Bilik Fondunun "Gənc
Jurnalistlər" Klubunun Lahıc və Basqal ezamiyyəti
Tələbəsi olduğum doğma məkan -
Bakı Dövlət Universitetinin qarşısındayam. Bu dəfə
həmişəkindən fərqli olaraq dərsə yox,
müqəddəs ali təhsil ocağının
qarşısına İsmayıllı rayonuna səfər etmək
üçün gəlmişəm.
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu və BDU-nun jurnalistika fakültəsinin
birgə təşkilatçılığı ilə
yaradılmış "Gənc jurnalistlər" Klubunun
"Tədrisdən təcrübəyə" təlim kursu
iştirakçılarının İsmayıllının
Lahıc və Basqal qəsəbələrinə səfəri
var. Avtobus dayanıb, tələbə dostlarım
simalarında təbəssüm bir-biri ilə görüşərək
salona daxil olurlar...
Bu cümlələri yazarkən böyük
şair Nazim Hikmətin "Günəşi içənlərin
türküsü" şeirindən bu parçanı dilimin
ucunda pıçıldamağa başladım:
Sən də çıxar köksünün
qəfəsindən ürəyini,
Bu günəşdən çıxan atəşi fırlat.
Ürəyini ürəklərimizin yanına qat!
Axın var - günəşə axın!
Günəşi zəbt edəcəyiz -
günəşin zəbti yaxın
Hocalarımız mayak kimi dayanıblar - jurnalist
Ceyhun Musaoğlu və sevilən müəllimlərimizdən
Günel xanım. Tələbələr birinci və ikinci
kursda təhsil aldıqlarından onların əksəriyyəti
ilə tanış deyiləm. Yaxşı deyiblər,
insanı yolda tanıyarlar...
Avtobusda yerlərimizi tuturuq. Gözlərdən,
baxışlardan hiss edirəm ki, yuxulu olan və heç
olmasa 20-25 dəqiqə mürgüləməyə, necə
deyərlər, gözünün acısını almağa
ehtiyacı olan təkcə mən deyiləm. Bunu tur rəhbərimiz
Vəli Vəliyev də hiss edir. Amma özünü o yerə
qoymur, elə hey danışır, səfərin hansı
marşrut üzrə olacağı barədə məlumat
verir. Xəbərdarlıq edir: "Siz passiv olsanız, mən
də passiv olacam". Bu söz "auditoriyaya" təsir
edir... Yavaş-yavaş canlanma başlayır. Tur rəhbəri
və müəllimlərimizin moderatorluğu ilə
maraqlı blits-viktorinaların içərisinə
düşürük. Suallar, cavablar, yanlışlıqlar,
zarafatlar bizi özünə elə cəlb edir ki,
Şamaxıya vaxtından tez
çatdığımızı düşünür və
sürücüdən təxminən xorla soruşuruq:
"Sürətlə getmirsiz ki?"... İnsafən
sürücümüz avtobusu olduqca səliqəli idarə
edir, elə özü də, xarakteri də çox səliqəli
bir insandır.
Şamaxı yaxınlığındakı tənha
türk məzarına çataçatda bu məkan barədə
xatırlatmanı da elə sürücüdən eşidirik.
Aramızda qəhrəman türk şəhidini ziyarət edənlər
də var, bir neçə dəqiqəlik o dəhşətli
dövrün tarixini yadımıza salırıq. Vandalizmi,
işğalçılığı, bir sözlə
işğalçıların vəhşiliyini pisləyirik...
Tarixin gedişatını dəyişən
neçə-neçə hadisələrin şahidi və
iştirakçısı olmuş müdrik ruhlu şairlərin
diyarı Şamaxıdayıq. Yol kənarındakı yeməkxanalardan
birində qəhvəaltı edirik. Hava təmiz, qidalar təbii,
mühit sakit...
Yarım saatdan sonra "yolçu yolda gərək"
deyib, yolumuza davam edirik. Musiqi sədaları, bir-birini əvəz
edən maraqlı mənzərələr, açıq pəncərələrdən
içəri dolan sərin meh... Bu dəfə Ceyhun müəllim
danışır, jurnalistikanın xüsusiyyətləri ilə
bağlı məlumat verir. İşlətdiyi bir cümləni
telefonumun "dəftərçə"sinə qeyd edirəm
- "Jurnalist oxucunun görmədiyini ona bir film kimi təqdim
etməyi bacarmalıdır". Sağ olsun, yorulmadan, usanmadan
öz təcrübəsini bölüşməyə
çalışır. Yaxşı deyiblər ki, bilik
bölüşəndə artır.
Deyə-gülə
İsmayıllıya gəlib çıxırıq. Əvvəlcə,
məşhur asma körpünün yanından keçərək
Gəndov şəlaləsinə doğru
addımlayırıq. Bir müddətdən sonra, həqiqətən,
addım-addım gəzməyə, daha dəqiq desəm, hər
addımımızı ehtiyatla atmağa məcbur oluruq. Burada
hamı belə ehtiyatla gəzir: sağımız -
sıldırım qayalar, solumuz - dərin dərələr,
orta - ensiz dolambac yol.
Şəlaləyə doğru gedirik. Dərənin
içərisində dağdan axan çayın
yaratdığı cığır-çay arxının
içərisi ilə, daşlı-kəsəkli,
enişli-yoxuşlu yolla, yıxıla-dura irəliyə
addımlayırıq. Çoxumuz belə ekstrimi ilk dəfədir
yaşayır. Təhlükəli olmasa da, həqiqətən,
yanımızda tur rəhbəri və təlimçi müəllimimiz
olmasaydı, ən azı xanımlar üçün şəlaləyə
gedib çatmaq alınmayacaqdı.
Bir-birimizə kömək edə-edə, ətrafa sərinlik verən, xoş enerji bəxş edən şəlaləyə çatırıq. Doğrudan, səbrin sonu qələbədir. Ya da, nə bilim, heç bir nəticə asan əldə olunmur. Birlikdə qazandığımız həmin "qələbə"yə aid xeyli misal çəkmək olar. Əlbəttə, şəlalənin qarşısında kollektiv şəkil çəkdirməyi unutmuruq. Bura qədər gəlib, anı əbədiləşdirməsək, qəbahət olardı. Gəldiyimiz yolu geri qayıdırıq. Yenə də gücümüzü bölüşüb, bir-birimizə yardım əli uzadaraq. Təsadüfi demirlər ki, güc birlikdədir.
Lahıcdayıq. Tur rəhbəri deyir ki, əvvələr
bu təhlükəli yolun asfalt örtüyü olmayıb. Cənab
Prezident İlham Əliyevin Sərəncamı ilə
Lahıcın əsrarəngiz şəkil almasının
ardından əraziyə şüşə kimi yol çəkilib.
Ətrafdakı əsrarəngiz mənzərə bizi təhlükəli
dolambaclardan sanki quş qanadında xilas edir. Cazibəsinə
düşdüyümüz gözəllikdən ayılanda
artıq yerüstü açıq muzey - qəsəbənin
girişinə çatmış oluruq.
"İçərişəhər"i
xatırladan dar, sağı-solu dükanlar, emalatxanalar olan
küçələrlə heyrətlə
addımlayırıq. Uşaqlardan bir neçəsi digər
yoldaşlarımıza "bu odur, həmin
qadındır" - deyərək, kimisə göstərir.
Göstərilən istiqamətə baxanda görürəm
ki, bir qadın üzərində qardaş Türkiyənin
"Kanal 7" televiziyasının loqosu olan mikrofon tutub.
Kişi əlindəki kameranı hazır vəziyyətə
gətirir. Yanlarında balaca uşaq var. Reportaj
hazırlayırlar. Türk qardaşlarımız və gələcəkdə
həmkarları olacağımız jurnalist "ekipi" ilə
şəkil çəkdiririk. Qürurluyuq - məşhur
televiziyanı özümüzə - ölkəmizə,
Lahıcımıza cəlb edə bilmişik. Çəkəcəklər,
göstərəcəklər, turistərin marağına səbəb
olacaqlar. Yeri gəlmişkən, qəsəbədə xeyli
sayda turist vardı, ətrafa dördgözlə
baxırdılar, soruşurdular, məlumat alırdılar, qədimliyin
şəkillərini çəkirdilər.
Türk televiziyasının əməkdaşları
bizi görəndə sevinirlər. Jurnalistika fakültəsinin
tələbələri olduğumuzu öyrəndikdə daha
da şad olurlar. Hətta operator təbəssümlə öz
dilində deyir: "Kardeş ülkede aynı zamanda bu kadar
gazeteceni görmek çok güzel".
Xeyli gəzirik. Lahıc Turizm İnformasiya Mərkəzinin
direktoru Dadaş Əliyevlə görüşürük,
maraqlı açıqlamalar alırıq. Dadaş müəllimin
verdiyi dəyərli informasiyalar bir yana, elə onun yüksək
insani keyfiyyətləri, o cümlədən, səmimiliyi,
qonaqpərvərliyi bizi heyran edir. Üzünə də
deyirik, cavabı belə olur: "Bütün lahıclılar
belədir". Həqiqətən, bizi hər kəs evinə
qonaq aparmaq istəyir. Günorta vaxtından keçir, yolumuz
uzundur: Basqal, oradan da - Bakı.
Lahıcın gözəl məkanında, alma
bağında nahar edirik. Dincəlməyə də vaxt
tapırıq. Uşaqlığımızı bir anlıq
geri qaytarırıq: yelləncəkdə yellənir,
ağaclardan alma dərir, mahnılar oxuyuruq.
Sürücü bizi səsləyir:
"Haydı, tələsək. Yolumuz Basqaladır". Qədimliyinə
görə Lahıcdan heç də geri qalmayan bu qəsəbədə,
müşahidəmə görə, belə qənaətə
gəldim ki, tarix daşları dağıtsa da, basqallı adət-ənənəsinə
toxuna bilməyib. Ancaq bu barədə çox yazıb oxucunu
yormaq istəmirəm. Basqalda Tarix-Diyarşünaslıq Muzeyinə
baş çəkirik. Qurumun direktor müavini Mahir Əliyevlə
qonağı olduğumuz yerin tarixi, mədəniyyəti ilə
bağlı müzakirələr aparırıq və əlbəttə,
daha çox öyrənirik.
Bizi bura çəkib gətirən ölkə başçısının 3 oktyabr 2018-ci il tarixində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında imzaladığı Sərəncamda əksini tapan fikirlərdir. Sənəddə qeyd olunanlar Bilik Fondunun təliminə qatılan tələbə jurnalistlərdə böyük maraq yaratdığından qədim yaşayış məskəni ilə yaxından tanış olmaq və təəssüratlarını KİV vasitəsilə təqdim etmək istədiklərini bildiriblər.
Fondun rəhbərliyi bu xahişi nəzərə
alaraq, Prezident İlham Əliyevin Sərəncamda
vurğuladığı "Azərbaycanın zəngin tarixə
və bənzərsiz təbiətə malik qədim yaşayış
məskənlərindən biri olan İsmayıllı rayonunun
Basqal qəsəbəsi özünün memarlıq
xüsusiyyətləri ilə orta əsrlər şəhər
mədəniyyətinin elementlərini müasir
dövrümüzə qədər çatdırmış
unikal yaşayış məskənlərindən biridir.
Burada salınmış Qoşabulaq, Dərəməhəllə,
Dəmirçibazar və digər qədim məhəllələr,
IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və
kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər
və 300 ildən artıq yaşı olan çinar
ağacı kimi tarix-mədəniyyət abidələri mədəni
irsimizin qiymətli nümunələri sırasındadır.
Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər
əhalinin əsas məşğuliyyəti olmuşdur. Burada
hazırlanan kəlağayılar XII-XIII əsrlərdə
Qafqazda, Şərq və Avropa ölkələrində
böyük maraq doğurmuşdur" təqdimatının əyani
şahidi olsunlar deyə, tələbə jurnalistlər
üçün mediatur təşkil edib.
Qəsəbənin sakinləri ilə söhbətləşirik.
Sərəncamdan doğan işıq simalarını
nurlandırıb. Basqalın əvvəlki
görünüşünün və şöhrətinin
özünə qayıdacağına tam əmindirlər.
Zamanın hökmü ilə dağılmış tarix
daşbadaş yerinə qoyulacaq, yenə o qədim hamam işləyəcək,
adamlar 300 yaşlı çinarın koğuşunda oturub
çay içəcəklər, kəndin xanımları
hazırladıqları rəngarəng kəlağayıları
örtəcəklər, Dəmirçibazardan "ay
müştəri, qızıldandır dişləri" sədaları
qalxacaq... daha itirilmiş nələr, nələr geriyə
qayıdacaq.
Bakıya bu ovqatla dönürük. Müstəqil
olmağın üstünlüyü buymuş həm də.
Dövlət hər daşına, hər qayasına, hər
insanına sahib çıxır.
Avtobusdayıq. Birlikdə oxuyuruq: "Mehriban,
qayğıkeş bir insan olaq..."
Kənan Novruzov
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu "Gənc Jurnalistlər" Klubunun
üzvü
525-ci qəzet 2018.- 30 oktyabr.- S.6.