"Şahanənin nağılı"
təqdim olundu
Oktyabrın
27-də "Azərkitab"da gənc yazar Şahanə
Müşfiqin şeirlər kitabının imza günü
keçirilib.
Tədbirdə
tanınmış ədəbiyyat, mədəniyyət
xadimləri, ziyalılar, gənc yazarlar, poeziyasevərlər,
oxucular və media nümayəndələri iştirak
ediblər.
Tədbiri
giriş sözü ilə Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid açaraq Şahanə
Müşfiqin az zamanda qazandığı
yaradıcılıq uğurlarından danışıb. Onun
Azərbaycan Yazıçılar Birliyinin üzvü, ikinci
Gənc Ədiblər Məktəbinin müdavimi, gənc yazarlar
üçün nəzərdə tutulmuş Prezident
təqaüdçüsü olduğunu, 2017-ci ildə
Gənclər və İdman Nazirliyi tərəfindən
ədəbiyyat sahəsi üzrə "İlin gənci"
seçildiyini, müxtəlif müsabiqələrdə
uğurlar qazandığını, ötən il
Türkiyədə keçirilən Birinci Türk Dünyası
Gənc Yazarlar görüşündə ölkəmizi
layiqincə təmsil etdiyini xatırladıb. R.Məcid
Şahanənin artıq iki ildir "525-ci qəzet"in
mədəniyyət müxbiri kimi fəal şəkildə
çalışdığını, bu zaman ərzində
özünün müxtəlif səpkili yazıları
ilə müntəzəm çıxış etdiyini
vurğulayıb. O, gənc yazarın fitri istedadı və
savadı ilə yanaşı, zəhmətkeşliyinin də
uğur qazanmağında müstəsna rolu olduğunu deyib.
AYB katibi gənc yazarın həm ənənələrə,
həm də yeniliklərə, müasirliyə qarşı
həssaslığını vurğulayıb, onun
yazılarında bu iki cəhətin
üstünlüyündən danışıb. R.Məcid
"Şahanənin nağılı"nın
"aybKitab" layihəsində çap olunduğunu
diqqətə çatdırıb.
Yazıçı
Aqşin Babayev Şahanə Müşfiqlə
tanışlığından söz açıb. O,
"525-ci qəzet"də mütəmadi olaraq
yazılarını oxuduğu və bəyəndiyi gənc yazarla
bir müddət öncə onun hekayələri
əsasında yazdığı məqalədən sonra
şəxsən tanış olduğunu deyib.
Ş.Müşfiqin mətnə özünəməxsus
yanaşma tərzinin, aydın baxışlarının
olduğunu deyən yazıçı, bunun zəngin
mütaliədən və dünyagörüşdən
irəli gəldiyini vurğulayıb. O, həmçinin,
Şahanənin zəhmətkeşliyindən bəhs edib
və təqdirəlayiq hal kimi vurğuladığı
qəzetin bir nömrəsində onun bir neçə
yazısının çap olunmasını da bununla
əlaqələndirib.
"aybKitab"
layihəsinin rəhbəri Xəyal Rza
çıxışında gənc yazarın çox
qısa müddətdə öz istedadı və xarakteri
ilə ədəbi mühitdə sevildiyini, onun
yaradıcılığına Sabir Rüstəmxanlı,
Fikrət Qoca kimi Xalq şairlərinin yüksək qiymət
verdiklərini diqqətə çatdırıb.
Şahanənin gələcək yaradıcılıq
fəaliyyətində daha böyük uğurlar
qazanacağına inandığını deyən Xəyal Rza
müəllifin "Ona qalıb" şeirini
səsləndirib.
Yazıçı
Zahid Sarıtorpaq da Ş.Müşfiqin istedadını
yüksək qiymətləndirərək, gənc
yaşına rəğmən önəmli uğurlar
qazandığını, həm ədəbi mühitdə,
həm də oxucular arasında sevildiyini qeyd edib.
Şahanənin
ilk qələm təcrübələri ilə hələ
illər öncə ilk tanış olanlardan biri olduğunu
deyən Bakı Dövlət Universitetinin müəllimi Sevinc
Muğanna onun işıqlı gələcəyinə elə
o vaxtdan inandığını vurğulayıb. S.Muğanna
Ş.Müşfiqin ilk kitabı "Qaranlıqlar
günəşi"nin də ilk oxucusu olduğunu deyib.
Atası, Xalq yazıçısı İsa Muğannanın
Şahanənin ilk əsəri ilə tanış olduğunu
və ondakı istedadı gördüyünü xatırlayan
S.Muğanna Şahanənin addım-addım onların
ümidlərini doğrultduğunu və bundan sonra da
doğruldacağına inandığını deyib.
Yazıçı
Qan Turalı bir neçə il öncə Bakı Slavyan
Universitetinin "Yaradıcılıq"
fakültəsində Şahanə Müşfiqə dərs
dediyini və hələ o illərdən ondakı
istedadın, yaradıcılıq potensialının
fərqində olduğunu deyib. O, Şahanədəki
istedadın onun zəngin mütaliəsi, milli və dünya
ədəbiyyatına dərindən bələdliyi ilə
daha da cilalanaraq inkişaf etdiyini vurğulayıb. Qan Turalı
Şahanənin şeirlərinin nəsr və
publisistikasından fərqli olaraq, daha çox hissləri,
duyğuları ilə bağlı olduğunu deyib.
Şahanə
Müşfiqin bir jurnalist kimi onun da
yaradıcılığında izi olduğunu vurğulayan
AYB-nin Qubadlı bölməsinin sədri Namiq Məna gənc
yazarın artıq bir publisist, şair və
yazıçı kimi sevildiyini, öz imzasını
təsdiq etdiyini bildirib. "Şahanənin
nağılı" kitabındakı şeirlərin
kövrək bir şair qəlbinin məhsulu olduğunu deyib.
O deyib ki, Şahanənin şeirləri onun sözə
qarşı necə həssas yanaşdığının
bariz nümunəsidir. O, şeirlərində az sözlə
çox böyük mətləbləri ifadə edir. Namiq
Məna çıxışının ardından
"Şahanənin nağılı" kitabındakı
"Dünən ayrılmağa gəldik
görüşə" şeirini səsləndirib.
Təqdim
olunan kitabla və Şahanənin
yaradıcılığı ilə yaxından tanış
olduğunu deyən tənqidçi Akəm Xaqan onun
şeirlərindəki özünəməxsusluqdan, poetik
ifadə tərzinin zənginliyindən söz açıb.
Oxuculardan
Kəmalə Nura Şahanəni həm bir insan, həm də
şair kimi çox sevdiyini deyib, onun "Zirvə"
şeirini səsləndirib.
Çıxış
edən qonaqlardan Nazilə Gültac, Cavanşir Müəllim
və başqaları Şahanə Müşfiqin şair,
yazıçı, publisist kimi fəaliyyətini yüksək
qiymətləndirib, onu yeni kitabı münasibətilə
təbrik ediblər. Nazilə Gültac müəllifin yeni
təqdim olunan kitabdakı şeirlərindən
səsləndirib.
Sonda
müəllif kitabın çapında və imza
gününün təşkilində əməyi olan
AYB-yə, şəxsən Rəşad Məcid və
Xəyal Rzaya, "aybKitab" layihəsinə, "Azərkitab"a
və tədbirə gələn qonaqlara,
çıxışçılara
təşəkkürünü bildirib, kitabın adına da
aydınlıq gətirib: "Məndən ən çox
kitabın adının niyə "Şahanənin
nağılı" olduğunu soruşurlar. Hörmətli
Xalq yazıçımız Sabir Rüstəmxanlı
şeirlərimi oxuyub kitabıma ön söz yazarkən,
hələ kitaba ad qoymamışdıq. O,
şeirlərimdəki nağıl motivindən
çıxış edərək ön sözə
"Şahanənin nağılı" adını verdi. Bu
ad mənə çox doğma gəldi. Həqiqətən
də mənim üçün həyat böyük bir
nağıldır. Onun içərisində
yaşadığımız hər anımız isə
ayrı nağıllardır. Biz bu nağılların
cəmini yaşayırıq. Mən nağıllarda sonda
müsbət qəhrəmanların, sevginin qalib
gələcəyinə, nağılların həmişə
müsbət sonluqla, xoşbəxtliklə
bitəcəyinə inanıram. Bu həyat da sevginin qalib
gələcəyi, xoşbəxt sonluqla bitəcək bir
nağıldır mənə görə. Mən buna
bütün qəlbimlə inanır və hər kəsin
öz nağılının ürəyi istədiyi sonluqla
bitməsini diləyirəm".
Sonda
müəllif qonaqlar üçün kitablarını
imzalayıb.
Qədir, Cavid.
Fotolar Nofəl Ümidindir
525-ci
qəzet 2018.- 30 oktyabr.- S.7.