“Azərbaycan mənə öz vətənim
kimidir”
ŞAİR
VƏ TƏRCÜMƏÇİ ŞAHİNƏ
İBRAHİMOVA: “ÖZBƏKİSTANDAN SONRA HEÇ YERDƏ
BURADAKI QƏDƏR DOĞMA VƏ İSTİ
MÜNASİBƏT GÖRMƏMİŞƏM”
Bugünlərdə Dünya Gənc Türk Yazarlar
Birliyinin təşkilatçılığı ilə
“Türk dünyasının vətəndaş cəmiyyəti
institutlarının inkişaf modelləri” mövzusunda layihə
həyata keçirilib.
Layihə çərçivəsində Türk
dünyasının müxtəlif ölkə və
topluluqlarından tanınmış ziyalılar, yazarlar ölkəmizdə
qonaq olublar.
Daşkənd Dövlət Şərqşünaslıq
İnstitutunun müəllimi, özbəkistanlı şair, tərcüməçi
Şahinə İbrahimova da bu məqsədlə ölkəmizdə
səfərdə olan qonaqlar arasında idi. Fürsətdən istifadə
edib Şahinə xanımla söhbətləşdik:
-
Şahinə xanım, ölkəmizə xoş gəlmisiniz! Daha öncə Azərbaycanda olmuşdunuzmu?
-
Çox təşəkkür edirəm. Bəli,
Azərbaycana ilk gəlişim deyil. İlk dəfə
üç-dörd il öncə bir layihə
ilə bağlı gəlmişdim. Hazırda
Türkiyənin Hacəttəpə Universitetinin Ədəbiyyat
fakültəsinin dekanı, professor Şükrü Akalukun rəhbərliyi
ilə bir layihə üzərində işləyirik.
Ankara Bilişim (İnformatika- tərc.) Dərnəyi
ilə birgə ortaq Bilişim terminləri lüğətini
hazırlayırıq. Həmin layihə
üçün Azərbaycana gəlmişdik. Təkcə mən yox, Qazaxıstan,
Qırğızıstan, Türkiyə, Türkmənistandan
da mütəxəssislər vardı. Burada
bir neçə gün həm işlədik, həm də gəzdik.
Bakının gözəl yerləri ilə tanış
olduq. Onda Bakının, Azərbaycanın qonaqpərvərliyi
ilə tanış olmaq şansı
qazandım. Bu dəfə isə həmin səfərin
məndə buraxdığı təəssüratlar sayəsində
çox böyük həvəslə, sevgiylə gəldim.
Başqa ölkələrdə də
olmuşam, amma Özbəkistandan sonra heç yerdə Azərbaycandakı
qədər doğma və isti münasibət görməmişəm.
Ona görə də bura mənə öz vətənim
kimidir. Burada yazıçı, ədəbiyyatşünas,
türkoloq dostlarım da çoxdur.
- Özbəkistandakı
fəaliyyətiniz haqqında oxucularımıza məlumat verərdiniz.
- Özüm Daşkənd Dövlət Şərqşünaslıq
İnstitutunun Türkologiya bölməsində işləyirəm. Həmçinin,
bir ildir ki, həmin institutun yenicə açılmış tərcüməşünaslıq
fakültəsində də çalışıram. Orada Türk dili və ədəbiyyatından dərs
keçirəm. Bununla bərabər, orada
Gənc İxtiraçılar Birliyini yaratdıq. Birlik Gənclər İttifaqı nəzdində fəaliyyətə
başlayıb. Əsas məqsədi paytaxtdan
və bölgələrdən gənc
ixtiraçıları, savadlı gəncləri toplayıb,
onlara dəstək olmaqdır. Proqram
çərçivəsində müxtəlif forumlar,
konfranslar keçiririk. Birlik Özbəkistanda
çox böyük marağa səbəb oldu. Bir il içərisində rəsmi beş minə
yaxın üzvü öz ətrafında toplamağı
bacardı. Qeyri-rəsmi üzvlərin sayı
isə bundan qat-qat artıqdır. Birliyə
şəxsən Özbəkistan Prezidenti Şavkat Mirziyayev
özü də dəstək verib. Birlik
yaradılandan sonra ilk “Özbəkistan Respublikası gənc
ixtiraçıları” forumu keçirildi. Bu forumda
müxtəlif sahələr üzrə (publisistika, dramatika, nəzm,
nəsr, tərcümə) ayrı-ayrı bölgələrdən
istedadlı gənclər iştirak etdilər, bir-biriylə,
bir-birinin əsərləri ilə tanış
olmaq şansı əldə etdilər.
Bundan başqa. bahar festivalları, simpoziumlar da təşkil
olunur. Bu ilin may ayında Daşkənddə Bostanlıq adlanan
dağlıq bir yerdə “Tərcüməçilər həftəsini”
keçirtdik. Layihəyə beş ali məktəb - Daşkənd
Dövlət Şərqşünaslıq İnstitutu,
Daşkənd Dövlət Cahan Dilləri Universiteti, Daşkənd
Milli Universiteti, Əlişir Nəvai adına özbək dili
və ədəbiyyatı Universiteti və İslam
Akademiyasında təhsil alan Avropa və Şərq dilləri
üzrə gənc tərcüməçilər cəlb
edilmişdi. Onlar öncədən
seçilmiş özbək ədəbiyyatından nümunələri
öz ixtisaslaşdığı dillərə çevirdilər.
Onların işləri isə həmin dillər
üzrə ixtisaslaşmış ekspertlər və yazarlar tərəfindən
qiymətləndirildi. Mən orada türk
qrupuna rəhbərlik edirdim. Ən
yaxşı tərcümələri ədəbi jurnallarda və
sonradan kitab halında çap etdirmək üçün
seçdik. Sonda isə ən yaxşı
tərcümə sahibləri mükafatlandırıldılar.
Bu cür layihələrin həyata keçirilməsi
çox mühümdür.
- Sizin ədəbiyyat
sevginiz həm də genlərinizdən gəlir. Atanız Babaxan Məhəmməd Şərifin
adı bir şair, tərcüməçi, naşir kimi
bütün türk dünyasına yaxşı
tanışdır. Sizin bu sənəti seçməyinizdə
onun nə kimi təsirləri oldu?
- Təbii
ki, onun təsiri çox böyük idi. Mən uşaqlıq
illərimi düşünüb, o illərdəki atamı
xatırlayanda gözümün qabağına həmişə
öz iş otağında yazı maşınının
arxasında dayanmadan yazan, ətrafı kitablarla, vərəqlərlə
çevrilmiş adam gəlir. Onda komputer yox idi və atam o maşında dayanmadan
yazardı, bəzən bəyənməz və
kağızı əzib yerə atardı, sonradan mən tək-tək
yığışdırardım, hətta hərdən
maraqlanıb o kağızlara da baxardım. Atamı yazı masasının arxasından
qaldırmaq çox böyük əzab idi, hətta yeməyə
belə bəzən gəlməzdi. Təbii
ki, dövlət işində də işləyirdi, o dövrdə
bütün SSRİ-də çox məşhur olan Qafur Qulam
Nəşriyyatının direktoru idi. Ona
görə də yazı bütün bu işlərdən
artıq qalan zamanlarının məhsulu idi.
Nəşriyyatda işlədiyindən bütün
çıxan kitabların ilk siqnal nüsxələri bizim evə
gələrdi, atam, ya da anam oxuyub redaktə edərdilər. Anam da Türk
dili və ədəbiyyatı müəllimi olduğundan mən
elə ədəbiyyatın içərisində
böyüdüm. Türkcəyə də,
ədəbiyyata da marağım ordan gəlir.
Hətta onun bizə çox qəribə bir cəza
metodu vardı.
Biz ailədə dörd uşağıq. İlk üçümüzün aramızda cəmi
bir yaş fərq var. Ona görə də uşaq vaxtı
üçümüzün mübahisəmiz çox
düşərdi, yola getməzdik. Onda atam
hərəmizi otağın bir küncündə otuzdurub əlimizə
hansısa nağıl və ya hekayə verərdi və onu
özbək dilindən rus dilinə, ya da əksinə tərcümə
etməyi tapşırardı. Təbii ki,
yerində otura bilməyən, oynamaq istəyən uşaqlar
üçün bu çox ciddi bir cəza idi (gülür).
Amma illər keçdikdən sonra onun
böyük xeyrini gördüm. Mən bu qədər
geniş ədəbi mühitin içində olmağıma
baxmayaraq, filoloq olacağımı ağlıma da gətirmirdim.
Bilirsiniz, qız uşaqları adətən həkimliyə
həvəsli olarlar. Mən də həmişə
həkim olacağımı deyirdim. Hətta
məktəbin son illərində tibbə
hazırlaşırdım. Məndən
böyük qardaşım tibbə hazırlaşıb qəbul
olmuşdu. Ondan sonra da mən
hazırlaşırdım. Amma
qardaşım qəbul olunandan sonra məni fikrimdən
daşındırmağa çalışdı. “Tibdə oxumaq çətindir. Xüsusən,
qızlar çox çətinlik çəkirlər. Qəbul
ola bilməzsən, oxuya bilməzsən” -
deyə-deyə birdən-birə fikrimi dəyişdirdi. Atam da artıq tərəddüd edirdi, bəlkə
başqa sahəyə gedəsən deyirdi. Qəbula cəmi bir neçə ay qalmış
Milli Universitetin özbək filologiyası fakültəsinə
hazırlaşmağa başladım. Ancaq
çox da çətinlik çəkmədim. Çünki ta uşaqlığımdan ədəbiyyatdan,
dildən xəbərim vardı. Məktəb
vaxtı bu fənlərdən müxtəlif yarışlara
qatılıb yer tutardım.
Mən oxuyan zamanda - 1991-ci ildə fakültəmiz
daxilində türkologiya bölməsi yaradıldı. Onu da öyrəndik.
Həyatmı deyim, qismətmi deyim məni bu sahəyə
gətirdi və sonra heç zaman bu sahəyə gəldiyim
üçün peşman olmadım. Təbii
ki, bunda atamın rolu əvəzsizdir.
- O
dövrdə bu sahəni seçməyinizdə təsiri oldu,
bəs irəliləyərkən, inkişaf edərkən sizə
dəstək veribmi?
- Əlbəttə, atam hər zaman mənə dəstək
olub. İstər Özbəkistanda, istərsə də
digər ölkələrdə atamı da, indi artıq məni
də yaxşı tanıyırlar. Hətta
bəziləri düşünür ki, atasının
adından istifadə edərəkmi qazandı bu qədər
uğuru? Təbii ki, elə deyil. Biz hər zaman konfranslara atamla birgə
qatılardıq. Hətta ilk vaxtlarda hər
kəs təəccüb edərdi ki, siz Babaxan Şərifin
qızısınız? Sözsüz ki,
atamın hər zaman dəstəyini hiss etmişəm,
hansısa sualım, çətinliyim yarananda ondan kömək
almışam. Və həyatımda belə
bir dəstəyim, danışa bildiyim insan olduğu
üçün həmişə şükr etmişəm.
Amma onun adından, hörmətindən heç
zaman istifadə etməmişəm.
-
Çox zaman özləri məşğul olduqları sahədə
müəyyən zirvəni fəth etmiş valideynlər ondan
sonra həmin sənəti davam etdirən övladlarına qarşı
çox tələbkar olurlar. Sizdə vəziyyət
necə idi?
- Bizdə
də vəziyyət o cür idi. Mən bu sahəni seçərkən
ilk vaxtlarda hiss edirdim ki, atam inamsızdır mənə
qarşı. Amma sonra birgə konfranslara, tədbirlərə
gedə-gedə mənə inamı daha da artdı. Öz işlərindən də mənə həvalə
etdikləri oldu. Təbii ki, özü də
nəzarət edirdi. İndi isə
görürəm ki, mənə çox güvənir,
razı qalır. Hətta lap çox
razı qalanda bəzən mənə “hoca hanım” (müəllimə
- tərc.) deyə də müraciət edir (gülür).
Onda bilirəm ki, işimi bəyənib.
Hətta bir dəfə Avrasiya Yazarlar Birliyi ilə
TÜRKSOY-un tərcüməçilərlə bağlı
birgə keçirdikləri konfransda mənim
sertifikatımı birliyin başqanı Yaqub Öməroğlunun
istəyi ilə atam təqdim elədi. İkimiz
üçün də sürpriz oldu. Çox
möhtəşəm bir duyğu idi.
- Ailənizdə
atanızdan və sizdən başqa bu sahədə fəaliyyət
göstərən varmı?
- Biz ailədə
dörd uşağıq. Məndən başqa
heç biri bu sahəyə getmədi. Ona
görə də atam hərdən mənim bu sənətə
gəlməyimə sevinir, deyir yaxşı ki, heç olmasa sən
davam etdirirsən bu işi. Mənim isə
iki oğlum var. İkisi də Türkiyədə oxuyublar.
Böyük oğlum məzun olub. Təəssüf ki, heç biri bu sahəni davam
etdirmədilər. Amma yaxşı iş adamları
olsalar, bu işlərimizdə heç olmasa maddi baxımdan dəstəkçimiz
olarlar deyə ümid edirəm. Amma
qardaşımın qızına özüm türk dilindən
dərs vermişəm. O, Türkiyədə Hacəttəpə
Universiteti Türk dili və ədəbiyyatından məzun
oldu. Hazırda Qazi Universitetində magistratura
oxuyur. Beləcə, üçüncü
nəsildən qardaşımın qızı davam etdirməyə
başladı. Ondan sonra da inşallah ki,
yenə də davam etdirənlərin olacağına
inanırıq.
- Özbək
ədəbiyyatının dünya ədəbiyyatına
çıxışı məsələsində son durum necədir?
- Bir ara proses dayandı, durğunluq
yaranmışdı. Ədəbiyyatı
tanıtmaq üçün tərcüməçilərin
rolu çox böyükdür. Hazırda
isə bir neçə ildir hərəkət yaranıb, vəziyyət
yaxşıya doğru gedir. Xüsusən,
bu sahədə gənclərin fəaliyyətini daha da ön
plana çəkməyə çalışırıq.
Onun üçün müxtəlif layihələr
həyata keçirilir. Nəşriyyatlarımızın
bu sahəyə marağı artıb. Gözəl
addımlar atılır, işlər görülür. Dövlət də bu işə çox
böyük dəstək ayırır. Universitetlərdə
tərcüməçilik bölmələri
açılır. Dövlətin qərarı
ilə xarici ölkələrdən Özbəkistana mütəxəsisslərin
gətirilməsi, bizim də xarici ölkələrə
göndərilməyimiz üçün şərait
yaradıldı. Bu, bizim təcrübə
paylaşımımızı asanlaşdırdı. Məsələn, o proqram çərçivəsində
mən Almaniyanın Berlin şəhərində bir aylıq
stajda oldum. Oradakı türkoloqları
tanıdım.
-
Yaxın gələcəkdə Azərbaycanla ortaq layihələr
gözlənilirmi?
- Bu səfərimdə
professor, türkoloq Ramiz Əsgərlə
görüşdük. O, atamın çox qədim dostudur. Mən
də illər öncə Türkiyədə bir konfransda tanış olmuşdum. Atam onun
haqqında deyir ki, Türk dünyasında məndən
çox tərcümə edən yoxdur. Gecə-gündüz
işləyirəm, yuxu yatmadan tərcümələr edirəm,
amma bu sahədə həmişə Ramiz Əsgərin
“arxasınca qaçsam da” ona çata bilmirəm
(gülür). Hazırda Ramiz müəllim
Əlişir Nəvainin “Xəmsə”sini tərcümə
edir. Mənə də müraciət etdi,
mətnlərin üzərində bəzi işlər
görülməli imiş. O da bu vəzifəni mənə
verdi. Əgər bu sahədə
bir yararım olarsa, qürur duyaram.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.-
1 sentyabr.- S.16.