Nafiə Abidin Amerikadakı və Türkiyədəki nəvələri - Birinci yazı

ƏMİN ABİD-120

Əli ŞAMİL

ali-shamil@yahoo.com

Dövlət Təhlükəsizliyi Komitəsinin arxivdəki sənədlərin bəzilərindən araşdırıcıların istifadə etməsinə icazə veriləndən sonra 1936-1938-ci illərdə həbs edilən aydınlarımızın bəzilərinin yalnız istintaq və məhkəmə sənədləri ilə tanış ola bildim. Onlardan məqalələrimdə istifadə etdim, yanlışlıqlarımı da düzəltməyə çalışdım.

Gültəkin ləqəbli antisovet şairimiz, Əmin Abid imzası ilə ədəbiyyatın tarixi və nəzəriyyəsi ilə bağlı olduqca dəyərli məqalələr nəşr etdirmiş insanın xanımı haqqında yazdığım məqaləni də 1998-ci ildə çap etdirdim.

1998-ci ildə nəşr edilmiş məqaləni mən belə tamamlamışdım: "Əmin Abid 1938-ci il oktyabrın 21-də saat 21:30-da güllələnib. Bundan nə qohumların, nə də onu tanıyanların xəbəri olub. Tanışları isə dumanlı şəkildə Nafiə xanımın həbsdən döndükdən sonra Türkiyəyə döndüyünü söyləyirdilər.

Doğrudanmı Nafiə xanım Türkiyəyə dönüb? Türkiyəyə dönübsə, nə iş görüb, nə vaxtadək yaşayıb? Bakıda yaşayarkən ictimai-siyasi fəaliyyəti olubmu? Çap olunmuş nümunələrdən əlavə şeirləri varmı? Bu və buna bənzər onlarla sual isə hələ cavabsız qalır".

20 il sonra "Avanqard" mədəniyyət portalında Nafiə Abid haqqında məqaləni oxuyanların onun sonrakı taleyi ilə maraqlandıqlarını gördüm. Hətta yaxın, dostum, XX yüzil Azərbaycan ədəbiyyatının gözəl bilicisi, bu mövzuda bir neçə monoqrafiya və dərslik yazmış, professor Bədirxan Əhmədlinin FB-da "Nafiə xanım çox çətinliklə də olsa Türkiyəyə dönüb..." yazması məni təəccübləndirdi. Çünki mən Nafiə Abidin həbsdən sonrakı həyatı, Türkiyəyə getməsi, nəvələri haqqında da geniş bir məqalə yazmışdım. Məqaləni nəşr olunmağa da göndərmişdim.

İndi baxıram ki, yanlışlıq məndə olub. Məqaləni göndərdikdən sonra onun nəşr olunub-olunmadığını izləməmişdim. Həmin məqalənin "525-ci qəzet"də nəşrində məqsədim gənc araşdırıcıların onunla tanış olmalarıdır ki, bəlkə Nafiə xanımın Türkiyədəki, Amerikadakı nəvələri ilə əlaqə qurub yeni faktlar ortaya çıxardalar. Beləliklə...

AMERİKADAN GƏLƏN MƏKTUB

Vyanada keçirilən simpoziumdan xoş duyğularla ayrıldım. Təşkilatçılar toplantını gözəl planlamış, şəhərlə tanışlığımıza da şərait yaratmışdılar. Ruh yüksəkliyi ilə Bakıya dönmüşdüm. Gecə reysilə gəldiyimdən özümü yorğun hiss edirdim. Görünür, yaş öz işini görür. İşə getməyə həvəsim qalmamışdı. Bilgisayarımı açdım. İstədim ki, işə getməsəm də, idarə üçün bir az çalışım, səfər haqqında institutumuzun saytına xəbər-məlumat yazım. Onu da bacarmadım. Elə bil daş daşımışdım. Yazmağa söz tapmırdım.

Səfərdə olduğum günlərdə elektron poçtumu gözdən keçirə bilməmişdim. Gələn məktubları gözdən keçirməyə başladım. Virus bilgisayarımı çökdürməsin deyə öncə tanımadığım emaillərdən gələn məktubları silirdim. Buruno Aslantürkdən də məktub gəlmişdi. Mənim belə bir tanışım yox idi. Buruno adı da mənə qəribə gədi. Virus göndərilə biləcəyini düşündüm. Aslantürk soyadı məndə maraq oyatdı. Xeyli tərəddüddən sonra sildiyim məktubları təkrar gözdən keçirdim və onu açdım.

Elə ilk cümlə məni haldan-hala saldı. Özümü ələ alıb məktubu sona kimi oxuya bilmədim. Çünki 40 ildən çox nəticəsiz qalan axtarışlarım, kiçik bir iz belə tapa bilmədiyim mövzuya ipucu tapılmışdı. İllərlə həsrətində olduğum məktubu oxuyurdum. Orada yazılmışdı: "Benim adım Kutay Arslantürk (Anne soyadı). Ben Emin Abid Ahmedov'un en buyuk torunuyum. 1965'de Turkiye'de doğdum, 1978'de Almanya'ya taşındım, daha sonra 1982'de Amerika'da New York'a taşındım. Şimdi ise Orlando'dayım. Büyük babam hakkında çok az bilgim var, ama onun Azerbeycan edebiyatına büyük hizmetler yaptığını biliyor ve onunla gürur duyuyorum. Onun hakkında nerede, nasil bilgi bulurum? Azerbeycan'da herhangi bir akraba, ailem varmi? Lutfen bana bir cevap yazın.

Babamın adı: Altay Tanur, baba annem: Nafia Tanur".

Məktub mənə 2014-cü il dekabrın 10-14-də Vyanada simpoziumda olduğum günlərdə yazılmışdı.

ƏMİN ABİD HAQQINDA İLK BİLGİM

İlk dəfə Əmin Abidin adını Azərbaycan Dövlət Universitetində oxuyarkən (1968-1973) eşitmişdim. Biz universitetə qəbul olunan il hələ jurnalistika filologiya fakültəsinin şöbəsi idi. Bir il sonra fakültəyə çevrilsə də, dərs proqramlarının, auditoriyalarının ayrılması xeyli çəkdi. Bəzi dərsləri filologiya fakültəsinin tələbələri ilə birgə keçirdik.

Bizə birinci kursda "Azərbaycan şifahi xalq ədəbiyyatı" fənnindən dərs deyən Vaqif Vəliyev "Kitabi-Dədə Qorqud"dan seminara hazırlaşmaq üçün ədəbiyyat siyahısı yazdırmışdı. Həmin siyahıda "Azərbaycanı öyrənmə yolu" jurnalının 1930-cu ildə 3-cü sayında Əmin Abidin "Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr" məqaləsinin adı da vardı. Latın əlifbası ilə yazılmış məqaləni tapmaq və oxumaq o qədər də asan olmadı. Amma çəkdiyim zəhmətə heyfislənmədim. Məqalə diqqətimi necə çəkdisə, müəllifi haqqında bilgi əldə etməyə çalışdım. İstər Vaqif Vəliyevin, istərsə də başqa müəllimlərimizin dedikləri çox qısa oldu: "1937-ci ildə həbs olunub. Sonrasından xəbər yoxdu".

Məqalənin təsiri altına necə düşmüşdümsə, bəzən proqrama salınmış seminarlara hazırlaşmaq əvəzinə 1920-1930-cu illərin qəzet, jurnallarını səhifələyib Əmin Abidin məqaləsini axtarırdım. Tapıb oxuduğum hər yazı məni daha da heyrətləndirirdi. Qəribə gəlirdi ki, niyə repressiya qurbanlarından Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Hacıbaba Nəzərlinin, Simurğun, Divanbəyoğlunun və b. şair və yazıçıların, partiya-sovet rəhbərlərinin adları çəkilir, yubileyləri qeyd edilir, Əmin Abidin, Hənəfi Zeynallının, Atababa Musaxanlının, Əli Nazimin, Vəli Xuluflunun və b. elm fədailərinin adı çəkilmir, haqqında məqalələr çap olunmur, radio-televiziya verilişləri hazırlanmır.

Heç yerdə Əmin Abidin ömür yolundan və yaradıcılığından bəhs edən yazılara rast gəlmirdim. Odur ki, 1910-30-cu illərin qəzet və jurnallarını səhifələməyə, necə deyərlər, qapı-qapı gəzib qohumlarını, tanışlarını tapmağa can atdım. Görüşə bildiyim adamlardan topladıqlarım isə ehtiyatla söylənmiş, dəqiq tarixi göstərilməyən, qırıq-sökük bilgilər idi. 1937-ci ildə repressiya olunanlara bəraət verilsə də, insanların içindəki qorxu hələ çəkilməmişdi. İstər müəllimlərimiz, istərsə də repressiya olunanları tanıyanlar bu mövzuda danışmaqdan çəkinirdilər. 

HÜSEYN NƏCDƏTİN AİLƏSİNDƏKİ ARXİV

Bu gün xatırlaya bilmədiyim birisi Əmin Abidin qardaşı oğlu Hüseyn Nəcdətin (qaynaqlarda bu ləqəb gah Nəcdət, gah da Nicdət kimi yazılır - Ə.Ş.) Sovetskinin Mirzəağa Əliyevlə kəsişdiyi yerdən bir az yuxarıdakı dalanda yaşadığını söylədi. Ona kimi xeyli bilgi toplamışdım. Hüseyn Nəcdətin Əmin Abidin böyük qardaşı, satirik şair, naşir, tərcüməçi və araşdırıcı Əliabbas Müznibin oğlu olduğunu bilirdim. 1970-ci ilin oktyabrında bir axşam dərsdən çıxanda (ikinci növbədə oxuduğumuzdan dərsimiz saat 18:40-da başa çatırdı) qrup yoldaşım İsrafil Qurbanovla birgə Sovetski küçəsinə getdik. Bir neçə qonşudan xəbər aldıqdan sonra Hüseyn Nəcdətin arvadı Valentina Pozdşevanın yaşadığı evi tapdıq.

Valentina Pozdşeva öncə bizi soyuq qarşıladı. Söhbətimiz bir az davam etdikdən sonra kövrəldi. Uzun illər onun qapısını bu mövzu ilə bağlı döyən olmamışdı. O isə həmişə gözləmişdi. Gözləmişdi ki, vətən və millət üçün böyük xidmətləri olan insanları nə vaxtsa ondan xəbər alan olacaq. Gözlədiyi yaşlı, vəzifəli, cəmiyyətdə nüfuzu olan adamlar əvəzinə tələbələr gəlmişdi. Əzizlərini, doğmalarını xəbər almamız onu keçmişə qaytardı. Atasının da məşhur inqilabçı olduğundan, Moskvada yaşadığından və həbs edildiyindən danışdı.

Sonra Hüseyn Nəcdətlə ailə qurmalarından, repressiya illərində təqib və təzyiqlərlə üzləşdiklərindən, qaynanasının evdəki kitabları, qəzet-jurnalları, əlyazmaları şorsatanlara, günəbaxan tumu satanlara verib əvəzində şor və s. aldığından, Şəkiyə sürgün olunmalarından söz açdı. Dəmiryolunda mühasib işləyən Valentina Pozdşeva mühakiməli, dərin düşüncəli, uzağı görən bir insan idi. Söhbət zamanı dedi ki, qaynanam evdən kağızları aparanda həmişə mübahisəmiz olurdu. Mən deyirdim ki, vaxt gələcək, bu kağızları qızıl qiymətinə alacaqlar. Qaynanam da deyirdi ki, uşaqları yaşatmaq lazımdır. Biz ölsək, bu kağızları zibil yeşiyinə atmağa da qorxacaqlar. Yandıracaqlar ki, heç kimin əlinə keçməsin.

Əvvəl elə başa düşdük ki, Valentina Pozdşeva sənədləri satmaq istəyir. Ona tələbə olduğumuzu deyəndə bildirdi ki, sizin gəlməniz sənədlərin qızıl qiymətinə minməsi deməkdir. Demək, bu sənədlərə qiymət verən, dəyərini bilən var. Beləcə, Valentina Pozdşevanın evində olan əlyazmalar, makina yazıları, şəkillər və b. sənədlərlə ötəri tanış olduq. 

ARXİVİN DÖVLƏT TƏŞKİLATINA DAŞINMASINDA QULAM MƏMMƏDLİNİN ROLU

M.F.Axundov adına Respublika Kitabxanasında tanış olduğumuz Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Qulam Məmmədliyə vəziyyəti dedik və ondan xahiş etdik ki, Valentina Pozdşeva qocalıb, sənədlər it-bata düşəcək, onları arxiv üçün aldırsın. O, bizim işimizi təqdir etdi və arxivin əməkdaşlarından Maarif Teymurov və Bibixanım Hüseynovanı göndərdi ki, sənədləri müəyyən məbləğ pul qarşılığında alsınlar. Valentina Pozdşeva sənədləri satmamışdı. Bildirmişdi ki, arxiv materiallarını onun qədrini bilən tələbələrə, yəni İsrafil Qurbanovla mənə verəcək. Qulam Məmmədli fakültəyə zəng vurub vəziyyəti dekanımız Şirməmməd Hüseynova demişdi. Şirməmməd müəllim bizi yanına çağırtdırdı. Vəziyyəti təfsilatı ilə xəbər aldı. Tələbələrinin işi ilə qürur duyduğu açıq-aşkar hiss olunurdu. Bizə bildirdi ki, yataqxanada qalırsınız. O sənədləri də yanınıza aparsanız itib-batacaq. Qadınla danışın, ən təhlükəsiz və münasib yer dövlət arxividir. Qoy sənədləri oraya versin, siz də lazım olandan gedib arxivdə işləyərsiniz.

Elə həmin axşam biz yenə də Valentina Pozdşevanın evinə getdik. Vəziyyəti Şirməmməd müəllimin dediyi kimi izah etdik. O da bizim fikrimizi bəyəndi. Beləcə, 1970-ci ilin oktyabrın 23-də Valentina Pozdşevanın evindəki sənədlər Azərbaycan Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verildi və orada Əmin Abidin adına fond yaradıldı.

ƏMİN ABİDİN QOHUMLARININ AXTARIŞINDA

Valentina Pozdşeva bizə ailələrindən xeyli söz açmışdı. Ondan öyrənmişdik ki, bakılı Mütəllib Əhmədovun Əliabbas, Əbülfəz və Abid adlı üç oğlu olub. Qaynatası Əliabbas dövrün məşhur şairi və naşiri, tərcüməçisi imiş. 1936-cı ildə həbs edilib. Sonra ondan heç bir xəbər öyrənə bilməyiblər. Ailənin sonuncu oğlu olan Abid İstanbul Universitetində oxuyarkən alban qızı Nafiə ilə evlənib. Bakıya döndükdə universitetdə, texnikumda və rayonlardakı ümumtəhsil məktəblərində müəllim işləyib. O, Əmin Abidin yaşadığı birotaqlı mənzilinin təxmini yerini də dedi.

Sonralar Əliabbas Müznibin oğlu Mübarizin ev ünvanını öyrənib oraya getsəm də, arvadını və uşaqlarını görə bildim. Evin hər qarışı ailənin kasıblığından, ağır həyat şəraitindən xəbər verirdi. Ali təhsil ala bilməyən Mübariz ailəni dolandırmaq üçün bir neçə yerdə işlədiyindən onunla görüşə bilmədim. Mübarizin arvadı qayını Azərin yaşadığı evin ünvanını deyil, təxmini yerini dedi. Onu da tapa bilmədim.

Əmin Abidin ortancıl qardaşı Əbülfəzdən də sorağ verən olmadı.

Əmin Abidi soraqlakən "Azərbaycan Tibb jurnalı"nda tərcüməçi işləyən Əsgəri (və ya Əsgərov) görməyi məsləhət bildilər. Jurnalın redaksiyasında dedilər ki, xəstə və qoca olduğundan işə gələ bilmir. Telefon nömrəsini verdilər. 1970-ci ilin soyuq bir qış günü telefonla danışıb çətinliklə evini tapdım. Görüşdük. Arıq, sısqa, balacaboy qoca Əmin Abidlə ailəvi dost olduqlarını bildirdi. Çəkinə-çəkinə danışırdı. Hərdən də ağlayırdı. İlk dəfə Əmin Abidin adının Zeynalabdin olduğunu ondan eşitdim. Nafiə haqqında dedi: "Milliyətcə alban idi. Əmin Abidlə eyni universitetdə oxumuşdu. Orada tanış olub, evlənmişdilər. Əmin Abid universiteti bitirib Bakıya dönəndə Nafiə də təhsilini yarıda qoyub Bakıya gəlmişdi. Burada nə təhsilini davam etdirməyə imkan verdilər, nə də işləməyə. Evdə dərzilik edir, qonum-qonşu üçün paltar tikirdi. Əmin Abidi həbs ediləndən az sonra Naifəni də həbs etdilər. Əmin Abidin sonrakı taleyindən xəbərim olmadı. Eşitdiyimə görə, Nafiə həbsdən qayıdanda bir oğlu da varmış. Bakıda çox qalmayıb Türkiyə konsulluğunda işləyən birisilə ailə qurub vətəninə dönüb".

Ondan öyrəndiyim bir də o oldu ki, Əmin Abidin atası Mütəllibin evi Bakının köhnə Novxanılar məhləsindəki Birinci Paralelni (Əlibəy Hüseynzadə) və Yuxarı Təzəpir (Mustafa Sübhi) küçələrinin kəsişdiyi yerdə olub. Əsgər bildirdi ki, bacılar cavan öldüyündən onların yetim qalmış qızı Məsuməni Əliabbas Müznib saxlayırdı. O, sonralar bakılı, general Məmmədbağır Bağırova (1941-1946) ərə getdi. Evləri Sabir bağının qarşısındakı Monolit deyilən binadadır.

Məsumə xanımı asanlıqla tapdım. O, dayısının onu saxladığını, qayğısına qaldığını kövrələ-kövrələ danışdı. Bildirdi ki, 30-cu illərdə onu bakılı, zabit Məmmədbağır Bağırova (1941-1946) ərə veriblər. Əri Qubada və Dağlıq Qarabağda, Gürcüstanda Sovet hökumətinin düşmənlərinə qarşı vurulub. Dayısı tutulanadək ailəvi gediş-gəlişləri, xoş münasibətləri olub. 1936-cı ildən sonra qohumları ilə əlaqəsini kəsmək məcburiyyətində qalıb. Çünki əri Mir Cəfər Bağırovla çox yaxın imiş. 1940-cı ildə Bakı şəhər Yerli Hava Hücumundan Müdafiə təşkilatına rəis təyin edilib. Əri Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı ordenləri, medallarla təltif olunub. Mühəndis-texniki xidmət general mayoru rütbəsinədək yüksəlib. Əri cavan, 45 yaşında dünyasını dəyişib.

"Xalq düşməni" elan edilən, həbsxanaya göndərilən, güllələnən dayıları ilə əlaqəsini kəsən Məsumə xanım onlara bərat veriləndən sonra da balalarına xətər dəyər deyə qohumlarının ailəsi ilə əlaqə saxlamayıb. Ünvanlarını bilmədiyi kimi, talelərindən də xəbərsizdir.

ƏZİZƏ CƏFƏRZADƏNİN XATİRƏLƏRİ

Professor Əzizə Cəfərzadə Əmin Abidin, Əliabbas Müznibin yaradıcılığı ilə yaxından tanış idi. Onları millətçı aydınlar, cəsur, qətiyyətli, əqidələrindən dönməz insanlar kimi xatırlayırdı. Ailələri də bir məhlədə yaşamışdı. O, Mütəllib Əhmədovun ailəsi ilə bağlı yadında qalanları belə xatırladı: "Ailə Bakı xanının nəslindən olmasına baxmayaraq, çox kasıb yaşayırdı. Əmin Abidin anası Reyhan ailənin dolandırmaq üçün evdə başmaq, balınc üzü tikib satırdı. Qadınlara və uşaqlara əlifbanı, Quran oxumağı öyrətməklə yanaşı, mərsiyaxanlıq da edərdi. Uşaqlıqdan yadımda bir şeir parçası qalıb: 

Molla Reyhan doğdu gecə,

Evdə qoydu balaca becə.

Gedib layla deməyə,

Yoxsa "Hüseyn vay", deməyə?!

Əmin Abid də ilk təhsilini anasından almışdı".

QASIM İSMAYILOV KÜÇƏSİNDƏ, ƏMİN ABİDİN YAŞADIĞI EVDƏ

Görüşdüyüm qohumlarının Əliabbas Müznibin, Əmin Abidin, Nafiə xanımın həbsdən sonrakı taleyi haqqında bilgisi yox idi. Repressiya olunanların bir çoxunun xanımı həbsdən geri dönmüşdü. Onların bir neçəsi ilə görüşüb söhbət etmişdim. Onlar da Nafiə xanımın sonrakı taleyindən xəbərsiz idilər.

Əmin Abidin 1930-cu illərdə yaşadığı evin yerini öyrənib bir axşam oraya getdik. Bakıda, Qasım İsmayılov küçəsində İtalyanka deyilən ikimərtəbəli bir binada idi. Onun yaşadığı mənzilin qapısını döydük. İçəridən gələn qadın səsi kimi istədiyimi xəbər aldı. Mən Əmin Abidlə bağlı bilgi almaq istədiyimi dedikdə, əsəbi bir səslə: "Elə adam tanımırıq, bir də bu qapını döymə!" deyə hədələyici cavab verdi. Bina köhnə kommunalkalardan idi. Söhbətimizi qonşular eşitmişdi. Onlardan biri bizi ikinci mərtəbədəkimənzilinə dəvət etdi, kim olduğumuzla, nə məqsədlə gəldiyimizlə maraqlandı. Ailə üzvlərinin sayı çox olsa da, qonşulardan bir neçə qadın və qız da gəldi.

Yaşlı nəsil çox ehtiyatla davranırdı. Repressiyanın xofundan qurtula bilmədikləri görünürdü. Yeniyetmə qızlar nənələrindən, babalarından eşitdiklərini daha həvəslə danışırdılar. Bəzən də mübahisə yaranırdı. Onlardan birisi binada süpürgəçi işləyən rus qadından Əmin Abiddən bir qızı olduğunu söylədi. Dedi ki, repressiya edilənlərə bəraət veriləndə həmin qadın Əmin Abidin adından istifadə edib ev də aldı. Həmin qadın və onun qızı ilə maraqlandıqda etiraz edənlərin sayı artdı. Dedilər ki, o qadını Nafiə xanım qulluqçu kimi işlədirdi. Əmin Abidlə həmin rus qadını arasında heç bir intim munasibət ola bilməyəcəyinə məni inandırmağa çalışdılar. 

İRİNA İLƏ GÖRÜŞ

Buna baxmayaraq, çox çətinliklə də olsa Tbilisi prospektində yaşayan, Əmin Abidin qızı olduğu deyilən İrinanı tapdım. O, evlərinin yanındakı mebel fabrikində işləyən bir yəhudiyə ərə getmişdi. 10-12 yaşlarında iki oğlu da vardı. Anasının 5-6 il əvvəl öldüyünü dedi. Pasportundakı doğulduğu il qrafasında 1935, atası adı qrafasında isə Əmin Abid yazılmışdı. Ailə arxivində Əmin Abidin və Nafiə xanımın arxasına avtoqraflar yazılmış şəkilləri vardı. Həmin şəkillərdən bir neçəsini və Əmin Abid Mütəllib oğlu Əhmədova 24 dekabr 1962-ci ildə Tbilisidəki Zaqafqaziya Hərbi Tribunalı tərəfindən verilmiş 9/H/62 saylı bəraət kağızının surətini İrina böyük həvəslə mənə bağışladı. Şəkillərin bir neçəsi də onlarda qaldı.

İlk dəfə həmin bəraət kağızından Əmin Abidin 1898-ci ildə doğulduğunu, 14 iyul 1938-ci ildə həbs edildiyini öyrəndim. Bəraət kağızında Əmin Abid Mütəllibzadə Əhmədov haqqındakı 19 oktyabr 1938-ci ildə verilmiş hökmün dəlil yetərsizliyindən ləğv edildiyi bildirilirdi. Lakin hökm haqqında bir bilgi verilmirdi. Bilmək olmurdu Əmin Abid həmin hökmlə həbs olunub və ya güllələnib.

İrinadan "Əmin Abidi və Nafiə xanımı xatırlayırsınızmı" - deyə xəbər aldıqda "yadıma gəlmirlər" cavabını verdi. Əmin Abidin qohumları ilə də əlaqəsi olmadığını, onlardan heç kimi tanımadığını da söylədi. Şəkillərdəki avtoqrafdan Əmin Abidin İstanbul Darülfununda oxuduğunu, Nafiə xanımla evləndiyi tarixi, Türkiyədəki geyim islahatı haqqında qanunun vaxtını və s. müəyyənləşdirə bildim.

Bu ailəni mən bir də 1990-cı ildən sonra axtardım. Həmin ünvana gedib İrinanı və oğlanlarını xəbər aldım. Qonşular dedilər ki, Amerikaya köçüblər. Ünvanını bilən də olmadı. Bir daha bu ailədən xəbər tuta bilmədim.

ƏMİN ABİDİN İLK DÖVR YARADICILIĞI HAQQINDA QISA BİLGİ

Tələbəlik illərimdə kitabxanada normal kartoteka, biblioqrafiya olmadığına görə qəzet-jurnalları səhifələməklə Əmin Abid və Nafiə xanımın şeirlərinin, məqalə və hekayələrinin harada çap olunduğunu müəyyənləşdirməyə çalışdım. Qafqazda nəşr edilən "Məktəb", "Kəlniyyət", "Leylək", "Məzəli", "Molla Nəsrəddin", "Sovqat", "Bəsirət", "Şeypur", "İqbal", "Dirilik", "Babai-Əmir", "Övraqi-nəfisə", "Azərbaycan" və b. qəzet-jurnallarda Abid, Abid Mütəllibzadə, Abid Mütəllib oğlu, Abid Alp Mütəllib oğlu, Qozqurab, Qozqurab bəy imzası ilə yazılmış xeyli şeirə, məqaləyə və tərcüməyə rast gəldim. Sovet dövründə, yəni 1923-25-ci illərdə Əmin Abid imzası ilə "Kommunist" qəzetində, "Gənc pedaqoq", "Şərq qadını" jurnallarında çap etdirdiyi təkəm seyrək şeirlərini tapdım. Nadiə Abid imzası ilə Tbilisidə çap olunan "Dan Yıldızı" jurnalında bir xatirə-hekayəni qeydə ala bildim. Oxuduqlarım vətənsevər, millətpərvər bir gəncin duyğuları kimi təsirli olsa da, bədii cəhətdən zəif idi.

Fikirlərimi müəllimimiz, professor Abbas Zamanova deyəndə, o da "Əmin Abid mənə dərs deməsə də, oxuduğum pedaqoji texnikumda müəllim işlədiyini yaxşı xatırlayıram. Çox savadlı və diqqətçəkən insan idi. Elmi məqalələri olduqca dəyərlidir. Gültəkin imzası ilə yazdığı şeirləri çox təsirlidir" -  söylədi.

ƏMİN ABİDİN SOVET DÖVRÜ YARADICILIĞI

Əmin Abidin Sovet dövründə çap etdirdiyi elmi məqalələri tamam başqa bir ruhda idi. Ədəbiyyatşünaslığımızda bir çox ilkə o, imza atmışdı. "Kitabi-Dədə Qorqud"dan, Oğuznamələrdən, heca vəzninin tarixindən, türk xalqları bayatılarının müqayisəsindən, Qazi Bürhanəddinin tuyuqlarından və s. bəhs edən sanballı və dərin məzmunlu araşdırmalarını dediklərimizə nümunə göstərə bilərəm.

Əmin Abidə görə Orxan-Yenisey abidələrindəki yazı dili səlis və aydındır. Bu da ədəbi dilimizin 1300 il öncə formalaşdığını söyləməyə imkan verir.

Azərbaycan ədəbiyyatı tarixinin başlanğıcı məsələsi qızğın müzakirə getdiyi bir dövrdə Əmin Abidin ədəbiyyat tariximizin başlanğıcını Orxan-Yenisey abidələrindəki yazıdan əvvələ aparması çox cəsarətli bir addım idi.

Sonuncu kursda Əmin Abidin yaradıcılığından diplom işi də yazdım, dissertant kimi mövzu götürdüm. Dövri mətbuatdakı yazılarını toplasam da, ailəsinin və özünün ömür yolu haqqında rəsmi sənəd tapa bilmirdim. Bu işdə mənə yol göstərən Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, rəhmətlik Rasim Tağıyev oldu. O, indiki AMEA Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi Arxivində akademiyada işləyənlərin şəxsi işləri saxlandığını bildirdi. 

1976-cı ildə məzuniyyət vaxtı çalışdığım "Şərq qapısı" qəzetindən Akademiyanın rəhbərliyi adına məktub alıb Bakıya gəldim. İlk dəfə Əmin Abidin ömür yolu haqqında geniş bilgini bu sənəddən öyrəndim. 1933-cü ildə Bakıda yeni açılan SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsində işə girmək üçün hazırladığı sənəddə Əmin Abid Türkiyədə oxuyarkən oradakı "İnci", "Syus", "Şebab", "Yarın İstanbul", "Xidməti Ümumiye" jurnallarında bədii yazılarını, "Sərvəti-fünün"da elmi məqalələrini çap etdirdiyini qeyd etmişdi.

Həmin vaxtdan sonra Əmin Abid haqqında yazdığım məqalələrdə (onları çap etdirmək o qədər də asan olmurdu. Repressiya qurbanlarına 1956-cı ildən bəraət verilməyə başlansa da, əsərlərinin nəşri üzərində senzor nəzarəti tam götürülməmişdi) akademiyanın arxivindəki şəxsi işdən istifadə edirdim. Öyrəndim ki, Ağdamda müəllim işləmiş Əmin Abidi 1934-cü ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsində işə qəbul ediblər. Məqalələri dövri mətbuatda çap olunub. Onu Mirzə Fətəli Axundovun əsərləri küllüyatı hazırlayan qrupun tərkibinə daxil ediblər. Hökümətin ona qarşı münasibətində müsbətə doğru bir dəyişiklik baş verib. Orada da son sənəd 1937-ci ilin may ayında Əmin Abidin işdən çıxarıldığı və ondakı əlyazmaların Əliəjdər Səidzadəyə təhvil verilməsi yazılmışdı.

Sovetlər Birliyi çökəndən, Azərbaycan müstəqilliyinə qovuşandan sonra KQB-nin arxivində Əmin Abidin və Nafiə xanımın istintaq materialları ilə tanış oldum.

NAFİƏ ABİDLƏ BAĞLI AXTARIŞLARIM

Əmin Abidin ömür yolunu, yaradıcılığını daha dərindən öyrənmək üçün yalnız Azərbaycandan araşdırmalar aparmaqla kifayətlənmirdim. Türkiyədə, Özbəkistanda, Macarıstanda, İranda, Albaniyada, Makedoniyada, Yunanıstanda və b. ölkələrdə də axtarışlar aparırdım. Əmin Abidi tanıyanların və qohumlarının söhbətindən öyrənmişdim ki, xanımı Nafiə Türkiyədə yaşayan arnautlardandır (alban). Ona görə də Nafiədən bir iz tapmaq üçün arnautlar yaşayan bölgələrdə də axtarış aparırdım. Arnautlar da, maşallah, harada yoxdurlar ki?! Bir-birinə qonşu olan Albaniyada, Kosovada, Makedoniyada, Yunanıstanda, İtaliyada... hətta uzaq Amerikada! Düşünürdüm ki, bəlkə Nafiə və onun qohumlarından bir iz tapam. Entela Meço mənim Nafiə haqqında yazdığım məqaləni arnautcaya çevirərək Tiranadakı "Standart" qəzetinin 2010-cu il 22 oktyabr sayında çap etdirmişdi. Lakin heç bir səs-səda çıxmamışdı.

Tanış olduğum sənədlərdən bilirdim ki, 1936-cı ildə SSRİ-də yenidən kütləvi həbslər başlayır. Əmin Abid 1937-ci ilin may ayında SSRİ EA Azərbaycan filialından işdən çıxarılır. O, Kürdəmir rayonunun Qaraqoyunlu kəndində müəllim işləməyə başlayır. Mərkəzdən uzaqlaşmaq onu həbsdən xilas etmir. 1938-ci il iyulun 14-də Əmin Abid İsmayıllı rayonunun Təzəkənd kəndində (Niyə məhz Təzəkənddə? Bu suala hələ də cavab tapa bilməmişəm - Ə. Ş.) həbs edilir. Evləri müsadirə olunur. Qardaşı, millətçi şair Əliabbas Müznib də ondan xeyli öncə tutulmuşdu. İrticanın qorxusundan qohumları, tanışları da onlardan üz döndərmişdi.

Nafiənin istintaqa verdiyi izahatdan aydın olur ki, anası Zəhra 1930-cu ildə Bakıya gələndə Türkiyənin Bakıda konsulu Nuru bəyin xanımı Bədriyyə qohum olduqlarına görə onu qonaq çağırır. Əmin Abid tutulanda Nafiə başının üstünü qara buludlar aldığını hiss edir. Qəriblikdə, çətin durumda qaldığından vətənə dönməyə çalışır. Ümid yeri kimi Türkiyənin Batumdakı konsulluğuna üz tutur. Çünki anasının qohumu Bədriyyə orada yaşayırdı. Əri Nuri bəy də Türkiyənin Batumdakı konsulu idi. Çətinlikləri aşaraq Batuma gedir, viza almaq ümidilə konsulluğa daxil olur. Konsulluqdan çıxarkən onu həbs edirlər.

525-ci qəzet.-2018.-31 oktyabr.-S.6;8.