Dünyaya qaranlıqdan boylanan nur - Aşıq Veysəl

Şahanə MÜŞFİQ

Hələ təzəcə, yeni-yeni açırdı gözlərini dünyanın gözəlliklərinə. Hələ yenicə görürdü günəşi, ayı. Təzəcə öyrənmişdi rənglərin bir-birindən fərqini.

Təzəcə yadında saxlayırdı anası Gülzarın sevgi dolu üzünü, atası Əhmədin sərt, amma bir o qədər də güvən verən baxışlarını. Cəmi yeddicə il idi tanış olmuşdu bunlarla. Zalım fələk qıymadı ona bu gözəllikləri. Günəş gizlədi nurunu ondan, ay üz çevirdi. Anasının sevgi, atasının güvən verən siması bircə anda qaranlıqlara gömüldü.

Həyat sərt üzünü çox erkəndən göstərmişdi ona. Uşaqlığını, gəncliyini, bütünlükdə xoşbəxtliyi, dincliyi alacaqdı əlindən, bəlli idi. Amma əvəzində verəcəkləri də vardı. Bəlkə də aldıqlarından daha dəyərli... Taleyin öz planları vardı onun haqqında kimsənin bilmədiyi...

Veysəl Şatıroğlu, el dili ilə desək, Aşıq Veysəldən gedir söhbət...

Qaranlığa doğulan işıq

Yaradıcı aşıq məktəbinin son nümayəndələrindən olan, Anadolunun xalq ozanı aşıq Veysəl 25 oktyabr 1894-cü ildə Sivasın Sivrialan kəndində kəndli ailəsində doğulur. Hələ balaca ikən - yeddi yaşında yaşadığı kəndə yayılan çiçək xəstəliyi ondan da yan ötmür. Xəstəlik onun sol gözünü alır, sağ gözünə isə "pərdə enir". Bu "pərdə" ilə azca da olsa görən gözü sonradan keçirtdiyi qəza nəticəsində tamamilə kor olur. Beləcə balaca Veysəlin dünyası zülmətə qərq olur. Amma ailədə bu xəstəlikdən ziyan tapan təkcə o olmur. Hətta ailənin digər övladları belə demək mümkünsə, Veysəl qədər "şanslı" olmurlar. O zamanın qara bəlasına çevrilən çiçək xəstəliyi onun iki bacısının həyatına son qoyur.

Sonralar aşıq Veysəl uşaqlığını əlindən alan və bütün həyatını qaraldan bu hadisəni belə xatırlayır: "Çiçək xəstəliyinə tutulmamışdan əvvəl anam mənim üçün gözəl köynək toxumuşdu. Həmin köynəyi geyinib məni çox istəyən bir nəfərin yanına getmişdim. Geyimim xoşuna gəlmişdi. Həmin gün yağışlı bir gündü, evə qayıdarkən yıxıldım və bir daha ayağa dura bilmədim. Çiçək xəstəliyinə yoluxmuşdum...  Xəstəliyi ağır keçirdirdim. İlk əvvəl sol gözüm tutuldu, daha sonra sağ... Həmin gündən dünya mənim üçün zindana döndü ..."

Bu talesiz hadisə onu ruhdan salmır. Sanki gözlərinin tutulmağı ilə onun könül gözü açılır və o, şeirə, sənətə maraq göstərir. Bu maraq nəticəsində o, özünün qaranlıq dünyasını getdikcə rəngləndirir. Atası hər gün əzbərlədiyi xalq ozanlarının şeirlərini ona oxuyur. Atasını böyük bir həvəslə və sevgiylə dinləyən balaca Veysəlin həyatında eşitdiyi şeirlər günəş kimi doğur. Oğlunun şeirə olan bu sevgisinin gün keçdikcə artdığını görən atası ona saz alır. Qonşuları Molla Hüseynin sayəsində Veysəl saz çalmağı öyrənir. Beləcə Veysəlin aşıqlıq hekayəsi başlayır. Atası onun saza sonsuz bağlılığını görüb onu dövrünün məşhur aşıqlarından Çamşıxlı Əli Ağanın yanına şəyirdliyə göndərir. Günlər keçdikcə saza daha çox bağlanan Veysəl sazının yanından ayrılmır. Saz çalmağı öyrənir. Yunus İmrə, Pir Sultan Abdal, Karacaoğlan, Dadaloğlu kimi xalq ozanlarından təsirlənərək türkü və saz ifaçılığında ustalaşır, özü də şeirlər yazmağa başlayır.

"Vətənə xidmətdən məhrum qəlbim"

O dövrlər müharibə dövrü idi və Veysəlin bütün yaşıdları 18 yaşına çatanda hərbi xidmətə aparılmışdı. Təkcə yaşıdları deyil, demək olar ki, kənddəki bütün başıpapaqlılar müharibədə idi. Amma onun gözləri görmədiyindən hərbi xidmətə yararsız kimi kənddə qalmışdı. Kənddə sadəcə qadınlar və uşaqlarla qalan Veysələ bu özü də böyük bir dərd idi. Ürəkdən sevdiyi, bağlandığı vətəninə qulluq edə bilməmək onu sıxırdı, incidirdi. Aşıq Veysəl o günlər haqqında dərin hüznlə söz açırdı: "Gözlərim görmədiyi üçün məni əsgəri borcumu yerinə yetirməyə qoymadılar.  Kənddə yaşlı kişilərlə, qadınlarla baş-başa qaldım. Çox üzüldüm. Onlar məmləkətə xidmət etməyə getdilər, mən kənddə miskin və hər şeydən məhrum qaldım. "Vətənə xidmətdən məhrum qəlbim" deyərək çox acı çəkdim. İstiqlal savaşı olan illərdə mən yenə kənddəydim".

Nə yazıq ki mənə olmadı qismət,

Düşməni dənizə tökərkən millət,

Fələk qırdı qolumu, vermədi fürsət,

Qılınc vurmaq üçün düşmən başına.

Bugünlər müəssər olsaydı mana,

Minnət etməz idim bir qaşıq qana.

Müqəddər xarici gəlməz meydana

Nələr geldi bu Veysəlin başına"

25 yaşı olanda Aşıq Veysəl Əsma adlı bir qızla evlənir. Bu evlilikdən bir övladı dünyaya gəlir. Bundan cəmi iki il sonra 27 yaşında o, ana və atasını itirir. İkinci uşağı dünyaya gəlir və doğulandan 10 gün sonra ölür. Tale hələ də onu sınağa çəkməkdə qərarlı idi. Dərd də ki gələndə batmanla gəlir...

"Bu məndəki eşq olmasa..."

Bir müddət sonra arvadı Əsma başqa bir kişiyə aşiq olur və bir yaşlı qızını ərinin yanında qoyub qaçmağa qərar verir. Bu hadisə haqqında el arasında belə bir rəvayət də dolaşır. Belə ki, gecə yatmaq üçün yataqlarına girdikdən sonra yoldaşı qalxır, boğçasını götürüb ayaqqabılarını geyinir və arxasına baxmadan qaçmağa başlayır. Bir az getdikdən sonra ayağını bir şeyin incitdiyini hiss edir. Ayaqqabısını çıxararkən gördüyünə mat qalır: Aşıq Veysəlin bütün pulu ordadır, qaçacağını anladığı üçün sahib olduğu hər şeyi yoldaşına buraxır. Pulun yanında bir məktub da vardı. Məktubda bu sözləri yazmışdı Aşıq Veysəl: "Al bu pulu, ananın ağ südü kimi halalın olsun, getdiyin yerdə özünü əzdirmə. Bir də, gözəlliyin beş qəpiyə dəyməz, məndəki bu eşq olmasa..."

Gözəlliyin qəpik etməz,

Bu məndəki eşq olmasa.

Əylənəcək yerin olmaz,

Könlümdəki köşk olmasa...

Gözəl üzün görülməzdi,

Bu eşq məndə dirilməzdi.

Gülə qiymət verilməzdi,

Aşiq və məşuq olmasa.

Səndən aldım bu fəryadı,

Bu imiş dünyanın dadı.

Anılmazdı Veysəl adı

O sənə aşiq olmasa.

 

Aşıq Veysəl haqq adamı idi. Könlünü saza, sözə vermişdi. Ona görə də qismətdən gələn hər dərdi də sevərək, könül xoşluğu ilə qəbul edir, dərdlərin ağırlığına mətanətlə dözərək çıxdığı bu yolda yeriməyə davam edirdi. Arvadının başqa bir kişi ilə qaçmağı da onu üsyankar etmədi və Veysəl həyatdan əlini üzməyib şansını ikinci dəfə sınadı. 1921-ci ildə Gülzar adlı xanımla ikinci ailəsini quran Veysəlin həyat məhz indi üzünə gülməyə başlayır. Bu evlilikdən onun altı övladı olur: iki oğlan, dörd qız.

"Cümhuriyyət dastanı"

O dövrlər yeni bir dövlətin qurulma ərəfəsi olduğundan bütün Türkiyə yoxsulluq içərisində idi. Bu yoxsulluq Aşıq Veysəlin də ailəsində var idi. 1933-cü ilə qədər aşığın həyatı bir loxma çörək dalıyca qaçmaqla keçir.

Haqq aşıqları bu mərtəbəyə yüksələndən sonra dərvişliyə başlayarlar. Diyar-diyar gəzərlər. Aşıq Veysəlin dərvişliyi 1928-ci ildən başlayır. O, dostların köməyi ilə öz elindən ayrılıb qonşu kəndlərdə aşıqlıq etməyə başlayır. Diyar-diyar dolaşan Veysəl Sivasın mərkəzinə gəlib çıxır. 1931-ci ildə Sivasın maarif müdiri Əhməd Qutsi Tecərin hazırladığı "Xalq şeirlərini qorumaq dərnəyi"nin bayramında iştirak edir. 3 gün davam edən bayramda şeirlərini oxuyan Veysəlin şöhrəti yayılmağa başlayır.

1933-cü ildən sonra Anadoluda el-el gəzib şeirlər söyləyir və ünü getdikcə artır. O, dövlətinə, xalqına, Cümhuriyyətə çox bağlı bir insan idi. Hətta Cümhuriyyətin qurulmağının 10-cu il tədbirlərinə qatılmaq üçün düz üç ay ac-susuz yol gedir, böyük çətinliklə Ankaraya çatır. Həmin günlərdə təsadüfən Ulus qəzetində onun haqqında məlumat yayımlanıbmış. Xəbərdə onun şəkli və "Cümhuriyyət dastanı" şeiri də verilir. Bu təsadüf onun həyatını dəyişir və bu şeir sayəsində iki gün içərisində Xalqevinə dəvət edilir. 

Həyatında ilk dəfə İstanbul radiosunda türkü söyləyərkən səsini bütün Anadoluya eşitdirmək üçün qışqırır.

1941-1944-cü illərdə Əhməd Qutsi Tecərin köməyi ilə şeirlərini yazıya köçürüb kitab kimi çap etdirir və belə əbədiyyət qazanır.

1942-1943-cü illərdə Arifiyə və Həsənoğlu kəndlərində, daha sonra isə Əskişəhər Çiftçilər kənd institutlarında xalq şeiri müəllimi kimi çalışır. 1965-ci ildə TBMM tərəfindən ana dili və milli birliyə xidmətlərlə bağlı qanun qüvvəyə minir və aşıq Veysələ maaş kəsilir.

Türk aşıq məktəbinin son ustadı

Aşıq Veysəlin Türk aşıq məktəbinin yaşadılması üçün gördüyü işlər danılmazdır. O, öz yaradıcılığı ilə Cümhuriyyətdən sonra nisbətən müasirləşmək yolu tutan, Avropaya doğru meyllənən xalqı öz keçmişindən qopmağa qoymadı. Onları xalq şeirini Cümhuriyyətə və ondan sonrakı dövrlərə də daşımağı bacardı.

Saz, söz adamlarının onun yaradıcılığına verdiyi həqiqi qiymət belədir: "Şeirlərində türkcəsi sadə və başadüşüləndir. Ana dilindən ustalıqla istifadə edir. Yaşama sevinciylə hüzn, optimizmlə ümidsizlik şeirlərində iç-içədir. Təbiət, cəmiyyətdəki çatışmazlıqlar, din və siyasət onun yaradıcılığında öz əksini tapan mövzulardır. Şeirləri qaranlıq dunyasında üç mövzunu birləşdirir: torpaq, sevgi və təbiət..."

Aşıq Veysəlin yaradıcılığı çox zəngindir. O, xalq şeirində müasir dövrünün problemlərini, eləcə də Atatürkə, Cümhuriyyətə olan sonsuz sevgisini ifadə etməyi bacarıb. Bu faktın özü onu digər aşıqlardan ayırırdı. O, öz yaradıcılığı ilə Anadolu insanı ilə cümhuriyyət ziyalıları arasında bir körpü rolunu oynayırdı.

Ancaq Aşıq Veysəl həm də təsəvvüf carçısı idi. Gözlərini çox erkən itirən aşıq öz ömrünü, sevgisini Allaha adamışdı. O, Allahdan gələn hər şeyi sevgiylə qəbul edir, onda bir gözəllik tapırdı. O deyirdi ki, Tanrı hər yerdə var, zamansız və məkansızdır, bütün gözəlliklər də Ona məxsusdur.

Aşıq Veysəl bütün qəlbi ilə torpağa, təbiətə bağlı insan idi. O, insanın torpaqdan yarandığını və son mənzilində də torpağa gedəcəyini söyləyirdi. Deyirdi ki, təbiət Allahın insanlara göndərdiyi bir hədiyyədir, xəzinədir. Ölüm onun üçün təbiətə dönüşdür ki, bu, İslam dininə də zidd fikir deyil.

Havaya baxarsam, hava alaram,

Torpağa baxarsam, dua alaram.

Torpaqdan ayrılsam, harda qalaram?

Mənim sadiq yarım qara torpaqdı.

Həqiqət ararsan, açıq bir nöqtə:

Allah qulda yaşar, qul da Allahda.

Haqqın gizli xəzinəsi torpaqda,

Mənim sadiq yarım qara torpaqdı.

Hər kim ki, olursa bu sirrə məzhər,

Dünyada iz qoyar ölməz bir əsər!

Gün gələr,Veysəli bağrına basar,

Mənim sadiq yarım qara torpaqdı.

Bütün aşıqlar kimi onun da mayasında eşq var. Hətta bəlkə də bu eşq ondan bir az da çox, fərqlidir. Bu, irfani bir eşqdir. O, təkcə Allaha, sevgiliyə deyil, hər şeyə bu eşqlə bağlıdır. Hətta sazına belə... Onun ən çox sevdiyi və şeirlərində tez-tez müraciət etdiyi sazı tək sirdaşı, ömürlük dostu, həmdəmidir. Elə bir həmdəm ki, onun qaranlıq dünyasına öz nurundan pay verib, ona dövrlərə, illərə, məkanlara sığmayacaq xalq məhəbbəti qazandırıb.

Mən gedərəm, sazım, sən qal dünyada,

Gizli sirlərimi aşikar etmə.

Lal olsun dillərin, söyləmə yada,

Qərib bülbül kimi ahu-zar etmə.

Yeddi yaşından etibarən, görməyən gözləri ilə "Uzun, incə bir yola" çıxan, bu yolda daşlı-kəsəkli, sıldırımlı, qayalı, acılı, şirinli anlar yaşayan şair hər nədən yazdısa, özünü yazdı, özündən yazdı. İctimai, sosial problemlərdə də, Allahda da təbiətdə də, ölümdə də, eşqdə də o vardı - Veysəl vardı:

Mat qalar Veysəl bu halə,

Gah ağlaya, gahi gülə.

Yetişmək üçün mənzilə,

Gedirəm mən gündüz, gecə.

Və 1973-cü ilin bir yaz günü - 21 martda ağciyər xəstəliyi onun "uzun, incə yol"unu bitirdi. Cansız bədəni torpağa, şeirləri, türküləri, xatirəsi isə əbədiyyən türk xalqının yaddaşına, qəlbinə köçdü.

525-ci qəzet 2018.- 30 oktyabr.- S.6.