Sənətdə dəniz obrazı:
dalğalı duyğular mozaikası
II yazı
Dənizlə
bağlı söylənən müxtəlif fikirlər
arasında Tofiq Fikrətin sözü daha çox diqqətimi
cəlb etmiş, bir az da xətrimə dəymişdi.
O deyirdi
ki, “dəniz qadın kimidir, heç güvənmək olmaz!” Təkcə o deyil ki, kimlər, kimlər dənizi
qadınla müqayisə etməmişdi ki. Hər ikisi
nazlı, hər ikisi cilvəli, hər ikisi uzaqdan huzur dolu,
amma yaxınlaşdıqca hər ikisi bir-birindən təhlükəli...
Hələ keçən yazımızda
xatırlamışdıq bu möcüzə dolu
yaradılışı. Hələ onda da
danışmışdıq insan duyğularını təlamtümə
gətirən dənizin incəsənətə təsirindən,
illərdən bəri müxtəlif sənət sahələrindəki
obrazından.
Dəniz
- dubl 2
Dünya kinomatoqrafiyasındakı dəniz
obrazını xatırlayarkən sizin də ilk
ağlınıza əvəzolunmaz “Titanik” gəlirmi?!
Dünyanın xatırlamaq istəmədiyi dəniz qəzası
olan “Titanik” faciəsi əsasında çəkilmiş əfsanəvi
film.
Filmdə 10 aprel 1912-ci ildə “Titanikin” səyahətə
başlayıb batmasına qədər davam edən hadisələrin
təsviri verilib. 20 il əvvəl çəkilməyinə
baxmayaraq, dünyanın ən çox izlənilən filmləri
sırasında birinciliyini heç zaman itirməyən ekran əsəri,
həmçinin, dünyanın ən bahalı filmidir. Sonda gəminin batacağını, baş qəhrəmanın
öləcəyini bildiyi halda çoxlarının dəfələrlə,
dönə-dönə baxdığı bu filmin sirri nədədir
bəs? Bəlkə əsl sevgi,
bütün çirkinlərin içərisindən
qayalıqdakı çiçək kimi baş
qaldırmış saf insani duyğular, sevgi uğrundakı fədakarlıq?
Yəqin ki, bu sualın cavabı hər kəs üçün
dəyişə bilər. Dəyişməyən
tək gerçək isə “Titanik”in bütün dövrlərdə
dünyanın ən çox izlənilən və sevilən
filmi olmasıdır.
Film real hadisəyə əsaslansa da, burada həmçinin,
məhəbbət xətti də var. Kasıb ailənin
oğlu olan Cek “Titanik”in yola çıxmasına 5 dəqiqə
qalmış qumarda gəmiyə bilet udur. Bu səyahətdə isə
varlı ailənin qızı olan Rouzla tanış
olur. Rouz yaşadığı yüksək cəmiyyətin
sıxıcı əyləncələrindən bezib. Rouzun qısa müddət əvvəl vəfat
etmiş atası arxasında böyük məbləğdə
borc qoyub. Və bu borcun yükü ailəsinin
üzərindədir. Buna görə də
Rouzun anası həm borclarını ödəmək, həm
də yüksək təbəqə statusu almaq
üçün Rouzu Kellə nişanlayıb. Qız isə Keli sevmir, yalnız anasının
xahişinə görə evlənməyi qəbul edib.
Ancaq Rouz Ceklə tanış olduqdan sonra əsl
məhəbbətini tapdığını başa
düşərək Kellə evlənməyi rədd edir. Bundan sonra iki sevgilinin qovuşmaq üçün
mübarizəsi başlayır.
Ekran əsərində həmçinin, gəmi sahiblərinin
özündən razılığı göstərilib. Onlar daha tez
çatmaq üçün gəminin sürətini
artırırlar və buna görə də qarşıdan gələn
aysberqi gördükdə gəminin istiqamətini dəyişməkdə
gecikirlər.
Filmdə məhəbbət xətti ilə
yanaşı, sinfi fərqləndirmələrin
doğurduğu acı nəticələr də göstərilib. Ona görə
də çox zaman “Titanik”ə gündən-günə yolunu
azan, pul və şöhrət hərisi insana təbiətin
bir növ dərsi də deyirlər. Heyf
ki, bu dərs onlarla, bəlkə də yüzlərlə
günahkarla bərabər, Cek kimi saf, günahsız aşiqin
də sonu olur.
Həqiqətə uyğunluğu və yüksək
peşəkarlığı sayəsində 11 Oskar
mükafı almış film kino tarixinin ən yadda qalan filmlərindən
birdir.
1987-ci ildə çəkilmiş alman istehsalı olan
“Das Boot” filmi İkinci Dünya Müharibəsində alman dənizaltı
donanmasının Atlantik okeanında
qarşılaşdığı çətinliklərdən
bəhs edir. Heyət okeanın ortasında yalnız
ölüm-qalım deyil, həm də insanlıq
savaşı verir. Müharibənin ən
ağır anlarını özündə əks etdirən
ekran əsərindəki hadisələr 1942-ci ildə cərəyan
edir.
lll
“İçimdəki
Dəniz” (Mar Adentro) ispan rejissor Alexandro Amenabarın
rejissorluğunu etdiyi 2004-cü il
istehsalı olan bioqrafik filmdir. Film real hadisələrə
əsaslanaraq ssenariləşdirilib.
Film vaxtı ilə gəmidə mexanik kimi işləyən
Ramon Sampedro adlı ispan bir vətəndaşın həyatından
bəhs edir. Bir gün dənizdə olarkən Ramon qəzayla
üzləşir. Dənizə dalmaq istəyən
Ramon, bilmədən dənizin dayaz hissəsinə baş
vurur. Nəticədə başından
ağır zərbə alır. Bədəninin
boğazdan aşağı hissəsini idarə edə bilmir.
30 il bu vəziyyətdə tək bir otaqda
yaşayan Ramon, sonda ölmək qərarına gəlir. Lakin olduğu vəziyyət bunu özünün
reallaşdırmasına mane olur. Çarəsiz
qalan Ramon onu öldürməyi yaxınlarından istəmək
məcburiyyətində qalır. Lakin heç kim onun bu istəyini etməyə
razılaşmır. Ramon onu öldürmələri
üçün dövlətə müraciət edir. Onun bu qərarı məhkəmədə müzakirə
edilir. Ancaq məhkəmə də bu qərarın
qəti əleyhinə çıxır. Hər
kəs onu bu qərarından döndərməyə
çalışır. Onun
hüquqlarını müdafiə edən vəkili Culia və
onu həyatın gözəl olduğuna, yaşamağa dəydiyinə
inandırmağa çalışan, həyatına sonradan
daxil olmuş biri Rosa-hər iki qadın onun daim yanında
olurlar. Nə qədər insan Ramonu fikrindən
daşınmağa sövq etsə də, o, öz fikrində
qalır. Onun yalnız bir istəyi vardı-ölmək!..
2004-cü
il istehsalı olan “Açıq dəniz”
filmi sevgiylə qorxunun, cəsarətlə ölüm təhlükəsinin
birləşdiyi macəra dolu bir ekran əsəridir. Suzan və Daniel adlı sevgililər tətil
üçün bir adaya gedirlər. Cütlüyün
ilk istəyi suyun altındakı gözəllikləri öz
gözləri ilə görməkdir. Bu
arzu ilə də macəra başlayır. Dənizin
altına tur təşkil edən heyət bu cütlüyü
okeanın ortasında unudur. Cütlük həm
aclıq, susuzluq, həm də dənizin
şıltaqlığı, balinalarla da mübarizə
aparmalı olur. Suzan və Danielin bu
qarışıq, qorxunc dənizdən qurtuluş əhvalatı
illərdir izləyicilərə həyəcan dolu anlar
yaşatmaqda davam edir.
2016-cı ildə Kreyq Gillespinin rejissorluğu ilə
yayımlanan tarixi-dram, macəra janrındakı “Çətin
saatlar” filmi 1952-ci ilin 18 fevralında baş verən hadisədən
bəhs edir. Həmin gün İngiltərənin Şərq
sahillərini iflic edən, yoluna çıxan bütün gəmiləri
çətin vəziyyətə salan fırtına Bostona təhkim
SS Pendleton T-2 petrol tankerini iki hissəyə bölür.
İçində 30 dənizçi olan gəmi
sürətlə sulara qərq olmağa başlayır. Qorxu və dəhşətin bürüdüyü
heyəti fövqəladə vəziyyətdə idarəçiliyə
sahib baş mühəndis Ray Sybert sakitləşdirməyə
çalışır. Səyləri nəticə verir
və heyət sakitləşdikdən sonra hərə vaxt
itirmədən bir iş görməyə başlayır. Artıq insanla dənizin ölüm-qalım
savaşını izləyirik. Onlar
şiddətli fırtınaya qarşı dirənərkən
kilometrlərlə uzaqda ikinci bir qrup da oxşar mübarizənin
qəhrəmanlarına çevriliblər. Bu, onlara kömək üçün gələn
Amerika Xilasetmə dəstəsinin üzvləridir. Ekran
işi təkcə can qurtarmaq əməliyyatı deyil, qəzəbli
dənizin qoynunda ölümlə savaşa girən
insanların ömürləri boyunca unutmayacaqları hadisələr
zənciridir. Görəsən, bu mübarizədən qalib
çıxan kim olacaq? Dəniz,
ya insan?
Oxşar sual “Dənizin ortasında” filmində də
qarşımıza çıxır. Çünki həmin tankerdəki
mübarizənin bənzəri 2015-ci il
istehsalı olan filmdəki “Nantuket” adlı balina ovu
üçün istifadə edilən gəmidə də getməkdədir.
Natanial Fillbrikin “Eyni” adlı romanı əsasında rejissor
Ron Hovardın çəkdiyi film 1820-ci ildə həmin gəminin
çox dişli İspermeçet balinasının hücumu
ilə parçalanmasından bəhs edir. Burada
da dənizlə insanın müdhiş mübarizəsi filmin əsas
mövzusunu təşkil edir. Qrupda
yalnız 8 nəfərin sağ olaraq qurtulduğu bu hadisə
gələcəkdə məşhur yazıçı Herman
Melvilin yazacağı “Mobi Dik” əfsanəsi üçün
ilham qaynağı olur.
Həmin il Türkiyədə də sirli-sehrli dənizin
insanlar üçün necə məzara çevrilə biləcəyi
haqqında bütün dövlərin ən maraqlı filmlərindən
biri nümayiş olunurdu. Rejissor Tolqa
Qaraçeliyin öz ssenarisi əsasında çəkdiyi
“Sarmaşıq” filmi dərin psixoloji qatları ilə
insanı əvvəlindən axırına qədər öz
təsirində saxlaya bilir. Yeni fəaliyyətə
başlamış gəmi firması iflasa uğrayır.
O əsnada səfərdə olan gəmisindəki
işçiləri gəmidə köməksiz qalırlar. Çünki maaşlarını ala bilməkləri
üçün dəniz qanunlarına görə gəmidə
qalmağa məcburdurlar. Alacaqlarından
imtina edib gəmini tərk edənlərdən sonra cəmi 5
işçi və kapitandan ibarət heyət ürək
üzən gözləməyə başlayır. Artıq onlar təkcə dənizlə deyil, həm
də zamanla mübarizədədirlər. Bu
isə artıq fiziki deyil, psixoloji savaşdır. Və bu savaşdan hərə bir cür
çıxır.
lll
Əsrlərdən bəri dəniz həm də
quldurların məskəni olub. Dəniz səyyahlarının
qorxulu yuxusuna çevrilən bu quldurlar həm bədii ədəbiyyatın,
həm də filmlərin əsas mövzularından biridir.
Dünya kinomatoqrafiyasında bu mövzu ilə
bağlı ən məşhur film seriyası “Karib dənizinin
quldurları”dır. Müxtəlif illərdə çəkilmiş “Qara incinin
lənəti”, “Ölü adamın sandığı”,
“Dünyanın sonu”, “Sirli dənizlərdə”,”Salazarın
intiqamı”, “Ölülər nağıl danışmır”
filmlərində qəhrəmanlar hər dəfə yeni və
fərqli dəniz macəraları ilə
qarşılaşırlar.
2013-cü ildə rejissor Paul Gringrossun çəkdiyi “Kapitan
Filips” filmi də bu cür əsərlər
sırasındadır. Ekran işinin mövzusu 2009-cu ildə bir
gəmidə yaşanan həqiqi hadisədən
götürülüb. Filmdə bir
konteynir gəmisinin quldurların hücumuna məruz
qalmağı və heyrətin əsir götürülməyi
şahidlərin xatiələri əsasında həqiqətə
uyğun çəkilib.
2017-ci ildə çəkilmiş “Somali dəniz
quldurları” filmində isə jurnalist Jay, öz sakit həyatını,
Somali dəniz quldurları arasındakı bir həyata dəyişir. Bütün
çətinliklərə sinə gələrək, burada
baş verənləri olduğu kimi dünyaya göstərməyə
çalışır.
lll
Bu filmlərin hamısı sanki dənizin yalnız lənətlənmiş,
qorxunc, vahiməli ölüm bataqlığı olduğu
fikrini oyatmasın. Dəniz sirri, sehri, dəliliyi, sakitliyi,
huzuru ilə gözəldir.
Bəzi filmlərdə dəniz yay
mövsümünün simvolu, gözəl mənzərənin
əsas ünvanıdır.
Əgər yayın son günlərində, payız
qapının ağzını kəsdirdiyi halda siz hələ
də evdə tətil xəyalları quraraq
sıxılırsınızsa, keçən yaya
damğasını vuran “Call me by your Name” əsl sizin
üçündür. Luca Guadagninonun rejissoru olduğu filmdə
hadisələr 1980-ci illərin İtaliyasında cərəyan
edir. İki gəncin romantik anlarını
izləyərkən, diqqətli olun, çünki Aralıq dənizinin
sizi özünə çəkən atmosferinə
qapılmamaq mümkünsüzdür.
Aralıq dənizin mavi görüntüsünə qərq
olacağınız digər film isə Matt Damon, Qvinet Peltrou və
Jude Lovu 1990-ci illərin sonunda bir araya gətirən “The
Talented Mr. Ripley” filmidir. Ekran əsəri Tom Ripleyin qeyri-adi iş təklifini qəbul
etməsi və İtaliyada unuda bilməyəcəyi yay
keçirməsindən danışır. Əfsanə
üçlüyün getdikcə möhkəmlənən
dostluğunu izləyərkən bir tərəfdən də dəniz
öz ecazkarlığı ilə sizə əsl yay istirahəti
yaşadacaqdır.
Ailəsindən qaçan iki gənc aşiqin hekayəsindən bəhs edən “Moonrise Kingdom” filmi isə dəniz və qumsal deyiləndə ağla ilk gələnlərdəndir.
ABBA-nın hit mahnılarını həm dinləyib, həm də izlədiyimizi “Mamma Mia” filmi, xəyallardakı yay fəslini ekranlara daşıyan başqa bir kinomatoqrafiya əsəridir. Atasını tapmağa çalışan gənc bir qadının hekayəsindən danışan filmdə Meryl Streepin aktyorluğu və yunan sahillərinin gözəlliyinə vurulmamaq sadəcə mümkün deyil!
lll
Dəniz macəralarını mövzu olaraq seçən, ya da füsunkar dəniz mənzərəsi ilə göz oxşayan filmlərin siyahısını istənilən qədər uzatmaq olar. Əgər dənizi sevir, onun bütün şıltaqlıqlarını, qorxu və həyəcanlarını, dəniz macəralarını sevgi ilə qəbul edirsinizsə, mavi suları ekrandan belə izləməyin sizə xoş anlar bəxş etdiyini deyirsinizsə, onda haqqında danışdıqlarımızdan başqa, bir neçə dəniz səhnələri ilə bol filmləri diqqətə çatdıra bilərik: “Səssiz və dərindən get”, “ABYSS”, “Qızıl oktyabr”, “Dənizdə üsyan”, “Dostluq dənizi”, “Sürət tələsi- 2”, “Perfect Storum”, “U-571”, “K-19 təhlükəli saatlar”, “Dibdəkilər”, “Dünyanın uzaq ucu”, “Düşmən ellərində, “Poseydon”, “The last ship”, “Qara dəniz”, “Sahil güvənlik”, “Əməliyyat: Qırmızı dəniz”...
Əziz oxucu, bizim sizin
üçün sənətin digər sahələrindəki
dəniz obrazını araşdıracağımız
qarşıdakı bir həftəni siz də haqqında
danıdığımız, diqqətinizi çəkə
bildiyimiz filmlərlə daha maraqlı və daha faydalı edə
bilərsiniz. İndidən hər birinizə xoş seyirlər
diləyirik!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.-
1 sentyabr.- S.17.