Musiqi dünyasının əbədiyaşarlıq ünvanı

 Qara Qarayev-100

Timuçin ƏFƏNDİYEV

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rolu olan Qara Qarayev yüksək mənəviyyata, ensiklopedik biliklərə malik, xalqımızın mənəvi-estetik dəyərlərini üstün tutan, digər xalqların tarixi keçmişi və adət-ənənələrinə hörmətlə yanaşan dahi bəstəkar və şəxsiyyət idi.

O, hər zaman öz intellektini zənginləşdirən, yalnız musiqi problemləri ilə deyil, eyni zamanda, digər milli mədəniyyətlərə xas bədii-estetik problemləri dərindən öyrənən, onlardan öz əsərlərində yaradıcılıqla istifadə edən nadir təfəkkür sahibi idi.

Qara Qarayev yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənən bir sənətkar idi. Ömrünün sonuna kimi böyüyüb boya-başa çatdığı mühiti, qədim tariximizi, mənəvi dəyərlərimizi, müəllimlərini, sənət adamlarını heç bir zaman unutmur, yeri gəldikcə onların xeyir-dualarını yada salırdı. Qara Qarayevin dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında yazdığı sözlər öz səmimiliyi ilə diqqət çəkir: "Bizim çoxumuz ilk dəfə birbaşa tərbiyə verdiyi şagirdlərin hər birinə xüsusi həssaslıqla yanaşan bu istedadlı pedaqoqun sinfində dərk etdik ki, sadə lirik mahnıların məlahəti, muğam kompozisiyasının gözəlliyi arxasında yalnız estetik yox, həm də məntiqi mahiyyətli həssas bir sistem və gözəllik vardır. Bilavasitə o zaman Hacıbəylinin öz timsalında, müəllimin dərin və müdrik mülahizələrinin təsiri altında milli bəstəkarlıq üslubunun qaynağı olan folklorun hədsiz, tükənməz imkanları xüsusi bir aydınlıqla ortaya çıxdı. Bizim çoxumuzun gözləri qarşısında yeni aləm, cəsarətli axtarışlar, daha yenilikçi kəşflər aləmi açıldı".

Maraqlıdır ki, Qara Qarayev yaradıcılığı zəmanəsinin ən tanınmış sənət və elm adamlarının diqqətini çəkmiş və onlar bəstəkarın yaradıcılığına, dövrünün professional musiqi mədəniyyətinin inkişafındakı müstəsna roluna böyük önəm vermişlər. Bu baxımdan bir daha D.Şostakoviç, S.Prokofyev, T.Xrennikov, R.Şedrin, o cümlədən, görkəmli şair və yazıçılarımızdan S.Vurğun, M. İbrahimov, M.Hüseyn və başqaları Qara Qarayev yaradıcılığına həmişə yüksək qiymət vermişlər. Tanınmış müasir rus bəstəkarı Rodion Şedrin haqlı olaraq qeyd edirdi ki, "əsl milli sənətkar olan Qarayev milli məhdudluqdan tamamilə uzaqdır. Ü.Hacıbəyli ilə birlikdə onu cəsarətlə Azərbaycan müasir musiqi mədəniyyətinin banisi adlandırmaq mümkündür. Müəlliminin ənənələrini davam etdirən Qarayev sözün əsl mənasında bütün musiqi janrlarında yaradır. Azərbaycan musiqisində bu janrların çoxunu əməli surətdə məhz Q.Qarayev kəşf etmişdir. Ümumiyyətlə, onun yaradıcılığı milli musiqi mədəniyyəti üçün elə bil yeni pilləyə, yeni keyfiyyətə keçiddir. Azərbaycanın yeni musiqisinin dünya müstəvisinə çıxması Qarayevin adı ilə qırılmaz surətdə bağlıdır. O, yeni milli bəstəkarlıq məktəbi yaratmışdır".

Həqiqətən müasir dünya professional musiqi mədəniyyətini görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevsiz düşünmək çətindir. Nadir istedada malik olan dünya şöhrətli sənətkarın yaradıcılıq yoluna nəzər saldıqda onun professional musiqi mədəniyyətinə məxsusluğunun, bütün musiqi janrlarında yaratdığı əsərlərinin bədii-estetik xüsusiyyətlərinə dərindən bələd olmasının şahidi oluruq. Bu səbəbdən onun təkrarsız sənətkar siması və yaradıcılığı yuxarıda qeyd etdiyimiz kimi, öz dövrünün ən tanınmış sənət və elm adamlarının diqqətini çəkmiş, onun yaradıcılığı haqqında saysız-hesabsız xoş sözlər, mütəxəssis fikirləri söylənmişdir. 1968-ci ildə Qara Qarayevin 50 illik yubileyi münasibətilə İlyas Əfəndiyev "Qüdrətli sənətkar" məqaləsində yazırdı: "Bütün böyük sənətkarlar kimi, Qara Qarayev insan qəlbinin, insan ruhunun indiyə qədər nüfuz edilməyən dərinliklərinə gedir, bu vaxtadək duyulmayan sirlərini tərənnüm edir. Buna görə də, bəstəkarın əsərlərində fəlsəfi axtarışlarla, kəşflərlə müasirlik birləşib qüdrətli bir gözəlliklə səslənir. O, Heminquey kimi fikrinin yalnız müəyyən hissəsini açıq ifadə edir. Qalan böyük hissəsini duyub dərk etməyi dinləyicinin öhdəsinə buraxır. Böyük və dərin fikir sahibi olan sənətkarlarda həmişə belə olmuşdur. Bethovendə, Şekspirdə də belə olmuşdur". Bəstəkarın adı bu gün də dünyanın ən tanınmış sənətkarları arasında yer almaqdadır. Təsadüfi deyil ki, Qara Qarayevin adı XX əsrin görkəmli bəstəkarlarından olan İ.Stravinski, D.Şostakoviç, S.Raxmaninov, S.Prokofyev və başqaları ilə bir sırada çəkilir. Qara Qarayevin yaradıcılığının bir çox məziyyətlərinə toxunan görkəmli sənət adamları, istər bəstəkarlar və musiqişünaslar, istərsə də xoreoqraflar, ifaçılar, dirijorlar bu yaradıcılığa xas dərin ideya-məzmun xüsusiyyətləri, forma-kompozisiya mükəmməlliyi, novatorluq prinsipləri, zəngin melodik istedadı, fərdi yaradıcılıq dəst-xətti, müasir harmonik dili, çağdaş modernist bədii cərəyanlardan yaradıcılıqla istifadə olunma bacarığı kimi bir çox xüsusiyyətlərə münasibətlərini bildirir, bəstəkarın qeyri-adi yaradıcılıq yolunun dünya professional musiqi mədəniyyətini zənginləşdirdiyini ön plana çəkirlər. Bütün bu söylənilən bədii-estetik prinsiplər Qara Qarayev yaradıcılığının əsasını təşkil edir və bu prinsipləri onun bütün əsərlərində izləmək mümkündür. Onun forma, kompozisiya baxımından ən sadə olan janrlardan ən mürəkkəb janrlara qədər olan əsərlərində bu keyfiyyətləri görmək olar. Vokal-instrumental və instrumental janrlar, proqramlı musiqi, opera, simfoniya, balet, musiqili komediya, kantata, skripka konserti, kino musiqisi kimi sahələrdə əsərlər ortaya qoyan bəstəkar bu janrların spesifik qanunauyğunluqlarını, bədii-estetik prinsiplərini, təsvir-ifadə vasitələrinin potensial-estetik imkanlarını çox gözəl bilirdi. Heç şübhəsiz,bu zəngin yaradıcılıq imkanının əldə edilməsində Qara Qarayevin ən gənc yaşlarından münbit və geniş musiqi mühiti içərisində böyüməsi, xalq musiqi intonasiyalarından (deyilənə görə, o, folklor nümunələrini toplamaq üçün ekspedisiyalarda belə iştirak etmişdir) bəhrələnməsi, dahi bəstəkarımız Üzeyir Hacıbəyli məktəbinin təsiri altında olması, eyni zamanda, Moskvada görkəmli rus bəstəkarı D.Şostakoviçin tələbəsi kimi təhsil alması kimi faktorlar önəmli rol oynamışdır. Onun əsərlərinin yalnız milli çərçivələr içərisində qalmaması, əksinə, milli çərçivələri genişləndirərək ümumbəşəri yüksəkliklərə qalxa bilməsinin əsas səbəblərindən biri zənnimizcə, məhz bu yuxarıda söylədiklərimiz gerçəkliklərdən keçir. Eyni zamanda, onun əsərlərində milliliklə bəşəriliyin, müasirliklə novatorluğun, ənənə ilə forma mükəmməlliyinin, emosionallıqla professionallığın dialektik vəhdətini hiss etmək mümkündür.

Qara Qarayevin zəngin yaradıcılıq yoluna nəzər saldıqda, onun səhnə və kinofilmlərə yazmış olduğu musiqi parçalarına yenidən qayıtdığının şahidi oluruq. Onlardan yaradıcı şəkildə istifadə edib gözəl simfonik və instrumental əsərlər yaratmışdır. Bunlardan "Don Kixot" simfonik qravürlərini, "Alban rapsodiyası"nı, "Leyli və Məcnun" simfonik poemasını göstərmək olar. Bu əsərlərin adlarından da görünür ki, bəstəkar burada milli-mənəvi mədəniyyətimizdə yer almış mövzularla yanaşı, digər xalqların milli mədəniyyətlərinə aid mövzulara da toxunur. Məsələn, Servantesin məşhur "Don Kixot" əsəri əsasında eyni adlı film üçün yazdığı musiqi (sonralar "Don Kixot" simfonik qravürləri adı ilə məşhurlaşmışdır) ispan xalqının musiqi intonasiyaları, xüsusilə xalq rəqslərinə (xabanera, kavalkada) xas intonasiyalarla zəngindir. Heç şübhəsiz, bəstəkar bu əsəri yazmaqdan ötrü ispan xalqının zəngin xalq musiqisini dərindən öyrənmiş, ondan yaradıcılıqla istifadə edə bilmişdir. Eyni sözü onun "Vyetnam süitası" proqramlı əsəri haqqında da söyləmək mümkündür. Burada da bəstəkar azadlıq ideyalarını ifadə edərkən Vyetnam xalqının musiqi folkloruna müraciət edir, onun intonasiya və ritmik xüsusiyyətlərini, emosionallığını qoruyub saxlamağa çalışır. Ümumiyyətlə, Qara Qarayev yaradıcılığında dünya xalqlarının mədəniyyətlərinə geniş yer verilməsinin şahidi olmaq mümkündür. Bəstəkarın dünya şöhrəti qazanmış və təxminən 60 ölkədə müvəffəqiyyətlə səhnə üzü görmüş "Yeddi gözəl" baletində, digər məşhur baleti olan və Cənubi Afrika yazarı Abrahamsın əsəri əsasında yazılmış "İldırımlı yollarla" baletində biz bu yaradıcılıq meylini aydın bir şəkildə izləyə bilirik. Məsələn, "Yeddi gözəl" baletində bəstəkar müxtəlif xalqları təmsil edən gözəllərin hər birinin emosional obrazına uyğun musiqi parçaları yaradıb. Maraqlıdır ki, bu musiqi parçalarında bəstəkar yenə də olduqca məharətlə və yaradıcı şəkildə hər bir xalqın nümayəndəsini təmsil edən gözəllərin surətini yaratmaqdan ötrü bu xalqların musiqi folkloruna müraciət edir, həm də burada o, heç də sitat gətirmək üsulundan istifadə etmir, əksinə, özü orijinal musiqi parçaları yarada bilir. Bu musiqi parçaları gələcəkdə müstəqil musiqi əsərləri kimi ifaçıların repertuarına daxil olur və dinləyicilərin estetik zövqünü oxşayır. Eyni sözü bəstəkarın "İldırımlı yollarla" baleti üçün də söyləmək mümkündür, belə ki, burada da bəstəkar Afrika xalqlarının musiqisinə geniş yer verir. Həmçinin, onların musiqi folklorundan da yaradıcılıqla faydalana bilir. Bəstəkar bu baletdə müasir mərhələdə hələ də irqçilik ideyalarının hökm sürməsi, insanın insan tərəfindən istismar edilməsi, sosial haqsızlıqların olması kimi neqativ halları öz emosional, təsirli musiqisi ilə ifadə edə bilir.

Qara Qarayev novator sənətkar idi. Onun əsərlərinə nəzər saldığımız zaman daima yeniliyə, dünya musiqi mədəniyyətində baş verən maraqlı bədii hadisələrə, cərəyanlara diqqət yetirdiyinin şahidi oluruq. Qara Qarayev vaxtilə bir çox xarici ölkələrdə, o cümlədən, ABŞ-da olduğu zaman buradakı müasir musiqi cərəyanları və bədii yeniliklərlə yaxından maraqlanmışdır. Dahi bəstəkar çoxşaxəli yaradıcılığında qərb musiqi dünyasının modernist cərəyanlarına öz orijinal münasibətini göstərirdi. Belə ki, əski sovetlər birliyi dönəmində bu qəbilədən olub "antirealist" adlandırılan cərəyanlar tamamilə inkar edilir, hətta onu təbliğ edən sənətkarlar təqib edilir və cəzalandırılırdı. Bütün bunlara baxmayaraq, Qara Qarayev öz yaradıcılığında bu "antirealist" dəyərləndirilən modernist cərəyanların estetik prinsiplərindən faydalanırdı. Təsadüfi deyil ki, onun skripka ilə orkestr üçün yazdığı konsertdə, həmçinin, "Üçüncü simfoniya"da aşıq musiqisinin intonasiya, lad-məqam, ritmik xüsusiyyətləri hiss olunur.

Qara Qarayev hər zaman yaradıcılıq prosesində qarşıya çıxan nəzəri-estetik, praktiki problemlərin həlli ilə əlaqədar dərindən düşünən, onun yollarını arayan bir bəstəkar olmaqla yanaşı, eyni zamanda, bir musiqişünas-estetik idi. Onun bir çox məqalələri, xüsusilə də xalq musiqisinə münasibəti, müasir bədii hadisələr və cərəyanlarla əlaqədar fikirləri musiqişünaslıq elminə dəyərli töhfədir.

Qara Qarayevin pedaqoji fəaliyyəti də uğurlu olmuşdur. Onun bir çox tələbələri artıq müasir Azərbaycan professional musiqi mədəniyyətinin adlı-sanlı sənətkarları olaraq tanınmaqdadırlar. Bunların arasında Arif Məlikov, Firəngiz Əlizadə, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Musa Mirzəyev kimi görkəmli bəstəkarları göstərmək olar.

Qısa bir məqalədə görkəmli sənətkarın çoxşaxəli yaradıcılığının bütün özəlliklərini və bəşəri ideyalarla zəngin olmasını təhlil etmək qeyri-mümkündür. Təsadüfi deyil ki, Qara Qarayev haqlı olaraq Azərbaycan və dünya professional musiqi mədəniyyətinin inkişafı tarixində özünə layiqli və əbədi olaraq yer almışdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Qara Qarayevin 100 illiyi həm ölkəmizdə, həm də xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunur. Dahi bəstəkar məqalələrinin birində yazırdı ki, "Millidən kənarda musiqi sənəti ola bilməz, yaradıcılığı bütün xalqların və bütün dünya mədəniyyətinin sərvətinə çevrilmiş musiqi dahiləri dərin köklərlə öz vətəninə, öz xalqına, onun mədəniyyətinə, tarixinə, doğma torpaqlarının təbiətinə və nəhayət, doğma xalqının musiqi dilinə bağlıdır". Qara Qarayevin bütün yaradıcılıq yolu, bütün fəaliyyəti, sənət dünyası və sənətkar taleyi təbii ki, bu fikrin əyani, həm də mənalı təcəssümündən ibarətdir. Dünya şöhrətli bəstəkarın ürəkləri fəth edən sənət dünyası bütün dünya ölkələrində özünə əbədiyaşarlıq qazandırıb.

525-ci qəzet  2018.- 31 oktyabr .- S.4.