Aktyor Yusif Qoca:
"Aparıcılar və verilişlər səmimiyyət
axtara-axtara bayağılaşır"
Çağdaş Azərbaycanda gənclər
cəmiyyətin əksər sahələrində fəal rol
oynayırlar. Xüsusən, incəsənət sahəsinə
gənclərin axını və bu axınla birgə mədəniyyətimizdə
yeniləşmə, müasirləşmə meylləri getdikcə
artmaqdadır.
Müsahibimiz Yusif Qoca da gənc aktyor,
aparıcıdır. O, gənc yaşına baxmayaraq, Qazax
Dövlət Dram Teatrının aparıcı aktyorlarından
biridir.
Bir müddət öncə Bakıda qastrol səfərində
olan teatrın direktoru Saqif İskəndərovla söhbətimizdə
o, əyalət teatrında gənc kadrların
çatışmazlığından gileylənmişdi.
Hazırda teatrda iki gənc aktyor çalışır ki,
onlardan biri müsahibimizdir:
- Yusif Qoca, elə
bir dövrə gəlib çıxmışıq ki,
Bakıda fəaliyyət göstərən aktyorların belə,
işləri çətindir. Hər kəs teatra
marağın azalmağından gileylənir. Siz əyalətdə
bu sənəti nə dərəcədə təbliğ edə
bilirsiniz?
- Əslində, sənət adamı
üçün paytaxt, əyalət fərqi
olmamalıdır. O fərq olacaqsa, onda bölgə
teatrlarında fəaliyyət göstərən aktyorlar, rəsmi
olaraq da bölgə aktyorları kimi təqdim olunsun. Bu sənəti
seçənlərə bir müraciət forması var, o da
aktyor. O ki, qaldı təbliğat məsələsi, məncə,
səhnənin harda yerləşməsinin heç bir fərqi
yoxdur. Sən bu sənəti sevirsənsə, təsadüfi
deyilsənsə, o zaman ağız dolusu danışacaqsan və
insanları cəlb edə biləcəksən.
- Cəlb edə
bilirsinizmi?
- Mən deməzdim ki, bizim teatrın
tamaşaçısı yoxdur. Var! Bir aktyor kimi məndən
ötrü zalın dolması vacib deyil. On
tamaşaçı olsun, tamaşanı başa düşən,
teatrı hiss edən olsun. Mən tamaşanı bir
tamaşaçıya da oynayaram. Son dövrlər
teatrımıza maraq artmaqdadır. Bunun bariz nümunəsi
kimi repertuarımızda olan "Edam məhkumunun son
günü", "Toy günü ayrılıq",
"Sonuncu seriya", "Solğun çiçəklər"
kimi tamaşaların dəfələrlə təkrar istənilməsini
göstərmək olar. Bu varsa, deməli, müəyyən
kütləni cəlb edə bilmişik.
- Aktyorluq
üçün istedad, yoxsa ali təhsil şərtdir?
- Məncə, aktyor elə aktyor
doğulmalıdır. Bu sahədə istedadın
olmalıdır. İstedadı, marağı olmayan şəxsə
kimin təhsil verməsindən asılı olmayaraq, o, öz
qabında olmayacaq. Təhsil də vacibdir, amma məncə,
istedadın olması şərtdir. Hər il Mədəniyyət
və İncəsənət Universitetinin aktyorluq fakültəsini
onlarla tələbə bitirir, baxaq onlardan neçəsi teatrlara
üz tutub, filmlərə çəkilir.
-
Özünüz də aparıcı kimi fəaliyyət
göstərirsiniz, indiki efirlərin durumundan necə,
razısınızmı?
- Altı il müxtəlif səpkili verilişlərdə
aparıcılıq etmişəm. Hər efirdən öncə
və sonra özümü tamaşaçının yerinə
qoymuşam. "Bu gün bu verilişin missiyası nə
idi", “tamaşaçı niyə bizi seçdi və biz
ona nə verdik" suallarına cavab axtarmışam. Bu
televiziyaların missiyası başqadı. Əvvəllər
daha çox maarifləndirici, intellektual layihələr təqdim
edilirdisə, hazırda şou, qalmaqal, intriqaya meyl
güclüdür. "Hazırda reytinq bundadır"
deyilir. Elə deyim ki, sonuncu verilişim də məhz
dövrün tələbinin, reytinqin qurbanı oldu
(gülür).
- Sizcə, nə
çatışmır?
- Məncə, aparıcılar və verilişlər səmimiyyət axtara-axtara bayağılaşır. Hər bir verilişin məqsədi olmalıdır. Şou adı altında efir mədəniyyəti, estetika unudulmamalıdır. Onsuz da biz tamaşaçıya nə təqdim ediriksə, o qəbul olunur. Odur ki, maarifləndirici və intellektual verilişlərin sayını artırmaq lazımdır.
- Bəs
tamaşaçı nə istəyir?
- Zövqlər fərqlidir.
Tamaşaçı özünü, öz problemlərini
görmək istəyir. Televiziya tamaşaçının
arxasınca getməməlidir, onu öz arxasınca
aparmağı bacarmalıdır.
- Uzun müddət
müxtəlif sahələri əhatə edən səhər
proqramı aparırdınız. Bu tip verilişlər
üçün aparıcı da hərtərəfli məlumatlı
olmalıdır. Çətinlik yaranmırdı ki?
- Haqqında danışılan veriliş
üç mövsüm efirdə oldu. Bölgədə fəaliyyət
göstərməyimizə baxmayaraq, nəinki bölgədən,
hətta ölkədən də çıxmışdıq.
Hər gün canlı yayım, informasiya və maarifləndirmə.
Bu, həm yüksək məlumatlılıq, həm də
fiziki güc tələb edir. Həmçinin, hər efir
gününü ilk efir kimi yaşamaq lazımdır. Bunu
yaşayanlar bilər...(gülür)
- Sizcə,
yaradıcı insan hansı özəlliklərə sahib
olmalıdır?
- Yaradıcı insanın dünyadan xəbəri
olmalıdır. Bütün sahələrdə baş verən
hadisələri izləməlidir. Bir sözlə, daim
axtarışda olub, özünü hərtərəfli
inkişaf etməlidir. Ən vacibi isə istedad, əmək, səbr
və inam olmalıdır.
- Teatr ədəbiyyatla bilavasitə əlaqədə
olan sənətdir. Bildiyim qədərilə siz də ədəbiyyata
heç də yad deyilsiniz.
- Ədəbiyyat orta məktəb illərindən
ən sevdiyim fənn olub, mütaliəsiz bizim sənət
olmaz! Mütaliə etməyi, oxuduqlarımı
bölüşməyi və təbliğ etməyi sevirəm.
- Yusif Qocanı
bu səhnədən nə küsdürə bilər?
- Bu haqda heç düşünməmişəm.
Bəlkə də elə bir gün olacaq ki, mən bu sahədə
olmayacam. Bəlkə də bu sahədə daha da parlayacam. Bunu
zaman göstərəcək. Küsmək hissini isə
ümumiyyətlə qəbul etmirəm. Nə vaxtsa hiss etsəm
ki, bu sahədə mənə sıxıcıdır və mən
işimdən, sənətimdən zövq ala bilmirəm. O
zaman səssizcə geri çəkiləcəm. Bunu
bütün münasibətlərə aid edirəm.
- İncəsənətdə
dostluq varmı?
- Öz adımdan deyim ki, var! Bu sahəni təmsil
edən çox yaxşı, sadiq dostlarım var. Məsələn,
neçə illər birgə
çalışdığım, istedadlı aktyor,
aparıcı Mehman Piriyev. İllərdir bir-birimizi
tanıyırıq, dostluq edirik, istənilən mövzuda
danışırıq. Hətta bir efiri, bir səhnəni
bölüşmüşük. Hələ ki, problemimiz
yoxdur, yəqin olmaz da! Deyirlər, əksər dostluqlar maraqlar
toqquşanda bitir. Amma bu fikir mənim bu sahədə
qazandığım dostluqlara aid deyil. Sırf teatr və
televiziya sahəsində olan, fərqli yaş həddində
istər xanım, istərsə də bəy dostlarım
çoxdur. Hələ ki, bu mövzuda ciddi problem
yaşamamışam.
-
Yaradıcılığınızı paytaxtda davam etdirmək
istəməzdiniz?
- Əlbəttə, istərdim. Bilirəm ki,
bir gün mən də Bakı səhnələrini fəth edəcəyəm
(gülür)... Qismət və şans biz aparıcı və
aktyorların ayrılmaz silahdaşlarıdır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.-26 oktyabr.- S.7.