Geologiya elminin Vasif
Babazadə məktəbi
Bakı
Dövlət Universiteti böyük, çoxsaylı bir
kollektivi əhatə edir və iyirmi beş
mindən artıq əməkdaşı birləşdirən
bu elm və təhsil müəssisəsində hamını
tanımaq heç də mümkün deyil. Amma
bu möhtəşəm universitetin əməkdaşları
sırasında elə alim-pedaqoqlar var ki, onları nəinki
doğma kollektiv, nəinki bütöv Azərbaycan ictimai
mühiti, habelə dünyanın bir çox ölkələrinin
də elmi dairəsi yaxından tanıyır.
Bu sırada dayanan insanlardan biri geologiya-minerologiya elmləri
dokroru, professor, Milli Elmlər Akademiyasının həqiqi
üzvü, Dövlət mükafatı laureatı, Əməkdar
elm xadimi, “Şöhrət” ordenli Vasif Babazadədir. Dünya şöhrətli
bu böyük alim ömrünü, elmi və ictimai həyatını
lap cavanlığından bağladığı Geologiya
fakültəsindəki Faydalı qazıntılar
kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları
elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri və
bütün bunlardan əlavə, universitet Tədris-Metodiki
Şurasının sədri kimi ciddi vəzifələri yerinə
yetirməkdədir. Əslində, saydığım bu elmi və
ictimai titullar, vəzifələr akademik Vasif Babazadənin kim olduğunu, universitet, Azərbaycan və
dünya elminə hansı xidmətlər göstərdiyini
xeyli dərəcədə açıqlayır. Lakin hər bir təvazökar elm adamının fəaliyyətinin,
bütövlükdə ömrünün elə dönəmləri
də var ki, onlara ancaq onu yaxından tanıyan, bir çox
istiqamətdən onun həyat yoluna bələd olan adamlar bələddirlər.
Tale elə gətirib ki, mən humanitar bir
fakültənin əməkdaşı ola-ola, Vasif müəllimi
lap cavan çağlarımdan, qəfil bir
tanışlıqdan tanımışam. Onda
Vasif müəllim də, mən də universitetin cavan əməkdaşları
sırasındaydıq və mənim talismanım Şirməmməd
Hüseynov mənə Jurnalistika fakültəsinə qəbul
imtahanlarında abituriyentlərin sənədlərini
götürməyi tapşırmışdı. 1976-cı ilin isti iyul günlərində həmin o
sənəd qəbulunda tanıdım Vasif müəllimi.
O zaman bu cavan oğlan artıq doktorluq dissertasiyasını da
müdafiə etmişdi və bu cavan elmlər doktoruna
universitet rəhbərliyi adı da özünə çox
uyğun gələn məsuliyyətli bir vəzifə etibar
etmişdi: qəbul imtahanlarının məsul katibi.
Vasif Babazadə dərhal hamımız üçün
çox məsuliyyətli, ciddi bir insan təsiri
bağışladı. Əlbəttə, o zamanların qəbul
imtahanlarında məsul katibin bu ciddiyyəti və məsuliyyəti
ən vacib keyfiyyət idi və rəhbərlik yəqin ki, o
cavan oğlanın bu xarakterini əsas
götürmüşdü. O vaxt mən bu alimi, pedaqoqu
xeyli yaxından tanıdım və o zamandan ötən 42 il ərzində
özünün xüsusi elmi məktəbi olan böyük
bir alimi Azərbaycan geologiya elminin korifeylərindən biri
kimi, tələbələrinə, ətrafına son dərəcə
nəzakətli, qayğılı bir insan kimi gördüm,
tanıdım.
Elmin zirvəsinə çıxan alim ömrü adətən
çətinliklər və ziqzaqlarla dolu olur. Xarakterindən, təvazökarlığından
dərhal hiss olunur ki, Vasif Babazadə öz fəaliyyət
proqramında xüsusi olaraq akademik statusuna can atmayıb. Onu bu zirvəyə
çalışqanlığı, elmi-nəzəri, praktik kəşfləri
və bir də, əlbəttə, tale qismətinə qol
qoymuş Tanrı özü çatdırıb.
Vasif
Babazadənin bioqrafiyası öz dinamikası, intensivliyi ilə
heyrət doğurur: 1960-cı ildə universiteti bitirib. O
zamanın çətin ictimai şəraitinə baxmayaraq,
tezliklə -1964-cü ildə namizədlik, 1975-ci ildə
doktorluq dissertasiyası
müdafiə edib. Onun doktorluq
dissertasiyasının mövzusu da qarşıya qoyduğu
problemi ilə sanki bu günümüzə ünvanlanıb:
“Sevan-Qarabağ zonasının filiz formasiyaları”. Bu
mövzunun elmi-nəzəri tərəfləri, geoloji
axtarış istiqamətləri bir yana,
Vasif müəllim Sevan-Qarabağ zonasının Azərbaycan
torpaqları kimi tədqiq etməsi ilə hələ o zaman
ermənilərə meydan oxumuşdur... O, həm də bu
doktorluq işini Rusiyanın elmi mərkəzi sayılan
Novosibirskdə müdafiə etmişdir.
Vasif müəllimin elmi fəaliyyəti geologiyanın
çox müxtəlif sahələrini əhatə edir. Lakin onun
araşdırmaları daha çox filiz yataqları və metallogeniyanın
öyrənilməsi ilə bağlıdır. Dünya
şöhrətli geoloq-alim, Milli Elmlər Akademiyasının
prezidenti Akif Əlizadə hələ 20 il
bundan əvvəl V.Babazadə haqqında fundamental bir məqaləsində
yazırdı: “Göstərilən istiqamətdə
uzunmüddətli tədqiqatlar nəticəsində V.M.Babazadə
tərəfindən endogen filizəmələgəlmə nəzəriyyəsinin
və metallogeniyanın inkişafı üçün
böyük töhfə hesab edilən elmi cəhətdən
bir sıra maraqlı və praktiki olaraq qiymətli nəticələr
əldə edilmişdir”. Akademik A.Əlizadənin
tədqiqatçıya verdiyi bu qiymətdə elmi yanaşma
ilə birgə həm də həmin əsərlərin
praktik (kursiv mənimdir - C.M.) əhəmiyyətini xüsusi
qeyd etməsi təsadüfi deyil. Ona
görə ki, geologiya bir elm kimi digər fundamental elmlərdən
praktik nəticələrə daha yaxın olması ilə
diqqəti çəkir. BDU-nun Geologiya
fakültəsi və xüsusilə V. Babazadə praktika ilə
birbaşa bağlı əsərlər yaratmışdır.
Təsadüfi deyil ki, ayrı-ayrı qiymətli
filiz yataqlarının tətqiqi və tətbiqi ilə məşğul
olan praktik qurumlar V.Babazadənin məsləhətlərini
diqqətlə nəzərə alırlar.
Təkrar
etməli oluram ki, akademik Akif Əlizadə hələ 20 il bundan əvvəl bu alimin elmi fəaliyyətinin
praktik nəticələrini nəzərə alaraq
yazırdı: “V.M.Babazadə kiçik Qafqazın
qızıl yataqlarının tədqiqi sahəsində
böyük iş görmüşdür. O, qızıl
yataqlarını ayrı-ayrı sənaye-genetik tiplərə
ayırmağa nail olmuş, bu yataqlar üçün filizəmələgəlmənin
temperatur rejimini, filizçökdürülmənin vertikal
diapazonunu müəyyən etmişdir ki, bu da ümumən
qızıl filizi və o cümlədən, gizli kütlələrin
perspektiv sahələrini ayırmağa imkan vermişdir”.
Akademik V. Babazadə məhsuldar alimdir. Ömrünü elmə həsr
edən bu adam Azərbaycanda və xarici
ölkələrdə çap olunan onlarca dərsliyin, dərs
vəsaitinin, monoqrafiyanın müəllifidir. Konkret
rəqəmlə ifadə etsək, akademikin bu günədək
40-dan çox kitabı işıq üzü
görmüdür. Mən bu kitabların səhifələrini
hesabladım və belə bir rəqəm alındı: 10.299
və üstəgəl, hər biri ən azı 8-10 səhifə
olan 300-dən çox məqalənin minimum səhifəsi:
2400 bunları bir yerdə hesablasaq 12699 səhifə
alınacaq. Sonra bu rəqəmi nəşriyyat termini olan
çap vərəqinə böldüm (nəşriyyat dilində
bir çap vərəqi 16 səhifədir) Onda belə bir rəqəm
alındı: 794. Deməli, Vasif müəllimin
indiyə qədərki elmi əsərləri 794 çap vərəqi
həcmindədir. Onu da qeyd edim ki, mən
akademikin müştərək müəlliflik etdiyi
kitabları bu hesablamaya daxil etmədim.
V.Babazadəin bir alim kimi məhsuldar fəaliyyəti həm
də onun Azərbaycanda kəşf olunan müxtəlif
növ filiz yataqlarının meydana gəlməsi, vətənimizə,
millətimizə gətirdiyi praktik xeyirlə də
ölçülməlidir.
Yuxarıda Vasif muəllimin xarici ölkələrdə
də tanınması və yüksək elmi dairələrdə
xüsusi qiymətləndirilməsi məsələsinə də
toxundum. Vasif
müəllim Rusiya, Almaniya, Çin, Türkiyə, İran,
İspaniya, Albaniya, Gürcüstan, Serbiya, Ukrayna və digər
ölkələrdə təşkil olunan çoxsaylı beynəlxalq
simpozium, konfrans və seminarlardakı problematik elmi
çıxışları ilə böyük alim nüfuzu
qazanmışdır. Onun rus dilini öz doğma dili qədər
səlis bilməsi, rus dilinin elmi üslubunu səviyyəli bir
alim kimi mənimsəməsi kitablarının bir çoxunun
bu dildə çapına və deməli, daha geniş arealda
yayılmasına şərait yaratmışdır. Alimin bir sıra kitabları Moskvanın nüfuzlu nəşriyyatlarında
çap edilmişdir.
Aydındır ki, Universitet müəlliminin tələbələr
qarşısında qazandığı nüfuzun böyük
bir hissəsi onun özünün dərs dediyi fənlərə
aid dərslikləri ilə bağlı olur. Vasif Babazadə Geologiya fakültəsində
dərs dediyi fənlərin hər birinə,
üstəgəl, digər fənlərə dair üst-üstə on beşə
yaxın dərsliyi və bir neçə dərs vəsaitini
hazırlayıb nəşr etdirmişdir. Belə bir məhsuldar fəaliyyətin
nəticəsidir ki, Geologiya fakültəsində dərslik
çatışmazlığı minimum səviyyədədir.
Vasif Babazadə bir sıra dövlət və beynəlxalq
proqramların, qrant layhəsinin qalibidir. Alimin bu proqram və layihələrə
təqdim etdiyi əsərlərin təkcə
mövzularını qeyd etmək kifayətdir ki, onların
müəllifinin müsabiqədə qalib gəlməsinin səbəbi
aydın olsun: “Cənubi Qafqazın qızıl yataqları:
onların genezisi və axtarış əlamətləri”,
“Kiçik Qafqazın vulkano - plutonik komplekslərinin mis filizi
yataqları: onların genezisi və axtarış perspektivləri”,
“Kiçik Qafqaz ada paloqövslərinin vulkano - plutonik komplekslərində
inteqral geoloji - genetik modellərin dinamik filizəmələgətirmə
sistemləri və qızıl filiz yataqlarının məkan
- zaman təkamülü”. Göründüyü
kimi, bu mövzuların hamısı nəzəriyyə və
təcrübəni birləşdirməklə, milli geoloji
axtarışlara güclü təkan verməkdədir.
Vasif Babazadə respublikamızın və bir sıra
xarici ölkələrin elmi qurumlarının
sayılıb-seçilən üzvləri
sırasındadır. O, Azərbaycan Respublikası Elmi Tədqiqatların
Əlaqələndirilməsi Şurasının tərkibindəki
Yer elmləri üzrə Şuranın, BDU-da FD.02.195
Dissertasiya Şurasının sədridir. Milli
Elmlər Akademiyasında geologiyaya dair neçə-neçə
şuranın üzvüdür. Bundan əlavə,
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mineral - Xammal Elmi-Tədqiqat İnstitutu Elmi
Şurasının üzvüdür. Akademik
habelə Rusiya EA Yer Elmləri Bölməsinin Stratiform
yataqların geologiyası üzrə Regional işçi
qrupun, Qafqaz Mineral Xammal İnstitutu Elmi Şurasının
(Tbilisi) üzvüdür. Çox qısa xülasəsini
təqdim etdiyim bu vəzifələrin hər biri ciddi
işgüzarlıq, sıx-sıx ezamiyyətlər tələb
edir ki, Vasif müəllim ömrünün bugünkü
ahıl çağında da heç vaxt yoruldum demir.
Vasif Babazadə bir Azərbaycan patriotudur. O, xarici ölkələrdə
iştirak etdiyi bütün tədbirlərdə yüksək
səviyyə, yüksək elmi istedad və yüksək vətəndaşlıq
ləyaqətilə milli maraqlarımızı həmişə
önə çəkməkdədir. Yüksək
vətəndaşlıq amalı ilə yaşayan bu
böyük alim üçün ömrünün
bütün şüurlu dövrünü həsr etdiyi
Bakı Dövlət Universiteti müqəddəs, sakral bir məkandır.
O, Universitetimizin elmi - pedaqoji, ictimai həyatında öz fədakarlığı
ilə seçilən bir insandır. Bu fədakarlığı
Vasif müəllim Universitetin bir sıra qurumlarına rəhbərliyi
ilə, digər qurumlarda üzv kimi iştirakı ilə
göstərməkdədir. O, Universitet Elmi
Şurasının üzvüdür, Təbiət elmləri
üzrə jurnalın elmi redaktorudur.
Tale elə gətirib ki, mən şəxsən
özüm onun bu qurumlardakı fədakar işinin canlı
şahidi olmaqdayam. Amma alimin daha bir önəmli vəzifəsi
var ki, mən bu insanın işgüzarlığını
burada daha yaxından izləməli oluram: Vasif müəllim
Universitet Tədris-Metodiki Şurasının sədridir. Bu
qurumun Jurnalistika fakültəsi üzrə sədri kimi,
Universitet Tədris - Metodiki Şurası İdarə Heyətinin
üzvü kimi mən, demək olar ki, hər gün Vasif
Babazadəni müşahidə etməkdəyəm. Universitet
Elmi Şurasının əksər iclaslarında
Şuranın sədri, Azərbaycan və Rusiya Elmlər
Akademiyasının həqiqi üzvü, rektorumuz Abel Məhərrəmov
Tədris - Metodiki Şuranın işinin bu- günkü
yüksək səviyyəyə çatmasının əsas
səbəbkarının Vasif Babazadə olduğunu xüsusi
qeyd edir. Çünki Vasif Babazadə
özünün Azərbaycana olan sevgisini bütün vəzifələrdə
və xüsusi olaraq Tədris - Metodiki Şuraya rəhbərlikdə
daha çox göstərir. Onun bu qurumda
idarə heyətinin üzvlərinə, fakültə
metodşura sədrlərinə tövsiyə və
tapşırıqları, bu tapşırıqların
icrasına diqqəti qurumun bu qədər qiymətləndirilməsinin
əsasını təşkil edir. Vasif
müəllim Tədris - Metodiki Şuranın əməkdaşlarını
diqqətdə saxlayır və onun bu sahədəki kadr
seçimlərinə verdiyi tövsiyələr öz səmərəsini
göstərir. Təkcə onu qeyd etmək yerinə
düşər ki, 2016-cı ilin ortalarından Azərbaycan
Respublikası Təhsil Nazirliyinin ali məktəb
alimlərinin elmi-pedaqoji istiqamətdə əsərlərinin
nəşri üçün qrif verilməsini universitetlərə
həvalə etdi. Onda Universitet Elmi Şurasının qərarı
ilə bu işi icra etmək üçün Qrif
Şurası yaradıldı və Vasif müəllimin təşəbbüsü
ilə Qrif Şurasına rəhbərlik işi onun çox
etibar etdiyi, universal elmi səviyyəsi və obyektivliyi ilə
universitet kollektivinin yekdilliklə bəyəndiyi dosent Vaqif
Qasımova tapşırıldı. Vaqif Qasımovun fəallığı
və Qrif Şurasının intensiv
çalışqanlığı ilə çoxdan
yığılıb nazirlikdə qalmış minə
yaxın dərslik, dərs vəsaiti, fənn proqramlarına,
metodiki göstərişlərə, monoqrafiyalara cəmi bir
ilin müddətində tələblərə cavab verənlərə
qrif təqdim olundu, zəifləri yenidən işlənmək
üçün müəlliflərinə qaytarıldı və
s.
Akademik Vasif Babazədənin çox qısa xülasəsini
verdiyim bu fəaliyyəti dövlətimiz, elmi-ictimai zümrəmiz
tərəfindən yüksək qiymətləndirilir. O, hələ 1978-ci ildə
Təbii resurslardan səmərəli istifadə etməklə
bağlı silsilə əsərlərinə görə Azərbaycan
SSR Dövlət Mükafatına layiq
görülmüşdür. Bu mükafat Ümummilli liderimiz Heydər Əliyevin
respublikamıza başçılığının birinci
dövrünə düşür. 2000-ci ildə Prezident Heydər
Əliyevin Sərəncamı ilə Vasif Babazadə “Əməkdar
elm xadimi” adına layiq görülmüşdür. 2009-cu ildə Prezident İlham Əliyevin fərmanı
ilə bu böyük elm xadimi “Şöhrət” ordeni ilə
təltif edilib. 2017-ci ildə AMEA-nın akademik Musa
Əliyev adına mükafatını
almışdır. 2001-ci ildə Bakı
Dövlət Universiteti Elmi Şurasının qərarı ilə
“İlin müəllimi” nominasiyasının qalibi olmuşdur.
Və nəhayət, lap bu yaxınlarda - 2018-ci ilin iyul
ayında Vasif Babazadə Gürcüstan Milli Elmlər Akademiyasının
akademik Aleksandr Tvalçrelidze adına
mükafatına layiq görülüb.
Vasif Babazadənin yaratdığı elmi məktəblərin
təməli onun 1973-1980-ci illərdə dekanı olduğu
Geologiya - coğrafiya fakültəsində qoyulmuşdur. Bu nüfuzlu
alim hələ o illərdə universitet rəhbərliyini
inandıra bilmişdir ki, Geologiya elminin və tədrisinin
ciddi inkişafı üçün bu tədris müəssisəsində
ayrıca fakültəyə ehtiyac var. Beləliklə,
bugünkü Geologiya fakültəsi Vasif müəllimin təşəbbüsü
ilə yaradılmışdır. Bir az
keçəndən sonra Vasif müəllim fakültənin
Faydalı qazıntılar kafedrasına rəhbərlik etməklə
bərabər, “Yer ehtiyatlarının aerokosmik tədqiqatları”
elmi - tədqiqat laboratoriyasını yaradır və bu
günədək ona rəhbərlik etməkdədir.
Vasif Babazadə bütün bu elmi fəaliyyətinin nəticəsi
olaraq 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü
seçilmişdir. Bir neçə ildən sonra elmə
aparan yol onun AMEA-nın həqiqi üzvü seçilməsinə
gətirib çıxarmışdır.
Bakı Dövlət Universiteti bu gün Azərbaycan
Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq
edir. Universitetin akademiya ilə sıx əlaqəsinin
qurulmasında Vasif Babazadənin də əməyi çoxdur.
O, universitetin rektoru akademik Abel Məhərrəmovun tədrisin
elmlə bağlılığını daim təmin etmək
kimi qarşıya qoyduğu bir vəzifəni ən çox təqdir
edən və bunun reallaşmasına öz töhfələrini
verən bir alim - pedaqoqdur.
Akademik Vasif Babazadə bir neçə istiqamətdə elmi məktəb yaratmışdır. O, Universitetin Faydalı qazıntılar kafedrasında meydana qoyduğu “Strateji növ mineral-xammal resursları-geoloji xüsusiyyətləri, əmələgəlmə şəraitləri, kompleks mənimsənilmə və istifadənin fundamental problemləri”, “Petroloji və geokimyəvi tədqiqatlar”, “Ofiolit qurşaqlarının metallogeniyasının işlənib hazırlanması” (Qafqazın mərkəzi hissəsinin timsalında) kimi məktəblərini yaratmışdır.
Aydındır ki, yaradıcı şəxsiyyətin elmi, ictimai-fəaliyyəti o zaman məktəb kimi qəbul olunur ki, bu istiqamət özünün şəksiz davamçılarını tapmış olsun. Vasif Babazadənin yaratdığı məktəblərin davamçıları birbaşa onun özünün yetişdirdiyi çoxsaylı alim zümrəsidir.
Mən böyük bir elm xadimi haqqında bu
kiçik qeydlərimi Akif Əlizadənin sözləri ilə
başlamışdım və sonda da onun sözləri ilə
bitirmək istərdim: BDU-nu bitirmiş Vasif
Babazadə “1961-ci ildə BDU-ya işə dəvət edilir və
o vaxtdan fasiləsiz olaraq universitetdə işləyərək
Faydalı qazıntılar muzeyinin kiçik elmi
işçisindən Geologiya-coğrafiya fakültəsinin
Faydalı qazıntılar kafedrasının müdiri vəzifəsinə
qədər bir yol keçir”. Akademik Vasif Babazadə həmin
yolun ləyaqətli bir davamçısı kimi bu gün də
uğurla irəliləməkdədir. Fərq
orasındadır ki, indi bu böyük alim ömrünün ən
müdrik çağını yaşayır və canı qədər
sevdiyi Azərbaycana daha qiymətli elmi töhfələr verir.
Dost deməyə cəsarət etdiyim belə məhsuldar bir
alimin sabah - sentyabrın 2-də 80 yaşı tamam olur. Geologiya
elmimizin yeni uğurları naminə uca Tanrıdan ona uzun
ömür arzulayıram.
Cahangir
MƏMMƏDLİ
525-ci qəzet.- 2018.-
1 sentyabr.- S.18.