Natəvan Dəmirçioğlu
yaradıcılığı: epik-mifoloji semantika
Ədəbiyyatşünaslıq bir elm kimi
formalaşdığı zamandan etibarən "yazılı
və şifahi ədəbiyyat", "yazıçı və
folklor" problemi hər zaman gündəmdə olub. Bu
problemin tədqiqi isə, ilk növbədə, yazılı ədəbiyyatdakı
folklor ənənələrinin müxtəlif aspektlərdən
öyrənilməsini zəruri edir.
Ədəbiyyatşünaslıqda folklor və
ədəbiyyat əlaqələrinin öyrənilməsi son
nəticədə iki fərqli baxış ətrafında cəmlənir:
- ədəbiyyatda folklor ənənələrinə
müraciət yazıçının bədii təsvir və
ifadə vasitələrinin vahid sisteminə daxil olur, başqa
sözlə desək, həmin vasitələrdən biri kimi
çıxış edir;
- ədəbiyyatda folklora müraciət fəlsəfi-etik
kateqoriyadır.
Fikrimizcə, "folklor və yazılı ədəbiyyat"
probleminin həlli yalnız o zaman mümkün olar ki,
qarşıya bu sual qoyulsun və həmin suala cavab
tapılsın - Yazılı ədəbiyyata folklor elementlərinin
gəlişi kortəbii şəkildə baş verir, ya
yazıçının əvvəldən qarşıya
qoyduğu məqsədə xidmət edir?
Çağdaş Azərbaycan ədəbiyyatı
da qaynaqları etibarilə folklor ənənələri ilə
sıx bağlıdır, onun kökü üzərində
intişar tapmışdır. Azərbaycan nəsri şifahi ənənədən
xalq həyatının etnoqrafik təsvirini, xalq yumorunu, rəvan
təhkiyəni, obrazlı deyim tərzini bəhrələnmişdir
ki, həmin bəhrələnmə prosesi hər zaman alim və
tədqiqatçıların diqqət mərkəzində
olmuşdur. Hələ ötən əsrin 70-ci illərində
akademik Məmməd Arif yazırdı: "Azərbaycan nəsrinin
bəhrələndiyi ən mühüm qaynaqlardan biri xalq ədəbiyyatıdır.
Azərbaycan xalqının ədəbi ənənələrinin
inkişafı da özünəməxsus bir varislik yolunun
aparıcısı kimi diqqəti cəlb edir. Onun
başlıca mahiyyətinin dərinliklərində isə zəngin
folklor ənənələri aydın nəzərə
çarpmaqdadır".
Bədii yaradıcılığa başlayan hər
bir yazar çalışır ki, ilk hekayələrindən
etibarən öz yazıçı üslubunun
konturlarını cıza bilsin. Azərbaycan poeziyasında obraz
yaratmaq, obrazın dili ilə danışmaq, onların
xarakterini olduğu kimi oxucuya təqdim etmək, psixoloji
durumları ilə bağlı müəyyən halları
yaratmaq müəllifdən böyük məharət tələb
edir. Bədii ədəbiyyatda hər müəllifin öz
dili, öz üslubu olmalıdır. Öz üslubu ilə
seçilən, psixoloji səpgidə əsərləri ilə
tanınan, 90-cı illərin ədəbi nəslinin nümayəndələrindən
biri də Natəvan Dəmirçioğludur. Natəvan Dəmirçioğlu
yaradıcılığa erkən yaşlarından başlasa
da, onun ilk nəsr kitabı 2006-cı ildə oxuculara təqdim
edilib. Onun yaradıcılığında povest və hekayələr
üstünlük təşkil edir. Yuxarıda haqqında
söhbət açdığımız "folklor və
yazılı ədəbiyyat", "yazıçı və
folklor ənənələri" problemi Natəvan Dəmirçioğlunun
"Səbət", "Yetim", "Üç nöqtə",
"Kəlağayı", "Avey əfsanəsi" kimi
povest və hekayələrində daha da aktuallaşır və
ön plana çıxır. Natəvan Dəmirçioğlu
çağdaş dönəmin elə
yazıçılarındandır ki, ədəbi prosesə
yad deyil, həmin prosesin içində formalaşıb. Onun
yaradıcılığı isə müasir ədəbi tənqidinin
korifeyləri tərəfindən artıq öz layiqli qiymətini
alıb. Akademik Nizami Cəfərovun fikrincə, Natəvan
xanımın yaradıcılığı "ədəbiyyatımızın
bu günü ilə bağlı bədbin və bədxah
olanlara dəyərli cavabdır".
Professor Rüstəm Kamal isə Natəvan Dəmirçioğlu
əsərlərini belə qiymətləndirir: "Məni
Onun yazılarının iç məntiqi, süjet
qanunauyğunluğu maraqlandırır. Məni Natəvan Dəmirçioğlu
adlı bir yazıçı xanımın epik təcrübəsini
bölüşdürmək qabiliyyəti və təhkiyə
söyləmə sənəti cəlb etdi".
Natəvan Dəmirçioğlunun
yaradıcılığını sadəcə bir (və
Birinci!) kitabı əsasında təhlil etdikdə bu
xanımın bütövlükdə folklordan, xalq mənəviyyatından,
milli ruhdan gələn bir ədib olduğunu müəyyənləşdirə
bilərik. Folklor, xalq ruhu onun
yaradıcılığının əsas nüvəsini təşkil
edir. Bu kitaba salınmış hər əsər Natəvan Dəmirçioğlunun
etnoqrafik duyumunu, xalq psixologiyasının bilicisi olduğunu sərgiləyir.
Hər bir yazıçının əsərlərində
folklor ənənələrinin təzahür formaları
müxtəlif olur. Bəzən xalq yaddaşı, milli kimlik əsərin
üst qatında olur, "gözlə görünür".
Bəzən isə maddi-mənəvi dəyərlər və
bu dəyərlərə bağlılıq gizli olur,
görünməz qata keçir. Bu zaman oxucu həmin ənənəni
və folklor ənənəsindən gələn o
işığı qəlbi ilə duyur və "hiss
edir".
Natəvan Dəmirçioğlu kitabına "yuxu"larından başlayır: "Uşaq vaxtı yuxularımda hey uçurdum. Dağların, dərələrin, böyük suların, uçurumların, şəhərlərin üstündən uçurdum. Bir-iki dəfə xalama dedim ki, yuxularda uçuram, qorxuram. Dedi: "Qorxma, böyüyürsən, ondandı". Bu "yuxu" tapmacası özü də folklordan gəlməyibmi? Oğuz igidlərinin, Dədə Qorqud qəhrəmanlarının "kiçik ölüm" adlandırdıqları, xalq hafizəsində minlərlə, milyonlarla yozumu olan, dünyanın ən kamil alimlərinin də sirrini çözə bilmədiyi "yuxu" sehri Natəvan xanımın folklor ənənəsinə bağlılığının göstəricisidir. Kitabın bu sətirlərlə başlaması bütövlükdə kitabdakıların folklor ruhu ilə yoğrulduğuna işarədir. Folklor ənənəsindən gələn yuxu metaforası kitabın ilk misralarından başlayaraq bütün yaradıcılığı boyu rastımıza çıxır. Bu da təsadüfi deyildir. Çünki prof. R.Kamalın doğru qeyd etdiyi kimi, yuxu "həm keçmişi, gələcəyi, həm də dərkolunmaz hüdudları əhatə edir və yaradıcılıq enerjisinin (təxəyyülün) özünüifadəsidir. Natəvan xanımın etik yaddaşı yuxularda özünü büruzə verir. İnsan ömrünün mənasını və obrazını anlamaq üçün yuxu ən gərəkli vasitədir. YUXU - RUHUN YADDAŞIDIR".
Folklordan gələn bu "yuxu" konsepti
bütün əsərlərinin başlıca vasitəsinə
çevrilir. Yazıçının qəhrəmanları
mütləq şəkildə yuxu görür və bu
yuxugörmə əsərin başlanğıcında bir
süjet zavyazkası rolunu oynayır. Gəlin fikir verək:
Yuxarıda verdiyimiz, "Birinci" kitabda ön söz əvəzinə
verilən "Yazardan qısa bir yazı"dan başqa
"Üç nöqtə" povestinin
başlanğıcı - "Hövlnak yuxudan
ayıldı" cümləsi ilə başlayırsa,
"Boğuluram, qardaş, boğuluram. Birdəfəlik
boğulmağa nə var ki. Mən gündə neçə
yol boğuluram... Heç olmasa dəhşətli bir yuxunu
söyləyib yüngülləşən kimi deyib
yüngülləşməliyəm. Canımı
qurtarmalıyam bu qanlı yuxudan..." parçası ilə
təhkiyə davam edir.
"Yetim" povestindəki yuxular da maraq
doğurur: "Uzaqdan Quran səsi gəlirdi. Yetim evdəydi.
Yata bilmirdi. Bir də onu bilmirdi ki, sabah kənddə onu
hansı xəbər gözləyir.
Səhərə yaxın gözünə yuxu
getdi. Səhər yuxusu şirin olur. Bir yandan da beyni
yorulmuşdu. Daş kimi yatmışdı".
Bədii əsərdə folklor ənənələrinin
aşkar təzahür formaları da müxtəlif vasitələrlə
müəllif ideyasını əks etdirməyə xidmət
edir. Bu vasitələr müəllifin milliliyindən, xalqa
bağlılığından asılı olur. Bəzi
yazıçılar folklor ənənələrinin təzahür
formaları kimi folklor obrazlarını əsərlərinə
gətirirlər. Natəvan Dəmirçioğlunun bu kitabda
toplanmış əsərlərində mifik obrazlara, dərvişə
(özü də gəzərgi dərvişə), xüsusilə
qarı obrazına rast gəlinir.
"Yetim" povestindəki qarı belə təsvir
olunur: "Allah, Allah! Bu nədi?
Ağappaq yorğan-döşəyin içində
qupquru qol boyda arvad! Çox şeyin qurusunu
görmüşdü. İnsan qurusuydu bu, durmuşdu
qabağında.
Qarını büküb beş yaşlı
uşağın qucağına vermək olardı".
"Səbət" povestindəki qoca nənə
obrazı da öz monoloqları ilə yadda qalır. Qəhrəmanın
"bu yekəliyində səbəti neynirsən, ay xala?"
sualına "- Neyniyəcəm?
Ömrümü-günümü daşıyıram
bunda" - deyə cavab verir.
"- Nə satırsan?
- Heç nə. Günlərimi...."
Sözügedən əsərdə başqa
bir qarı obrazı da vardır: "...Yaddaşında bir
ocaq közərdi. Beli əyilmiş qoca nənəsi əlindəki
kösövlə sönmüş ocağı qurdalayır,
üfürür, yandırmaq istəyirdi. Bir ağzı da nəvəsini
oxşayırdı: "Bunu verənə şükür.
Balamın balası balımdır, baldan şirinimdir,
oğlumdur, noğulumdur. Beş qızın üstündə
bunu verən özü saxlasın. Göydən səbətlə
düşüb bu balam" .
Yazıçının bu qarı obrazları,
heç şübhəsiz, folklordan gələn müdrik qoca
arxetipinin fərqli-fərqli təzahür formalarıdır.
Dünya mədəniyyəti və ədəbiyyatında
mifik obrazların ölməzliyi həm də yazıçı
və şairlərin əsərlərinə bədii
obrazların gətirilməsi yolu ilə gerçəkləşmişdir.
Təsadüfi deyil ki, XX əsr ədəbiyyatşünaslığında
ən nüfuzlu cərəyanlardan biri də mifoloji
obrazların semantikasıdır. Azərbaycan ədəbiyyatşünaslığında
mifoloji obrazlar bədii ədəbiyyatda M.S.Ordubadi, C.Məmmədquluzadə,
Y.V.Çəmənzəminli, M.Ə.Sabir, A.Şaiq,
Ə.Haqverdiyev, C.Cabbarlı, S.Vurğun və başqa sənətkarların
əsərlərində özünü göstərmişdir.
Folklor mətnləri bir çox ədiblərin
yaradıcılıq mövqeyi olmuşdur. Bildiyimiz kimi, bu vasitə
ilə Azərbaycan ədəbiyyatında günümüzə
qədər bənzərsiz obrazlar yaradılmışdır.
Natəvan Dəmirçioğlu
yaradıcılığında əks olunmuş belə
obrazlardan biri şeytan obrazıdır. Yazıçı
şər qüvvə kimi neqativ planda yer alan şeytan
obrazından yararlanaraq cəmiyyətdəki şeytanlaşma
prosesini və bu prosesdə qəhrəmanının
mövqeyini təqdim edə bilmişdir:
Çırağın zəif şöləsi titrədi,
azca his verdi, his havada buruldu və düz Onun qabağında
"oturdu".
- Necəsən?
- Lənət sənə! Sən işıqda
da gizlənə bilirsən?
- Haaaaaah....haaaaah.......haaah.... Niyə də yox?
- Off.. - qələmi yazılmış, bəzi
yerləri pozulub qaralanmış bir yığın
kağızın üstünə atdı. - Allah sənə
lənət eləsin. Amma yaxşı ki gəldin, səninlə
söhbət....
Sözünü kəsdi:
- Yaxşı ki gəldim? - Yenə qəhqəhə
çəkdi. - Nədən ölüm arzulamırsan mənə?
Bütün bəşəriyyət mənə ölüm
arzulayırkən..."
"Yetim" povestində qəhrəmanın
şeytanla bu dialoqu Hüseyn Cavidin məlum və məşhur
əsərindəki dialoqları xatırladır. Bu
"söz savaşında" bir çox mətləblərə
işıq salınır. Şeytana kim qalib gəlir və kim
ona məğlub olur - əsas məsələ budur:
"- .....Ən güclü insanların
qarşısında məğlubsan.
- Var eləsi? Bəlkə barmaqla sayasan!
- Əlbəttə, var. Barmağım o qədər
yoxdu.
- Səssizlik.
- Ən güclü insan nəyə deyirsən?
- Elmli, ağıllı, səbrli, təmiz və
halal adamlara. Bu beş ünsür birləşən
adamların qarşısında sən yox kimisən".
Maraqlıdır ki, povestin qəhrəmanı ilə şeytanın bu "söz savaşı" şeytanın məğlubiyyəti ilə bitir ("Büzüşüb yazıqlaşdı").
Bədii əsərdə təbiət hadisələrinin
təsviri də xalq ədəbiyyatından, xalq həyatını
duymaq qabiliyyətindən irəli gəlir ki, N.Dəmirçioğlu
yaradıcılığında buna gözəl nümunələr
tapmaq mümkündür. Yazıçı nəinki təbiət
hadisələrini təsvir edir, hətta onların rəngini
verməyə çalışır və çox maraqlı
alınır. "Səbət" povestini yazıçı
maraqlı bir girişlə başlayır: "Dünya nə
süd-abı rəngdə idi, nə çəhrayı. Nə
aylı ulduzlu gecəydi, nə qızmar günəşli
gündüz. Hər yan nə başdan başa su idi, nə
quru. Dünya doğuş üstündəki qadının
ağrısını çəkirdi. Bu varlığın əzəl
ağrısıydımı, son ağrısımı? Nə
idisə, dəhşətli bir ağrı idi. Dişləri
kilidlənir, qulaqları güyüldəyirdi ağrıdan.
Birdən apaydın, güclü bir səs işıq kimi
bürüdü hər yanı. "Ol!" - dedi O SƏS. Və
dünya saçlarını üzünə çəkdi.
Doğuşdan sonra qadın, üzündə ləkə
qalmasın deyə, saçlarını üzünə
çəkdiyi kimi".
Bu, sadəcə bir bədii əsərin
girişi deyil, mifik təfəkkürün, dünyanın
yaranışı, kosmosdan əvvəlki xaosun, dünyanın
yaradılış mifinin bədii-poetik əksidir. Bir abzasa ilk
insanlar (İnsanın birincisi, ikincisi günah eləmişdilər)
və dünyanın yaranması (Birdən apaydın,
güclü bir səs işıq kimi bürüdü hər
yanı. "Ol!" - dedi O SƏS) haqqında dini-mifoloji
görüşləri, ilk insanın cənnətdən
qovulması mifini (Nəfsə uyub (lənət şeytana)
şeytanı sevindirmişdilər. O gün qovulmuşdular
Tanrının bircə addımlığından), İslam
mifologiyasını (Tanrı hərdən qəzəblənsə
də, bağışlayandı), nəhayət, adi bir məişət
inancını (Doğuşdan sonra qadın, üzündə
ləkə qalmasın deyə, saçlarını
üzünə çəkdiyi kimi) sığdırmaq müəllifin
məharətini göstərir.
Sözügedən "Səbət" povestdəki
mifik lay yuxarıda sadaladıqlarımızla bitmir, əksinə,
əsər başdan-başa dini-mifoloji təsəvvürlərin
real-gündəlik həyata toxunmasından ibarətdir. N.Dəmirçioğlunun
povesti İsrafilin Suru (Başındakı çalmanı su
aparmasın deyə əli ilə tutan zarıdı: "Sur
çalınsa batdıq...."), Nuhun tufanı (Böyük
dalğalar təzədən hücum elədi. Su
qurşağa çıxdı. Tufan uğuldadı),
İsmayıl qurbanı (Qoç mələdi... Qoç mələdi
və hamının səsi kəsildi), Kitabla (Gələnin əlində
kitab vardı. Kitabı kəlağayının üstünə
qoydular) tamamlaması da çox məntiqi səslənir və
əsərə bir bədii bitkinlik verir.
Professor Pərvanə İsayeva yazır:
"Müasir Azərbaycan ədəbiyyatşünaslığında
geniş və dolğun elmi həllini gözləyən vacib
problemlərdən biri milli ədəbiyyatın miflə
qarşılıqlı münasibətlərinin nəzəri,
tarixi-ədəbi aspektlərdə tədqiqidir".
Doğrudan da, bədii ədəbiyyatdakı bu
cür mifoloji aspektdə yazılmış əsərlərin
elmi dövriyyədə təhlili aparılmalıdır. Həmin
təhlildə əsas yerlərdən birini əsərdə
yaradılmış mifoloji obrazların aşkarlanması və
ya ilk baxışdan adi görünən obrazların mifik səviyyəsini,
alt qatını üzə çıxarılması tutur.
Akademik N.Cəfərov yazır:
"Türkün mifoloji düşüncə tərzi,
Türkün etnoqrafik yaddaşı, İslam dinindən əvvəlki
ilkin Türk dini - Tanrıçılıq görüşləri,
aydın dil, yaddaşda qalan obrazlar - 90-cı illər ədəbi
nəslinə mənsub Natəvan Dəmirçioğlunun
yaradıcılığında bunları gördüm".
Obrazı yaratmaq, onun dilini aydın və yaddaqalan vermək
yazıçıdan böyük məharət tələb
edir. Ümumiyyətlə, bədii ədəbiyyatın ən
böyük missiyalarından birincisi obraz yaratmaqdır. Obraz əslində,
hər bir insanın simasında xarakterli olaraq vardır. Ancaq
bunu ədəbiyyatda canlandırmaq, sözün əsl mənasında
yaratmaq yazıçının öhdəsinə
düşür. Natəvan Dəmirçioğlunun əsərlərində
hər hansı etnoqrafik detal obraz səviyyəsinə qalxa
bilir. Bu etnoqrafik detal xüsusilə türk təfəkkürünə
xas olursa, yazıçı əlində maraqlı bir təsvir
vasitəsinə çevrilə bilir. Necə ki, kəlağayı
yazıçının demək olar ki, bütün əsərlərinə
gətirilir. "Yetim" povestindəki kəlağayı qəhrəmanın
sevinc və dərd ortağıdır. Ailəsinin,
elinin-obasının bütün xeyir və şər işlərində
sahibi ilə birgə mütləq şəkildə iştirak
edir və bu el yığnaqlarının ayrılmaz atributuna
çevrilir: "kəlağayı doqqazın eşik tərəfində,
mafənin üstündə yellənirdi. ... Neçə yas
görmüşdü bu baş örtüyü. Yiyəsinin
ağladığı qədər duzlu göz yaşı
udmuşdu ucları. Rəngi qara, üstündə ağ
xalları. Tayı da vardı. Ağ üstündə qara
xalları. Bu nə qədər yas görmüşdüsə,
o da bir elə toy görmüşdü. Yiyəsi hər
ikisindən..."
Həmin etnoqrafik detalı, yəni kəlağayını
yazıçının digər bir əsərində də
müşahidə edirik: "İşıq düşdü.
Birinci yazdığı kağızları kəlağayısına
büküb sinəsinə basmış qadın gördü
onu. İşığı tanıdı. Salavat çevirdi.
Gözləri doldu. Kəlağayını açıb sərdi.
Gələnin əlində Kitab vardı. Kitabı kəlağayının
üstünə qoydular". "Səbət" povestində
epizodik şəkildə səhnəyə gələn kəlağayıya
aşılanmış məna yükü çox
ağırdır. Əvvəla, bu kəlağayı bir
qadının əlindədir. Kəlağayıya
kağızlar bükülüb. Həmin qadın heç kəsin
görə bilmədiyini görür. Demək, bu qadın da
adi adamlardan deyil, seçilmişdir. Maraqlısı isə
sonra baş verir. Bu kəlağayının missiyası nə
başa bağlanmaq, nə də kağız bükmək
deyil, həmin kəlağayının üstünə
KİTAB qoyurlar. Bununla da hər şey məlum olur. Natəvan
Dəmirçioğlu üçün kəlağayının
missiyası KİTABı qorumaqdır.
Amma iş bununla bitmir. Yazıçıya
görə, bu baş örtüyünün, bu etnoqrafik
detalın milli-mənəvi dəyərlərlə
bağlı missiyası da var axı və bu missiya kəlağayının
ən ali missiyası sayıla bilər. Diqqət edək:
"Sovet hökuməti" bizim buxara
papağımızı, kəlağayımızı,
sazımızı, atımızı, hələ
silahımızı demirəm, onu tamam aldı. Amma bu dörd
şeyi bizdən qopardı. Çünki bu dördü ilə
biz özümüzə çox oxşayırıq. Buxara
papaq qeyrətdi, kişilikdi, kəlağayı
xanımlıqdı, saz ruhdu, at da namusdu, hünərdi. Bunlar
bizdə var. Bunlar Azərbaycan türkünün
özününküdür. Dalınca getdiyimiz, yelinə
uçduğumuz millətlər var - ruslar, avropalılar,
amerikalılar - onlarda da çox üstünlüklər var,
lap elə at da var. Amma bizdə olan elə dəyərlər
var ki, onlarda min il bundan qabaq olmayıb, min il bundan sonra da
olmayacaq. Onda get də qabağa çat Avropaya, Amerikaya - kim sənə
deyir getmə. Amma olanlarını itirmə. Olanlarınla sən
özünsən. Qaynayıb-qarışıb itməyəcəksən
millətlər arasında. Özünün olanları yeni eləməyi,
çağdaş eləməyi bacar!"
Bu da yazıçının obrazlarının
dili ilə gizli şəkildə deyil, aşkar söylənənən
yaradıcılıq kredosudur. "Kəlağayı"
hekayəsindən misal çəkdiyimiz bu hökmlər sanki
gələcək nəsillərə bir
çağırış kimi səslənir.
Gördüyümüz kimi, bu etnoqrafik detal
yazıçının bir hekayəsinə ad verərək
onun əsas obrazına çevrilir.
Natəvan xanımın əsərlərində
epik təhkiyə vahidləri olduqca zəngindir. O obrazların
dili ilə təhkiyə söyləyə bilir. Natavan
xanım obrazı yaradır, yaratdığı kimi də
oxucusuna qəbul etdirə bilir və obrazın özündə
böyük bir manevr edə bilir. Bəzən heyran qalırsan
qələmin gücünə, sonra da düşünürsən
ki, bu artıq yazıçının istedadının
gücüdür. Qələm sadəcə istedadı
köçürməklə məşğul olur.
Natəvan xanımın əsərlərində
psixologiya və fəlsəfi baxışlar olduqca çoxdur.
Oxucu əsərlərdə qısa, lakin olduqca mənalı və
düşündürücü cümlələrə rast gəlir.
"Səbət" əsərində elə ilk
başlıqda oxuyuruq: "Göylərin ağappaq sinəsi
süd-abı rəng alırdı. Elə bil körpəli
qadının südü sinəsinə dağılır, Yer
beşik kimi yırğalanır... Yaradan yaratdıqlarına
baxır... Yerdəkilər süddən kəsilən uşaq
kimi böyüyüb. Daha süd onlara gərək deyil. Daha hər
şey yeyirlər. Mundarı təmizə qatıblar. Beşiyə
oxşayan yırğalanır... tanrı yırğalanan dolu
səbəti tanıyır". Öncə göy
üzünü qadına bənzətmələr, sonra
göylərin sinəsindəki abı rəngi qadın
südünə bənzətmə, daha sonra Yerin beşik kimi
yırğalanması - buradakı təsvir bir anlıq həm
dolaşıq fikirlər yaradır, həm də
düşündürücü. Müəllifin bənzətmələri
olduqca yerində və mənalıdır.
Cəmiyyətin güzgüsü sayılan ədəbiyyat
həm də onun barometri hesab edilir. Bu baxımdan Natəvan Dəmirçioğlunun
yaradıcılığındakı obrazlar cəmiyyətə
mənəvi-psixoloji təsir, müsbət aura verir. Ədəbiyyatşünaslıqda
bir çox mənəvi dəyər erroziyaya
uğradığı üçün milli gələnəklərin
bayağılaşdığı bir zaman kəsiyində belə
əsərlərə, böyük ədəbiyyatın
sözünə ehtiyac çoxdur.
Hər bir yazarın üslubu onun ruhu ilə
bağlıdır. Bir sözlə, bu xanım yazarın
özünəməxsus ruhu olduğu kimi, özünəməxsus
üslubu da var. Bu üslub onun folklorla, xalq həyatı ilə
yaxından bağlılığı ilə səciyyələnə
bilər. Necə ki, onun əsərində maraqlı bir folklor
faktına rast gəlirik. Bu, Qazax aşıq mühitinə xas
olan "qım qımalar"ın yazılı ədəbiyyata,
konkret olaraq bədii nəsrə gətirilməsidir.
Yazıçının qəhrəmanı çətin
anlardan birində xalq yaradıcılığına xas
"qım qımalardan" məharətlə istifadə edərək
vəziyyətdən çıxış yolu tapır:
"... Erməni qızılı tez gizlədir və deyir:
- Ara, amma danışmax olmaz. Başına
pırlanım, balalarımı ac qoyma. Uşağa bax,
çıx get.
Kişi deyir:
- O, mənim nəvəmdi. Dizimin üstündə
yekəlib. Mən ona balacalığında qım-qıma
oxuyardım. Onu oxuyacam, qorxma, söz demiyəcəm.
Erməni nəvəni gətirir, kişi
kötüyün üstündə oturubmuş. Çəliyinə
döyəcləyə-döyəcləyə oxuyur:
- A bala, miskər bizdə qazan qayırır,
Dan, daranq, dan, dan, dan.
Yaxşını pisdən, dəmiri misdən
ayı
rır,
Dan, daranq, dan, dan, dan.
Atana adı qoyulan Nusrət bəy sözü
havada tutur. Deyir "ey dili-qafil, babam deyir "Dan" . Yoxsa nə
miskər, nə qazan söhbətidir. Demək, mən bu
işi danmalıyam, boynumdan atmalıyam".
Burada əsər içində həm bir rəvayət
var, həm də canlı hadisələri əks etdirən rəvayət.
"Birinci" kitabda folklor, xalq yaradıcılığı yalnız yuxarıda sadalanan obraz ve detallarla təzahür etmir. Yazıçının əsərlərinin dili başdan-başa xalq müdrikliyi, xalq hikmətidir. Bu hikmət obrazların danışıq tərzindən tutmuş, xalq inanclarına, rəvayətlərə, atalar sözü və məsəllərə qədər uzanır.
Məsələn, qəhrəmanların nitqində
rast gəlinən kəlmələrə nəzər yetirək:
- Di gəl ki, dəng elədin, qalnısaydı, əng,
qurcuxdu, arıtladı, di gəl-di qaç, əriş-arğac,
səngidi, boylu, doqqazın eşik tərəfi,
qanıdamanı, kənd yiyəsi, ağca-ağca günlər,
yüyrük, toxtamaq, oturuşmuş, perik salmaq və s.
Natəvan Dəmirçioğlunun əsərləri
sanki Azərbaycan xalqının inam, sınama və
inanclarının ensiklopediyasıdır: Deyir çinar
ağacı yarpağını aşağıdan tökəndə
qış sərt gəlir; Dur, dar vaxtıdır. Vaxtın
ağırlığı tökülür bu zaman yatanın
üstünə. Dur da. Həm də bu vaxt yatan adamın
xeyir-bərəkəti qaçır. Bu vaxt ruzi gələn
vaxtdır; Qaynanasından eşitmişdi ki, boş qab
uğursuzluq gətirər; Göz kəsməyəni heç
nə kəsməz; Verdiyinə qurban olduğum Tanrı da
deyir: "Mənim gözdən xəbərim olmur,
özünüzü qoruyun"; Nənəm təzə aya
baxanda salavat çevirərdi həmişə. Rəhmətlik
nənəsi bir də deyirdi ki, "təzə" aya
baxıb gözünüzü çəkəndə
yaxşı şeyə baxın. Nəyə baxsanız
ayınız, iliniz, ömrünüz, gününüz
baxdığınıza oxşayacaq; Doğuşdan sonra
qadın, üzündə ləkə qalmasın deyə,
saçlarını üzünə çəkdiyi kimi; Deyir
üzərlik köməkdir, bil ki, köməkdir.
Başına duz fırayıb suya atmaq qoruyur, bil ki, qoruyur. Bir
də özündən xoşun gələndə
"şeytana lənət" de və s.
Yazıçının
yaradıcılığında xəlqi koloritin əsas
qaynaqlarından biri kimi el deyimləri, alqışlar və
qarğışlar çıxış edir: Min dərdin min
bir dərmanı var; Təkcə ölümə çarə
yoxdur; Bir yurdu olan, bir də yurdunda qalan öyünsün;
Qız evinin qapısı alçaq olar, girəndə də,
çıxanda da kişinin başına dəyər;
Üzünə daş yamansın; Gözün
çıxsın, göz yiyəsi; Yer haqqı, Göy
haqqı Tanrı qadınların ahını
götürmür; Allah səni göylər kimi dirəksiz
saxlasın; El içində,öl içində və s.
Çağdaş Azərbaycan ədəbiyyatının
məhsuldar nümayəndəsi Natəvan Dəmirçioğlunun
yaradıcılığına etdiyimiz bu bədii-estetik ekskurs
bizə o qənaətə gəlməyə əsas verir ki, folklor
yazılı ədəbiyyat üçün hər zaman
tükənməz bir xəzinə olmuşdur.
Yazıçının yaradıcılığının tədqiqi
ilə biz məqalənin girişində verdiyimiz suala cavab
tapdıq. Natəvan Dəmirçioğlu məhz o
yazıçılardandır ki, folklor ənənələri
onun əsərlərinə öncədən, düşünülmüş
şəkildə gəlməyib, MİLLİ KİMLİK,
MİLLİ ÖZÜNÜİFADƏ, MİLLİ
YADDAŞ həmin əsərlərin ruhunda və
canındadır.
İlhamə
QƏSƏBOVA
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet 2018.- 31 oktyabr.- S.7.