Böyük hücum - misilsiz zəfər
Zəfər Bayramı 30 avqust
1922-ci ildə Dumlupınarda
Mustafa Kamalın baş
komandanlığıyla həyata
keçirilən Böyük
Hücumu anmaq üçün Türkiyədə
və Şimali Kipr Cümhuriyyətində
hər il
keçirilən milli
bayramdır.
Atatürkün rəhbərliyi ilə
aparıldığı üçün
Başkomandanlıq Meydan
Müharibəsi adını
alan Böyük
Hücumun uğurla nəticələnməsindən sonra yunan orduları
İzmirə qədər
geri oturdulmuş, sentyabrın 9-da İzmirin
azad edilməsiylə Türkiyə yunan işğalından azad edilmişdi. Düşmən qoşunlarının ölkədən çıxması
hələ bir müddət ləngisə
də, 30 avqust hərəkatı simvolik olaraq torpaqların işğaldan azad edilməsi günü kimi tarixə keçib. İlk dəfə 1924-cü ildə, Afyonda Başkomandan Zəfəri
adıyla anılan 30 avqust, bütün Türkiyədə 1926-cı ildən
etibarən Zəfər
Bayramı kimi qeyd edilir.
Böyük Hücum Qurtuluş Savaşı illərində
türk ordusunun işğalçı qüvvələrə
son və ən əsas zərbəni endirməyi təmin etmək, düşməni
Anadoludan sıxışdırıb
çıxarmaq üçün
planlaşdırılan gizli
hərbi plan idi. Türkiyə Böyük Millət Məclisinin 20 iyul 1922-ci ildəki iclasında dördüncü dəfə
baş komandan təyin edilən Mustafa Kamal paşa hücum qərarını
iyunda vermiş, hazırlıqları maksimum
gizlilik şərtləri
altında həyata keçirmişdi.
Hücum avqustun 26-dan 27-nə keçən
gecə Afyonda başlamışdı. Aslıhan yaxınlığında
mühasirəyə salınan
düşmən dəstələrinin
Mustafa Kamalın şəxsən
komandanlıq etdiyi Dumlupınar Meydan Müharibəsində məhv
edilməsi türk ordusunun qələbəsinə
zəmin yaratmışdı.
1 aprel 1926-cı ildə qəbul edilən Zəfər Bayramı Qanununda 30 Avqust Başkomandan Müharibəsi
gününün ölkə
ordu və donanmasının bayramı
olduğu, hər il bu günün quru, dəniz və hava qüvvələri tərəfindən qeyd ediləcəyi vurğulanır.
Eyni ildə ovaxtkı müdafiə naziri Rəcəb Pəkərin
yayımladığı bəyannaməylə
bayram günü proqramı qəbul edilmişdi. Ancaq
30-cu illərin ortalarına
qədər ali
səviyyədə hər
hansı mərasim həyata keçirilməyib.
1960-cı illərdən etibarən Zəfər Bayramına xüsusi diqqət ayrılmağa, hərbi məktəblərin
məzun günü kimi də qeyd
olunmağa başlayıb.
Bundan başqa,
bütün zabitlərə
bu tarixdə yeni rütbələr verilir.
Atatürk daha əvvəl də - 23 avqust-13 sentyabr
1921-ci ildə Sakarya Meydan Müharibəsində
yunanları yenmiş,
ancaq bu qələbə türk ordusuna ağır başa gəlmişdi. Məğlub
yunan ordusunun itkisi 3758 ölü, 18955 yaralı, 354 itkin olmaq üzrə cəmi 23007 nəfər olduğu halda türk ordusunda bu göstərici 5713 ölü, 18480 yaralı,
828 əsir və 14268
itkin olmaq üzrə cəmi 39289 nəfər təşkil edirdi.
Bundan başqa, Sakarya Meydan Müharibəsinə
çox sayda zabit itkisi olduğu
üçün “Zabit
müharibəsi” adı
verilmiş, Mustafa Kamal
Atatürk bu müharibə haqqında
“Sakarya Melhame-i Kübrası” yəni qan gölü, qan dəryası demişdi.
Bu səbəblərdən dolayı, türk ordusu yunanlara istər sıravi əsgər, istər zabit heyəti, istərsə də hərbi sursat baxımından uduzurdu. Xüsusən, top mərmiləri çatışmırdı.
Atatürk hər şeyi
ən kiçik detallarına qədər dəqiq hesablamalıydı.
Xırdaca bir yanlış
hər şeyi məhv edə, türk ordusunu da, Türkiyəni də tarixin qaranlığına gömərdi.
Söyləntilərə görə, Mustafa Kamalın
ən çətin günü 26 avqust 1922-ci ildir. Çünki bu
tarix türklərin Anadoluya sahib olmalarının
son günü ola bilərdi. Atatürk bunun dəqiq fərqindəydi. Ölkə tamamilə
tükənmişdi. 1911-ci
ildən bəri - 11 ildi ki, savaşdaydı.
Bircə
atımlıq barıt
qalmışdı və
o barıt doğru yerdə doğru zamanda istifadə olunmalıydı. Ona
görə də ali baş
komandan aylardı dincəlmədən düşmənə
“çox incə tor toxuyurdu”...
Odur ki, planını pərdələmək üçün
iyulun son günlərində
futbol matçı təşkil etdirir, avqustun ortalarında isə çay məclisi qururdu...
Türklər tarix boyu döyüşkən
olublar. Hərbi hiylələrdənsə heç geri durmayıblar. Atilla, Qılınc Arslan, Fateh Mehmet sultan... Və Atatürk...
Futbol matçı,
çay məclisi gözdən pərdə asmaqçündü. Mustafa Kamal
son zərbəyə hazırlaşırdı.
Parlamentdə Atatürkü sərt
tənqiddən əl
götürmürdülər. Bütün bu prosesi diqqətlə
izləyən düşmənsə
rahatlığa qapılmışdı.
Sözdə və görünəndə
artıq Atatürk əvvəlki kimi güvənilən, xilas yeri olacaq insan
deyildi. Amma yunan saydığını
saysın, görək
Atatürk nə sayırdı...
Ali baş komandan
hücumdan bir neçə gün əvvəl, çay məclisi davam etdiyi müddətdə gizlicə, maksimum tezcə Konyaya getdi.
Teleqraf və poçt qurumu tutulub nəzarət altına alındı. Düşmənin Atatürkün gəldiyini
əsas qüvvələrə
bildirmək imkanı artıq yoxdu. Mustafa Kamal Konyadan
cəbhəyə yola
düşdü. Hücum planını
zabitlərlə müzakirəyə
çıxardı. Etiraz edənlər
oldu. Ən çox da Yaqub Şövqi Paşa. Ancaq...
Atatürkün planı “tərs cəbhə”ydi. Hücumdan bir gecə əvvəl
ordunun az
qala hamısı mövqe dəyişdirməliydi.
Əslində, yeni səngər
tutmaq çox da çətin sayılmamalıydı. Əsas problem bunu düşməndən
gizlin etməkdi.
Yunanlar xəbər tutsalar, bütün türk dəstələri bir neçə saatın içərisində tamamilə
darmadağın edilərdi.
Avqustun 25-i - hücumdan
bir gecə əvvəl - qaş qaralandan sonra ordu hərəkətə
keçdi. Cəbhəni tərk edib
Şuhut dağlarının
arasından bir cığırla kimsənin
ruhu duymadan yunan xəttinin arxasına dolandı.
O boyda müharibənin,
bütöv bir millətin, cümhuriyyətin
taleyini dəyişəcək
ordu, minlərlə əsgər, yüzlərlə
at, toplar, yük arabaları səssiz-sədasız
təyinat nöqtəsinə
çatdı. Dan yeri sökülməmişdən
əvvəl bombardman başlayacaqdı. Saatın
əqrəblərindən daş
asılmışdı...
Hava işıqlaşmağa
başlayanda hər yerə duman çökdü. Topçular “kor olmuşdular”.
Hədəfi heç cür
seçmək mümkün
deyildi. Dan yeri sökülürdü.
Bir az
da keçsə, ordu açığa çıxacaqdı. Mustafa Kamal
siqareti siqaretə calayırdı...
Hücum...
Hava əməllicə
ağaranda sis dağılmağa
başladı. Düşmən mövqeləri artıq
görünürdü. Dərhal artilleriya hazırlığı
üçün İsmət
paşaya (İsmət
İnönü - C.Q.) təlimat
verildi. 1922-ci ilin
26 avqustu, saat 05:30-da türk topları gurlamağa başladı...
Sursat azdı,
amma batareya düşmənin atəş
nöqtələrini məhv
edənədək yetməliydi. Əks halda
hücum alınmayacaq,
üstəlik, ordu dağlıq ərazidə
yaxşı mövqe qura bilməyəcəkdi.
İsmət paşanın bombardmanı
əsl şahmat oyunuydu. Hədəflər düz ortasından,
dəqiqliklə vurulurdu.
Yunan qərargahısa bu basqını əsl hücumdan diqqəti yayındırmaq üçün
atılan addım kimi qiymətləndirirdi.
Əsl həmlə şərqdən
gözlənilirdi. Ordusa
cənubdaydı...
Batareya atəşi
qısa müddətdə
yunan mövqelərini
çeynəyib tökdü. Növbə türk
əsgərindəydi. Baş komandanın rəhbərliyiylə
mövqelər ard-arda
düşməndən təmizlənirdi.
Yunan qərargahısa
hələ də İzmirdəki baş komandanla əlaqə yarada bilmirdi - teleqraf xətləri kəsilmişdi... Qərargahdakılar çaşqındılar. Bir-birini təkzib edən xəbərlərin ardı-arası
kəsilmirdi. Bu, əsl hücumdu, yoxsa sadəcə hərbi hiyləydi? Ordu komandiri Trikupis hər ehtimala qarşı mövqelərini yenidən
qurmaq əmrini verdi. Elə bu
əsnada baş komandan Hagi Anestidən
teleqraf gəldi.
Teleqrafda
bombardmanın diqqət
yayındırmaq üçün
həyata keçirildiyi
qeyd olunurdu. Ona görə də mövqelərin dəyişdirilməsi
dayandırıldı. Türk ordususa xeyli irəliləmişdi...
Yunan baş komandanı uzaqda - İzmirdə, türk baş komandan isə çox yaxında - cəbhədəydi...
Zəfər!
Ertəsi gün daha bir əməliyyat həyata keçirildi. Türk ordusu Afyona girdi. Mustafa Kamal qərargahını dərhal Afyona köçürdü. Müharibənin içində olmaq istəyirdi. Əməliyyatın adı “Qurd tələsi”ydi. Fevzi paşanın qurduğu plan sayəsində yunan orudusu get-gedə əhatəyə alınırdı. Düşmən gec də olsa hiyləni anlamış, qüvvələrini cənuba yönləndirməyə başlamışdı. Bu dəfəsə Yaqub Şövqi paşa şimaldan hücuma keçmiş, yunan ordusunu vəlvələyə salmışdı.
Avqustun 29-da türk ordusu yunanları Dumlupınarda mühasirəyə aldı. Düşmən “Qurd tələsi”ndəydi. Artıq son yaxındı. Türk əsgəri süngü hücumuna qalxanda Atatürk nəşələndi. Deyilənə görə, atəş xəttinə gəlib sipərin üstünə çıxaraq:
- Anesti! Di gəl ordularını xilas et! - hayqırıbmış.
Nəticə
Avqustun 30-da yunan ordusunun nizamı və əhvalı tamam pozuldu. Artıq qovhaqov başlamışdı. İzmirə 400 kilometr qalırdı. Öncə Uşak azad edildi. Yunan komandan Trikupis əsir alındı.
Sentyabrın 2-də Əskişəhər,
6-da Balıkəsirlə Biləcik, 7-də Aydın, 8-də Manisa, 9-da İzmir azad edildi. Cəmi 9
gündə Türk ordusu
400 kilometri vuruşa-vuruşa
qət etdi və hərb tarixində misli görünməyən zəfərə imza atdı.
Cavid
QƏDİR
525-ci qəzet.- 2018.-
1 sentyabr.- S.22;24.