Eşqi var idi Şəhriyarın...
“Mən səndən
ayrılmazdım, zülm ilə ayırdılar...”, “mənə
öz yarım gərək, neynirəm özgəsini?!”, “sən
sevəsən, yad ala, əcəlsiz ölüm budu”...
Bayatılardan yadımda qalan, oxşar ağrıları
ifadə edən bu ayrı-ayrı misralar adamın ürəyini
sızıldadır. Təkcə ona görə yox ki, folklor
bütün bunları iliklərimizə işləyən
sözlərlə, qulaqlarımıza yatan ifadələrlə
danışır. Həm də ona görə
ki, əgər bu dərdlər bayatıya mövzu olubsa, deməli,
tarixi qədimdir. Tarixi qədimdirsə, kökləri illərin
o üzünə bağlıdırsa, deməli, “yeri möhkəmdir”...
Bayatıların dildən-dilə,
ağızdan-ağıza keçərək
günümüzə gəlib
çıxdığını hamımız bilirik. Amma bir anlıq təsəvvür edək, necə
baş verib bu? Kimsə öz hissini,
ağrısını, bəlasını, müşahidəsini
bu cür yana-yana sözə çevirib, məclisdə,
meydanda deyib. Və bir dəyişilməz
qayda var, insan daha çox öz ağrısının, dərdinin
təsvirini daha tez yadında saxlayır, ürəyindən xəbər
verir, ona görə. Bu mənada
yüz-yüz illəri aşıb indiki zamana gəlib
çıxan nə varsa, bir adamın, ikisinin,
üçünün, beşinin yox, bütöv millətin,
bəlkə əslində, dünyanın problemidir. Yazılı ədəbiyyatda, daha çox poeziyada
eşq əzabının, ayrılığın, iztirabın
ifadəsini görüncə müəlliflərin şəxsi
həyatını araşdırmağa başlayır oxucu.
Görən özüylə, şəxsi
yaşantılarıyla nə qədər əlaqəsi var -
düşünür. Yazılı ədəbiyyatdan fərqli
olaraq folklor
daha çox insanın ağrısını,
duyğularını əks etdirir. Axı bu zəncirvari
ötür-ötürdə hər kəs öz əlavəsini,
öz redaktəsini edir. Ona görə bulaq suyu
kimi saf gəlir adama sözlər, onların
düzülüşü, qafiyə sistemi.
Rəsul
Rza Təbrizdə xəyali bir dostu ilə
ayrılığına həsr etdiyi “Gözəl dost” essesində
yazırdı:
“Xalqın yaratdığı bu ölməz bayatıda
yalnız fərdi məhəbbətin ifadəsini aramaq səhv
olardı. Bu, könül iztirabının yanıqlı ifadəsi,
böyük bir hissin, dərin bir məhəbbətin, saf bir
duyğunun aynasıdır. Mən bu
sözləri qoca bir qarının dilindən eşitdim.
Bu bayatını bilməyən azərbaycanlı
tapılmaz. Biz bu sözləri beşik
başında anamızdan eşitmiş, səfərə
çıxan atamızdan öyrənmiş, nişanlı
yolunu gözləyən gəlinlərin yanıqlı səsində
dinləmişik. Lakin bu gün yetmiş yaşlı bir
qarının bu sözləri təkrar edə-edə gözlərini
uzaqlara dikdiyini, bəlkə də xəyalında ömrün
ağır illərinin kölgə salıb
dumanlatdığı şirin bir xatirəni
aradığını görəndə, mənim də
könlümdə həsrət duyğusu, bir həqiqət,
hicran ağrısı baş qaldırdı”.
Söhbət “Qızıl gül olmayaydı” misralı
bayatıdan gedir. İllər sonra Rəsul Rza eyniadlı
poema yazacaqdı və ayrılıqların ən
zülümlüsünü, geriyə dönüşü
olmayan gedişlərin ən dəhşətlisini məhz bu
misralarla bağlayacaqdı.
Məhəmmədhüseyn Şəhriyarın
bioqrafiyası da, şeirləri də bu cür qəmli
bayatı kimi gəlir adama. Elə bil bütün
ayrılıq şeirləri, bayatıları onun
ömrünün boyuna biçilib. Bütün
həsrətlər onun poeziyasının şah
misralarının yaranmasına, yazılmasına səbəb
olub. Bir yandan ikiyə
bölünmüş vətəninə görə
ağrı-acı, bir tərəfdən də şəxsi həyatındakı
sarsıntılar. Və bu sarsıntıların ən dəhşətlisi...
MƏNDƏN
AŞAĞI KİMSƏ YOX...
Seyid Məhəmmədhüseyn Şəhriyarın
atası Hacı Mirağa hüquqşünas, anası
Kövkəb xanım şifahi xalq ədəbiyyatına,
klassik şeirə böyük marağı olan ziyalı bir
qadındı.
Söz, şeir, ədəbiyyat, kitab mühitində
böyüyən Şəhriyarın uşaqlıqdan
anasının, atasının dilindən eşitdiyi şeirlər
sonralar onun yaradıcılığına təsir etdi. Anası Seyid Əzim Şirvani heyranı olduğu
üçün oğlunda da bu şairə sevgi
aşılamışdı. Yəqin elə
buna görə də Şəhriyar
yaradıcılığında Seyid Əzim Şirvanidən təsirlənmələr,
onun qəzəllərinə nəzirələr çoxdur.
Bir yandan ədəbiyyat, sənət mühitinə
böyük marağı, digər tərəfdən
aldığı mükəmməl təhsil, həmçinin,
İranda şah rejiminə qarşı ardıcıl davam edən
üsyan ab-havası, bütün bunlar Şəhriyarın sənətinə
təsirsiz ötüşmədi. Amma şairin
bioqrafiyasına nəzər salanda bir hadisə bütün bu
sadaladıqlarımdan daha təsirli gəlir adama. Bilmirəm, bəlkə içərisində
yaşadığımız dünyadan baxanda belə
dözülməz görünür bu fakt, bəlkə
şairin bioqrafiyasının başqa səhifələri,
ayrı yaşantıları bundan daha mühümdür.
Amma söhbət şair olmaqdan gedirsə, bu
itkini, ağrını nəzərə almamaq olmaz. Axı sənətin kökündə bir
ağrı, bir qorxu olmalıdı, mütləq
olmalıdı. Şübhəsiz, buna qədər də
Şəhriyar artıq az-çox tanınırdı,
şeirləri mətbu orqanlarda çap olunur, sevilirdi, Tibb
İnstitutunu bitirməsinə isə lap az
qalırdı.
Sevdiyi
qız Sürəyya, şair onu Pəri deyə
çağırırdı... Bəli,
şairinin ömrünün ən ağrılı məqamı
elə budur. Rza şah Pəhləvinin qohumu
Əbdülhüseyn Teymurtaş Sürəyyaya aşiq olur və
Şəhriyarı Tehrandan, yəni qızdan uzaqlaşdırmaq
üçün şairi Nişapura sürgün elətdirir.
Beləliklə, Şəhriyar təhsilini də
başa vura bilmir, sevgilisindən də ayrı
düşür.
Əhməd
Kavianpur “Ustad Şəhriyarın ədəbi və ictimai həyatı”
monoqrafiyasında həmin hadisəni təfərrüatı
ilə təsvir edir, Şəhriyarla şəxsən bu
mövzuda söhbət edən Bəhruz Siyahpuşun xatirəsini
qələmə alır: “Ustad 1929-cu ildə Tehran Universitetinin
V kursunda buraxılış imtahanları zamanı Abbasabad məhəlləsindəki
“Sipəh” xəstəxanasında təcrübə
keçirmiş. Ustad deyirdi ki, bir gün məni
xəstəxananın müdiri - baş həkim
çağırtdırdı. İçəri
girdikdə rəisin otağında bir sərqud -
minbaşının məni gözlədiyini gördüm.
Rəis narahat idi. Minbaşı-mayor dedi
ki, sənnən işimiz var və məni Dəcban həbsxanasına
apardılar. Əbdülhüseyn Teymurtaş həbsxanadakı
məmurlara deyibmiş ki, məni orada öldürsünlər.
Pəri-Sürəyyanın anası onların məni
həbs etdiyini bildikdə, üz-gözünü
cırır, çox ağlayıb-sıtqayır. Teymurtaşa yalvarır ki, bu yazıq seyidin
günahı nədir ki, ölümünə
çalışırsınız? Cəddi bizi tutar, əlinizi
qana batırmayın! Teymurtaş cavab verir ki, onu
bir şərtlə öldürmərəm, Tehrandan
çıxıb getsin. Ustad söyləyir
ki, Əbdülhüseyn Teymurtaşın Sovetlər birliyinin Mərkəzi
Təhlükəsizlik İdarəsi ilə əlaqəsi var
idi, hər şeydən xəbərdardı. Şahın vəziri olan bu cəllad qumarbaz və
şəhvət düşkünü idi. Sərxoş olduğu zamanlar heç bir qadın
onun əlindən qurtula bilməzdi.
Məqsədinə çatmaq üçün hər
vasitəyə əl atardı. 1933-cü ildə
rüşvət aldığına görə
günahlandırılır. Açıq
məhkəmə, divan quruldu. Əfv
olunması üçün elə də canfəşanlıq
etmədi, bir-iki dəfə ağladı, ancaq bir köməyi
olmadı, zindana salındı. 1934-cü
ildə Tehranda Qəsr zindanında zəhərlənib
öldürüldü. Onun faciəli
ölümünü səktədən (infarkt) olmuş kimi qələmə
verdilər. Sonra ustaddan soruşdum ki, Teymurtaş
çox qüdrətli, güclü adam
idi, necə oldu ki, öldü? Dedi ki, onu mənim cəddim
öldürdü. Bəxti gətirməmişdi,
eybəcər arvadı yüksək cəmiyyət məclislərinə
çıxası halda deyildi. Məqam sahibi oldu, vəzifə
tutdu, mənim sevgilimə göz yetirdi, sonu da belə oldu...”
Pəri-Sürəyya nüfuzlu, müasir bir ailənin qızı idi. Ailədə Şəhriyarı da qəbul edir, qızın onunla ünsiyyətinə mane olmurdular. Camşid Əlizadenin Şəhriyar haqqında kitabında şairin bir xatirəsi yer alıb: “Evdə polkovnikin bir neçə dostu oturub səmimi söhbət edirdilər. Atası zövq və hal əhli idi. Çox vaxt dostları ilə birlikdə məclis qurar, müxtəlif mövzulardan söhbət açaraq vaxtlarını xoş keçirərdilər. Mən də onlarla bir çox mövzuda söhbət etdim. Lakin sevgilimlə yalnız qalmaq üçün səbrim, hövsələm daralır, tələsirdim. İstəyirdim ki, qonaqlar tez getsinlər. Sürəyyanın anası vəziyyəti çox tez anladı və bəhanə ilə qonaqları eşiyə çıxardı. Mən bu anların təsiri altında “Odda yanan pərvanə” şeirimi yazdım. Biz bəxtəvər aşiqlər heç ağlımıza da gətirmirdik ki, düşmən əleyhimizə plan cızır və qarşıda müsibətli günlər bizi gözləyir...”
“Odda yanan pərvanə” şeirində şairin bu təsvir etdiyi hadisədən daha çox sadəcə dəli, hətta səbirsiz bir sevgisi duyulur və özü dediyi kimi, qarşıda bu çılğın aşiqləri nələrin gözlədiyini təsəvvür edəndə misraları həyəcansız oxuya bilmirsən:
Gördüm ki, sevincdən dəxi bülbül də susarmış,
Lalə dodağın qaçdı, gülüş sirrini qandım.
Hurim, mələyim, gözlərimin nuri də sənsən,
Səndən savayı dünyada hər şeydən usandım.
Qumru oxudu Şəhriyarın nəğməsin əzbər,
Sərvim, başına qumru kimi bir də dolandım.
Axı üsyansız nə sevgi, axı əsl sevgi müqavimət göstərməlidir, mübarizə aparmalıdır. Əlbəttə, Şəhriyarın rəqibi, düşməni çox güclü idi, amma hər halda gənc aşiq sevgilisini qaçırmağa cəhd etdi və bu işdə ona Sürəyyanın anası kömək etməliydi. Ana Behcətabad parkında Şəhriyarın Sürəyya ilə görüşməsi üçün şərait yaratmalı idi. Gecə baş tutmalı idi bu görüş. Şəhriyar səhərəcən gözləsə də, qız gəlmir, rəqib bütün yolları bağlamışdı. Amma bu böyük ağrıdan, sarsıntıdan şairin ən təsirli şeirlərindən biri yazılır:
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.
Gözlər asılı, yox nə qaraltı, nə d ə bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı.
Bir quş: “Ayığam” - söyləyərək gahdan inildər,
Gahdan onu
day yel deyə laylay huş aparı.
Yatmış
hamı, bir Allah oyaqdı, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da
yuxarı.
Qorxum
budu, yar gəlməyə birdən yarıla sübh,
Bağrım
yarılar, sübhüm, açılma səni Tarı!
Dan ulduzu
istər çıxa, göz yalvarı, çıxma,
O
çıxmasa da, ulduzumun yoxdu çıxarı.
Gəlməz,
tanıram bəxtimi, indi ağarar sübh,
Qaş beylə ağardıqca, daha baş da
ağarı.
Eşqin
ki, qərarında vəfa olmayacaqmış,
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?
Sanki
xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı
damarı.
Rişxəndilə
qırcandı səhər, söylədi: - Durma,
Can qorxusu
var eşqin, uduzdun bu qumarı.
Oldum
qaragün ayrılalı o sarı teldən,
Bunca qara günlərdir edən rəngimi sarı.
Göz
yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.
Əzbəs
məni yarpaq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldü,
qızarı.
Mehrabi-şəfəqdə
özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə
sarı.
Eşqi
var idi Şəhriyarın güllü-çiçəkli,
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.
Şeirin hər misrasında dəhşətli əzab
var, amma həm də çarəsizlik, ümidsizlik,
çıxılmazlıq. Sən taleyin qarşına
çıxardığı manieələrin
qarşısında özünü gücsüz hiss edirsən
və “Məndən aşağı kimsə yox” düşüncəsi məhz
bundan yaranır. Dünən elə bilirdin ki,
hökmünlə dünyanı idarə edə, qüdrətinlə
taleyini yönləndirə bilərsən. Bu gün qəfil zəlzələ,
dağıdıcı olay qarşısında
dilsiz-ağılsız bir məxluqa çevrilmisən.
Əlin heç hara çatmır, ürəyin partlamağa
gəlir və yalnız söz, Şəhriyarın şeiri
kimi, bir azacıq ovudur, amma o da yaralarına məlhəm
olmur...
Şəhriyarın tədqiqatçısı, dəyərli
alim Esmira Fuad şairin Tehrandan
uzaqlaşdırılmasını siyasi səbəblərlə
də bağlayır, bu cür parlaq şəxsiyyətin rejimə
ziyan edəcəyini, buna görə də sürgün
olunduğunu söyləyir. Təbii ki, siyasi səbəb
də olmamış deyil, amma bu hadisə şairin
poeziyasında silinməz izlər buraxdı. İllər
sonra Sürəyya ilə görüşən şair
çox sadə, adidən-adi sual verdi ona:
İndi niyə?
Gəlmisən,
canım sənə qurban ola, indi niyə?
Düşmüşəm əldən daha, ey bivəfa,
indi niyə?
Nuşdarusən,
fəqət Söhrab ölüb, gec gəlmisən!
Eyləməz təsir ona heç bir dəva, indi niyə?
Sevginin ömrü bilinmir. Amma bir az dərin
düşünəndə hər şeyin dəyişildiyi, hər
şeyin bitdiyi, hər şeyin keçdiyi də inkar edilməz...
Şairin sualı isə (indi niyə?) heç
vəchlə poetik sual deyil, daha çox fəlsəfənin,
psixologiyanın, hətta sosialogiyanın araşdırma
mövzusudur. Hər şey keçib gedəndən,
aşiqin qanadları qırılandan, özü taqətdən
düşəndən sonra yanına gəlməyin əhəmiyyəti
varmı, bilmirəm?!
Şəhriyar
bu sarsıntısını, ağrısını hələ
uzun illər müxtəlif şeirlərində sözə
çevirirdi, bir vaxt “Səndən savayı dünyada hər
şeydən usandım” dediyi qadından ayrılmaq elə
bütün dünyadan ayrılmaq, hər şeydən
üzülmək demək idi:
Dağ
çəkdi sinəmə necə də ayrılıq
dağın,
Ayrılmışıq bu zülmlə arıyla şan
kimi.
Sizdə,
gülüm, məgər neçədir nırxı busənin,
Gövhər sayır gözüm bir ömür ərməğan
kimi.
Hicrində
hər gecə başıma döydüyüm bu əl,
İndi sürahi boynunu qucmuş cavan kimi.
Ey qəm,
yolun uğurlu, fəqət haqq-say qalır,
Boşdur yerin ürəkdə, yaxın mehriban kimi.
Sən
ayrılıb gedəndə, fəğan etdi Şəhriyar,
Təsirli bir fəğan yox imiş bu fəğan kimi. Bəli,
Sürəyya sadəcə xəyal kimi də olsa, şairin
yanında, yadında, düşüncəsində idi həmişə.
Həyatının axır illərində verdiyi müsahibələrində
bu mövzuda suallara cavab vermirdi şair, bu haqda danışmaq istəmədiyini
bildirirdi, görünür, zamanla həmin hadisə qadağan
mövzuya çevrilmişdi ondan ötrü:
Bəslədim
göz yaşı gözlərdə mən övlad yerinə,
Axdı göz yaşları, yaxdı məni həsrət
kədəri.
Həmdəm
etdim özümə indi də tənhalığı mən,
Tək
qalanda dedim insanın olur çox hünəri.
Şəhriyar 40 yaşında evlənir, Əzizə
adlı bir xanımla, amma bu evliliyi də çox çəkmir,
Əzizə bir neçə ildən sonra xəstəlikdən
dünyasını dəyişir. Şəhriyar
ömrünün sonuna kimi Əzizəni də böyük
qüssə ilə xatırlayırdı. Ümumiyyətlə,
qadınların şairə təsiri, şeirlərində
onları dönə-dönə yada salması diqqətçəkən
məqamdır. Nənəsinin ölümündən
sonra yazdığı “Xan nənə” şeirini şair
ağlaya-ağlaya oxuyur, ilk gəncliyində farsca yazan Şəhriyar
məhz anasının “deyirlər yaxşı şairsən,
amma mənim də anladığım dildə yaz”
sözündən sonra türkcə yazmağa başlayıb
və anasına həsr etdiyi “Ey vay anam” şeiri də
böyük heyranlıqla yazılıb, Pərisinə -
Sürəyyasına yazdığı şeirlər də
mövzusu, quruluşu vəzni etibariylə klassik ədəbiyyat
nümunələrindən çox da seçilmir, amma şairin
böyük, çox böyük sevgisi hər misradan duyulur.
Bilmirəm, bəlkə elə şairi ŞAİR edən də
məhz bu qadınlar, onlara sevgisi, onlardan
ayrılığı və bu ayrılıqları yazmaq
istedadı olub...
HEÇ BİLMƏDİM GÖZƏLLƏRİN
NECOLDU?!
“Heydərbabaya
salam” poeması
şairin poetik avtobiqrafiyasıdır. Əslində,
təkcə Şəhriyarın, Xoşginabın, Cənubi Azərbaycanın
yox, bütöv, hə, BÜTÖV Azərbaycanın
bioqrafiyasıdır bu poema. Dilləri, adətləri
yasaq olunmuş xalq üçün isə çox
böyük bir təsəllidir, şübhəsiz. Bu mənada
Heydərbabaya salam poemasının az qala hər
misrasını uzun-uzun təhlil edib həm tariximiz, həm
folklorumuz, milli köklərimiz və adət-ənənələrimiz
haqqında danışmaq olar. Şair dağa müraciətini
müsahibələrindən birində belə izah edirdi:
“Dağ göylərə yaxındır. O, təbiətin
şah əsərlərindən biridir. Dağ
tarixin əbədi olaraq görən açıq
gözüdür. O, vətəndə baş verən
hadisələri seyr edərək öz sinə dəftərinə
yazır. Şairin göylərə qalxan nalələrini
əks etdirib bütün yer üzünə yayaraq
hamının qulağına çatdırmağı təkcə
o bacarır”.
Amma
başdan-başa nostalji duyğulardan ibarət şeiri oxuduqca
adama elə gəlir ki, təsvir olunan adətlərlə,
xatirələrlə yanaşı, lap dərində, dibdə
çəkilməz bir dərd var, ağrı var... Elə bir
ağrı ki, ona dağ da dözə bilməz:
Heydərbaba,
göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən
ayrılmayın, amandı!
Yaxşılığı
əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.
Yaman
günə salınmış xalqın şairi, o taya həsrətlə
baxan və Bakıya gəlmək arzusu heç vaxt gerçəkləşməyən
kövrək ruhlu bir insan... Ömrünün lap erkən
yaşında təhsili, sevgisi, deməli, həyatı
yarıda qırılmış adam! Elə
bunları təsəvvürə gətirmək yetər ki,
aşağıdakı misralardan qəhərlənəsən:
Heydərbaba,
yolum sənnən kəc oldu,
Ömrüm
keçdi, gələmmədim, gec oldu,
Heç
bilmədim gözəllərin necoldu,
Bilməz
idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.
Şəhriyar ömrünün son illərində hər şeydən təcrid olunmuş, evinə qapanmışdı, dərviş həyatı yaşayırdı. Tehran qəzetlərindən birinə verdiyi müsahibəsində deyirdi: “Mən illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda yerləşmişdir. Gördüyünüz kimi, onun bəzəyi ancaq sadəlikdir... Üç uşağımla burada yaşayıram. Qazancım vaxtilə işlədiyim, Fəxri ustad adı aldığım yerdəndir. 16 aydır ki, maaşımın bir az artırılması üçün qərar çıxarıblar. Qərar var, ancaq pul yoxdur. Bilmirəm qənaət falı niyə elə şairin bəxtinə düşmüşdür?.. 22 il bundan əvvəl aldığım paltarı hələ də təzələməmişəm... Pul mənim üçün bəlkə də əl çirkidir. Lakin başqaları üçün ki, belə deyil! Bu məsələlər mənim daxili rahatlığımı pozur. Kimsədən gileyim yoxdur, ancaq dərvişliyi uşaqlarıma aşılaya bilmirəm...”
Kino sənətinin gözəlliklərindən
biri də kadrı geri çevirmək imkanıdır.
Hansısa bir möcüzəylə Şəhriyarın həyatını,
yaşantılarını geriyə çevirib təsəvvür
edirəm... Bax o gecə, Behcətabad parkında Sürəyyanı
qaçıra bilsəydi, harasa çox-çox uzaqlara
aparsaydı, evlənsəydi onunla, necə olardı?! Seyid Məhəmmədhüseyn
adlı gənc Şəhriyar kimi şairə çevrilərdimi,
bilmirəm! Və bunları təhlil edib, nəticə
çıxarmaq nə mənim təcrübəmə, nə
də biliklərimə bağlı məsələdir. Amma
bütün hallarda şair düz deyir: Allah oyaqdı!
Pərvin
525-ci qəzet.- 2018.-
1 sentyabr.- S.14-15.