaxilələrin,
başqa xalqların seçdiyi iqtidarları devirməyin
acınacaqlı nəticələridir. Eyni zamanda, miqrasiya
böhranı Qərb liberal siyasi-ideoloji sisteminin dərin
böhranının əlaməti və liberal insan hüquqları
paradiqmasının süqutudur.
Kitabda beynəlxalq münasibətlər nəzəriyyələrində
miqrasiyanın beynəlxalq siyasətlə
bağlılığı haqqında neorealizm, liberal
institusionalizm, konstruktivizm, tənqidi nəzəriyyə əsasında
yanaşmalar ayrı-ayrı təhlil edilir. Bütün bu fərqli
yanaşmaların fonunda müəlliflərin qənaətinə
görə miqrasiya araşdırmalarının əksəriyyəti
tarix boyu Qərb ölkələrinin nöqteyi-nəzərini
ifadə etmiş, mənbə və tranzit ölkələrin
problemə baxışına biganəliklə
yanaşılmışdır. Bu cür yanaşma isə beynəlxalq
miqrasiyanın həqiqi səbəblərini elmi cəhətdən
əsaslandırılmış şəkildə ortaya qoymağa
imkan vermir.
Müəlliflərin baxış
bucağında qaçqın və məcburi
köçkün təsnifatı ilə bağlı çox
zaman diqqətdən qaçan incə bir məqama
aydınlıq gətirilib. Məlum olduğu kimi
"miqrant" anlayışı suveren dövlətin
qurulduğu dövlət-vətəndaş və vətəndaş-ərazi
əlaqələrinin parçalanmasının təzahürü
kimi özünü göstərir. Eyni zamanda, "məcburi
köçkün və ölkədaxili qaçqın"
anlayışı vətəndaş-ərazi münasibətlərinin
dağıdılmasını göstərdiyi halda, "məcburi
qaçqın" anlayışı dövlət-vətəndaş
əlaqələrinin parçalanması ilə üzə
çıxır.
İkinci fəsil XX əsrdə Qərb
dövlətlərinin miqrasiya siyasətinin modellərinin tədqiqinə
həsr olunub. Avropada milli dövlətin yaranması ilə
miqrasiya proseslərinin tənzimlənməsinə
başlanılmışdır. Həmin vaxtdan etibarən
suverenlik və vətəndaşlıq presedentləri
formalaşmış, "yerli və gəlmə" insanlar
fərqləndirilmişdir. Bilindiyi kimi Avropada birinci
qaçqın böhranı I dünya müharibəsi və
1917-ci ilin rus inqilabının təsiri altında baş
vermişdir. Həmin dövrə qədər "Qoca qitə"
"ağ irq, xristian din və avropalı etnik" nüvədən
kənara çıxmırdı. II dünya müharibəsinə
qədərki dövrdə Avropaya çoxsaylı
qaçqın axını olsa da bu, qeyd etdiyimiz nüvənin
struktur tərkibinə əhəmiyyətli təsir edə
bilməmişdi. Müharibələr arası dövrdə vətəndaşlığı
olmayan miqrantların tənzimlənməsi üçün
ilkin normalar və institutlar, "Nansen pasportları"nın
verilməsi kimi məsələlər müəyyən edilməyə
başlandı. Əsaslı dəyişikliklər isə II
dünya müharibəsindən sonra Avropanın ucuz
işçi qüvvəsinə olan tələbatını
ödəmək üçün müstəmləkələrdən
təşviq etdiyi miqrant axınından sonra oldu. Avropa ölkələrinin
əksər keçmiş müstəmləkələri
Afrikada və müsəlman ölkələri olduğundan
Avropanın əhali strukturunda ağ olmayan irqi, islam dini
daşıyıcıları və multietnik mozaik quruluş
yarandı. Müqayisə üçün qeyd etmək olar ki,
əgər 1950-ci illərdə Avropa əhalisinin 800 000 nəfəri
müsəlman idisə, 2010-cu ildə bu rəqəm 44 milyon nəfərə
çatmışdır. Bu isə Avropanın əsrlərdir
mühafizə etdiyi dəyərlər sisteminə təhlükə
kimi qarşılanır.
Miqrasiya siyasətinin başlıca olaraq Qərb
dövlətlərinin mövqeyinə uyğun həyata
keçirilməsi, XX əsr boyu yaranan qaçqın və
miqrantlarla bağlı qanunvericiliyin lazım gələndə
"çevik" surətdə dəyişdirilməsi, səlahiyyətli
təşkilatların bunları görməzdən gəlməsi
təqdim olunan kitabda ətraflı tədqiq edilmişdir.
Tədqiqatda beynəlxalq miqrasiya prosesləri
araşdırılsa da, Azərbaycanın
yaşadığı qaçqın probleminə səbəb-nəticə
prizmasından ayrıca diqqət edilmişdir. Məlumdur ki, Azərbaycan
adambaşına düşən qaçqın sayına
görə dünyada ən yüksək göstəriciyə
malik olan ölkə olmuşdur. XX əsrin 90-cı illərinin
əvvəllərində 8 milyon nəfər əhalisi olan
ölkəmizdə hər 8 nəfərdən biri
qaçqın və ya məcburi köçkün idi. Bu mənada
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
nəticəsində qaçqın və məcburi
köçkünlərin yaranması ilə bağlı 2
mühüm faktor göstərilir. Birincisi, tarixən müstəmləkəçi
məskunlaşdırma siyasəti nəticəsində Azərbaycan
ərazilərinə köçürülmüş ermənilərin
dövlət qurması və sonradan torpaq iddiaları ilə
çıxış etməsi. İkincisi isə ermənilər
tərəfindən etnik təmizləməyə məruz
qalmış məcburi-zorakı miqrasiyanın səbəb və
nəticələrinin aradan qaldırılmasında, ədalətin
bərpa olunmasında maraqlı olmayan geosiyasi güclərin
"ikili standartlar" siyasətinin mövcudluğu, beynəlxalq
hüququn iflasa uğraması göstərilir.
Üçüncü fəsildə insan
hüquqları və miqrasiya münasiblərinin
harmoniyasına diqqət edilmişdir. Demokratiya ixracı və
Qərbin dəstəklədiyi iqtidarların hakimiyyətə
gətirilməsi cəhdləri ilə suveren dövlətlərin
daxili işlərinə müdaxilə edilməsi nəticəsində
Yaxın Şərq regionu qaçqın axınları və
qeyri-qanuni miqrasiyaya təkan verən fəlakətli proseslərin
baş verdiyi məkana, qlobal təhlükəsizlik
üçün başlıca təhdid mənbəyinə
çevrildi. Müəlliflər haqlı olaraq bu nəticəyə
gəlirlər ki, "Demokratiya və insan
hüquqlarının" zorakılıqla və hərbi
gücün hesabına tətbiq etmək cəhdləri, məntiqi
baxımdan digər "fundamentalizmlərlə" bənzərlik
təşkil etdiyi üçün nəticələri də
eyni oldu.
Hegemonluq siyasətinə əsaslanan, problemlərin
ədalətli və real siyasi həll yollarını tapmaq əvəzinə
onları humanitar yardımlarla ört-basdır edən beynəlxalq
hüquq yalnız öz mahiyyətindən məhrum edilmiş
vasitədir. Bu siyasət üçün başqa dövlətlərin
suverenliyinə hörmət, zorla torpağından qovulmuş
insan fəlakətinə münasibətdə ümumi məsuliyyətin
müəyyən edilməsi anlayışı mövcud deyil.
Miqrantların əleyhinə səsləndirilən
çoxsaylı arqumentlərdən biri də miqrasiya və
terror təhdidinin bir araya gətirilməsidir. Qeyri-leqal
miqrasiyanın müasir dövrdə terrorizmin sosial
bazasını təşkil edən amillərdən olması
ümumən qəbul edilmiş fikirdir. Bununla belə,
radikalizm və terrorçuluğun beynəlxalq hüquqda
artıq normaya çevrilən ikili standartlar siyasəti ilə
bağlı olması halları da az deyil. Radikalizm
ideyalarının daşıyıcıları kimi yalnız
müsəlmanların nəzərdə tutulması məntiqi
yanaşma kimi məqbul hesab edilə bilməz.
Yaxın Şərqdə siyasi qeyri-müəyyənlik
onu göstərir ki, Avropa hələ uzun müddət
miqrasiya dalğaları ilə üz-üzə qalacaq. Miqrasiya
böhranı Yaxın Şərqdə yaşanan siyasi xaosdan
qaynaqlansa da, böhranın uzanması ümumavropa xarici siyasətinin
səmərəsizliyinin nəticəsidir. Miqrasiya
böhranının effektiv həlli vahid xarici siyasətin
mövcudluğundan asılıdır. Lakin Avropa
İttifaqı ölkələrinin hələ də miqrasiya
ilə bağlı ümumi xarici siyasət formalaşdıra
bilməməsi Avropanı daha da çətin vəziyyətə
salır.
Dördüncü fəsildə Avropa ölkələrinin
miqrasiya siyasətinin ifrat sağ təmayüllü
ideologiyaların yüksəlməsində rolu, hazırkı
miqrasiya böhranı ilə Qərb iqtisadi siyasəti
arasında qarşılıqlı təsir tədqiq
olunmuşdur. Hazırda ifrat sağ təmayüllü
partiyalar miqrantların Qərb cəmiyyətlərinə
verdikləri etnik və mədəni müxtəliflik kimi
töhfələri qəbul etmir, kütləvi immiqrasiya nəticəsində
"dağılmaq" təhlükəsi ilə
üz-üzə qalan Qərb sivilizasiyasını ayağa
qaldırmağa çalışırlar. Bu düşüncə
tərəfdarları kütləvi immiqrasiyanın Avropanı
tənəzzülə apardığı qənaətindədirlər.
Əslində isə Avropanın əsas problemi miqrantlar deyil, əhalinin
təbii artım səviyyəsinin çox aşağı
olması səbəbindən yaşanan demoqrafik
böhrandır.
Yeni minilliyin əvvəlindən etibarən
multikulturalizmə qarşı mənfi münasibət və
anti-immiqrant ovqatın getdikcə artması, hətta bəzi
ölkələrdə anti-immiqrant partiyaların yaranması
müşahidə olunur. Müəyyən mənada bu, 11
sentyabr terror hücumları, eləcə də Avropa ölkələrində
törədilmiş terror aktları ilə əlaqəli idi.
2011-ci ildə Fransa, Almaniya və Birləşmiş
Krallığın rəhbərləri multikulturalizm siyasətinin
özünü doğrultmaması haqqında bəyanat verdilər.
Həqiqət isə bundan ibarətdir ki, Avropanın bir
sıra aparıcı ölkələrinin nümunəsində
multikulturalizm böhranının səbəbi müsəlman
icmaları ilə bağlı deyil, əksinə islamafobiya ilə
bilavasitə əlaqədardır.
Bu bir reallıqdır ki, səbəblərdən
və mahiyyətindən asılı olmayaraq artıq Avropa
klassik Qərb dəyərləri çərçivəsinə
sığmır. Günümüzdə "Qoca qitə"
böyük miqrant axınlarının təsiri ilə fərqli
mədəniyyət daşıyıcılarının həyat
tərzlərini özündə əks etdirir. Avropa rəsmiləri
tərəfindən son dövrlərədək dəstəklənən
multikulturalizm siyasəti böhran vəziyyətinə
düşsə belə, Avropada fərqli mədəni dəyər
sahibləri nə silinib atıla, nə də tam assimilyasiya
oluna bilinər. Bir sözlə müasir miqrasiya prosesləri fərqli
sivilizasiya və dəyər
daşıyıcılarının "toqquşma, yaxud
harmoniya formulu"nun mütənasibliyindən
asılıdır.
Müşahidələrimiz deməyə əsas
verir ki, Qərbdə multikulturalizm siyasətinin
böhranının başlıca səbəbi burada etnik-mədəni
problemlərə multikultural yanaşma tərzinin dövlətin
reallıqlara söykənən milli ənənələrini əvəz
etməsi, həmin konsepsiyanın tətbiqi zamanı milli təhlükəsizlik
maraqlarının, yerli ənənə və birgəyaşayış
normalarının, dominant etnos və titullu din amillərinin nəzərə
alınmamasıdır. Multikulturalizmin Avropa modelinin əsas hədəfinin
assimilyasiya olduğu aydın görünür.
Bu gün multikulturalizm böhranının səbəbi
və günahkarı qismində miqrantların özlərinin
ittiham edilməsi, onların inteqrasiyaya qabil olmaması və
neoliberal dəyərlər sistemindən kənarda
qalmalarına dair şüarlar səslənir. Həqiqət
isə ondan ibarətdir ki, yalnız Qərb mədəni və
dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyətinin
dünya miqyasında universal standart kimi təqdim olunması
özünü doğrultmur.
Beləliklə, artıq immiqrant ölkəyə
çevrilən Avropa dövlətlərinin
qarşısında dayanan ən mühüm
çağırış demoqrafik böhran və
böhrandan çıxış yolu kimi immiqrasiyaya əsaslanan
siyasətdir. Avropanın yeni sakinlərinin öz dəyərlərini
gətirməməsi mümkünsüzdür. Fikrimizcə,
Avropa yalnız yenilərin dəyərlərinə hörmət
etməklə və ən əsası özününkü
hesab etməklə böhrandan çıxa bilər. Eyni
zamanda, Avropaya miqrant axınının böyük hissəsinin
müsəlman olması Qərbin qarşısında
mühüm bir çağırış qoymuşdur. Qərb
isə bunu çağırış deyil, öz dəyərlər
sisteminə və ümumiyyətlə, gələcəyinə
təhdid kimi qiymətləndirir. Hazırda belə fikirlər
səslənir ki, Qərb və İslam mədəniyyətləri
yanaşı yaşaya bilməz. Lakin bu bir reallıqdır ki,
İslam dəyərləri artıq Avropa əhalisinin bir hissəsinin
seçimidir. Buna tolerant yanaşma olmasa, İslam faktoru Qərb
dəyərlər sistemində öz layiqli yerini tutmasa bu, ilk
növbədə Avropanın gələcəyi
üçün problemə çevriləcəkdir. Çoxmədəniyyətlilik,
multikultural siyasət artıq Qərb cəmiyyəti
üçün bir seçim deyil, məhz zərurətdir.
Bu mənada geniş oxucu auditoriyasına təqdim olunan
"Qlobal miqrasiya böhranı: beynəlxalq münasibətlər
və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində"
kitabı müasir miqrasiya proseslərinin pərdəarxasını
izləmək üçün maraqlı bir mənbə və
yeni yanaşmadır.
Ərəstü
Həbibbəyli,
Azərbaycan
Respublikası Baş nazirinin Katibliyinin rəisi, iqtisadiyyat
üzrə fəlsəfə doktoru
Müəllifi
Twitterdə izləmək üçün: @Ahabibbayli
525-ci qəzet 2018.- 27 oktyabr.- S.10-11.